Brayzaya qalan Qarabağ...

 

 Qabil Hüseynli: "Bütün proseslər ABŞ-ın bölgəyə, Qarabağ münaqişəsinin həllinə münasibətindən asılı olacaq ki, hələ hər hansı dəyişiklik müşahidə etmirik"

Rasim Musabəyov: "Brayzanın səfir qismində fəaliyyətinə böyük ümidlər bağlamaq yanlışdır"

ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfiri Metyu Brayza bu həftənin sonunda Bakıya gələcək. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Konqres tətildə olan zaman ona konstitusiya ilə verilmiş səlahiyyətlərdən yararlanaraq, ötən il dekabrın 29-da Metyu Brayzanı Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinə təyin edib.

Brayzanın səfir kimi Dövlət Departamentində keçirilən andiçmə mərasiminə ABŞ Dövlət katibi Hillari Klinton da qatılıb.

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Metyu Brayzanın şərəfinə verilən ziyafətdə o, Bakıya getməsini səbirsizliklə gözlədiyini bildirib. Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc ədalətli həlli yollarının axtarılması səfir kimi onun qarşısında duran prioritet məsələ olacaq. Diplomat iki ölkə arasında münasibətlərin inkişafı məsələsini diqqət mərkəzində saxlayacağını da bildirib. Səfir Metyu Brayza söyləyib ki, Azərbaycanda əməkdaşlıq üçün neft qaz sektorundan kənarda da geniş imkanlar perspektivlər mövcuddur.

Brayzanın səfir təyinatı ABŞ-ın Cənubi Qafqaz siyasətinə necə təsir göstərə bilər?

Politoloq Qabil Hüseynli bu məsələnin çox şişirdilməsinin əleyhinə olduğunu bildirib. Onun fikrincə, ABŞ Cənubi Qafqazda passiv siyasət yürüdür: "Çünki bölgədəki siyasəti Rusiyanın sərəncamına buraxıb. Moskva isə faktiki olaraq bölgədə at oynatdığından Vaşinqtonun bura təsiri çox azdır. Əgər ABŞ-ın bölgəylə bağlı rəsmi siyasəti dəyişəcəksə, aktivləşəcəksə, Brayza da həmin siyasətin icraçılarından biri olacaq. Yox, əgər əvvəlki kimi ənənəvi siyasət yürüdüləcəksə, keçmiş səfir Ann Dersi ilə Brayza arasında fərq olmayacaq. Deməli, bütün proseslər ABŞ-ın bölgəyə, Qarabağ münaqişəsinin həllinə münasibətindən asılı olacaq ki, hələ hər hansı dəyişiklik müşahidə etmirik". Brayzanın Dağlıq Qarabağ münaqişəsinin dinc ədalətli həlli yollarının axtarılmasının səfir kimi onun qarşısında duran prioritet məsələ olacağını deməsinə gəlincə isə, politoloq deyib ki, bu məsələni səfirlər həll etmir: "Brayza həmsədr olanda Dağlıq Qarabağ məsələsinin həllində ciddi töhfə verə bilmədisə səfir kimi edəcək? Bu məsələnin həlli səfirlərdən yox, böyük güclərdən keçir".

Politoloq, millət vəkili Rasim Musabəyov da Brayzanın səfir qismində fəaliyyətinə böyük ümidlər bağlamağın yanlış olduğunu deyib: "Metyu Brayza bundan əvvəl səfirdən yüksək vəzifədə idi. Yəni ABŞ-ın dövlət katibinin xüsusi təmsilçisi, ATƏT-in Minsk qrupunun həmsədri idi. Əgər Brayza həmin postlarında çalışarkən Dağlıq Qarabağ münaqişəsi işğalda olan ərazilərimizin azad edilməsinə istiqamətlənmiş danışıqlarda konkret irəliləyişlərə nail ola bilmədisə, indi onun səfir vəzifəsində fəaliyyətilə bağlı böyük gözləntilərdə olmaq reallıqdan uzaq məsələdir. Ancaq hər bir halda Brayzanın səfir təyinatı bəhs etdiyimiz məsələlərə müsbət təsir göstərəcək. Əvvəla, o Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam məlumatlı şəxsdir. Müvafiq əlaqələri, təmasları təcrübəsi var. Onun səfir kimi işləyəcəyi Bakıdan Vaşinqtona yollayacağı tövsiyələrinin Ermənistandakı həmkarıyla müqayisədə Dövlət Departamenti rəhbərliyi tərəfindən daha ciddi qəbul ediləcəyini düşünürəm". Politoloqun dediyinə görə, Metyu Brayzanın Bakıda göstərəcəyi fəaliyyət zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yoluyla nizamlanması prosesindəki fəallığının ümumi səylərə əlavə edilməsi müsbət hal kimi dəyərləndirilə bilər.

Bununla belə, Metyu Brayzanın təyinatından əvvəl sonra ABŞ Konqresindəki ermənipərəst qüvvələr xeyli fəallaşıb. Həmin qüvvələrin Brayzanın Bakıdakı fəaliyyətinə mənfi təsiri ehtimalıyla bağlı Rasim Musabəyovun fikrincə, belə təsir ciddi olmayacaq: "Hazırda Senatda demokratların üstünlüyü çox cüzidir. Nümayəndələr Palatası isə respublikaçıların nəzarətindədir bütün komitələrin rəhbərləri respublikaçılardır. Yada salım ki, Metyu Brayza elə respublikaçıların administrasiyası dönəmində Dövlət Departamentinin xüsusi təmsilçisi olduğundan, ona az dəstək verilməyəcək. Təbii, Konqresdə ermənipərəst qüvvələr erməni lobbisi Brayzanın fəaliyyətinə təsir etməyə cəhdlər göstərəcək. Ancaq belə səylərin hansısa həlledici təsirə malik olacağını düşünmürəm".

Rus politoloq Nikolay Zlobinə görə isə, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təyin olunmasını yalnız Obama administrasiyasında qüvvələrin paylanması baxımından dəyərləndirmək lazımdır: "Brayza evdə mövcud olan fikir ayrılıqlarının girovlarından birinə çevrilib bunun arxasında hər hansı gizli sövdələşmənin durduğunu iddia etmək olmaz. Onun təyinatı Barak Obama administrasiyasında qüvvələr bölgüsü baxımından qiymətləndirilir. Yəni orada kiminsə mövqeyi güclənir, kiminsə mövqeyi zəifləyir. Təbii ki, geosiyasi mülahizələr var, amma bu mülahizələr axırıncı dərəcəlidir. ABŞ-da erməni lobbisi güclüdür, onlar hansısa təsir imkanlarına malikdir, amma bu imkanlar məhduddur". Politoloq ABŞ-ın nəzərində Azərbaycanın nüfuzu artmağa başladığını da bildirib. O, bunun səbəbini Azərbaycanın xüsusilə energetika sahəsində daha aktiv siyasət yürütməsi ilə izahlayıb. ABŞ-ın Cənubi Qafqazdakı rolu barədə danışan politoloq deyib ki, Amerikanın mövqeyi istənilən boşluğu doldurmağa can atmaqdır: "Amma regionla bağlı xüsusi planları yoxdur. Cənubi Qafqaz ərazisi Amerika isteblişmenti üçün o qədər maraqlı deyil. Buna səbəb bazarın, işçi qüvvəsinin olmamasıdır. Ancaq ABŞ imkan olan hər yerdə iştirakını təmin etmək istəyir. Amerikalılar Cənubi Qafqaz ölkələrinin müstəqil dövlətlər kimi inkişafında maraqlıdırlar".   

 

Cavid 

Xalq Cəbhəsi.- 2011.- 4 fevral