«Xalq düşməni» kimi güllələnən xalq aşıqı

Aşıq Mirzə Bilal gözəl dastanlar bağlayıb, saz havaları bəstələyib

 

Şirvan aşıq mühitindən danışarkən, yadımıza ilk növbədə XIX əsrin sonu, XX əsrin 30-cu illərində yaşamış məşhur sənətkar aşıq Mirzə Bilal düşür. Onun aşıq sənətində etdiyi yeniliklər, yaratdığı saz havaları, bağladığı dastanlar, ümumiyyətlə, zəngin repertuarı haqqında danışmaq, bu barədə bilgiləri sabaha çatdırmaq qarşımızda bir insani borc olaraq durur. Az vaxtda Mirzə Bilal təkcə Şirvanda deyil, Azərbaycanın bir çox bölgələri, eləcə də İran, Dağıstan, Orta Asiya, Gürcüstan və İrəvanda məşhur olub. Azərbaycan xalq dastanları ilə yanaşı, Şirvanın klassik – «Aşıq SalehMaral», «Barıtday Soltan və Kövsər», «Koroğlunun Şirvan səfəri», «Şirvanlı Qəhrəman şah», «Şahzadə Qasım», «Miskin BabaNigar xanım», «Aşıq Ağaməmməd və Məryəm», «Küçə Rza», «Mustafa və Sənəm xanım», «Adgözəl və Aslan şah», «Zəncanlı Qurban», «Kərəmin Beşdaş səfəri» dastanlarını dəqiq bildiyi kimi, ustalıqla da ifa edib. «Səfiyyə və Ziyad», «Aşıq BilalSoltan xanım», «Yetim Soltan», «Mustafa xan», «Aşıq İbrahim və Pəri», «Aşıq Bilal və Sənəm», «Həzrət Baba» adlı dastanlar bağlayan Aşıq Bilal 60-dan artıq klassik saz havalarını bacarıqla ifa edib, 15-dən artıq saz havası bəstələyib. 1937-ci il iyun ayının 17-də həbs edilib, həmin ilin noyabr ayının 26-da «xalq düşməni» adı altında güllələnib.

Aşıq Mirzə Bilal haqqında bu gün biz daha çox onun bilginliyi sarıdan – yəni dastançılığı, şairliyi, yaratdığı havacatlar əsasında danışırıq. Təəssüf ki, Mirzə Bilalın ustad səsi bizə gəlib çatmayıb. Bolşevik represiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olub. Ancaq xalqın yaddaşında Aşıq Bilalla bağlı yaşayan xatirələr onun ölməz sənətkar kimi ürəklərdə və ağıllarda qalan əməlləri ölməzliyinin sübutu olub. Seyfəddin Qəniyevin Mirzə Bilalla bağlı qənaətləri maraqlıdır: «XIX yüzilin axırlarında Şamaxı ədəbi mühiti yetkin çağlarını yaşayırdı. Belə bir mühitdə Şamaxıda maarif, məktəb və mədəniyyət, elmi, pedaqoji ictimai həyatda xüsusi rol oynayan ziyalılardan M.Ə.Sabir, M.Hadi, A.Səhhət, Camo Cəbrayılbəyli, Sultan Məcid Qənizadə, Hacı Səid Ünsizadə, Mahmud bəy Mahmudbəyov və başqaları ilə aşıq Bilalın ünsiyyətdə olması şübhəsiz, dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərib. Təsadüfi deyil ki, Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır, sevilir. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini mükəmməl öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Aşıq Bilal Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsəndən muğam sənətinin sirlərini yaxşıca öyrənir. O, məhz ustadı Aşıq İbrahimin məsləhətindən sonra 35 ildən artıq bənzərsiz xanəndə kimi bütün Qafqazda, İranda məşhurlaşmış Mirzə Məhəmmədhəsənin yanına gəlir. Məclislərində iştirak etdiyi, səsindən doymadığı məşhur xanəndəyə ürəyinin istəyini açır. Mirzə Məhəmmədhəsən o zaman bir neçə dəfə bu cavan aşığı dinləmişdi, səsini bəyənmişdi. Həmin vaxtdan Bilal Mirzə ilə ilə məclislərə gedir. O, ustadının məharətlə oxuduğu «Şur», «Rast», «Humayun», «Segah», «Şüştər» muğamları ilə ona imtahan verir, halallıq alır. Bu vaxtdan başlayaraq el məclislərinə həm aşıq, həm də xanəndə kimi getməyə başlayır. Deyilənə görə, Mirzə Bilalın həm də xanəndə kimi gözəl səsi var imiş. Aşıq Bilal artıq məşhurlaşır: o, Azərbaycanın hər yerində sevilirdi. Səsi-sorağı el-obanı başdan-başa bürüyən, özünəməxsus üslubu, yolu, şeir yaradıcılığı, repertuarı olanklassik Şirvan aşıq mühitinin qədim ənənələrini öz sənət dünyasında yaşadan aşıq Bilal cavan yaşlarında ustadlar cərgəsinə qoşulur. O, həm də Şirvan saz havalarının mahir ifaçısı və bilicisi olur, özü də neçə-neçə havalar bəstələyir».

Mirzə Bilal həm də Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı bəzi məsələlərə şeirlərinin dili ilə münasibətini ifadə edə bilib. O, 1918-ci ildə ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırım zamanı doğma Qəşəd kəndində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməyib, kəndin könülləri ilə birgə çoxunu qırğından xilas edib. Qeyd edək ki, bu kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə öldürülüb. O, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6-7 kəndə nümayəndə təyin edilib. Onu 1937-ci ildə həbs edirlər, bütün əmlakını müsadirə edirlər, illər ərzində ustadlardan topladığı Şirvan aşıqlarının şeirlərini, dastanları, özünün yazdığı yüzlərlə şeir olan dəftərləri, hətta cürə sazını da aparırlar.

Onun barəsində tərtib edilmiş protokolda qeyd edilir: «Şamaxı rayonunun Qəşənd kənd sakini, 1872-ci ildə anadan olmuşaz savadlı, sənəti aşıq (həbs olunana qədər həmin sənəti işlədib). Təqsirli bilinir ona görə ki, İ.İbrahimovun başçılığı altında sovet hökumətinə qarşı əks-təbliğat aparıb, həmin şəxsin əksinqilabi tapşırıqlarını yerinə yetirilməsi, Qəşəd kəndində əksinqilabçı qrupun yaradılmasında, millətlərarası şaiyələr yayılmasında, sovet hökumətinə qarşı silahlı üsyan hazırlanmasında fəal iştirakına görə… ciddi rejimdə saxlanılsın».

Mirzə Bilal güllələnərkən 65 yaşında imiş. 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-nin bütün bölgələrində «xalq düşməni» adı ilə ölümə məhkum edilən insanlara SSRİ prokurorluğunun qərarı ilə bəraət verilir. Həmin şəxslərin arasında Aşıq Mirzə Bilalın da adı olur.

Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Seyfəddin Qəniyev bildirir ki, ötən yüzilin 50-ci illərindən sonra Aşıq Mirzə Bilal sənətini yaşadan, onun ocağından sazın səsini yenidən aləmə car edən oğlu Aşıq Ağaların da xüsusi xidmətləri olub. Ağlı söz kəsəndən evlərində həmişə saz səsi eşidib, nağıllara qulaq asıb, atasının ifasında eşitdiyi dastanlarla Tufarqanlı Abbas, Xəstə Qasım, Şirvanlı Qəhrəman Şah, Barıdday Soltan dünyasına qonaq getmiş aşiqlərin saf və təmiz məhəbbətinin şahidi olub, qibtə edib o ülvi məhəbbətə. Həmin vaxtdan aşıqlıq sənətinə həmişəlik bağlanıb.

Müharibə illərində aşığın ailəsi Kürdəmir şəhərinə köçüb. Aşıq Ağalar cəbhəyə yollanıb. Müharibədə iki dəfə ağır yaralanıb, ikinci qrup əlil kimi geri dönüb. Bir çox döyüş orden və medalları ilə təltif olunub. Aşıq Ağalar el məclislərinə 1946-cı ildən ayaq açıb. Həmin vaxtdan sənət dostları – Aşıq Əhməd, Aşıq Şakir, Aşıq Barat, Aşıq Pirməmməd, balabançılar – Əli Kərimov, İzzətalı Zülfüqarov, Həsrət Hüseynov ilə həm də dövlət tədbirlərində iştirak edib. 1966-cı ildə Kürdəmirdən Bakıya köçüb, 1988-ci ildə vəfat edib. Yaradıcı aşığın şeirləri müxtəlif toplu və mətbuat səhifələrində işıq üzü görüb. Haqqında professorlardan Ə.Cəfərzadə, R.Hüseynov, ziyalılardan T.Abdullayev, R.Fərəcov və başqaları bəhs ediblər: «Aşıq Mirzə Bilalla eyni ocağın övladı olan bu sənətkarın sözə həssaslığı gendən gəlir. Vurğunluq qanında, canında idi. Aşıq Ağaların sevgisi ilk növbədə vətən-yurd sevgisidir. Sənətkar vətəni tərənnüm etməkdən heç vaxt doymurdu».

S.Qəniyev onu da qeyd edir ki, Aşıq Ağalar şeirində satira Şirvan ədəbi mühiti üçün xarakterik haldır: «Bu mühitdə ta qədimlərdən satira yüksək səviyyədə olub. Ona görə də şeirdə satirik ənənə açıq-aydın hiss olunur. Şirvan ədəbi mühitindəki satira regional özünəməxsusluğa malikdir. Belə ki, Şirvanda satira, həcv tarixən aktual olub, bölgənin ictimai həyatının tərkib hissəsi kimi çıxış edib. Yəni Şirvan satirası ictimai aktuallığı ilə fərqlənib».

 

Uğur

Xalq Cəbhəsi.- 2011.- 29 dekabr.- S.14.