Qədir Rüstəmovun ölməyən səsi

  

Qədir Rüstəmovun xanəndəliyində heç kəsə bənzəmirdi, tamamilə bənzərsiz idi. Səsi ruhun səsi idi. O, təkcə oxumurdu, yandırıb-yaxırdı, insan dərdini, kədərini izhar eləyirdi. Oxumaq onun üçün bir vasitə idi. Onun başqa oxuyanlardan fərqi bunda idi. Qədirin səsi ilahiliyi təsdiq eləyirdi. Tək oxuyan idi ki, heç vaxt artistlik eləmədi, buna gərək duymadı. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Belə yarandı muğamçılığın Qədir yolu, yöntəmi, örnəyi və zirvəsi.

Qədirin səsi qədimlərdən gəlirdi. O, çağımızda qədimliyimizdən nadir soraq idi. Yəqin ki, özü bütün bunları dediyim kimi bilmirdi, ancaq fitrən belə duyduğuna, yaşadığına əminəm. Çünki aşiq insan özünü aqibətdən qıraqda görə bilmir, ondan qırağa çıxmağı bacarmır. Qədir də aqibətdən çıxa bilmədi yaşamı boyu. Aqibətini sevdi, ona uyğun oldu. Ona görə Qədir təbii qaldı, kimsənin gözündən düşmədi, daha da ucaldı, dəyişmədi.

Qədirin xoşbəxtliyi ondaydı ki, qəribəliyini bildiyi dərəcədə ona bağlanırdı. Bu halının başqalarında hansı duyğular yaradacağı, necə qarşılanacağı onu düşündürmürdü. Onun xoşbəxtliyi öz fitrətinə sonacan yiyəlik eləməsindəydi.

Qədirdə kədər o qədər təbiidir ki, insan onu sevməyə, qəbul etməyə bilmir. Axı mahiyyətcə ən qəmli musiqidir «Sona bülbüllər». Bəs biz onu Qədirin ifasında niyə bu qədər sevir, ondan güc alırıq? Əgər belə deyilsə, gərək onda «Sona bülbüllər»i dinləyəndə kədər bizi daha da sarsıtsın, yox etsin. Demək, Qədir bu vaxtacan kədər haqqında deyilən bütün yarımçıq, yarıtmaz düşüncələri alt-üst etdi. Kədər əslində ən böyük güc, fərəh qaynağıdır. Muğam bunu deyir bizə. Bu baxımdan, Qədiri muğamın Füzulisi də adlandırmaq. Ona görə də Azərbaycan türkünün musiqidə «Sona bülbüllər» qədər nikbin özünüifadəsi yoxdur. Bu düşüncəni məndə Qədir Rüstəmov yaratdı.

Asif Atanın Qədir Rüstəmovun sənətinə yüksək sayğısı vardı. Çoxları bilmir ki, Ocağın hələ gizli fəaliyyəti dönəmində mərasimləri Qədir Rüstəmovun «Sona bülbüllər»i və Kamil Cəlilovun «Zəminxarə»si ilə başlayıb. Ata söhbətlərində deyirdi: «Qədir «Sona bülbüllər»i oxuyanda adama elə gəlir ki, nə kapitalizm var, nə də sosializm. Əslində Qədir sufidir, suficəsinə oxuyur, bunu bilsə də, bilməsə də. Pünhan oxuyur, pünhanı oxuyur». Ən qəmli musiqi – ən ruhlu musiqidir. Musiqidəki kədər ruhun doğmalığını, ucalığını təsdiq edir.

Qədir Rüstəmovdan sonra Azərbaycan muğam sənətində ciddi bir boşluq yaranacaq: sufi tipli, xarakterli xanəndəmiz artıq yoxdur! Halbuki muğam başdan-başa sufi sənətidir, sufilik izharıdır. Qədir gerçək, ənənəvi sufi həyatı yaşaya bilməsə də, oxuyanda hökmən sufiləşirdi. Çətin günlərimin dostu olub Qədir Rüstəmovun «Sona bülbüllər»i, «Çahargah»ı, «Ay dili-dili»si, «Neyçün gəlməz»i, «Apardı sellər Sara»sı… Ağlım kəsəndən bu səsin sehrinə düşdüm. Təbiətlə birliyimi, doğmalığımı onun səsində tapdım. Yaşamaq gözəldir! Dərddə, kədərdə yanasan, yandırasan, yandırdığın dərəcədə də qandırasan – bunu da Qədirin səsindən duymuşam. Qədir Rüstəmovun səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqidir – səsin ölməz ilahiliyi kimi.

 

Uğur

Xalq Cəbhəsi.- 2011.- 21 dekabr.- S.14.