Azərbaycan rəqs
sənətinin şahzadəsi
Əminə Dilbazi
ömrünü milli
rəqslərimizin təbliğinə həsr edib
Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-cu ildə Qazax mahalının Xanlıqlar kəndində anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxan xanım Üzeyir Hacıbəyovun bəstələdiyi «Kolxoz çölləri» mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olmuş, 1938-ci ildə Moskvada ədəbiyyat və incəsənət ongünlüyündə iştirak etmişdir. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülmüşdür.
Müəllimlik fəaliyyətinə isə 1939-cu ildə Teatr Texnikumunda başlamışdır. Sonralar uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf etmiş, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməmişdir. Bununla da varislik və novatorluğu öz yaradıcılığında ahəngdar şəkildə birləşdirən Əminə Dilbazi milli rəqs məktəbinin püxtələşməsi prosesinə sanballı töhfələr vermişdir.
Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır. Belə ki, mahir ustad 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı «Çinar» tələbə rəqs kollektivinə rəhbərlik etmiş, 1967-ci ildə «Sevinc» qızlar ansamblını yaratmışdır. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışmış, bir çox milli rəqs ifaçılarının peşəkar rəqs sənətində fəaliyyət göstərməsinə birbaşa köməklik göstərmişdir. Azərbaycan milli rəqs sənətinin böyük ustadı olan Əminə Dilbazi xalqımızın qədim rəqs mədəniyyətinin inkişafı naminə istedad və bacarığını illər boyu fədakarcasına sərf etmiş sənətkarlardandır. Klassik milli rəqslərimizin yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olmuşdur.
Əminə Dilbazinin fəaliyyəti boyu repertuar hər zaman öz rəngarəngliyi ilə səciyyələnmişdir. Belə ki, «Rəqs Şahzadəsi» bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı «İnnabı», «Tərəkəmə», «Vağzalı-Mirzeyi», «Turacı», «Naz eləmə» rəqsləri xüsusilə məşhurdur. Əminə Dilbazi həm də «Leyli və Məcnun» operasında, «Arşın Mal Alan» və «O olmasın bu olsun» komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib. «Əzablı yollar», «Mən mahnı qoşuram», «Ulduz» və s. filmlərin xoreoqrafı olub. Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapmışdır. Görkəmli rəqqasənin repertuarına rus, ukrayna, özbək, ərəb, çin və s. rəqslər daxil idi. Bununla yanaşı Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynamışdır. İstər dövlət səviyyəsində, istərsə də geniş xalq kütlələri arasında «Rəqs sənətinin şahzadəsi» kimi qəbul edilən Əminə Dilbazi 1954-cü ildə Əməkdar, 1959-cu ildə Xalq Artisti adlarına layiq görülmüş və, nəhayət, 1999-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – «İstiqlal» ordeni ilə təltif edilmişdir. Rəqs sənətinin şahzadəsi 30 aprel 2010-cu il Bakı şəhərində dünyasını dəyişmiş, lakin özündə sonra dərin tədqiqə ehtiyacı olan zəngin irs qoyub getmişdir.
Bakıda keçirilən bir rəqs müsabiqəsində iştirakını Əminə xanım belə xatırlayırdı: «Məktəbdə oxuduğum illərdə rəqqas Əşrəf Səfərovun təşəbbüsü və rəhbərliyi ilə rəqs ansamblı yaratmaq üçün qabiliyyəti olan gənclərin müsabiqəsi keçirilirdi. Seçimdə iştirak etmək üçün məni də bir qrup istedadlı gənclərin sırasına daxil etdilər. Münsiflər mənim hansı mahnıya rəqs edəcəyimi soruşanda mən «hopsa» deyə cavab verdim. Bu zaman həm münsiflər heyəti, həm də çalğıçılar belə rəqsin olmadığını deyib məharətimi göstərməyi söylədilər. Mən isə idman dərslərindən «hopsa» ifadəsi yadımda həkk olunduğundan belə bir rəqsi ağzımda zümzümə edib oynamağa başladım. Rəqs bitəndən sonra başımı qaldırıb zala toplaşan hər kəsin gülüşdüyünü və münsiflərin isə gözlərindən yaş axdığının şahidi oldum. Sonra xəbər tutdum ki, həmin qrupa qəbul olunmuşam».
O, bir insan kimi təbiətin ona bəxş etdiyi qabiliyyətlərdən asılı olmayaraq bəzən özünü başqa cür ifadə etməyə çalışırdı. O, hər kəs kimi həyatda yaşadıqca mənəvi cəhətdən təkmilləşir, onun hissləri, duyğuları da zaman-zaman inkişaf edir, bir sözlə, möcüzələr yaradırdı. Sənətkar kimi onun öz ifa tərzi hər şeyi həll etmək gücünə malik idi. Belə ki, Əminə xanım özünün danılmaz «mən»i ilə artıq çoxdan fərdi ifa tərzini isbatlayıb.
Zaman ötdükcə Əminə xanım «Vağzalı-mirzəyi», «Turacı», «Tərəkəmə», «Naz eləmə», «İnnabı» və başqa rəqsləri ilə şöhrət çələngi toplayır. Onun ən ağır rəqslərindən biri də «Turacı»dır: » «Turacı»nı oynamışdım, rəqs vaxtı dizim bərk yaralanmışdı. Birdən eşitdim ki, maestro Niyazi mənə tamaşa etməyə gəlir. Nə edəcəyimi bilmədim. Ayağımın yaralı olduğunu deməyə cəsarətim çatmadı. Həkimlərə qulaq asmadım. Çıxdım səhnəyə, rəqs qurtaranda elə bildim ki, Niyazi ayağa qalxıb məni alqışlayacaq, təbrik edəcək. Heç nə demədən, dinməz-söyləməz durub getdi. Yaman pərt oldum. Üstündən bir neçə gün keçdikdən sonra dedilər ki, səni çağırır. Getdim. Dedi: «Aminka – mənə belə deyərdi – Opera Teatrında hökumət konserti olacaq. Proqrama «Turacı»nı da daxil etmişəm. Özü də simfonik orkestrin müşayiəti ilə oynayacaqsan». Etiraz edə bilməzdim. Amma ömrümdə simfonik orkestr müşayiəti ilə oynamamışdım. Maestro deyirdisə, deməli olmalı idi. «Turacı»nı hazırladıq və böyük uğurla ifa etdik».
Rəqsləri, onların yaranma tarixini və ifaçısına qazandırdığı uğurlar haqqında yerli-yataqlı danışmağı xoşlayırdı. Üz-gözündə təbəssüm xatirəni xatirəyə calayan Əminə Dilbazi ömür-gün həmdəmi bəstəkar Cövdət Hacıyevdən söz düşən kimi dəyişir, təbəssümünü kədər buludları əvəzləyirdi. Cövdətsiz günlərində Cövdətli günlərindən söz açmaq, o şirin, əlçatmaz xatirələri paylaşmaq istəmirdi. Cövdəti ilə hər kəsə nəsib olmayan bir ömür, əbədiyaşar sevgi yaşadığını deyirdi. Evlilik tarixçələri isə lap nağıllardakı kimi başlayıb. Günlərin birində gənc bəstəkar öncədən xəbərdarlıq etmədən onu nikah bürosuna aparıb. Sən demə, «hələ tezdir» – deyən Əminənin razılaşmayacağından ehtiyat edərək, hər şeyi onun əmisi qızı, şairə Mirvarid Dilbazi ilə əvvəlcədən düzüb-qoşublarmış. Nikah mərasimində də Səməd Vurğun və Mirvarid Dilbazi iştirak ediblər. Beləcə, almanların Minvoda gəlib çatdıqları bir dövrdə xoşbəxt bir ailənin bünövrəsi qoyulub. Biri digərinin ölümünə dözə bilməyəcəyindən bu dünyanı birgə tərk edəcəklərinə söz vermişdilər. «Sevgililər gərək ayrılmasın, hətta öləndə belə» deyirdilər. Oğlanlarından biri onların münasibətlərini belə xarakterizə edir: «Bu iki insan xaraktercə əks qütblərdə dayansalar da, sözün hər mənasında bir-birilərini tamamlayırdılar».
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 27 dekabr.-
S.13.