Ömrün müdriklik
çağları
Azərbaycan skripka ifaçılıq məktəbinin qocaman nümayəndəsi Bəhram Mövsüm oğlu Məmmədzadə 1919-cu il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Onun atası inqilaba qədər neft mədənlərində işləyib. 1922-ci ildə atasının vəfatından sonra evdar qadın olan anası ailəsini saxlamaq üçün tikiş fabrikində işləməyə başlayır. Hələ kiçik yaşlarından Bəhramın musiqi qabiliyyəti özünü büruzə vermişdi. 1933-cü ildə balaca Bəhram Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi kombinatı deyilən musiqi məktəbinə daxil olur. O, burada təhsilini davam etdirməklə bərabər 1936-cı ildə Azərbaycan Dövlət Dram Teatrının orkestrində skripkaçı kimi işləməyə başlayır. Bir il sonra, 1937-ci ildə isə Azərbaycan Dövlət Opera Balet teatrının simfonik orkestrinə skripkaçı kimi dəvət alır və bu orkestrin tərkibində Moskvada keçirilən Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyündə uğurla iştirak edib.
Bəhram Məmmədzadə orkestrdə işləməklə yanaşı 1938-ci ildə Azərbaycan radio komitəsində solo ifaçısı kimi fəaliyyətə başlayır. O, həm də pedaqoji fəaliyyətlə də məşğul olurdu. 1940-57-ci illərdə indiki Bülbül adına musiqi məktəbində skripka müəllimi işləyib. O, təhsilini davam etdirmək üçün 1943-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Konservatoriyasına «skripka» ixtisası üzrə A.A.Qrosmanın sinfinə daxil olur. Böyük Vətən Müharibəsi başlananda istedadlı skripkaçı əsgərlər və yaralılar qarşısında mütəmadi çıxışlar edərək öz peşə «silahı» ilə Vətənə xidmət göstərmişdi. 1945-ci ildə Bəhram Məmmədzadə Azərbaycan radio komitəsinə dəvət alır və simli kvartetin birinci skripkaçısı olur. Həmin ilin aprel ayında isə o, musiqiçi – ifaçıların ümumittifaq müsabiqəsində çıxış etmək hüququ qazanır. Bu zaman skripkaçı ifaçılıq fəaliyyətini daha da genişləndirir. Müxtəlif konsertlərdə rəngarəng proqramlarla uğurlu fəaliyyətinə ara vermirdi.
Bəhram Məmmədzadə 1948-ci ildə təhsil aldığı konservatoriyanı müvəffəqiyyətlə bitirir. Dövlət imtahan komissiyasının sədri, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, dünya şöhrətli pianoçu və pedaqoq Qoldenveyzer B.Məmmədzadənin ifaçılığına yüksək qiymət vermişdi. Skripkaçı həmin il P.İ.Çaykovski adına Moskva Dövlət Konsservatoriyasında Tseydlinin sinfində təkmilləşmə kursu keçir.
O, kamera konsertlərində vaxtaşırı çıxış edirdi. 1948-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət triosuna dəvət alır və violonçel çalan İ.M.Turiç və pianoçu M.R.Brennerlə birgə çalışır. B.Məmmədzadə həm skripkaçı solist kimi, həm də fortepiano üçlüyündə fəaliyyət göstərərək Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğçilərindən biri olub. 1948-ci ilidə geniş konsert fəaliyyətinə görə gənc skripkaçı Sovet İttifaqının incəsənət işləri üzrə komitəsinin fəxri fərmanı ilə təltif olunur.
Bəhram Məmmədzadə eləcə də rus və Qərbi Avropa bəstəkarlarının yaradıcılığının yayılmasına çalışır. O, öz dinləyicilərini Bakıda ifa olunmayan əsərlərlə də tanış edir. Sukarın, Abdul Rəhimin və s. sonataları məhz Bəhram Məmmədzadənin ifasında ölkəmizdə ilk dəfə səslənmişdir.
1951-66-cı illərdə mahir skripkaçı maestro Niyazinin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində çalışarkən həmin kollektivlə nəinki ölkəmizdə, eləcə də xarici ölkələrə qastrol səfərlərində uğurların ortaqlarından olur: Rimski-Korsakovun «Şəhrizad» simfonik süitası, eləcə də Q.Qarayevin «İldırımlı yollarla» baletindəki süitadan orkestrin müşaiətilə soloları məharətlə ifasına görə. Tanınmış skripkaçı on ildən artıq Azərbaycan Dövlət Simfonik orkestrinin konsertmeysteri vəzifəsində işləmişdir.
Bəhram Məmmədzadə metodiki işlərlə də geniş surətdə məşğul olmuşdur. O, skripka və fortepiano üçün bir sıra işləmələr etmişdir. Onların arasında «Musiqi məktəbləri üçün 8 pyes», R.Qlierin «Şahsənəm» operasından fraqmentlər, Q.Burnşteyn ilə birgə musiqi məktəbləri üçün nəzərdə tutulmuş skripka və fortepiano üçün pyeslər məcmuəsi pedaqoji təcrübədə geniş istifadə olunur. Bəhram Məmmədzadənin pedaqoji fəaliyyəti uzunömürlü olub. O, 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının skripka kafedrasında assistent, 1952-ci ildə isə həmin idarədə baş müəllimi kimi çalışmağa başlayıb. O, 1974-cü ildə kamera ansamblı kafedrasının müdiri, 1979-cu ildə professor əvəzi olmuş, 1980-ci ildə isə professor vəzifəsinə təsdiq edilib.
Bəhram Məmmədzadə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pedaqoji mübadilə tədbirlərində həmişə yaxından iştirak etmişdir. O, 1978-ci ildə Tallin şəhərində, 1981-i ildə P.İ.Çaykovski adına Novoçerkask musiqi məktəbində, Rostov Dövlət musiqi pedaqoji institutundakı tədbirlərdə fəallıq göstərmiş, 1983-cü ildə kamera musiqisi Birinci respublika festivalının münsiflər heyətinə başçılıq etmişdir.
Bəhram Məmmədzadənin yetişdirdiyi tələbələr bu gün də ölkəmizdə və onun hüdudlarından kənarda belə simfonik orkestrlərdə, orta və ali ixtisas musiqi məktəblərində çalışırlar. Onun tələbələri sırasında M.Ruxankin (Novosibirsk konservatoriyasının «kamera ansamblı» sinfinin professoru), N.Yujanin (Sankt-Peterburq konservatoriyasının «kamera ansamblı» sinfinin dosenti), M.Bakıxanov (Bakı musiqi kollecinin «kamera ansamblı» sinfinin müəllimi) və b. musiqiçilər var. Hazırda qocaman sənətkarın xeyli yetirməsi Bakı Musiqi Akademiyasında onunla bir yerdə çiyin-çiyinə işləyir: ifaçılıq fakultəsinin dekanı, əməkdar incəsənət xadimi, professor N.Abbaszadə, dosentlərdən X.Rəhimova, M.Əhədzadə, K.Neymanova, baş müəllim T.Əliyeva və b.
Tofiq Bakıxanov özü mahir skripkaçı olduğuna görə alətin spesifikasını yaxşı bilib, Bəhram Məmmədzadənin ifaçılıq xüsusiyyətlərinə çox yaxşı bələd olduğundan doqquzuncu sonatasını bütün bunları nəzərə alaraq bəstələmişdir. Azərbaycan skripka məktəbinin veteranı Bəhram Məmmədzadənin 90 illik yubileyinə T.Bakıxanovun həsr etdiyi sinif konserti skripkaçıya bir daha dərin hörmət və minnətdarlıq əlaməti kimi səciyyələndirilməlidir. Azərbaycanda skripka məktəbinin yaranması və inkişafında özünəməxsus xidmətləri olan, 2009 – cu ildə 90 yaşını adlamış ilk azərbaycanlı skripkaçılardan əməkdar artist Bəhram Məmmədzadə Azərbaycan skripka məktəbində özünəməxsus iz qoymuşdur.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2011.- 29 dekabr.- S.13.