Ömrün sahibi vaxtın da sahibidir

Oktay Hasımusalının «Bu vaxtın sahibi» kitabı haqqında

 

Yaradıcılıq özünüifadədir. Çağdaş dönəmdə ədəbiyyat təkcə məlum, dəbdə olan janrlarında deyil, daha çox pünhan mövzularda maraqlı olur: oxucu daha çox canlı olana meyl eləyir. Yəni oxucu istəyir ki, yaradıcı adamın öz qələmində onun ömrünü kitab kimi oxusun; bu, şübhəsiz, insanın (oxucunun) ilk növbədə özünü qurmasında gərəkli bir qaçılmazlıqdır. Habelə bu gün dünyada sənədli-bədii filmə də meyl artır. Bu xətt ümumən incəsənəti dövrələməkdədir.

Tarixən söz adamlarının xatiratya gündəlik yazması ədəbiyyat, ümumiyyətlə, incəsənət, yaradıcılıq tarixində çox rastlaşdığımız məqamlardandır. Dünya nəsrinin zirvəsi olan Lev Tolstoyun, habelə əvəzsiz yazıçımız Cəlil Məmmədquluzadənin xatirələri dediklərimizə ən yaxşı sübutdur. Bu gün dünyanın əhvalının daha çox süniləşməyə getdiyi bir zamanda Azərbaycanın yaradıcılıq mühitində xatiratya gündəlik yazmağa ciddi həvəs göstərən azdır. Bəlkə də bu gün ağlımıza gəlməyən imza sahibləri maraqlı xatiratlar yazırlar. Ancaq gərək böyük xatirat səviyyəsi ciddi ömürdən gəlsin. Əgər yaradıcı adam böyük ömür yiyəsi deyilsə, əsərlərində tənqid etdiyinə, lənətlədiyinə həyatda məhəbbət bəsləyirsə, onun yazdıqlarına kimsə inanmayacaq. Çünki yaradıcılıq elə xətdir ki, burada yalanla doğrunun sərhəddi gec-tez bilinir.

Hazırda dünyanın hər yerində kompüter texnologiyasından istifadə geniş yayılıb. İndi ümumiyyətlə, yaradıcı adamların əlyazması məsələsi problemə çevrilib. Ancaq bütün hallarda xətt xarakteri ifadə edir. Yaradıcı adamların xatirat, ya gündəlik yazmaları ilk növbədə onların yaşamağa sözün böyük mənasında məsuliyyətlə yanaşmalarının bir əlamətidir. Bu gün dünyada yığcam yazılara meyil artıb. Bu, indi insanların halında yaranan «atüstülük» əhvalı ilə bağlıdır. İndi hamı məğzə, mahiyyətə tez çatmaq istəyir. Başqa yandan da dünyanın nəyi varsa, ortadadır. İndi yeni söz demək olduqca çətinləşib.

İnsanın mənəvi dünyası indiyə kimi açılmamış, kəşf olunmamış qalıb. Hər bir kəsin özünün aça, var ola, başqalarını var edə biləcəyi dünyadır o. De gəl, çoxları bu duyğuları nəinki yaşaya bilmir, habelə həmin qarışıq, yarıuğurlu, yarıməğlub məqamları kağıza köçürməyi ağlına belə gətirmir. Ədəbiyyatın gərəkliyi belədə daha çox bilinir. Ancaq ədəbiyyatın həqiqət üstə var olması gərəkdir ki, yazılan əsərlər gözəl ömürlər yaratmağa xidmət etsin. İnsanların həqiqət axtarışları isə tükənmir. Oktay Hacımusalının «Bu vaxtın sahibi» kitabı özünə, insanlara, həyata, dünyaya münasibətinin ilkin mərhələsidir. Bu yanaşmanın yetkin ifadəsi isə hələ qarşıdadır.

İnsan həyatı niyə sevir? Niyə bu qədər əzablarla dolu dünyada yaşamaq şirindir? Çünki həyat görünəndən artıqdır. İnsanın imkanları görünəndən, bilinəndən artıqdır və o, hər cür çıxılmazlığa baxmayaraq özünü təsdiq etmək istəyir…

Oktayın kitabı canlı qeydlərə əsaslandığı dərəcədə də bədiiyyatlıdır. Hiss olunur ki, həyat hadisələri daha çox rəmziləşib, pünhanlaşıb. Elə məqamlar var ki, oxucu üçün sirlidir. «Bu vaxtın sahibi»ndə cavanlıq odu, həyat qaynarlığı, səhvlərlə, acıqla, tərəddüdlərlə, həm də dəli-dolu, inadlı yaşam var. Etirafları isə Oktayın kövrək özünü ifadəsi saymaq olar.

İnsanın özüylə üz-üzə qalması çox çətindir. Gündəlik yazmaq – bədii əsər yazmaq deyil. Bədii əsərdə yazıçı çox zaman hadisələri uydurur. Uydurmaq üçün burada geniş imkanlar oluroxucu buna görə müəllifi qınamır. Ancaq gündəlikdə insan həqiqətlə üz-üzə qalır, özünü ifadə edir. Gündəlik – uydurmasızlıqdır. Gündəlik həm də pünhanlıqdır. Ona görə də başqasının gündəliyinə girməkdən böyük qəbahət yoxdur. Bu üzdən də adətən gündəliklər müəllifin ölümündən sonra başqalarına çatır.

Oktayın «Bu vaxtın sahibi»ndəki bədiiyyat manevrlərini anlamaq olar. Bu vaxtın sahibi kimdir? Vaxta bərabər olub zamanın yiyəsi sayılmaq mümkündürmü? Oktayın buradakı yazıları yaşanmış xatirələrdir. Xatirə isə ölmür, çünki onun mahiyyətində insanın zamandan üstünlüyü dayanır. İnam, etibar, aldanış, qarabasma yuxular, balaca insani münasibətlərdən darıxmaq, tıncıxmaq, özünü axtarmaqtapmamaq, habelə insanın şəratiə uyğunluğu, qardaş nisgili, sevgi aldanışları… Ancaq Oktay duyur ki, həyatın bütün dəhşətlərinə baxmayaraq yaşamaq gözəldir. Sağ qalmaq inadı insanilk ümidi yaradır. Onun «Ömür azdır»-ideyasına gəlib çıxması ümidli yaşama doğru yaradıcı inadından xəbər verir.

Oktay həyatın çətinliklərini az görməyib. Ancaq bundan sonrakı çətinlikləri daha çox olacaq. Əslində insanı var edən elə çətinlikdir. Gerçək əzabda fərəh yoxdur, həmin əzabın mənasında fərəh var. Bir an da olsun, ümidsizləşməmək. Zamanı aşmaq, zamana yiyə olmaq haqqına çatmaq. Zamanın ölçüsünü ölçü saymamaq, yalnız insanilik ölçüsünə əsaslanmaq. Kamil insan öz ömrünün sahibidir. Ona görə ömrün sahibi – vaxtın da sahibidir. Oktaya hər an çətinlikdən fərəh almağı, gerçəkliyi ötən, sabahı görən əsərlər yaratmağı diləyirəm.

 

 Uğur

Xalq Cəbhəsi.- 2011.- 21 dekabr.- S.14