İssıq yazısı
Qazaxıstan arxeoloqları 1970-ci ildə Almatı yaxınlığında bütün dinyaya səs salan İssık kurqanını açmışdı. Arxeoloq Kamal Akişevin başçılığı ilə aparılan qazıntı m.ö. V-IV yüzillərə aid edilən bu basırıqda altun geyimli 16-18 yaşında bir gəncin dəfn olunduğunu ortaya çıxartdı. Onun şahanə altun geyimində mifik simvolika ilə bol olan çeşidli nəsnələr böyük maraq oyatmışdı. Əsl sensasiya isə kurqandan tapılan yazı idi. Ancaq gümüş qab üzərində 2500 il öncə qədim runik işarə ilə cızılan bu iki sətirlik yazının gerçək dəyəri elmi dairələrdə hələ də verilməyib.
Maraqlı burasıdır ki, saqa (skith) kurqanı sayılan İssıq kurqanını sovet arxeoloqları türk etnosuna yaxın buraxmırdı və İssıq yazısı da türk yazı tarixindən uzaq tutulurdu. Bunun əsl səbəbini anlamaq olmur. Kurqanı açan və bəzi türkoloqların bu yazıda bir-birindən xəbərsiz «azuq» deyimini oxuduqlarını vurğulayan arxeoloq K.Akişevin sözlərinə görə, İssıq yazısı ilə daha sanballı alimlər (İ.M.Dyakonov, B.A.Livşits, S.Q.Klyaştornı) tanış olandan sonra belə bir arayış yazmışdılar ki, İssıq yazısı aramey əlifbası ilə yazılıb, «ancaq mövcud aramey yazılarından heç birinə uyğun gəlməyən bu yazının çözümünü verə bilmədiklərini» etiraf etsələr də, onun türk runukası ilə də oxunmayacağını məsləhət görməyi (əslində qadağa qoymağı) unutmamışdılar. Əlbəttə, sovet elmində söz sahibi olan bu «akademik» uzmanlar kimi İssıq yazısını başayaq tutanda onu oxumaq mümkün deyil. K.Akişev də kitabında onun şəklini tərsinə verib.
Qazax alimi professor Altay Amanjolov isə gümüş qabı düz tutub və oradakı yazını belə oxuyub: «Ağa, sana ocuq! Bez çok, boqun içrə azuqi!» (Ağa, sənə ocaq! Yad, diz çök, nəsillərin azuqəsi olsun!) Mərkəzi mətbuata (1978) çıxan bu oxunuşu təkzib edən olmamışdı. Türk runuk yazıları üzrə tanınmış alim A.Amanjolovun elmi əsaslara dayanaraq bu yazını oxuması əsl uzman başarısı idi. Lakin o, yazının əvvəlində mətnin informasiyası ilə bağlı olan bir şəklin – damğa işarəsinin yozumunu verməmişdi, halbuki o damğa yazıda loqoqram funksiyası daşıyır. Mənim oxuduğum variant fərqli olsa da, Altay ağanın gördüyü şərəfli işin əhəmiyyətini qətiyyən azaltmır, əksinə, daha da qüvvətləndirir.
Nəzərə almaq lazımdır ki, İssıq yazısı adi deyil və onun doğru yozumu elmdə mövcud olan bir neçə mübahisəli problemin çözülməsinə birdəfəlik son qoyur. Yazının obyektiv yozumunu vermək üçün onun hansı kontekstdə yazıldığını və kurqan gələnəyinin kimlərə aid olduğunu göz önünə gətirmək, İssıq kurqanında kimin dəfn olunduğuna bir daha baxmaq lazım gəlir. Yazılı gümüş qabın trafey nəsnə deyil, dəfn olunanla və yas mərasimi ilə dolayı və ya birbaşa əlaqəsi varmı? Yaxud bu yazı cızıldığı qabın funksiyası ilə bağlı bir deyimdirmi? Bu kimi suallara cavab tapmaq üçün yenə də yazıda keçən bəzi sözlərin kontekstə uyğunluğu araşdırılmalıdır.
Kurqan sahibi üçün uzmanların qeyd etdiyi yaş həddi doğrudur, çəkilmiş şəkildə kəllə sümüyü tikişinin hələ tam bitişmədiyi aydın görünür. Bu yaşda onun ölüm səbəbi haqqında basırıqdan məlumat əldə olunmayıb. Qabın üzərindəki yazıda da buna işarə yoxdur. Basırıq nəsnələri göstərir ki, o, çox varlı bir başçının, elbəyin 16-18 yaşında ölmüş sevimli övladı imiş. Lakin bu gəncin qadın deyil, kişi olması söylənir, bəziləri onu «Altun geyimli döyüşçü» adlandırırlar. Lakin basırıqdan çıxan nəsnələrin içində üzük-sırğa, boyunbağı, güzgü, ənlik-kirşan qabı və içindəki qırmızı boya quşqu oyadır. Özəlliklə, başa qoyulan bəzəkli qalpağın oxşarı qırğız-qazax qadınları üçün keçərlidir.
Kurqanda qazaxca «saukele» deyilən baş örtüyündə simvolik dağların başındakı dünya ağacına qonmuş iki quş fiquru var:
Türk mifologiyasına görə, ölən adamın qutu (ruhu) quş şəklində uçub qonduğu dağın, ağacın başı qutsal məkandır. Bəzi türklər ölməyə «sonkur oldu» (şonqar oldu) deyirlər. Bəziləri «öldü» əvəzinə «uçdu» deyir.
İssıq yazısında ucuq, ocuq, cuk, ocuk, cok kimi oxuna bilən sözlər var. Bu sözlərın üzərinə bir daha qayıdacağıq. Hələlik isə kurqan və saqaların kimliyi məsələsinə baxaq.
Kurqan gələnəyi Kür-Araz arxeoloji mədəniyyətinin ayrılmaz atributu kimi onu daşıyanların quzey və doğu yönlərdə miqrasiyası ilə yayılıb, «kurqan» sözü də bir çox xalqların dilinə keçib. Doğu bölgələrdə m.ö.VIII-VII əsrlərdən görünməyə başlayan saqa boyları haqqında Çin qaynaqları məlumat verir. Son vaxtlar saqa abidələrini tədqiq edən Çin arxeoloqları onların m.ö.V-IV əsrlərdə Cunqar çökəyinin qüney-batısında yaşadığını və Urumçidə saqa qəbirləri ilə İssıq kurqanlarının eyni boylara aid olduğunu ortaya çıxarıblar. Tuva və Altayda daha 2-3 əsr əvvəlki Arjan və Pazırıq kurqanları da saqalara aid idi.
Çin qaynaqları saqaların tərəkəmə yaşamı, indiki Kabil-Pişəvər bölgələrinə keçib dalbadal bir neçə dövlət qurması haqqında bilgi verir. Fərqanədə Saqa bəyliyinə hücum edən hökmdar Sotszyuy barədə məlumat, Əhəməni yazılarında və antik çağ yazarlarının əsərlərində olan bəlgələr göstərir ki, Xəzərdən doğuya uzanan bozqır otlaq yerləri minillər boyunca saqaların köç yerləri olub. Belə köçlər güneydə Hindistana qədər uzanırdı. Cəvahirləl Nehru qədim sanskritcə oxuduğu kitabdan bu sözləri qızına yazdığı məktubunda qeyd etmişdi: «Saqalar türklərin köçəri boylarından idi».
Saqa kurqanları Zaporojye, Dneprepetrovsk bölgələrində kazak, Xersonda tatar, Krımda türk qəbri adlanır. Xerson vilayətinin Aşağı Seroqoz qəsəbəsində hündürlüyü 20 metr olan saqa kurqanına «Oğuz kurqanı» deyilir. Xalqımızın qınaq deyimləri içində «Oğuz ölüsü kimi uzanmaq» deyimi var. Güney Qafqazda uzun sinədaşları olan basırıqlar «Oğuz qəbiri» adlanır.
Kurqan gələnəyi m.ö. IV minildən başlayaraq XV əsrə qədər davam edib. Türk ellərində olmuş səyyah və elçilər burada gördükləri basırıq gələnəkləri haqqında bəzi bilgilər verirlər. 1250-ci ildə qıpçaq yurdunda olmuş G.Rubruk yazır ki, onlar ölənin məzarına ət və qımız qoyur, məzarın üstündə ev sayılan bir təpə qurub üzərində üzü doğuya olan insan heykəli dikəldirlər. Zənginlərin basırığında belə təpələr böyük piramidanı xatırladır. Bu etnoqrafik durumu daha öncə İbn Fadlan oğuzlarda da görüb belə yazmışdı: «Aralarında biri ölürsə, onun üçün evə bənzər böyük bir çuxur qazır, sonra paltarını geyindirib, kəmərini bağlayır, yayını taxıb önünə taxta qabda çaxır qoyurlar. Əlinə kasada çaxır verib onu bu otağa oxşayan çuxura qoyub şəxsi əşyalarını da gətirib bura yığırlar. Çuxurun üstünü tavanla örtüb üzərində çamurdan qübbə yapırlar. Bundan sonra ölənin heyvanlarının sayına görə birdən yüzə, iki yüzə qədər qurban kəsirlər. Ətini yeyib, başını, ayağını, dərisini və quyruğunu ayırır, bunları kəsilmiş ağaclar üzərində qəbrin başına asır və bunlar ölənin cənnətə gedərkən minəcəyi heyvanlardır» – deyirlər.
Gümüş qabın arxasında iti kəsici ilə cızılan işarələrdə bir-iki əlavə cızıq yaranması doğaldır. Həm də görünür, bu işlənmiş qab imiş və yazını cızan çalışıb ki, hərflər aşılanmış yerlərə düşməsin, hətta sonuncu işarə bir qədər aralıda cızılıb. Burada hər bir işarə üzərində ayrılıqda dayanıb izahat verməyə ehtiyac yoxdur. Vaxtilə bu işi də A.Amanjolov çox başarı ilə görüb. Deyildiyi kimi, aradan min il keçsə də, 15 işarədən 13-ü qədim türk yazılarında təkrar olunur. Yalnız 22-ci işarə fərqli görünür, o da başı aşağı «r» (r) kimi bərpa olunub.
İssıq yazısının türk yazı kulturu üçün ölçüyə gəlməyən dəyərini diqqətə alıb onun soldan sağa oxunuşunu da sınamaq gərəkirdi. Bu variantda sətrin sonuna düşən loqoqram daha «ev» anlamında deyil, mətnə görə heyvanların saxlandığı çubuqla hörülmüş hasar (ağıl) şəkili anlamına uyğun gəlir. Bütöv deyim isə yas törəni ilə əlaqəsi olmayan və kurqana qoyulmamışdan öncə qabın arxasına gündəlik məişətlə bağlı yazılmış adi mətndir. Bizans qaynağındakı bəlgəyə görə, Göytürk xaqanının skith hərflərilə yazılmış məktubunu Bizansda tərcüməçi oxuyub. Deməli, göytürk runik yazısının saqa (skith) hərfləri adlanması gələnəyi hələ göytürklər çağında vardı. Bu bəlgə Qazax elində saqa (skith) boyundan qalma İssıq yazısının türklərə aid olduğunu bir daha göstərir. Göründüyü kimi, İssıq yazısı hərtərəfli araşdırılmalı, bundan sonra bir neçə uzmanın ortaq fikrə gəlməsilə yekun söz deyilməlidir. Ancaq ortada hələlik bir gerçəklik var ki, o da qabın üzərindəki yazının türk runuk əlifbası ilə yazılması və türkcə olmasıdır.
Firidun Ağasıoğlu, professor
(ixtisarla)
Xalq Cəbhəsi.- 2011.- 24 dekabr.-
S.14.