Azərbaycan teatrında romantik aktyor
axtarışları
1920-40-cı illər Azərbaycan teatr tarixinə romantik
aktyor və rejissorların formalaşma dövrü kimi
daxildir. Bu
dövrdə Abbas Mirzə Şərifzadə, Mərziyə
Davudova, Ülvi Rəcəb, Sidqi Ruhulla, Ələsgər
Ələkbərov kimi görkəmli aktyorlarla yanaşı
onların tanınıb üzə çıxmasına
yaxından köməklik göstərən A.A.Tuqanov, R.Təhmasib,
A.İskəndərov kimi böyük rejissorlar da fəaliyyət
göstərmişlər. Həmin illərdə
Hüseyn Cavid, Cəfər Cabbarlı, V.Şekspir və
F.Şiller yaradıcılığı romantik aktyor məktəbinin
şöhrət tapmasında böyük rol
oynamışdır.
«Romantizm» anlayışı 1752-1802-ci illərdə
Almaniyada V və F.Şlegel qardaşları, F.Novaliş, L.Tik
kimi yazıçı və nəzəriyyəçilərin
fəaliyyəti sahəsində formalaşıb
yayılmışdır. Bədii fikir tarixində
əlamətdar hadisə olan romantizm sonralar dünya ölkələrinin
bir çoxunun ədəbiyyatında təzahür edir.
Romantizm elə bir metoddur ki, surət yaradılmasının əsas
prinsipini obyektiv varlıq deyil, sənətkarın şəxsiyyəti
təşkil və təyin edir: romantik sənətkar həyata
«ürəyinin prizmasından» (V.Jukovski) baxır. Tarixi şəraitdən asılı olaraq, romantizm hər
dövrün, hər ədəbiyyatın özünə
müvafiq olaraq tarixi münasibət və izahat tələb
edir. V.Hüqonun romantizmi, M.Y.Lermontovun
romantizmi, M.Hadinin romantizmi, H.Cavidin romantizmi tarixi baxımdan
müxtəlif dövrlərin və ayrı-ayrı ədəbiyyatların
məhsulu olduqları kimi, mahiyyətcə də bir-birindən
seçilirlər. Bununla bərabər,
romantizmin inkişafında milli yolların mürəkkəbliyinə
və müxtəlif yazıçıların mövqelərindəki
fərqlərə baxmayaraq, romantizm müəyyən estetik vəhdətə
malikdir. Romantik ədəbi hərəkatın
bütün iştirakçıları üçün
başlıca xüsusiyyət real varlıqla
barışmazlıq və öz idealını ona
qarşı qoymaqdır. Xəyal,
coşqun hiss-həyəcan, üslubda təmtəraq, bədii
nidalar və suallar, kəskin təzadlar ümumiyyətlə
romantik ədəbiyyatın səciyyəvi keyfiyyətlərindəndir.
Romantizm dramaturgiyada ən parlaq ifadəsini faciə əsərində
tapır. Cavidin romantik faciələri ədalətsiz ictimai
quruluşa – irticaya qarşı üsyanı, irqçiliyə,
burjua cəmiyyətinin eybəcərliklərinə və
feodalizmin törətdiyi zorakılığa, rəzalətə
qarşı barışmazlıq əhvali-ruhiyyəsini ifadə
edir. Bu faciələr insanın tərəddüdlü
və zəngin daxili aləmini poetik bir dildə, böyük
sənətkarlıq və yüksək bədii estetik keyfiyyətlərlə
göstərə bilmişdir. Cavidin
bütün faciələrinin əsas qəhrəmanı həqiqət
axtarışıdır. Bu faciələrdən hər
biri bu və ya digər dərəcədə həyatı dərk
etməyə can atan narahat ağılın və biliyin faciəsidir.
Bunlar «İblis»də Arif, «Şeyx Sənan»da Şeyx Sənan,
«Peyğəmbər»də Peyğəmbər, «Xəyyam»da Xəyyam
və başqa bu kimi qəhrəmanlardır.
O illər
ədəbiyyatımızda müasir mövzulu əsərlər
olmadığından teatr klassik dramaturgiyaya müraciət
edirdi. Repertuara V.Şekspirin «Otello», «Hamlet», «Kral Lir»,
F.Şillerin «Məkr və məhəbbət», «Qaçaqlar»,
İ.B.Molyerin «Zorən təbib», Heynenin «Əl Mənsur»,
Ş.Alleyxemin «Uriel Akosta», Voyniçin «Ovod», Hüqonun
«Gülən adam» əsərləri daxil edilmişdi. Bu pyeslər romantik qəhrəmanlıq planında
hazırlanır, yeni cəmiyyətin qurucusu olan
tamaşaçının ruhunu oxşayırdı. Həmin əsərlər əsasındakı
quruluşlar dövrün tələb etdiyi yüksək
romantik pafos və poetika ilə zəngin idi. Çünki teatrda qəhrəmanlıq psixoloji bir
keyfiyyət kimi ən çox romantik formada təzahür
edirdi. 1924-cü ildə A.A.Tuqonav teatra gəlişi
ilə yaxşı pyes üçün müsabiqə elan
etdi. Rus dramaturgiyasının ən gözəl
nümunələrini Azərbaycan
tamaşaçılarına tanıtdı. Həmçinin böyük bir istedadlı aktyor nəslinin
yetişməsində əvəzolunmaz rol oynadı. Tuqanov özü ilə birlikdə Tiflis
teatrının aktyorları Ə.Qurbanov, M.Sənani, Q.Topuriya,
Ü.Rəcəbi də gətirmişdi.
Bu
baxımdan 1926-cı il dekabrın 23-də
oynanılan «Hamlet» tamaşasını qeyd etmək istərdik.
Tamaşanın rejissoru A.A.Tuqanov, tərcümə
edəni Cəfər Cabbarlı idi. Rejissor
işə sərbəst yanaşaraq əsərin məzmununu
Şərq ölkələrindən birinə
köçürmüşdü. Aktyorların
geyimi, qrimi və səhnənin bədii tərtibatı Şərq
üslubunda idi. Onlar hadisəni şərqə
köçürməklə faciənin mündəricə və
formasının tamaşaçı tərəfindən
qavranılmasını asanlaşdırırdılar.
Hamletin simasında tamaşaçıya milli tarixə və məişətə
yaxın bir ictimai tip təqdim edirdilər. Onlar buna
nail olmuşdular. Tamaşa çoxlu səs-küyə
səbəb olmuşdu. Bu təkcə onun
«Şərq» formasında yozulması ilə deyil, həm də
gözəl aktyor ifası ilə əlaqədar idi.
Abbas Mirzə Şərifzadənin ifasında Hamlet
üsyankar, qüvvətli, mətin, lakin mübarizəsində
tənha idi.
O, son anadək mübarizə aparır, lakin qalib gələ
bilmir. Mübarizəyə atılarkən məğlub
olur. Şərifzadənin Hamleti qüdrətli
daxili aləmə malik romantik bir Hamlet idi. Ümumiyyətlə,
aktyor ansamblının seçilməsi, ifası
baxımından Hamlet ən kamil və bitkin tamaşa idi.
Beləliklə Azərbaycan teatrında A.M.Şərifzadə,
S.Ruhulla, M.Davudova, K.Ziya, Ü.Rəcəb, R.Təhmasib,
M.Kirmanşahlı və başqa görkəmli aktyorların
simasında milli teatrda romantizmin yeni mərhələsi
başladı.
30-40-cı illərdə romantizmlə realizmin
qovuşması prosesi baş verirdi. Bunun əldə edilməsində
Cəfər Cabbarlı dramaturgiyası mühüm və əhəmiyyətli
rol oynamışdı. Teatra romantik dramları ilə gələn
Cəfər Cabbarlı yaradıcılığının
çiçəklənən dövründə Azərbaycan
aktyorlarının repertuarını realizm dramaturgiyası,
inqilabi romantika ilə zəngin «Almaz», «Od gəlini» əsərlərindəki
yüksək poetik obrazlarla zənginləşdirmişdi. Akademik Məmməd Arifin dediyi kimi, «Cəfər
Cabbarlı sənətinin qüdrət və gözəlliyi
onda realizm və romantikanın vəhdət halında meydana
çıxmasındadır. Yazıçının
romantikadan məharətlə istifadə etməsi onun realizmini
daha da qüvvətləndirmiş və zənginləşdirmişdir.
Bu romantika həyat həqiqətini daha
qabarıq və təsirli göstərməyə kömək
edən romantikadır.
1922-ci il 21 may tarixli «Kommunist» qəzeti yazır:
«Aydın» romantik melodramı 1922-ci ilin mayında
tamaşaçılara təqdim edilmişdi. Tənqid
əsəri «O dövrün ən maraqlı dramı» kimi qəbul
etdi. İlk dəfə idi ki, milli səhnəmizdə
yaxın keçmişimizi, kapitalist dünyasını
ifşa edən, sinfi mübarizəni göstərən
tamaşa hazırlanırdı. Tamaşada
Aydın obrazını Abbas Mirzə Şərifzadə ifa
edirdi. Onun Aydını ziyalı, namuslu,
üsyançı mövqedə duran romantik idi. Lakin
«Aydın»ın ilk səhnə quruluşuna münasibət
eyni deyildi: «Aydın»ın ictimai mənasına, fəlsəfi
mahiyyətinə az əhəmiyyət
verilir. Buna görə də tamamilə
yanlış olaraq əsər adi, sentimental, melodramatik bir pyes
kimi təqdim edilir. Onun əsas qəhrəmanı
Aydın isə boşboğaz, anarxist, xırda burjua gənci
kimi meydana çıxarılır». («Ədəbiyyat» qəzeti,
1940-cı il, 3 iyul). Beləliklə
Azərbaycan teatrı milli dramaturgiyanın
inkişafını istiqamətləndirirdi. 1930-cu ildə Moskvada keçirilən ümumittifaq
incəsənət olimpiadası da Azərbaycan
teatrının realist inkişafına əhəmiyyətli
kömək etdi.
Ümumiyyətlə, əsil xalq qəhrəmanı
axtarışı yolunda dram teatrı bir sıra mərhələlərdən
keçmişdir. İlk dövrdə bu qəhrəman
azadlıq, ədalət və həqiqət
axtarışları ehtirası ilə çırpınan
romantik bir üsyankar idi. (Aydın, Oqtay, Şeyx Sənan).
Lakin romantik ehtirasları ilə bu qəhrəmanlar
yenə də gücsüz və köməksiz idilər.
Getdikcə romantik qəhrəmanda məqsəd
aydınlığı, məqsədə doğru mübarizə
əzmi, iradə və mətanətlilik keyfiyyətləri
özünü göstərirdi. Cəfər
Cabbarlının Sevil, Almaz, Yaşar, Gülüş və
başqa qəhrəmanları məhz belə keyfiyyətlərə
malik idilər.
Cəfər Cabbarlı səhnəmizin
yaradıcılıq həyatına daxil olaraq, onun üzvi bir
parçasına, teatrın bütövlükdə fəaliyyətinə
təsir göstərən aparıcı simaya
çevrilmişdi. 1928-1934-cü illər teatrın salnaməsinə
«Cabbarlı teatrı» dövrü kimi daxil olmuşdu.
Teatr romantizm ənənələrini inkişaf etdirmək, onu
həyatımızın realist təsviri ilə əlaqələndirərək
tamaşaçıya çatdırmaq məqsədi ilə
A.Korneyçukun «Eskadranın məhvi», (1934. rejissor Y.Yulduz),
A.Ostrovskinin «Günahsız müqəssirlər» (1935. rejissor
Ə.Şərifov), M.F.Axundovun «Hacı Qara» (1935. rejissor R.Təhmasib),
Şekspirin «Maqbet» (1936), «Romeo və Cülyetta» (1937. rejissor
A.A.Tuqanov) və başqa tamaşalara quruluş verdi.
Düzdür, bu tamaşaların
hamısının bədii, professional səviyyəsi eyni
deyildir. Ancaq onların hamısı bu və
ya digər dərəcədə dövrün tələbi –
qəhrəmanlıq, romantik pafosuna cavab verirdi. 1930-1940-cı illər arasında Azərbaycan
teatrı həyat həqiqətini, onun irəliyə doğru
inkişafını əks etdirən, müasir qəhrəman
surətini vəsf edən tamaşalar yaratmağa diqqəti
artırdı. Teatrın repertuarında iki
qisim tamaşalar vardı. Bunlardan «Polad Qartal», «Həyat»
realist səhnə sənəti ənənələrini davam
etdirirdisə, «Od gəlini», «1905-ci ildə», «Səyavuş»,
«Şahnamə» qəhrəmanlıq, romantik ruhlu tamaşalar
idi.
1937-ci ildən Milli Dram teatrının baş rejissoru və
bədii rəhbəri təyin olunan A.İskəndərovun
teatra gəlişi ilə burada böyük bir canlanma
yarandı. Rejissor gənc dramaturqları teatrla əməkdaşlıq
etməyə cəlb etdi. Onların
arasında Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman,
İlyas Əfəndiyev, Mirzə İbrahimov və
başqalarını qeyd etmək olar. Teatrda
monumental qəhrəmanlıqlarla dolu keçmişimizdən
bəhs edən əsərlər tamaşaya qoyuldu. Cəfər
Cəfərov bu barədə yazırdı: «Realist milli
xarakter yaratmaq yolu ilə gedən teatr bu xarakterlərin üzərində
düşünürdü. Azərbaycan səhnə sənətinin
üslubu, özünəməxsusluğu bu dövrdə onun
hələ yalnız «monumentalizmə olan meylində»
müşahidə olunsa da və qəhrəmanın
psixologiyasına dərindən nüfuz etməyin
monumentallıqla sintezi kimi nəzəri mülahizə şəklində
formula edilsə də təcrübədə bu monumentalizmə
meyl indi artıq yeni xüsusiyyətləri ilə meydana
çıxırdı».
Bu baxımdan Səməd Vurğunun pyesi əsasında
1938-ci ildə A.İskəndərovun quruluş verdiyi «Vaqif»
tamaşası xüsusilə diqqətəlayiq idi. Teatr və
rejissor S.Vurğun dramaturgiyasının xüsusiyyətlərini
təşkil edən xəlqilik, qəhrəmanlıq və
romantik vüsət kimi keyfiyyətləri bir-biri ilə əlaqələndirə
bilmişdi. Poeziya olan yerdə qəhrəmanlıq,
qəhrəmanlıq olan yerdə poeziya vardır. «Vaqif» tamaşasının devizi bundan ibarət idi.
Adil İskəndərovun quruluşunda monumental
«Vaqif» tamaşası aktyor və rejissorların sənətkarlığının
artması, milli teatrda romantizm ənənələrinin
özünəməxsus üzvü davamı idi. Azərbaycan teatrı müharibəyə qədərki
dövrdə yüksək bədii keyfiyyətlərə malik
tamaşalarla teatrımızın repertuarını zənginləşdirdi.
Tərcümə və milli
dramaturgiyamızın nümunələri əsasında
teatrda yeni qüvvətli rejissor, aktyor nəsli yetişdi.
Lakin 40-cı illərdə xalq şairi Səməd
Vurğun ümumittifaq ədəbiyyatında romantik üslubu
qüvvətləndirmək məqsədilə məxsusi ədəbi-tənqidi
fəaliyyət göstərsə də, totalitar üsuli-idarədə
ciddi müqavimətlərə rast gəlib bu xətti
uğurla başa çatdıra bilmədi.
Oktay
Xalq Cəbhəsi.-
2011.- 20 dekabr.- S.13.