Sözün ağası, Sözünün ağası

Xalq yazıçısı Əli Vəliyevin 110 illiyi qeyd olundu

 

Dekabrın 26-da Azərbaycan Milli Dram Teatrında Mədəniyyət və Turizm Hazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə babam, mərhum xalq yazıçısı Əli Vəliyevin 110 illiyi qeyd olundu. Tədbirdə baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev, Yazıçılar Birliyinin sədri yazıçı Anar, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycanın tanınmış yazıçı və şairləri, sənət adamları, dostları, Qubadlı rayonunun ziyalıları, millət vəkilləri, eləcə də ailə üzvləri iştirak edirdilər. İlk olaraq xalq yazıçısının 70 illik yubleyi haqqında çəkilən kiçik həcmli sənədli film nümayiş olundu. Bu filimdə Əli Vəliyev öz doğma yurdunda-Sisiyanın Ağüdü kəndində ağsaqqallar və yazıçı dostları ilə birgə təhsil aldığı məktəbi, ata-baba ocağını ziyarət edir, bulaq başına gələrək kənd camaatının qoruyub saxladığı nənəsinin cəhrəsinə heyranlınlıqla baxır, təəssüratlarını bölüşürbulaqdan doldurduğu buz kimi suyu içərək sanki illər bundan öncə aldığı yaralara su səpirdi. Sənədli film yekunlaşandan sonra sənətçilər ayrı-ayrı mərhum qələm dostlarının Əli Vəliyev haqqında söylədikləri ürək sözlərini dilə gətirdilər. Bu sırada Əzizə Əhmədova, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev və başqaları vardı.

Tədbirin aparıcısı yazıçı Sabir Rüstəmxanlı Əli Vəliyevin həyatı və fəaliyyəti haqqında bilgi verdionun həyatında xalq yazıçısının oynadığı roldan danışdı. Sabir Rüstəmxanılı deyir ki, ilk kitabını hazırlayıb çap olunması üçün nəşriyyata versə də, çapı gecikdirilirmiş. Hər dəfə də deyirmişlər ki, plana salınmalıdır, Moskvanın təsdiqi lazımdır. Günlərin birində təsadüfən Əli Vəliyevlə rastlaşır. Hal-əhvaldan sonra Sabir Rüstəmxanlı dərdini xalq yazıçısına danışır. Onu diqqətlə dinləyən Əli Vəliyev Sabir Rüstəmxanlını otağına dəvət edirtelefonu götürüb Əzizə Əhmədovaya zəng vurur. Əzizə xanım da eynilə Sabir Rüstəmxanlının dediklərini Əli Vəliyevə bir daha izah edir. Əli Vəliyev «məni nə plan, nə də Moskvanın təsdiqi maraqlandırmır, bu il Sabir Rüstəmxanlının kitabı çapdan çıxmalıdır», deyib dəstəyi yerinə qoyur. Elə də olur, yəni həmin il Sabir Rüstəmxanlının ilk kitabı nəşr olunur.

Mən tədbirdə çıxış edənlərin ürək sözlərini olduğu kimi vermək fikrindən uzağam. Çünki bütün çıxışlarda Əli Vəliyevin kişi kimi sözünün ağası olmasından, əyilməzliyindən, sözü üzə deməyindən, hər kəsə təmənnasız əl tutmasından, elin sevgisini qazanmasından, ailəyə sədaqətindən və ən əsas da gözəl qələm sahibi olaraq dilimizin zənginləşməsində, şirinləşməsində əvəzsiz xidmətlərindən bəhs olunurdu. Mən də bütün bunları nəzərə alıb babamın bu gözəl keyfiyyətlərini bir-bir deyilən və bildiyim faktlarla bacardığım qədər açıb göstərmək istədim.

Sözünün ağası olan kişi

 

«Budağın xatirələri» əsərini oxuyan hər bir kəs Əli Vəliyevin necə bir məşəqqətli ömür yolu keçdiyini bilir. Bütün doğmalarını itirən, onun-bunun qapısında nökərçilik edən, çox zaman da düz sözünə görə ağasının qamçısının qurbanı olan Əli Vəliyevin üzünə nəhayət ki, gün doğur- təhsil alır və bir müddət məktəbdə müəllim kimi fəaliyyət göstərir. Pənah gətirdiyi Qubadlı rayonunun Mahmudlu kəndində Fərhad kişinin yeganə qızı Qumru xanımla evlənir.

Bu xoşbəxt cütlüyə Ulu Tanrı iki oğulüç qız payı verir.

Əli Vəliyev yüksək vəzifələrə pillə-pillə, öz əməyi və sədaqətilə qalxır. Özündən sonra gələnlərə isə əl tutur, büdrəməyə qoymur, dar günündə dayağı olur.

Xalq şairi Məmməd Araz orta təhsilini başa vurub Bakıya ali təhsil dalınca gəlir. Kənddən ayrılanda atası Əli Vəliyevin ünvanını verir ki, çətinliyə düşsən o kişinin qapısını döyərsən. İmtahanları əla qiymətlərlə verən Məmməd Araz sonuncu imtahandan-rus dilindən kəsilir. Üz tutur atası verdiyi ünvana. Əli Vəliyevin evindən bildirirlər ki, xalq yazıçısı yazıçıların bağ evində dincəlir. Məmməd Araz gəlir və Əli Vəliyevi soraqlayıb tapır. Və tanışlıq verib, dərdini bildirir. Elə oradaca Əli Vəliyev lazımi ünvana bir namə yazır. Məmməd Araz həmin namə ilə instituta daxil olur.

Mərhum xalq yazıçısı İlyas Əfəndiyev xatirələrində yazır ki, Əli Vəliyevin onun həyatında əvəzsiz xidmətləri olub. Yəni yazıçı kimi yetişməsində, əsərlərinin çap olunmasında ona daim yardım göstərib. «Kommunist» qəzetinin baş redaktoru olan Əli Vəliyev redaksiyada İlyas Əfəndiyevə xüsusi bir otaq ayırır və işləməsi üçün şərait yaradır. Bir gün yenicə yazdığı hekayəsini oxumaq üçün həmin vaxt xəstə olduğundan işə çıxmayan Əli Vəliyevin evinə yollanan İlyas Əfəndiyevi qapıda Qumru xanım qarşılayır. Əli Vəliyevin yatdığı otağa aparır və onları baş-başa qoymaq istəyəndə «Qumru sən də gəl qulaq as» sözlərini eşidib ayaq saxlayır. İlyas Əfəndiyev yazdığını oxuyub qurtaran kimi Qumru xanım «yaxşıdır» deyib, fikrini bildirir. İlyas Əfəndiyev baxır ki, Əli Vəliyevdən səs çıxmadı. Ona görə də utana-utana ustadının da fikrini soruşur. Əli Vəliyev çox qısa olaraq deyirİlyas, bizim evdə bir söz olur. Onu da Qumru xanım söylədi».

 

Sözü üzə deyən kişi

 

Əli Vəliyevdə hər kəsdə olmayan bir cəsarət vardı. Sözü çəkinmədən, qorxmadan üzə deyərdi. Həmin söz sonradan onun əleyhinə işləsə belə. Hər kəs bilir ki, bir vaxtlar Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırova hələm-hələm adam söz deyə bilmirdi. O ki, qaldı Bağırovun sözünün üstə söz deyəsən. Günlərin bir günü Səməd Vurğundan Bağırova deyicilik edənlər məqsədlərinə nail olurlar. Belə ki, iclasların birində Səməd Vurğun Bağırovun tənqidinə tuş gəlir. Kimsə səsini çıxarda bilmir. Vəziyyəti belə görən Əli Vəliyev dostunun dayağı olur və Bağırova anladır ki, Səməd Vurğun böyük şairdir. Bağırov bircə kəlmə «bıl», deyir. Əli Vəliyev isə daha da cəsarətlə bildirir:»bıl da, est də». Həmin an iclas zalına sakitlik çökür. Hamı Bağırovun qəzəbini gözləyir. Ancaq Bağırov sadəcə gülümsəyir. Beləliklə, Səməd Vurğun Əli Vəliyevin sayəsində represiyadan qurtulur.

Bu gün bəziləri bir çoxlarına, eləcə də Əli Vəliyevə «sovet dövrünün yazıçısıdır» deyə, yuxarıdan aşağı baxırlar. Bəli, Əli Vəliyev sovet dövründə yazıb-yaratmışdı və həmin quruluşa qanıyla, canıyla bağlıydı. Hər zaman deyirdi ki, «məni, bir kəndçi balasını günə çıxaran, ağaların çomağından qoruyan sovet hökuməti olub». Əli Vəliyevin sədaqəti də düz idi, təmiz idi. O riyakarlığı sevmirdi. Hifrətini də, sevgisini də anındaca bildirirdi. Əli Vəliyev yazdığı əsərlərini düşünərək, inanaraq yazmışdı. Daha dünən Leninə poema yazıb, sonra arxasından qaçanlardan deyildi.

Məsələ o demək deyil ki, təmtəraqlı tədbir keçirib, layiq olmayan birini boğazdan yuxarı tərifləyəsən. Məsələ ondadır ki, bu tərifə layiq olasan, xalqın sevgisini qazanasan, xalqın təmtərağına layiq olasan. Mən bamamın yubley tədbirində bunun şahidi oldumqürur hissi keçirdim. Və bir daha fəxr elədim ki, Əli Vəliyev kimi sözü və əməli düz, kimsəyə baş əyməyən, kimsənin qazandıqlarında gözü olmayan, vüqarlı, vətəninə və xalqına bağlı kişinin nəvəsiyəm.

 

Qadınına sədaqətli kişi

 

Taleyim elə gətirmişdi ki, mən kənddə böyümüşdüm. Hənəmin sağlığında babam ildə bir dəfə də olsa Qubadlıya gələrdi. Həmin gün mənim üçün toy-bayram olardı. Süfrələr qurulardı, samavar tüstülənərdi. İkinci mərtəbədə, ağaclarla əhatələnmiş eyvanda xalçalar döşənərdi. Babamla nənəm mütəkkəyə söykənib çay içə-içə şirin söhbət edərdilər. Yanlarından ayrılmazdım. Mənə aldıqları paldarların birini geyinib, o birini soyunardım. Həmyaşıdlarım mənə həsədlə baxardılar. Bunu isə həm babam, həm də nənəm sezmişdilər. Sonralar kəndə gələndə ən yaxın rəfiqələrimə də pay alıb gətirərdilər.

Onlar kəndə gələndə kəndin ağsaqqalları evimizə gələrdilər. Hərəsinin öz dərdi, problemləri olurdu. Babam hamısını qeyd edərdi. Eyni zamanda kəndin ümumi problemləri babamın qeyd kitabçasında olardı. Şəhərə dönər-dönməz kimsəyə fərq qoymadan onların işlərinə nizam verərdi.

Babam uca boylu, şux duruşlu, iri addımları olan bir kişiydi. Ancaq bu qamət nənəm Qumru öləndən sonra bir qədər əyildi. Babam sanki yenidən yetim oldu. Dayım Məsudun, xalam Gültəkinin ölümü ilə babamın uca boyu bir qədər kiçildi, qamətinin şuxluğundan əsər-əlamət qalmadı. İri addımlarıyla astaca yeriməyə başlamışdı. Övladları vaxtsız dünyalarını dəyişməsəydi, bəlkə babam çox yaşayardı. Çünki babamın ruhu çox sağlam idi

Əli Vəliyevi tanıyanlar bilir ki, onun dünya malında gözü olmayıb. Ulu Tanrı nəyi qismət edibsə, ona qane olub. Daha «o da mənim olsun, bu da mənim olsun deyib» bir çoxları kimi qulaq deşməyib.

Yadımdadır, babamın 80 illik yubleyində evə bir zəng gəldi. Mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi idi. Bildirdi ki, bir neçə dəqiqədən sonra Heydər Əliyev Əli Vəliyevlə danışacaq. Babam telefona yaxın oturub zəngi gözlədi. Telefon zəng çaldı, babam götürüb «bəli, eşidirəm», dedi. Telefonun o başından Heydər Əliyev babamı salamladı, 80 illiyini təbrik elədi arzularını bildirdi. Babam da öz növbəsində təşəkkürünü çatdırdı. Sonra Heydər Əliyev babamdan nəyə ehtiyacı olduğunu soruşdu. Babam bu sözləri dediHeç nəyə nhtiyacım yoxdur, ancaq səndən bir xahişim var. Qubadlı rayonunun yolları bərbad gündədir, bu məsələyə nəzarət elə. Kəlbəcərin İstisuyu əvəzolunmazdır. Oranın da problemi böyükdür. Bu işlərə kömək əlini uzat, bəsimdir».

Həmin vaxt böyük xalam Sevil bizdə idi, yəni babamın evində. Dəstəyi yerə qoyandan sonra xalam babama iradını bildirdiDədə, filankəs, filankəs sənin yerində olsaydı nələr istəməzdi». Babam çox qısa söylədiMənə artıq heç lazım deyil»…

Tədbirdə çıxış edənlər Əli Vəliyevin yaradıcılığından söz açanda həm bunları söylədilər yaxşı ki, Əli Vəliyev «Zəngəzur qartalları»nı yazıb. Məhz bu əsərlə biz Zəngəzurun, Qarabağın yurd yerlərinin adlarını, tarixini bilirik. Əli Vəliyev torpaqdan tapılmış bir qızıl külçə idi. Ola bilsin bu külçə cilalanmamışdı, ancaq əminliklə deyə bilərik ki, bu külçə öz təmizliyi saflığı ilə hər zaman bərq vururdu».

 

Son

 

Bu da son. Sonda içimdən dəli bir istək keçdi. Kaş dayım Məsud sağ olaydı. Babamın işığına yığılan qonaqlara xoş gəldin deyəydi, özünəməxsus bir çıxış eləyəydi qonaqlara babamın adına layiq təşəkkürünü bildirəydi. Ancaq bu yalnız istəkdir, gerçəkləşməsi mümkün olmayan bir istək

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2011.- 28 dekabr.- S.7.