"Kilsəyə daxil
olmağın 7 qaydası"
Jen-Mironosets Kafedral Kilsəsindən
reportaj...
"Kilsələr
açıqdır və ibadət etməyimizdə heç
bir məhdudiyyət yoxdur"
Bu dəfə qapısını döydüyüm ibadət evi Bakıda fəaliyyət göstərən Rus Pravoslav Kilsəsi, Moskva Patriarxatı Jen-Mironosets Kafedral Kilsəsi oldu. 1907-ci ildə Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi kilsə sonuncu dəfə 2002-ci ildə azərbaycanlı iş adamı Aydın Qurbanovun vəsaiti hesabına əsaslı şəkildə təmir olunaraq pravoslavların ixtiyarına verilib.
"Ayaq saxla!"
Bu məlumatların yazıldığı iki lövhə binanın girişində asılıb. Kiçik dəhlizdə nəzir qutusu, divarlarında isə pravoslav xristianlar üçün müqqədəs hesab olunan şəxslərin rəsmləri var. Divarda iki lövhə asılıb. Onlardan birində dini bayramların və əlamətdar günlərin qeyd olunduğu təqvim, digərində isə 7 bəndlik kilsəyə giriş qaydaları yazılıb. Bura birinci dəfə gəldiyim üçün ilk növbədə qaydalarla tanış oldum. Maraqlı məqam odur ki, qeydlər məscidə daxilolma qaydalarıyla çox bənzərdir. Məsələn, kilsəyə qadınların başı açıq, şalvarda, qısa ətəkdə, qolsuz paltarda (hətta qızmar yay olsa belə) daxil olması qadağandır. Hətta dodaq boyasına belə icazə verilmir. Sonuncu bənddə isə qeyd olunub ki, əgər kimsə qaydalara əməl etməyərək kilsəyə daxil olsa, ona sərt şəkildə etiraz bildirmək olmaz. Əksinə, mülayimliklə və ətrafındakı insanların diqqətini çəkmədən, təklikdə irad bildirmək məsləhətdir. Bu qaydaları da öyrənəndən sonra tanışlığa davam etdim. Dəhlizdəki hündür qapılar ibadət otağına açılır. Əsas dini ayinlər və mərasimlər burada keçirilir. Qapının kandarında dini ədəbiyyat, şamlar, ikonalar, xristian elementlərinin əks olunduğu gümüş əşyalar və s. satılır. Qiymətlər isə müxtəlifdir. Məsələn, vitrində 40 qəpikdən 2 manata qədər cürbəcür şamlar var. Eləcə də satışda butulkalara doldurulmuş "müqəddəs" su təklif olunur. Digər məhsullardan fərqli olaraq sonuncusu birbaşa satılmır. Yəni istənilən şəxs "müqəddəs" su butulkasını ala bilər. Əvəzinə isə öz istədiyi miqdarda nəzir qutularına sədəqə verməlidir. Deyilənə görə, yığılan pullar kilsənin ehtiyacları üçün xərclənir. Söz nəzir qutusundan düşmüşkən qeyd edim ki, kilsədə ümumilikdə 4-5 nəzir qutusu var. Nə, harada qalmışdım? "Müqəddəs" sularda. Yəqin sizin üçün də su məsələsi maraqlı olar. Məsələn, bu su haradan gətirilir? Onları müqəddəsləşdirən nədir?
Sular necə müqəddəsləşir?
Sizi çox intizarda qoymayıb suallarıma cavab axtarmaq üçün satıcı xanıma müraciət etdim. Amma dialoqum uğurlu alınmadı. Rus nənə yarı Azərbaycan, yarı rus dilində qurduğum sualı başa düşmədi. Hətta bir az əsəbləşdi. Mən də "bəxtini bir daha sına" prinsipinə güvənərək jurnalist israrımdan əl çəkmədim. Orta yaşlı digər kilsə əməkdaşına müraciət etdim. Suallarımı mülayimliklə qarşılayan xanım mənə elə yarı rus, yarı azərbaycanca da məsələni izah etməyə çalışdı: "Bu suları kilsənin həyətindəki bulaqdan doldururuq. Sonra onlara Bakı və Xəzəryanı yepiskop Aleksandr ata dualar oxuyur. Ona görə də bu sular müqəddəs hesab olunur. Sular müftədir. Amma əvəzinə nəzir qutularına kilsəyə yardım məqsədilə sədəqə vermək xahiş olunur. Kimin gücü hansı məbləğə çatırsa, hətta 10-20 qəpik olsa belə köməklik etmək olar. Bu sular yalnız içmək üçün deyil. Bəd nəzərdən qorunmaq üçün də onları evə səpmək olar". Bir sözlə başa düşdüyümüz qədəriylə bu müqəddəs sular bizim "oxunmuş", yəni dualanmış sularımız kimidir. Doğrusu, bu cür oxşarlıqlara rast gəldikcə kiləsəylə tanışlıq daha da maraq doğururdu. Hərçənd həmin sulardan almasam da, kilsəylə bağlı başqa məlumatları öyrənməyə çalışdım. Bildirim ki, bu ibadət evi bir mərtəbəli olsa da, içərisi genişdi. Divarlar Həzrəti İsanın, Həzrəti Məryəmin, eləcə də xristian pravoslavlarının müqəddəs saydıqları şəxslərin rəsmləriylə bəzənib. Tavandakı təsvirlərdə daha çox mavi və göy rənglərdən istifadə olunub. Bir növ simvolik olaraq səmanı xatırladır. Divarın yuxarı hissəsində dini hadisələri və ayinləri əks etdirən rəsmlər də var. Məsələn, Həzrəti İsanın doğuluşu, onun çarmıxa çəkilməsi, qeyb olmasıyla bağlı hadisələr də təsvir olunub. Otağın sağ tərəfində çarmıxa çəkilmiş Həzrəti İsanın heykəli də var. Qeyd edim ki, digər müqəddəslərdən fərqli olaraq Həzrəti İsanın və Həzrəti Məryəmin rəsmləri xüsusilə seçilir. Məsələn, onların təsvirlərinin ətrafı təbii çiçəklərlə bəzədilib.
Həyata keçən dilək üçün hədiyyə
Nisbətən aşağıda, yəni yerdən təxminən iki metr hündürlükdə asılmış rəsmlərin üzəri şəffaf şüşəylə örtülüb və şüşənin altında ipə düzülmüş gümüş və mirvarı bəzək əşyaları asılıb. Xristianlar kilsəyə gələrək həmin rəsmlərin qarşısında dayanıb dua edirlər. Bəzək əşyalarının nə anlam daşıdığını elə yanımda dayanmış xanımdan soruşdum. O da asta səslə belə cavab verdi: "Biz bu müqəddəslərə dua edirik. Əgər niyyətimiz baş tutsa, gətirib onlara hədiyyə veririk. Yəni hədiyyələrimizi rəsmlərinin qarşısından asırıq. Dindar heç vaxt ümidsiz olmamalıdır. Dua etməli və qəbul olunacağına inanmalıdır. Baxın o sağ tərəfdəki müqəddəslərə ailəylə bağlı dualar etmək olar. Siz də niyyət edin ki, istədiyiniz arzular həyata keçsin".
Bir az da ibadətdən danışım. Dua etmək üçün əsas vasitələrdən biri də şam yandırmaqdır. Kilsədə demək olar ki, 20-yə yaxın dəmir sütun var. Onların üzərində isə şam yandırmaq üçün xüsusi dəliklər açılıb. Mən orada olanda yalnız bir neçə sütunda şam yanırdı. Bundan əlavə, ətirli çubuqlar da yandırlır. Bu səbəbdən də ibadət vaxtı kilsənin havası tüstülü olur.
Otağın tən ortasında isə kiçik hissə hasara alınıb. Deyilənə görə, Aleksandr ata dini mərasimlərdə orada çıxış edir. Odur ki, digər şəxslərin hasarlanmış əraziyə daxil olması qadağandır.
Kilsəyə müsəlmanlar da gəlir
Kilsədə az adam var idi, təxminən 10-15 nəfər olardı. Onların dinlə bağlı fikirləriylə tanış olmaq istədim. Odur ki, yenicə duasını bitirən xanımla söhbətə davam etdim. Özünü Tamara kimi təqdim edən qadın ailəliklə dindar olduqlarını söylədi: "Mən mühasib işləyirəm. Odur ki, kilsəyə yalnız bazar günləri gəlməyə vaxtım olur. Burada dua edirəm, şam yandırıram, ibadətlə mənəvi rahatlıq tapıram. Bu bizim inancımızdır. Yaxşı ki, Azərbaycanda din azadlığı var. Rus olsaq da, dinimizi yaşada bilirik. Kilsələr açıqdır və ibadət etməyimizdə heç bir məhdudiyyət yoxdur. Dindar üçün başqa nə lazımdır?"
Amma kilsəyə yalnız pravoslavlar deyil, bəzi müsəlmanlar da gəlir. Orada tanış olduğum iki xanımla söhbətdən sonra bu qənaətə gəldim. Onlardan biri müsəlman olduqlarını söylədi: "Biz müsəlmanıq, amma hərdən kilsəyə də gəlirik. Bəziləri buna yaxşı baxmasa da, fikir vermirik. Məscid də, kilsə də Allahın evidir. Xristianlar da bizim kimi eyni Allaha dua edirlər. Yolum buradan düşəndə mütləq kilsəyə daxil oluram. Dua edirəm, mənəvi rahatlıq tapıram".
Maraqlı məlumat olsa da, başqa məsələ diqqətimi daha çox cəlb etdi. Otağın çıxışına yaxın bir tabut qoyulmuşdu. Əvvəl elə zənn etdim ki, simvolik xarakter daşıyır. Amma tabuta yaxınlaşıb xaç çəkərək ağlayan qadınları görəndə yanıldığımı anladım. Demək ki, kilsəylə tanışlığım dəfn mərasiminə də təsadüf edib. Ürəkaçan hadisə olmasa da, pravoslavların dəfn mərasimləriylə tanış olmağa fürsətim oldu. Hüznə hörmət əlaməti olaraq dünyasını dəyişənin qohumlarıyla əlaqə qurmadım. Məsələni isə kilsə əməkdaşından öyrəndim. O da mənə tabuta yaxın getməməyi tövsiyyə edərək suallarımı cavablandırdı: "Kilsədə dəfn mərasimlərinin keçirilməsinə icazə var. Bunun üçün dünyasını dəyişəni tabutda kilsəyə gətirilər. Burada onun üçün dualar oxunulur. Bununla onun ruhunun göylərdə daha asan qəbul olunduğuna inanırıq. Tabut çox qalmır, bir azdan yaxınları onu dəfn etməyə aparacaqlar".
Minnət və təşəkkür yüklü sonluq
Həyatın gerçəyi olsa da, kilsədən hazırladığım reportajı qəmli hadisəylə yekunlaşdırmaq istəmədim. Başqa diqqətimdən yayınan məqamın olub-olmadığını araşdırmaq üçün sağa-sola boylandım. Gözümə qızılı rəngə boyanmış bəzəkli və iri həcmli çilçıraqlar sataşdı. İçəridə ikisi otağın mərkəzində olmaqla 4 böyük çilçıraq asılıb. Kilsədə oturacaqlar olmasa da, kənarda kiçik (2-3 nəfərlik) kətil və bir neçə stul var. Sağ tərəfdə isə kiçik bir guşə ayrılıb. Orada kilsənin sonuncu təmirinə vəsait ayıran Aydın Qurbanovun portreti yerləşdirilib. Eləcə də guşədə Azərbaycan dövlət adamlarının və şeyxülislam Hacı Allahşükür Paşazadənin rəsmləri var. Bununla da kilsə yardım əlini uzadanları unutmadığını və onlara minnətdarlığını ifadə edir. İstənilən halda qədir bilmək xoş ovqat yaradan dəyərdir. Reportajımı təşəkkür yüklü sonluqla tamamlayaraq kilsə əməkdaşlarıyla sağollaşdım.
Kilsədə satılan əşyalardan almasam da, yazdığım məqalə ən yaxşı xatirə olacaq. Beləcə gördüklərimi və eşitdiklərimi olduğu kimi sizinlə də paylaşdım. Cümlə-cümlə oxuyaraq Jen-Mironosets Kafedral Kilsəsi haqqında reportajın sonuna çatdıq. Sırada isə başqa ibadət evləri var. Odur ki, reportajlarımızı izləyin. Bəlkə də növbəti ünvan elə sizin maraqlandığınız məkan oldu.
Real Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 4
fevral.- S.10.