Aşıq
Ələsgər yaradıcılığının çoxu it-bata düşüb
İslam Ələsgərov: «Babamın əsərlərini
toplamağım nəvə istəyi ölçüsündən
çıxdı, yurdumuza, elimizə gərək
oldu»
Ələsgər bir məclisə
düşəndə dalbadal onlarla şeir deyər və
oxuyarmış
Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin müstəsna xidmətləri olub: fitri söz qoşmağı, iti hafizəsi, ustadlığı bu gün də dillər əzbəridir. Bugünlərdə dövlət səviyyəsində 190 illiyi qeyd edilən aşığın irsi Azərbaycan ruhunun aşıq sənətində ifadəsinə ən gözəl misaldır. Aşıq Ələsgərin nəvəsi, folklorçu İslam Ələsgərovu Azərbaycan ictimaiyyəti Aşıq Ələsgər irsinin toplayıcısı və araşdırıcısı kimi yaxşı tanıyır. O, deyir: «Hələ ağlım kəsməyən vaxtlar evimizdə saz havası səslənərdi, sonradan aşıq sənətinə ciddi şəkildə bağlandım, təbii ki, burada gendən, nəsildən gələn ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin şeirlərindən bir neçəsilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, babamın irsini toplamalı, soydaşlarımıza çatdırmalıyam. Hər halda babamın əsərlərini toplamağım istədim-istəmədim nəsil çərçivəsindən, bir nəvə istəyi ölçüsündən çıxdı, beləliklə də yurdumuza, elimizə gərək oldu. Aşıq Ələsgər irsinin həm toplayıcısı, həm də tədqiqatçısı olmuşam. Bu zəngin irsi topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı aşıq mühitini diqqətlə öyrənməli oldum. Əks təqdirdə Aşıq Ələsgərin Azərbaycan ruhunda, aşıq sənətindəki mövqeyini qiymətləndirmək mənim üçün çətin olacaqdı. Təvazökarlıqdan uzaq olaraq deyə bilərəm ki, babası aşıq olmuş bir şəxsi bu qədər cidd-cəhdlə, ardıcıl şəkildə araşdıran bir şəxsəm. Bilirsiniz ki, Aşıq Ələsgərin ustadı Aşıq Alı olub. Ancaq onun nəslindən şeirlərini toplayan, ictimaiyyətə çatdıran, tədqiq edən təəssüf ki, olmayıb. Əlimdən gələni etdim ki, Aşıq Ələsgərlə bağlı olan bütün soraqları toplayıb sabaha çatdıram».
İ.Ələsgərov uzun müddət Göyçə aşıqları və şairlərinin şeirlərini toplamaqla məşğul olub. 1999-cu ildə «Sazlı-sözlü Göyçə» adlı kitab nəşr etdirib, 34 aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr verib: «Bir daha mənə yəqin oldu ki, Göyçə aşıq mühitinə Aşıq Ələsgərin son dərəcə böyük təsiri olub. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir, belə nadir şəxsiyyətlər az-az doğulur. İnanın, bu fikri deyərkən qohumluq amilinə qətiyyən söykənmirəm. Aşıq kimi onun misli-bərabəri yoxdur. Habelə də əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o iş baş tutmazmış».
Aşıq Ələsgərin şeirlərini oxuyanda onların elmliyini görməmək olmur. O deməkdir ki, ustadın fitrəti elmilikdən xali deyilmiş. Hər halda dövrünün elmlərindən xəbərdar olması poeziyasında aydın görünür. Tarixə, dini kitablara bələdlik bu qəbildəndir. İ.Ələsgərov deyir: «Babamın əsərlərini topladıqca diqqətlə onları araşdırmışam və müəyyən qənaətlərə gəlmişəm. Aşıq Ələsgərin çox güclü hafizəyə malik olması haqqında onu tanıyanlar heyranlıqla danışırdılar. Bir dəfə eşitdiyi şeiri ömürlük yadında saxlayarmış. Digər tərəfdən də Aşıq Ələsgər daim oxumuş, elmli adamlarla ünsiyyətdə olub. Getdiyi yerlərdə həmişə kitab oxutdurar, onlara diqqətlə qulaq asarmış. Deməli, Ələsgər şeirlərini şifahi şəkildə yaradıb, şübhəsiz, özü bunları daim yadında saxlayarmış; maraqlıdır ki, ustadın şagirdlərinin çoxu savadsız olub. Atam da yazı-pozu bilməyib. Şagirdləri də fitri yaddaşlarının köməyilə bu şeirləri hafizələrində saxlayarmışlar. Danışırlar ki, Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış. O, hədsiz geniş yaradıcılığa malik şəxsiyyət olub, aşıq şeirinin bütün şəkillərində nümunələr yaradıb. Əgər o dövrdə bu şeirlərin heç olmasa, yarısı köçürülsəydi, indi bu qədər əziyyət çəkməzdik. Təəssüf ki, Aşıq Ələsgərin yaradıcılığının çoxu it-bata düşüb. Aşıq Ələsgərin bizə yazılı şəkildə bir şeiri belə gəlib çatmayıb. Hə toplamışamsa, onun şagirdlərindən, eləcə də Aşıq Ələsgəri görmüş şəxslərdən eşitmişəm».
Aşıq Ələsgərin irsinin yazıya alınması, toplanması və tədqiqatı məsələləri ilə bağlı danışan araşdırmaçı deyir ki, Aşıq Ələsgərin yaradıcılığının yazıya alınması keçən yüzilin 30-cu illərindən başlayır: «İlk dəfə onun şeirlərini həyatdan çox cavan getmiş mərhum folklorçu Hümmət Əlizadə yazıya alıb, bu şeirləri bir neçə dəfə çap etdirib. Həmin
toplularda Ələsgərin çox şeiri yoxdur. 1937-ci ildə çıxan kitabda olan səhvlər indiki kimi yadımdadır, o zaman 4-cü sinifdə oxuyurdum. Atam şeirləri oxutdurdu, başını buladı. Məlum oldu ki, Hümmət Əlizadə həmin dövrün ab-havasına uyğun olaraq Ələsgərin şeirlərindəki dini adları, ifadələri dəyişdirməli olub. Elə bundan sonra Aşıq Ələsgərin irsilə özüm də bilmədən məşğul olmağa girişdim. 1946-cı ildə folklorçu-alim Əhliman Axundov Göyçəyə gəlmişdi. Müəyyən şeyləri atamdan soruşdu, öyrəndi, yazdı. Sonradan «Aşıq Ələsgərin yaradıcılığı» adlı dissertasiya müdafiə elədi. Həmin dissertasiyada kifayət qədər səhvlər var. Düzdür, Ə.Axundov Ələsgər irsinin öyrənilməsində xidmətlər göstərib, ancaq həqiqəti demək lazımdır. Məsələn, Aşıq Ələsgərin hərfi mənada ailəsinə – qadınına müraciətlə yazdığı şeiri əslində birbaşa onun ailəsinə aid deyil. Burada ustad «Qızım, sənə deyirəm, gəlinim, sən eşit» prinsipinə əsaslanıb. Hənəmi görənlərdən soruşmuşam, o, Aşıq Ələsgərin adına layiq mərifətli, nəcabətli, ləyaqətli bir qadın olub. Şübhəsiz, gərək belə məsələlərdə tədqiqatçı çox diqqətli olsun».
Aşıq sənətində türkün ucalığı, tanrısına sevgisi həm havacatlarda, həm də ki, aşıq oxumalarından açıq-aydın sezilir. «Yanıq Kərəmi»də türkün həm zərifliyi, həm də döyüşkənliyi ifadəsini tapıb. «Misri» havası başdan-ayağa döyüş ruhundadır. Aşıq poeziyasında işlədilən ərəb-fars kəlmələrinin, rəmzlərinin sənətə nə dərəcədə ziyanı barədə araşdırmaçının qənaətləri maraqlıdır. Aşıq poeziyası xalq ruhunu, dilimizin bütün çalarlarını özündə ifadə etməli ikən ərəb-fars sözlərinin təsiri istər-istəməz onun təbii imkanlarını məhdudlaşdırıb: «Dilimizə ərəb-fars sözlərinin gəlməsi, işlənilməsi bədii ədəbiyyatımızda daha çox ifadəsini tapıb, sonradan bu, təbii olaraq aşıq poeziyasına da təsir edib. İndi aşıq sənətində ərəb-fars sözləri nə dərəcədə yerinə düşür, ya düşmür; bu, başqa. Hər halda bu cəhət aşıq poeziyasına da ədəbi bir ənənə kimi keçib, uzun müddət təsirini göstərib. Ancaq Aşıq Ələsgər şeirlərində ərəb-fars sözlərini elə işlədib ki, onu demək olar, hər bir soydaşımız xüsusi çətinlik çəkmədən anlaya bilər».
Aşıq Ələsgərin sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir. Ustadın haqqında topladığı müxtəlif soraqlarda Ələsgərin ömrü, reallıqla danışılanlar arasında təzada çoxmu rast gəldiyini deyən araşdırmaçı danışır ki, real hadisələrə, olmuşlara əsaslananları, digər tərəfdən də rəvayətlərə söykənənləri ayırıb: «Folklorda rəvayətləşdirmək meyli hədsiz güclüdür. Elə rəvayətlər var, bunlarda Aşıq Ələsgərin şəxsiyyətinə toxunan məqamlar açıq-aydın sezilir. Hər halda belə uydurma məqamların geniş şəkildə intişar tapmasına imkan vermək olmaz. Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı xalq arasında müxtəlif məzmunlu söz-söhbətlər mövcuddur. Bunların bir qismi Ələsgərin həyatında baş vermiş hadisələr və bu hadisələr səbəbilə deyilmiş
şeirlərdən ibarətdir. Dastan söyləyən aşığın bir az bəzək-düzəyi olsa da, bunlar sənətkarın həyat və yaradıcılığını öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. Bu əhvalatlar Ələsgərin gənclik illərindən başlayaraq xronoloji ardıcıllıqla ömrünün son illərinə qədər onun həyatının müəyyən məqamlarını əks etdirir. Aşığın həyatı ilə əlaqələndirilərək söylənilən hadisələrin bir qismi isə reallıqdan çox uzaqdır. Burada nağıllanan əhvalatlar ağlasığmayan uydurmalardan quraşdırılıb. Bunların bir çoxunda hamıya məlum olan hadisələr bilərəkdən təhrif edilib. Təəssüf ki, belə qəbuledilməz söyləmələrdən çoxu müxtəlif mətbuat səhifələrində özünə yer tapıb».
Tədqiqatçı Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı yaranmış söyləmələri iki qismə ayırır: real həyat hadisələri əsasında yaradılmış dastan-rəvayətlər, xəyalən yaradılmış «dastanlar»: «Aşıq Ələsgər o qədər də uzaq keçmişin adamı deyil. Onun barəsində söylənilənlərin həqiqəti ilə yalanını biri-birindən asanlıqla ayırmaq mümkündür. Unudulmamalıdır ki, yazdıqlarımız bugünkündən daha çox gələcək nəsillər üçündür. Gələcək nəsilləri isə bugünün həqiqətləri daha çox maraqlandıracaq. Araşdırılmalı bir məsələdir ki, Ələsgərin haqq aşığı olması fikri elə-belə yaranmayıb. Ustad deyəndə ki, «Ələsgərəm, hər elmidən halıyam», bu elə-belə deyildi».
Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycan torpağıdır. Bu gün həmin torpaqlar ermənilərin tapdağı altındadır: «Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni ki, dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib.
1988-ci ildə biz elliklə Ermənistandakı dədə-baba torpaqlarımızdan çıxmağa məcbur olduq. O hadisələrdən bir neçə il sonra eşitdim ki, babamın məzarı olduğu kimi durur. Təəssüf ki, sonrasından xəbərim yoxdur. Babamın ölümü də çox maraqlı olub. Danışırdılar ki, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən. Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır».
Uğur
Xalq Cəbhəsi.- 2011.- 17 dekabr.-
S.14.