Nuş
edərəm kədəri də...
Ədəbi mühitdə olmadığım zamanlarda ən çox darıxdığım insanlardan biri də Namiq Hacıheydərli idi. Onun vasitəsi ilə xəbər tuta bilirdim ara – sıra zəngləşəndə ədəbiyyat dünyasında baş verənlərdən. İplə çəkirdik hər ikimiz mənim Vətən qarşısında borcumu yerinə yetirəcəyim günü. Düşünməyin özü belə həyəcan verici idi həmin günlər barəsində. Nəhayət Allah nəsib etdi və geri döndüm. Geri döndüyümdə dostumu və qardaşımı sözün həqiqi mənasında xeyli inkişaf etmiş gördüm. Olduqca da sevindim. Çünki, Namiq Hacıheydərli imzası ayrı yerə sahibdir mənim nəzərimdə qələm adamları arasında. Onun bir şeirlər kitabı da nəşr olunmuşdu mən hərbi xidmətdə olarkən. Ayrıca rəhbərlik etdiyi AYB – nin Muğan bölməsinin uğurlu fəaliyyətləri də ədəbi ictimaiyyətin diqqətindən yayınmamışdı. Hər şey o qədər gözəldi ki, sanki “Bizim söz” qəzeti o mükafatı qardaşıma yox, şəxsən mənim özümə vermişdi. Hərbi xidmətdən geri döndükdən sonra izlədiyim ədəbi orqanlarda, baxdığım ədəbiyyat saytlarında axtardığım imzalardan biri də onun imzası idi. Mənim üçün maraqlı idi Namiqin bu qədər qayğının içərisində yazdıqları. “Bizim söz” qəzetinin son sayısında Namiq Hacıheydərlinin şeirlərini görür – görməz adətən içdim sətirləri. Və elə ilk misralarından hiss etdim ki, Namiq Hacıheydərli kökündən heç vaxt ayrılmayan, nəyəsə görə, kiməsə görə inandıqlarından vaz keçməyən bir qələm adamıdır. Onun (əslində hər birimizin!) nəyəsə görə, kiməsə görə bu dəyərlərdən vaz keçməyə heç haqqı da yoxdur belə baxsan! Çünki qələm adamı, dava adamı həyatın sərt qovğalarında hər keçən gün daha da yoğrulur, daha da özünə gəlir, onu ayaqda tutan dəyərlərə daha möhkəm sarılır. Bilir ki, həmin dəyərlərsiz o, bir heçdir! Namiq Hacıheydərli üzünü şeirləri vasitəsi ilə oxucularına tutur, onları bu dəyərlərə sahib çıxmağa səsləyir:
Axtar bu torpaqda gəz qarış – qarış,
İzimi görərsən baxsan hər elə.
Qayanı danışdır, daşından soruş,
Babamın möhrü var, suyunda belə.
Hər nə qədər bir vaxt qarşımızda boyun əyənlər bizə qanunlar yazsa da, qaydalar qoysa da, hər nə qədər bir vaxt biz dövlət olanda yaşıl yarpaqdan özlərinə don yapanlar indi bizə dövlətçilik dərsi verməyə qalxsalar da Namiq yenə də şeirini Ulusuna dərin inamla tamamlayır:
Bəygöl, İtilçayam, Tanrı dağıyam,
Tarixi yaradan Ulu Turanam.
Uyğuram, Başqurdam, Oğuz, Qıpçağam,
Birləşib yenidən gərək yaranam!
Yenidən yaranmaq, təkrar özünə dönmək, özünə dönüb təkrar əski Ululuğuna qovuşmaq üçün isə EŞQ lazımdır, EŞQ! Elə bir eşq ki, onu duymaq mükün olsun, çünki eşqin sözlə izahı mümkün deyil. Onu damarda axan qanının hər zərrəsinə kimi yaşamaq, hiss etmək lazımdır. Eşqin tərifini baxın necə verir Namiq Hacıheydərli:
Sevib durulmaq azdı,
Yüz il qul olmaq azdı,
Təkcə vurulmaq azdı,
Vurulub yanmaqdı eşq!
Hər şeyin material kimi görüldüyü, eşq kimi müqəddəs, qutsal bir qavramın belə hansısa bir neçə müddətlik həzzlə səhv salımdığı çağdaş dünyamızda təbii ki, hal əhli olmayanların bizim EŞQ dediyimiz qavrama münasibəti birmənalı olmayacaqdır. Materia əsiri çağdaş insanımız gərək bunu anlamaq üçün ilk növbədə özünü, ruhunu İblisdən qoparsın, bir gün hər şeyini atıb Ona doğru getsin. O, kimdir, nədir sualının cavabını isə gəlin, əziz oxucular, Namiqin şeirlərində bərabər arayıb axtaraq:
Hər yerə
yol bol gedir,
Ayrılır min qol gedir.
Din Allaha yol gedir,
Möminlər dinə doğru.
Namiq ağacın, çiçəyin
boy atıb Günəşə
doğru yüksəldiyini,
bu yüksəlişin
içərisində inananlar
üçün bir ibrət olduğunu anlayan, duyan şairdir. Namiq eyni zamanda yolların, qolların bol olduğu bu məcrada fəlsəfi – ruhani qatın dərinliyinin də fərqindədir.
Fəlsəfi – ruhani qatın
fərqinə varmaq üçün isə gərək şeirə milli – mənəvi dəyərləri də özündə ehtiva edən ümumbəşəri
hissləri qatasan.
Namiq Hacıheydərli həmin
ümumbəşəri hisslərlə,
həyəcanlarla yaşayan
şairdir. “Şairin duyduğu bu ümumbəşəri
hisslərin, keçirdiyi
həyəcanların kökü
hardan gəlir?”
– sualının cavabını
isə başqa yerdə aramaq isə məncə düpədüz cəhalətdir
ki, var. Çünki,
Namiq Hacıheydərlinin
qidalandığı bir
qaynaq var, bu qaynaqda isə
insanlara dininə görə yox, İNSAN olduğuna görə davranmağı bizlərə
öyüdləyən MÖVLANƏ var, YUNUS İMRƏ var. Bu qaynaqda
bir İLAHİ SEVGİ uğruna
hətta malını
– mülkünü, dəyərini
– dəyməzini tərk
edib gedən
İBRAHİM HAQQI həzrətləri
var. Namiq isə heç şübhəsiz
bu qaynaqdan qaynaqlandığındandır ki, bu günün
maddəci insanından
fərqli olaraq bu dünyada qalası nəsnələrindən
bərk – bərk yapışmaqdansa özünə
qayıtmağı üstün
tutur:
Bir Yeri var, bir Göyü,
Yeri bağlı, sirr Göyü…
… Bir gün atıb hər şeyi
Gələcəm sənə doğru.
Bir gün hər şeyini atıb Ona doğru səfər edəcək şair bəlkə də bu yolda
yanıb kül olacağını bilir. Hətta
bilmək nədir, o, bunu gözə də alıb:
Önündə donmaq deyil,
Özünü danmaq deyil,
Alışıb yanmaq deyil,
Yanıb kül olmaqdı Eşq!
Keçmişinə duyduğu sayğı, gələcəyinə bəslədiyi
inamla bərabər Namiq Hacıheydərlinin içində qərib bir əndişə də mövcuddur. Hər nə
qədər keçmişə
duyulan sayğı, gələcəyə bəslənilən
inam bu əndişələrin
üstünü bulud
kimi örtsə də diqqətli oxucunun gözündən şairin yaşadıqları
qətiyyən yayınmır.
Yollarda yorulan dizlərin bükülməkdə
olduğunu şair narahatlıqla dilə gətirir, ardınca isə kainatın düzəni içərisində
hər kəsin həyəcanla sabahından
danışdığını oxucuya çatdırır:
Ruh çırpınar
can içrə
Can büsbütün qan içrə…
…Hər kəs bir həyəcan içrə:
Görən, nə gözlər bizi?!
Onun bu gün Ulusu
üçün duyduğu
əndişə hər
kəsin sabahdan həyəcanla gözlədiyi
xəbərlərdən daha
önəmlidir məncə. Çünki
Ulusumuzun bu günkü halı daha əndişə vericidir:
Ah çəkir göylərdə
Oğuzun ruhu,
Qadağa qoydular ər türklüyümə.
Torpağı, ulusu böldülər, azmış,
Sınırlar cızdılar özgürlüyümə.
Torpağının, Ulusunun bölünməsi Namiq Hacıheydərlinin bir qələm adamı kimi çiyinlərində daşıdığı yükümlülüyü daha da artırır. Bu onun vətəndaşlıq missiyasıdır!
Kimsənin kimsəsiz olmadığı bir dünyada yaşayasan, əziz dostum! Çünki, kimsəsizlik dərddi bu gün. Yalnız bir şey də var, sən bəlanın da, lütfün də Dostdan gəldiyini qəbul etmisən. Kədəri də, qəmi də Dostdan gəldiyi üçün nuş etməliyik, Namiq qardaşım!
Hacımusalı
Oktay
Xalq Cəbhəsi.- 2011.- 4 fevral.-
S.14.