“Bolnisinin dünəni, bu günü, sabahı”
“Borçalı”
İctimai Cəmiyyətinin təşkilatçılığı
ilə “Bolnisinin dünəni, bu günü, sabahı”
mövzusunda 17-ci Dədə Camal Məclisi keçirilib. Tədbirin
aparıcısı folklorşünas alim Elxan Məmmədli Dədə
Camal Məclislərinin hər ayın sonuncu bazar günü təşkil
edildiyini və bu məclisin Borçalı problemlərinin
gündəmdə saxlanmasına, millətimizin həmrəyliyinə
xidmət etdiyini diqqətə çatdırıb. “Borçalı”
İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
Bolnisinin Borçalının ən problemli bölgəsi
olduğunu bildirib. 1990-1992-ci illərdə Bolnisidə yerləşən
37 türk kənd adından 31-nin əsassız olaraq dəyişdirildiyini
və hələ də bu problemin həllini
tapmadığını təəssüflə dilə gətirən
Zəlimxan Məmmədli bu problemin həlli ilə
bağlı başladıqları kompaniyanı sonadək davam
etdirəcəklərini vurğulayıb: “Toponimlərlə
bağlı Kvemo Kartli quberniya rəsmiləri deyirlər ki,
toponimlərin dəyişdirilməsi yanlış
addımdır lakin, yenidən bərpası çətin məsələdir.
Artıq Gürcüstan hakimiyyəti toponimlərlə
bağlı yanlış addım atdıqlarını etiraf
edib. Biz onlara bu səhvin düzəldilməsinin iki xalqın
və ümumilikdə regionun maraqlarına uyğunluğuna
inandırmalı, toponimlərlə bağlı
Gürcüstan Konstitusiyası və Beynəlxalq hüquqa
sayğımızı bir daha nümayiş etdirməliyik. Birliyimiz
bu səhvin aradan qaldırılmasını hökmən təmin
edəcək”. Zəlimxan Məmmədli müsəlman kəndlərin
girəcəyində ucaldılmış xaçlara da
münasibət bildirib. O, bu məsələdə dini
dözümsüzlük elementlərinin olduğunu söyləyib.
Demokratik Gürcüstanın insan haqlarını və dini
haqları nəzərə alaraq, bu məsələni tezliklə
həll edəcəyinə əminliyini vurğulayıb:
“Borçalıların parçalanmış obrazını
yaratmağa cəhd edən bir qrup insanlar da ola bilər. Lakin
bizim birliyimiz, ruhlarımızın birliyi o qədər
möhkəmdir ki, məkrli oyun oynayanların heç nəyə
nail olmayacaqları gün kimi aydındır. Bu birliyimiz sahəsində
qazanan sizlər, bizlər, ölkələrimiz və
Borçalı olacaq. Borçalı Cəmiyyətinin
mövqeyi hamıya aydındır. Biz Gürcüstan
üçün təhlükə mənbəyi deyilik. Biz
separatizmi lənətləyirik. Biz Gürcüstan dövlətçiliyinə
sadiqik. Gürcüstanda soydaşlarımıza qarşı
özbaşınalıqlara qarşı öz
etirazımızı da bildirmək haqqımız var və
bildirməkdəyik”. Tarix elmi üzrə fəlsəfə
doktoru Kərəm Məmmədli Bolnisinin tarixindən, bu
günündən, M.Çobanlı Bolnisidə 1988-1993-cü
illərdə baş verənlərin mahiyyətindən
danışıblar. Tədbirdə şair Nizmai
Saraçlı, Abbas Abdulla, professor Nəsib Nəsibli,
“İcmal” qəzetinin xüsusi müxbiri Hacı Loğman da
çıxış ediblər. “Kəpənəkçi” Cəmiyyətinin
Sədri Rəşid Bədəlov, prezident təqaüdçüsü
İlyas Tapdıq, professor Telman Əliyev, “Borçalı” və
“Qafqaz Press” qəzetlərinin baş redaktoru Hacı Azadə
xanım, şair Osman Əhmədoğlu da mövzu ilə
bağlı öz fikirlərini bölüşüblər. Sonda
Aşıq Ramin Qarayev, Aşıq Cavanşir, şairələr
Səadət Buta, Sənəm Səbail öz ifaları ilə
məclisə xoş ovqat gətiriblər
Şamilqızı Ülviyyə
Xalq Cəbhəsi.- 2011.- 1 fevral.- S.13.