Ermənistandan
soydaşlarımızın deportasiyasından 23 il ötür
Ermənistan adlanan ərazidən soydaşlarımızın sonuncu deportasiyasından 23 il ötür. Ermənilərin yüzillər boyunca başımıza gətirdiklərinin hələ də özümüzə və dünyaya düz-əməlli çatdırılmamasının acılarını bundan sonra daha çox çəkəcəyik. «Ermənistan» adlanan tarixi türk ərazilərində yaşamış soydaşlarımızın tarix boyunca üzləşdikləri fəlakətlərlə, ümumən o ellərin tarixi ilə bağlı dəyərli araşdırmaların müəllifi Əziz Ələkbərli bildirir ki, xalqımız yüzillər boyunca soyqırım və deportasiyaya məruz qalıb: «Məqsədimiz son iki yüz ildə Qafqazda azərbaycanlıların soyqırımı və deportasiyası məsələsinin bütün aspektlərini araşdırmaq, öyrənmək, ümumiləşdirmək, Azərbaycan və dünya ictimaiyyətinə bu məsələ ilə bağlı bütün tarixi həqiqətləri çılpaqlığı ilə çatdırmaqdır. Qoy həm öz xalqımız, həm də bütün dünya kimin kim və nəyin nə olduğunu görsün, bilsin, nəticə çıxarsın».
Ə.Ələkbərli Azərbaycan Türklərinin soyqırımı və deportasiyası ilə bağlı bir çox həqiqətlərin hələ də tam çılpaqlığı ilə bizə aydın olmadığı qənaətindədir: «Xalqımızın özünün yaxın və uzaq tarixi ilə bağlı bütün həqiqətləri ortaya qoymağa kifayət qədər elmi, kadr və texnoloji potensialı var. Əgər bu potensial səfərbərliyə alınmırsa, çox vacib ümummilli problem həll olunmursa, ona nə ad verirsən – ver; istəyirsən «gizlədilib» de, istəyirsən «öyrənilməyib» de, istəyirsən «mümkün olmayıb» de. Bir-birinin ardınca iki tarixi sənəd: «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci il tarixli fərman və «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanlar mühüm tarixi-siyasi sənəddir. Məsələnin daim hərtərəfli tədqiq edilməsi gərəkdir».
Soyqırımı və deportasiya ilə bağlı problemlərin hələ də lazımi şəkildə öyrənilmədiyini deyən Ə.Ələkbərli bildirir: «Xalqımızın deportasiyası və soyqırımı məsələsinin elə bir cəhəti yoxdur ki, ona tam aydınlıq gətirilmiş olsun. Birincisi, bütün rəsmi və qeyri-rəsmi sənəd və yazılarda xalqımızın soyqırımından danışılarkən «iki yüz ildən çox», «iki yüz ilə yaxın», «yüz ildən artıq» deyə onun dəqiq tarixi şübhə altına alınır. Belə çıxır ki, biz soyqırımından danışırıq, ancaq hələ onun dəqiq tarixini bilmirik. Dəqiq tarixini bilmiriksə, deməli, nədən danışdıhımızı da bilmirik. Halbuki bu soyqırımının dəqiq tarixi – ili, ayı, günü məlumdur.
Digər bir məsələ. Heç uzaha getməyək. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımından bizi cəmi 23 illik məsafə ayırır. Bu soyqırımı hamımızın gözünün qabağında baş verib, bu hadisələrin canlı şahidləri, zərərçəkənləri hələ sağdır. 1988-ci ildə Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində neçə azərbaycanlı kəndi olub, yəni neçə azərbaycanlı kəndindən soydaşlarımız qovulub? 1988-ci ildə qərbi azərbaycanlı soydaşlarımız doğma yurdlarından qovularkən neçə nəfəri ermənilər tərəfindən qətlə yetirilib? Sənədlər müxtəlif rəqəmlər göstərir: 216, 226, 300, hətta 500 nəfər. 1988-ci ildə soydaşlarımızın ictimai və fərdi təsərrüfatlarda nə qədər əmlakı onların əlindən zorla alınıb və əvəzi ödənilmədən ermənilər tərəfindən mənimsənilib? 1988-ci ildə Qərbi Azərbaycanda neçə tarixi abidəmiz, pir-ocaq-ziyarətgah və qəbiristanlıqlarımız sahibsiz qalıb? Onların sonrakı taleyi haqqında hansı informasiyaya malikik? Biz xalqımızın tarixi taleyi, onun faciəli məqamları ilə bağlı bu yöndə qaranlıq və mübahisəli məsələləri elmi müstəvidə həll etmək məqsədini qarşımıza qoymuşuq. Biz bilirik ki, girişdiyimiz iş müqəddəs, ümummilli işdir. Biz siyasətə qarışmırıq. Lazımi səviyyədə elmi araşdırmalar aparmaq üçün əlimizdə kifayət qədər material var. Mən artıq 20 ildən çoxdur ki, bu və ya digər şəkildə xalqımızın deportasiya və soyqırımı ilə bağlı olan araşdırmalarla məşğulam. Təkcə bu mövzuda 15-dən çox kitabım işıq üzü görüb. Əlimdə kifayət qədər materiallar, mənbələr, xəritələr, audio və video kassetlər var. Hansı arxivdə, hansı fondda, hansı mənbədə nəyin olduğunu da dəqiqliyi ilə bilirəm. Məsələ ilə bağlı kimin nə etdiyini və kimin nə edə biləcəyini pis bilmirəm. Təbii ki, tək əldən səs çıxmaz «.
Hazırda «Ermənistan» adlandırılan, ancaq ki, başdan-başa tarixi Azərbaycan-türk torpağı olan böyük bir bölgənin tarixi mahalları barədə daim söhbət açmaq ona görə gərəklidir ki, ruh yaddaşımız korşalmasın. Əziz Ələkbərlinin bu yöndə gərəkli, maraqlı araşdırmaları var. Tanınmış mahallardan biri olan Ağbaba mahalı barədə araşdırmaçının qənaəti belədir: «Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi 1877-1878-ci illərdə çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanıb, «Ermənistan SSR» rayonlaşdırılan zaman bu ərazidə Amasiya inzibati rayonu yaradılıb. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə Sovet-Türkiyə sərhədləri müəyyənləşdirildikdən sonra Ağbaba mahalının Köhnə İbiş və Bəzirgan kəndləri Türkiyə ərazisində qalıb. Mahal Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib».
Dərələyəz mahalı indi «Ermənistan» adlanan tarixi türk torpaqlarının sayılıb-seçilən mahallarından olub: «Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyaya birləşdirilib, Çar hökumətinin 1870-ci il ərazi-inzibati bölgüsünə əsasən mərkəzi Baş Noraşen olmaqla İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil edilib.
«Ermənistan SSR» rayonlaşdırılan zaman Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz mahalı bir tərəfdən Basarkeçər, digər tərəfdən Dərələyəz dağ silsilələri ilə əhatələnib. Dərələyəz (indi Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır, şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (3120 m).
Böyük bir tarixi Azərbaycan-Türk mahalı olan Zəngəzur
mahalı Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir: «Ona görə bu əraziyə Zəngi Dərəsi də deyilir. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metrdir. Çar Rusiyası dövründə Gəncə Quberniyasının tərkibində olub, «Ermənistan» respublikası rayonlaşdırılan zaman mahalın bu respublikada qalan hissəsində 4 rayon (Meğri, Gorus, Qafan, Qarakilsə) yaradılıb. Bu mahalın indi o ellərdən 20 ildir deportasiya olunmuş soydaşlarımızın ağlında və ürəyində yaşayan yer-yurd, təbiət adlarına diqqət kəsilək: dağlar: Qapıcıq, Alangəz, İşıqlı, Gəzbel; qayalar: Şahbaz yurdu, Dərbənddaşı, Nuh; yaylaqları: Hüseynbəyçimən, Savxan, Xəllərgah, çeşmələr: Darbərə, Kahlan, Şırşırı, Bəhrambəy; çayları: Gilan:, Saqqarsuyu, Oxçuçay, Bəsit, Bazarçay və s.
Məşhur Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir: «Bu yerlər Rusiyaya birləşdirilənə kimi İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində «Ermənistan»da rayonlaşdırılma aparılarkən Göyçə mahalı 5 rayon arasında bölüşdürülüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Habelə Göyçə Azərbaycan aşıq sənətinin, aşıq şeirimizin beşiklərindən biri olub, ədəbiyyat və mədəniyyət tariximizə Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasım, Aşıq Nəcəf, Aşıq Sayad, Aşıq Məhərrəm, Aşıq İmran kimi neçə-neçə ustad saz və söz sənətkarlarını bəxş edib».
Borçalının Ermənistanda olan hissəsi Loru adlanır: «Borçalı Rusiya tərəfindən işğal olunduqdan sonra bu ərazidə
Tiflis qəzası daxilində Borçalı distansiyası yaradılıb. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir, onun ən böyük nahiyəsi məhz Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu yerlərdə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, 14-15-ci yüzillərdə təzədən bərpa olunduğu, 15-17-ci yüzillərdə İran və Osmanlı hücumlarına məruz qaldığı yazılır. 1918-c ilin oktyabrında erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən Borçalıya hücum edərək Loru və Pəmbək ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən «Ermənistan» – Gürcüstan konfransında Borçalı qəzası, əslində isə Loru nahiyəsi neytral zona elan edilir. 1920-ci ilin setyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür. 1921-ci il noyabrın 6-da Gürcüstan bolşevik hökuməti ilə «Ermənistan» bolşevik hökuməti arasında Loru mahalının «Ermənistan»a verilməsi barədə razılıq əldə edilir. 1922-ci ilin dekabrında Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatılır. Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon – Barana, Allahverdi, Calaloğlu, Vorontsovka kimi əksini tapır».
Pəmbək mahalı Pəmbək və Bazum dağ silsilələri arasındakı ərazini əhatə edir: «Pəmbək silsiləsi Gümrü şəhərindən Göyçə gölünün şimal-qərb hissəsinə qədər uzanır. Ən hündür zirvəsi 3101 metrdir. «Ermənistan»ın rayonlaşdırılması zamanı ərazi əsasən Hamamlı və Böyük Qarakilsə rayonları arasında bölüşdürülüb. Bu yerlər tarixin müəyyən mərhələsində Borçalı xanlığına daxil olub».
Şörəyel (Şirək-El) mahalı haqqında bilgi verən araşdırmaçı deyir ki, mahalın çox hissəsi hazırda Türkiyə ərazisində yerləşir: «Əhalisi bütünlüklə Azərbaycan Türklərindən ibarət olub. Mahalın Rusiya tərəfindən işğal olunmuş hissəsi «Ermənistan SSR» rayonlaşdırılan zaman 3 inzibati rayona -(Düzkənd, Agin, Ərtik) bölünüb. Qədim şaman türklər olan Şirək tayfalarının miladdan əvvəl 3-2-ci minilliklərdə Don-Terek çayları ətrafında yaşadığı və Xəzərlərin bir qolu olan bu tayfaların Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz-Arpa çayı boyunca yerləşmələri haqda yazılır. «Dədə Qorqud» dastanlarında Şəruk kimi qeyd edilir. Düzkənd rayonundakı qala və kənd Şirək adlanıb».
Uğur
Xalq Cəbhəsi.- 2011.- 16 dekabr.- S.14.