Tolerantlığın qaynağı...

 

 Ceyhun Mahmudlu: "Azərbaycandakı dini tolerantlığın mövcud olması birbaşa olaraq islam təfəkkürünün nəticəsidir"

 

Anar Yusifzadə: "Azərbaycanda insanlar başqalarına müsəlman, yəhudi, xristian, buddist nəzərilə deyil, insan kimi baxır"

 

Vahid Qazi: "Min illərlə burada yaşayan dini azlıqlarımız da var, son illərdə icmalaşan dini azlıqlarımız da. Bunlar Azərbaycanın dini, mənəvi zənginliyidir"

 

Azərbaycan islam ölkəsi olsa da, tarixən bu ərazidə müxtəlif dinlər də mövcud olub. Çoxluğun dini azlıqlara tolerant münasibətini qeyri-müsəlman dini icmaları da dəfələrlə qeyd ediblər və bu reallığı isbat edən kifayət qədər əsaslar var. Odur ki, bu dəfə tolerantlığın təsdiqiylə yox, onun yaranma səbəbiylə bağlı araşdırma aparmağı qərara aldıq. Dünyaya tolerant ölkə kimi səs salan Azərbaycanda bu dəyər necə formalaşıb? Suala cavab axtararkən qarşımıza əsas iki amil çıxdı. Bir sıra ekspertlər ölkəmizdə tolerantlığı formalaşdıran əsas amil kimi milli dəyərləri, digərləri isə islam təfəkkürünü göstərir. Eləcə də hər iki faktorun birgə təsirini qəbul edənlər də var. Fikir müxtəlifliyini nəzərə alaraq, araşdırdığımız suala daha obyektiv cavab tapmağa çalışdıq. Bunun üçün məsələylə bağlı müxtəlif ixtisaslı ziyalıların münasibətini öyrənməyə çalışdıq.

Sualımız isə belədir: Azərbaycandakı dini tolerantlığı tarixi-mədəni proseslərin, yoxsa islam təfəkkürünün nəticəsi kimi qəbul etmək olar? Müsahiblərimizi və onların cavablarını təqdim edirik.

Qafqaz Universitetinin müəllimi, politoloq Ceyhun Mahmudlunun fikrincə, Azərbaycandakı dini tolerantlığın mövcudluğu birbaşa olaraq islam təfəkkürünün nəticəsidir: "Məhz bu təfəkkür tarixi-mədəni proseslər nəticəsində Azərbaycanda dini tolerantlığın formalaşmasına təsir göstərib. Azərbaycanda dini tolerantlığın tarixi bu coğrafiyada islamın yayılma tarixiylə eyni dövrlərə düşür. Bəzi islam əleyhdarlarının dediyinin əksinə olaraq bildirmək lazımdır ki, islam nə Azərbaycanda, nə də ki, dünyanın hər hansısa bir yerində qılınc gücünə qəbul etdirilməyib. Belə olsaydı, bu gün islamın yayıldığı coğrafiyada qeyri-dini inanclı insanlar mövcud olmazdı. Bununla belə, son vaxtlar islamın adı radikalizmlə, terrorla, dözümsüzlüklə hallanır və bu dinə iftira atılaraq bildirilir ki, mövcud neqativ hallar islamın xarakteriylə bağlıdır. Bu, tamamilə yanlışdır. İslam təfəkkürünün kökündə tolerantlıq dayanıb və bu da islamın bütöv xarakterini formalaşdırır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov dedi ki, tolerantlıq Azərbaycan dövlətinin yürütdüyü din siyasətinin ana xəttidir: "Çünki yalnız dinlərə və etiqadlara hörmətlə yanaşıldığı cəmiyyətlərdə sabitlik möhkəm və sarsılmaz olur. Azərbaycan xalqının bu sahədə gözəl ənənələri var. Məsələn, yəhudilər Azərbaycanda əsrlərdir yaşayırlar. Bu müddətdə onlara qarşı ölkəmizdə hər hansı ayrı-seçkilik edilməyib. Yaxud Qafqazda ilk kilsə sayılan Şəkidəki Kiş məbədi bu günədək qorunub saxlanılır. İslam Azərbaycanda yayıldıqdan sonra həmin məbədin yerləşdiyi ərazidə xristianlar yaşamasa da, xalqımız həmin məbədi qoruyub. Təbii ki, bu cür tolerant mühitin formalaşmasında islam dininin də xüsusi rolu var. Amma xalqın genetik kodunda bu tip xarakterik xüsusiyyətlərin olması vacib şərtdir. İslam bütün müsəlman ölkələrində eynidir, şərtləri dəyişmir. Ancaq bütün xalqların, cəmiyyətlərin bu dinə münasibəti eyni olmadığı kimi, Azərbaycan xalqının da islama münasibəti digər müsəlman ölkələrinin münasibətindən fərqlənir. Azərbaycan əksər müsəlman və xristian ölkələrindən daha tolerantdır və tolerantlığımız bizim üçün mühüm dəyər olmaqla yanaşı, həm də gələcəyimizin sülh və əmin-amanlıq üzərində qurulmasının təminatıdır".

Müstəqil hüquqşünas Əlövsət Allahverdiyev isə bu suala birmənalı olaraq cavab verməyin onun üçün çox çətin olduğunu vurğuladı: "Burada həm tarixi-mədəni proseslərin, həm də islam təfəkkürünün rolunu qiymətləndirmək olar. Yəni tolerantlıq təfəkkürdə həm də zamanla formalaşır".

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Samirə Həsənova söylədi ki, ölkəmizdəki tolerantlıq, başqa dinlərə xoş münasibət Azərbaycanın reallıqlarındandır. Bu gün Azərbaycanda dini abidələrin bərpasına, məscidlərin, kilsələrin, sinaqoqların təmir və tikintisinə verilən diqqət tarixən formalaşmış milli-mənəvi mədəniyyətin, tolerantlıq ənənələrinin olduğunu təsdiqləyir. Bunun köklərinə nəzər salsaq görərik ki, islama qədərki dövrdən etibarən Azərbaycan müxtəlif dinlərə ev sahibliyi edib. Tanrı anlayışına sahib olan dinlərdən maqlar təliminə, ataların ruhlarına sitayişə qədər müxtəlif inanclara sahib insanlar bir arada yaşayıblar. Başqa sözlə, Azərbaycan ərazisində eyni zamanda bütpərəstlər, zərdüştlər, xristianlar, yəhudilər və başqaları birlikdə yaşaya biliblər. Doğrudur, hər dövrdə hakim ideologiya və ya inanc özündən əvvəlkiylə mübarizə aparıb və öz hegemoniyasını qurmağa çalışıb. Məsələn, Qafqaz Albaniyasında atəşpərəstlik xristianlığın təqibinə məruz qalıb. Ancaq islamın gəlişiylə tamamilə öz təsirini və əhəmiyyətini itirib. Amma bütün bunlar hakimiyyət səviyyəsində idi. Xalq arasında heç zaman milli-dini inanclarıyla əlaqəli münaqişələr olmadığını diqqətə aldığımızda deyə bilərik ki, yerli xalqın inancları onların arasında çəkişmə səbəbi olmayıb. İslam dinində zorlama və məcburiyyət yoxdur. İslam dininin təməl prinsiplərindən biri də budur. Çünki din bir əqidə və inanc məsələsi kimi zorla qəbul ediləcək və ya zorla qəbul etdiriləcək bir sistem deyil. Dində əsas olan inanc hissidir. İnanma isə tamamilə vicdan və qəlbə aid məsələdir. Din və vicdan azadlığının açıq dəlili və insanların bir-birinin inancına hörmət göstərməsinin vacibliyini göstərən bir dəlil isə "Kafirun" surəsində buyurulan "Ya Peyğəmbər de ki, sənin dinin sənə, mənim dinim mənə" əmridir. Azərbaycan xalqı da məhz belə bir islamı qəbul etdi. Tanrıçılıq inancına sahib Azərbaycan xalqı üçün bu yad, qəbuledilməz bir inanc olmadı. Onsuz da öz daxilində mehriban yaşayan bir xalq islamla daha da təkmilləşdi. Əgər daha əvvəl dinlərin öz tərkiblərində gətirdikləri sevgi, dostluq, mərhəmət kimi duyğuların təsiriylə davranırdılarsa, islamın gətirdiyi əmrlərlə yaradılanı yaradan xətrinə sevmək daha da formalaşdı və bu sevgi Azərbaycan türklərinin qanındakı sədaqət, mərhəmət və qonaqpərvərlik hissləriylə birləşərək özünün ən gözəl və parlaq bəhrəsini verdi".

Politoloq Anar Yusifzadə bildirdi ki, subyektiv fikri olsa da, müşahidələrinə görə, tolerantlıqla bağlı eyni vəziyyət başqa keçmiş sovet respublikalarında da müşahidə olunur: "Burda xüsusilə vurğulamaq istədiyim məsələ odur ki, dini tolerantlığı hamı doğru başa düşürmü? Tolerantlıq dözümlülük deməkdir. İnsan sevmədiyi, xoşuna gəlmədiyi bir şeyə dözümlülük göstərə bilər. Çox da uzaq olmayan tariximizə nəzər salsaq, görərik ki, bu gün Azərbaycan torpaqlarında, adətən ədavət islamın fərqli axınları arasında olub. Xristian olan ermənilər, gürcülər və ruslar isə siyasi maraqları hansı tərəfə yaxın olmağı diktə edirdisə, həmin tərəflə müttəfiqlik edirdilər. Fikrimcə, hazırda Azərbaycanda və əksər keçmiş sovet respublikalarında dini tolerantlıq deyil, özümüzün və başqalarının dinləri haqqında məlumatsızlıq var. Ona görə də Azərbaycanda insanlar başqalarına müsəlman, yəhudi, xristian, buddist nəzərilə baxmır. Biz bir-birimizi ilk növbədə insan olaraq qəbul edirik. Dini mənsubiyyətimiz arxa plana keçməkdədir. Yoxlamaq istəsəniz, küçələrdə sorğu aparın: şiə ilə sünninin, katolik ilə provaslavın və ya protestantın və yaxud da dağ yəhudiləriylə Avropa yəhudilərinin arasındakı fərqləri soruşun. Nəticələr sizi təəccübləndirəcək. Görəcəksiniz ki, insanlar öz dinləri haqqında belə xəbərsizdirlər. Bu, sovetlər birliyinin qoyduğu bir mirasdır. Hətta bütün dini icmaların liderlərini də götürsək, onların hamısı sovetlər birliyində yetişmiş, tərbiyə almış insanlardır və onların üzərinə, bütün icmaların liderlərinin üzərinə böyük yük düşür, onlar gələcək nəsilləri elə yetişdirməlidirlər ki, onlar da insanları ilk əvvəl dini mənsubiyyətinə görə yox, ilk əvvəl onu insan olduğuna görə qəbul etsinlər. Sizin sualınıza konkret olaraq cavabım isə o olacaq ki, islam dini hər nə qədər tolerant olsa da, Azərbaycanın bugünkü tolerantlığına onun təsiri o qədər də güclü deyil, çünki əhalimizin əksəriyyəti dindar deyil və çoxu dinin ehkamlarından xəbərsizdir. Bugünkü tolerantlığın mövcud olmasının başlıca səbəbi sovetlər birliyindən qalan mirasımız və dövlət strukturlarının dini radikalizmə qarşı apardığı mübarizədir".

"İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi dedi ki, onun subyektiv yanaşması cavabı coğrafi məkanda axtarmağa yönəlib: "Bizim coğrafi məkanımız qapalı deyil, açıqdır. "Açıqlıq" bu məkanda yaşayanlara çoxsaylı yenilikləri tez-tez görmək imkanı verib. Karvan yolu kənarında yaşayanla dağ başında yaşayan adamların yeniliyə münasibəti fərqli olduğu kimi (yeniliyə alışmaq və s.), "açıq məkanda" yaşayan xalqlar da ucqardakılardan yenilik qarşısında daha az heyrətlənəndirlər. İkinci nüans isə çoxluğun azlıqdan çəkingən olmamasıdır. Azlıq çoxluğa təhlükə deyil. İslam çoxluğu özünə təhlükə bilmədiyi heç bir başqa dini azlığa dözümsüzlük göstərməyib, əksinə onu qoruyub. Bu gün bizdəki dini zənginlik elə sualda qoyduğunuz hər iki prosesin nəticəsindən qaynaqlanır. Bizdə istər milli, istərsə də dini tolerantlıq tarixi ənənələrə söykənir. Min illərlə burada yaşayan dini azlığımız da var, son illərdə icmalaşan dini azlıqlarımız da və bunlar Azərbaycanın dini, mənəvi zənginliyidir".

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2011.- 1 fevral.- S.11.