«Həyatın
yaraşığı insandır»
Cəlaləddin Ruminin ölümündən 738 il ötür
Məşhur «Məsnəvi»nin müəllifi Mövlana Cəlaləddin Ruminin ölümündən 738 il ötdü. Yüzillər ötəcək, bu ölməz hikmət sahibi insanlara daha da doğmalaşacaq. Adətən böyüklərin anlaşılması gec çəkir. Filologiya elmləri doktoru Ramil Əliyev vəhdəti-vücud təlimi haqqında danışaraq bildirir: «Vəhdəti-vücud təlimində ilahi varlıq vacib aləm hesab olunursa, maddi varlıq da mümkün aləm, imkani varlıq, cüzv aləmi adlandırılır. Beləliklə, həqiqət birdir. Ancaq onun iki tərəfi var: batini və zahiri. Batini Allahın özü, zahiri isə maddi aləm təşkil edir. Sufizmə görə, ilahi eşqə qovuşmaq üçün Haqq yoluna çıxan yolçulara, sufilərə daha çox «salik», «səyyah» və ya «müsafir» deyirlər. Salik – ərəblərdə yol gedən, yolçu deməkdir. Müsafir də səfərə çıxana, Haqqa doğru gedənə deyirlər. Bu yolda o, 4 mərhələdən keçməlidir: şəriət, təriqət, mərifət, həqiqət. İnsanın məskəni qəlbdir. İman isə Allahın ağıl verdiyi məxluqa ilkin təqdiri və qəlbə əta etdiyi nurdur. Qəlb iki cürdür. Maddi qəlb təkdir və ətdən ibarətdir. Mənəvi qəlb isə könüldür. Beləliklə, nəfsini yenən qəlb bəsirət və əqli fəzilətə malik arif insan üçün hissi aləmin nemət və var-dövlətindən imtina etmək qədər ali bir dövlətdir».
Məhəmməd Qəzali ilk dəfə sufiləri islam dininin tərəfdarları ilə barışdırıb: «O hesab edib ki, Quranın ruhuna, poetikasına əsaslanan sufilər müsəlmanın başlıca vəzifəsini və ən yüksək məqsədini Allahla birbaşa ünsiyyətə girməkdə, mistik idrak vasitəsilə onu dərk etməkdə görürlər və bu olmadığı halda zahiri ayinlərin icrası mənasız sayılır. Qəzali islam dini qarşısında görünməmiş bir xidmət göstərib, təsəvvüfü rəsmi İslam dini ilə barışdırıb. Sufi ədəbiyyatı hər bir damlada, hər bir zərrədə Allaha qayıtmaq istəyini tanrı eşqi kimi xarakterizə edir, kainatı yalnız eşq halında görür, maddi aləmi Yaradanın təcəllisi kimi qəbul edir. Sufilər belə hesab edirlər ki, aləm Yaradanın əksidir və kainatda hər nə varsa və onları dəyərli, gözəl edən Haqqın onlarda təcəllisidir. İlk dəfə sufi ədəbiyyatı yazılı ədəbiyyatdan əvvəl türk ədəbiyyatının şifahi qolu üzərində ucalıb. Bu meyl şifahi ədəbiyyatdan yazılı ədəbiyyata keçib. Sufi şairlər Allaha olan eşqi tərənnüm edirdilər. Ruhaniliyin qolları üstə yaranan sufizm Türkiyədə sünni təriqətinə əsaslanırdı. Ancaq sufiliyin başqa bir qolu – şiə sufizmi isə türk ələvi şairlərinin yaradıcılığında öz inkişafını tapırdı».
Ümumtürk sufizminin banisi Əhməd Yəsəvi olsa da, bu ideya cərəyanını şöhrətləndirən dövrünün böyük alimi, filosof və şairi Cəlaləddin Rumi olub (1207-1273). Əsil adı Məhəmməd Cəlaləddin olan Mövlana Rumi 1207-ci ildə Xorasan vilayətinin Bəlx şəhərində doğulub. Dövrün Bəlxdəki tanınmış alimlərindən olan Mövlananın atası Bəhaəddin Vələd monqol hücumlarından əvvəl 1212-ci ildə ailəsi ilə birlikdə Bəlxdən ayrılıb. Konyada mədrəsə xocalığı edən Bəhaəddin Vələd 1230-cu ildə vəfat edib. Atasının ölümündən sonra özünə qapanan Mövlana 1244-cü ilə qədər zahidlik həyatı keçirib. 1244-cü ildə Mövlana Konyaya gələn Şəms Təbrizi ilə qarşılaşır, onunla dost olur. Bu dostluğu gözü götürməyən bəzi insanlar Şəms Təbrizini qətlə yetirirlər: «Bu itkiyə sarsılan Mövlana ilk şeirlər yazmağa başlayır. Mövlana bu şeirləri divanında toplayıb. O, qəzəllərində Şəms, bəzən də Xamuş təxəllüsləri işlədib. «Divani-Kəbir» adı ilə tanınan «Divan»ın başqa adı «Şəmsül-Həqaiq»dir. Bununla belə, o dövrün bir cox böyük şairlərinin Movlananın yaradıcılığına mühüm təsirləri olub». Onun ən məşhur əsərinin adı «Məsnəviyi-mənəvi»dir. Mövlana 1273-cü ildə vəfat edib. Onun ölüm gecəsi «düyün gecəsi», sevgiliyə qovuşulan gecə anlamına gələn «Şəbi-Arus» adlanıb.
Cəlaləddin Rumi sufi nəzəriyyəçisi və səyyah olub. Cəlaləddin Məhəmməd Mövlana Rumi öz əsərləri ilə sufi cərəyanına mənsub olan ədəbiyyatda yeni bir dövr açıb: «O, «Xudavəndiyar» (hakim, hökmdar), «Sultanül-Aşiqin» ləqəbləri ilə də tanınıb. M.Rumi 1220-ci ildə ailəsi ilə birlikdə Konyaya köçüb. Burada dövrünün və sonrakı əsrlərin iqtisadi və siyasi həyatında mühüm rol oynamış mövləvilər təriqətinin əsasını qoyub. Onun sufi şeirlər divanı var. Şeirlərini mürşidi Şəms Təbriziyə ehtiram və məhəbbət əlaməti olaraq «Şəms» təxəllüsü ilə yazıb. Mövlana ləqəbi ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanda verilib. İlk dəfə bu ləqəbi ona Şeyx Sədrəddin Konyəvi verib. Həyatının böyük bir hissəsini Rum diyarında keçirdiyi üçün «Rumi» də deyiblər. M.Rumi bir sıra fəlsəfi risalələrin müəllifidir. Ancaq Rumiyə ədəbiyyat tarixində ömrünün son illərində yazdığı «Məsnəviye-mənəvi» (sonralar «Məsnəvi» adı ilə məşhurlaşıb) poeması geniş şöhrət qazandırıb. Əsərdə Rumi özünün dini-fəlsəfi görüşlərini şərh edib. Poemada o, Şərq əfsanə, rəvayət və təmsillərindən geniş istifadə edib. Onun «Məsnəvi»si panteizm (Allahı təbiətlə eyniləşdirən dini-fəlsəfi dünyagörüşü) ruhunda yazılıb. O, bu əsəri yazarkən Sənainin «Hədiqətül-həqaiq», Məhəmməd Fəridəddin Əttarın «Əsrarnamə» poemalarını oxumuşdu».
Təzkirəçilər onun tərcümeyi-halını yazarkən aşağıdakı faktları qeyd edirlər: «Şair Bəlx şəhərində anadan olub. Mövlananın atası Bəhaəddin Vələd adı ilə tanınan Hüseyn Hatib oğlu Məhəmməddir. Şairin atasına «Sultanül-üləma» ləqəbi verilib. O, həm də insanlığın, fəzilətin sultanı idi. O, hökmdarın qüsurlarını bildirməkdən belə çəkinmirdi. Bağdadı işğal edib yandıran Hülakü xana «Sən nə zalımsan!» demişdi. Anasının adı Möminə xatun olub. Onların ailəsi 1221-ci ildə Larəndəyə köçür. Onları Əmir Musa çox hörmətlə qarşılayır. Balaca Cəlaləddin atasının buradakı moizələrini dinləyir. Cəlaləddin Rumi 13-14 yaşlarında atası ilə birgə Bəlx şəhərini tərk edib Məkkəyə gedəndə Nişapurda Məhəmməd Fəridəddin Əttarın görüşünə gedib, Cəlaləddinin atası Bəhaəddin Vələd Nişapurda öz oğlu ilə birlikdə Əttarın qonağı olub. Əttar öz «Əsrarnamə»sini Cəlaləddinə hədiyyə edib. Rumi də öz «Məsnəvi»sində və divanında Əttar və Sənainin adlarını hörmətlə yad edib. Buna görə də demək olar ki, Cəlaləddin Rumiyə hər iki sənətkarın təsiri şəksizdir». C.Rumi bir şeirində Fəridəddin Əttarın yeddi eşq şəhərini seyr etdiyini, özünün isə hələ bir küçənin döngəsində ilişib qaldığını söyləyir: «Əttar eşqin yeddi şəhərini gəzdi. Biz hələ bir küçənin döngəsində qalmışıq».
Şair eşq şəhərindəki vəziyyətinə baxmayaraq, sufi şeirini özündən əvvəlki şairlərə nisbətən xeyli inkişaf etdirib, bu şeirə aşiqanə tərzdə yanaşıb: «O, özündən əvvəlki şairlərdən şeirlərinin bədii ahəngi, sadəliyi, oynaqlığı, qəm və kədərinin ifadə forması ilə də seçilib. Onun həyatı və yaradıcılığı Çingiz xanın başçılığı ilə monqolların hücumu dövrünə düşür. Cəlaləddinin də ailəsinin Bəlxdən köçməsinin səbəbi monqol işğalı idi. Onlar həcdən qayıdıb Konyada qalmışdılar (1229-cu ildə). Konyada sufi təkkələrinin inkişafı üçün şərait var idi. Məscid-mədrəsələrdə şəriət qanunları sufi təkkələrinə nüfuz edə bilmirdi. Sufilər Quranın və şəriətin zahiri cəhətinə fikir verməyib, onun batinini dərk etməklə düzgün mövqe seçdiklərini isbat etmək və özlərinin şəriətə zidd fikirlərinə haqq qazandırmaq istəyirdilər. Cəlaləddin Rumi atası Bəhaəddin Vələd ilə Konyada kasıb halda yaşayırdılar. Onlar maddiyyatdan ayrıldıqlarından bu kasıbçılığı hiss etmirdilər. Sonra onlar üçün möhtəşəm mədrəsə tikilir, burada dərs deməklə ömürlərinin axırına qədər yaşayırlar. Həm dünyanı gəzmək, həm də elm öyrənmək üçün atası Rumini Hələbə və Şama göndərir. O, 1236-cı ildə təhsilini başa vurub Konyaya qayıdır və mədrəsədə öyrəndiklərini tədris edir. Atasının dostu Seyid Bürhanəddin Tirmizi onun yetişməsində köməyini əsirgəmir. Mövlana Cəlaləddin Rumi 1240-cı ilə qədər qapalı həyat sürüb.
O, 1244-cü ildə dərviş kimi Konyaya gələn sufi şairi Şəms Təbrizi ilə tanış olur: «Bu dostluq onun üçün dönüş nöqtəsi olur. Şairin digər yaxın dostu Hüsaməddin Çələbi olub. Bu dostluğun nəticəsində 6 cildlik «Məsnəvi» yaranıb. Tarixi mənbələrdə bu əsərin Ruminin diktəsi ilə dostu tərəfindən yazılması göstərilir. Bu əsərdə sufiliklə bağlı elmi və əxlaqi fikirlər ibrətamiz fikirlərlə əhvalat şəklində təqdim olunur».
«Məsnəvi» Mövlananın şah əsəridir. Rumi «Məsnəvi»nin birinci cildinə yazdığı «Ön söz»də belə buyurur: «Mənəvi» həqiqətə çatmaq və Allah sirrindən agah olmaq istəyənlər üçün yoldur». «Mənəvi» – təmizlənmiş insan üçün könül səfasıdır». Rumi «Məsnəvi»nin hər cildini «Ön söz»ü ilə başlayır. Həmin «Ön söz» sanki o cildin əsas məzmununu əks etdirir: «Buludlar ağlamasa, yaşıllıqlar necə gülər»; «Ey başqaları üçün ağlayan göz! Gəl bir az otur özün üçün ağla»; «Dünyada hicran toxumu əkən insanı gül bağçasında axtarma!»; «Daim cənnətdə olmaq istəsən, hər kəslə dost ol! Heç kimə kin bəsləmə!»; «Bu dünya bir tələdir, yemi ilə arzular»; «Hər tikan gül verməz». Rumiyə görə, həyatın yaraşığı insandır: «Bu ali şərəfə nail olmaq üçün hər bir insan içindəki pis xüsusiyyətlərdən xilas olmalıdır. Bu həqiqət sevgi ilə mümkündür».
H.Məmmədzadə yazır ki, onlar üçün şəriətdə olan yaxşı-pis, halal-haram, müsəlman-kafir, behişt-cəhənnəm məfhumları tamamilə başqa məna daşıyır və rədd edilir. Bununla da bütün kainatda mütləq ruhu və ya mütləq nurun hissələrini dərk edir, hamının mütləq nurun qığılcımı olduğuna, ölərkən o işığa, nura qovuşacağına inanırdılar. Rumi «Məsnəvi»də yazırdı ki, «Neydən eşit gör nə söyləyir – ayrılıqlardan şikayət eyləyir. Qamışlıqdan məni kəsəndən bəri ah-zarımdan kişi-qadın nalə ediblər». Onun «Məsnəvi»si panteist ədəbiyyatın mükəmməl bir əsəridir. Onun «Məsnəvi»sindən başqa 50 min beytdən ibarət qəzəllər divanı var.
Mövlana 1273-cü ildə vəfat edib. Onu atasının yanında
dəfn ediblər.
Onun ölüm gününü
sufilər öz aralarında «düyün gecəsi» və ya «vüsal gecəsi» adlandırırlar.
Mövlana heç kəsə onun üçün yas saxlamamağı vəsiyyət
edib: «Öldüyüm
gün tabutum çiyinlər üzərində
gördüyün zaman
məndə bu cahanın dərdi var sanma! Mənim
üçün ağlama!
Şeytanın tələsinə
düşərsənsə, o zaman ah-vay et!»
Uğur
Xalq Cəbhəsi.- 2011.- 20 dekabr.- S.14.