"İslam
özü vaxtı ilə qloballaşmanı gətirdi"
Anar Yusufzadə:
"Qloballaşma elə bir prosesdir ki, biz bunun
qabağını ala bilmərik"
Günümüzün
reallıqlarından biri də qloballaşmadır. Bütün
müsbət və mənfi tərəfləriylə
qloballaşma qaçılmazdır və Azərbaycan da
dünya ölkələri kimi bu prosesdə iştirak edir. Nəticənin
necə olacağı isə sual altındadır. Ya Azərbaycan
milli-mənəvi dəyərlərini saxlayaraq
qloballaşacaq, ya da özünəməxsus simasını
itirərək kortəbii şəkildə prosesin
aşuğuna düşəcək. Sonluqlardan hansının
bərqərar olacağını isə hələlik
yalnız ehtimal etmək olar.
Azərbaycanın islam ölkəsi olduğunu nəzərə alsaq, ətraflı təhlil üçün dinin mövqeyini və təsirini də öyrənmək vacibdir. Odur ki, islam və qloballaşmayla bağlı suallarımıza cavab axtarmağa çalışdıq. Budəfəki müsahibimiz isə ilahiyyatçı Anar Yusufzadədir.
- İslam ümumbəşəri bir din sayılır. Çünki özündə ümumbəşəriliyi ehtiva edir. Dinimiz qloballaşmaya rəvac verən amil ola bilərmi?
- Əlbəttə ola bilər. İslam vaxtı ilə sərhədsiz böyük bir ölkənin hakim dini, hətta demək olar siyasi ideologiyası olub. Niyə? Çünki islam həyatın hər bir yönünü idarə etmək iqtidarındadır. İnsanlar onları maraqlandıran sualların cavabını axtararkən ilk növbədə öz ağıllarına, ikincisi isə istər-istərməz səmavi mətnlərə, alimlərə üz tuturdular. Ona görə də əgər islam dəyərləri ədalət, insan haqlarının tanınması kimi prinsiplərdirsə, niyə də olmasın?
- İslam ölkələrinin qloballaşmada iştirakını necə dəyərləndirərdiniz?
- İslam
ölkələri də dünya cəmiyyətinin
tamhüquqlu üzvləridir. Odur ki, onlar da artıq qloballaşma proseslərinə
qoşulublar. Hazırda da bunu görə bilirik. İslam dəyərləriylə
də qloballaşmada iştirak etmək mümkündür.
- Belə bir fikir də səslənir
ki, xristianlar qloballaşmada daha fəal iştirak edirlər, nəinki
müsəlmanlar. Bu cür yanaşmaya münasibətiniz necədir?
- Qloballaşmanın qısa
tərifini bu cür vermək olar: qloballaşma daha çox mənəvi
baxımdan sərhədləri aşmaqdır. Başqa
sözlə desək, qloballaşma müəyyən bir
platformanın olmasıdır. İslam özü vaxtı ilə
bu qloballaşmanı gətirdi, bir çox ölkələri
birləşdirdi. Özü ilə müəyyən bir adət-ənənə,
mədəniyyət gətirdi. Bu gün də dünyada bir
çox insanları islam dəyərləri birləşdirir.
Bu da əslində qloballaşmanın bir nümunəsidir. Əgər
qloballaşma bu cür siyasi və iqtisadi məsələlər
üzrədirsə, islam buna pis baxmır.
- İslam və xristian
ölkələrinin qloballaşmada iştirakını necə
müqayisə etmək olar?
- Baxır hansı
qloballaşmada. Əgər müasir qloballaşmada bizim, yəni
müsəlmanların maraqları nəzərdə tutulmursa və
yaxud əhəmiyyət verilmirsə, bəlkə də
müsəlmanlar bu proseslərdə geri qala bilərlər.
- Qloballaşmaya hər kəsin
münasibəti birmənalı deyil. Bu prosesə qarşı
çıxanlar onu əsas gətirirlər ki, qloballaşma
milli dəyərlərin sıradan çıxmasına səbəb
olacaq. Qloballaşmada iştirak edərək milli dəyərləri
də qorumaq olarmı?
- Əlbəttə. Amma ilk əvvəl
biz dərk etməliyik ki, milli dəyərlərimiz nələrdir.
Gəlin, əvvəlcə bu suala aydınlıq gətirək.
Biz milli dəyərlərimizi bilirikmi? Milli dəyərlərdən
çox danışılır, bəs bugünkü cəmiyyətimiz
deyilənləri nə qədər yaşayır? Eyni zamanda tək
milli dəyərləri bilmək də kifayət etmir. Bu
mövzuyla bağlı sistemli şəkildə təbliğat
aparılmalıdır. Sualınıza gəlincə isə
qloballaşma elə bir prosesdir ki, biz bunun qabağını
ala bilmərik. Odur ki, Azərbaycanda qloballaşma və mili dəyərlər
mövzusuyla bağlı ictimaiyyət və ya ictimai institutlar
məşğul olmalıdırlar. Onlar milli dəyərlərimizlə
bağlı ciddi şəkildə maarifləndirmə
aparmalıdırlar. Müəyyən edilməlidir ki,
qloballaşmanın və milli dəyərlərin uğurlu
sintezi necə ola bilər. Və bu istiqamətdə müəyyən
bir proqram tərtib edilməlidir.
- Qloballaşmada dinlərarası
dialoqun da töhfəsi var. Kimlər dinlərarası dialoqda
iştirak edə bilər?
- Bu proseslərdə öz
dinini bilən şəxslər iştirak etməlidirlər.
Amma bir çox hallarda insan özünü müsəlman
adlandırır, amma islamın nə olduğunu bilmir. Məlumatı
yoxdursa, məncə, onun dialoqa qoşulması məqsədəuyğun
ola bilməz. Çünki öz dini adından elə bir
fikirlər irəli sürə bilər ki, əslində
islamla heç bir aidiyyatı olmaz. Bu kimi hallar isə
yalnış nəticələrə yol aça bilər.
- Söz dinlərarası
dialoqdan düşmüşkən, bir məsələni də
qeyd edək ki, bəzi dindar müsəlmanlar buna qarşı
çıxırlar. Hətta onu küfr adlandıranlar da var.
Onların fikrincə, dinlərarası dialoq elə bir məhfumdur
ki, orada bütün dini dəyərlər qarışır və
nəticədə islam təhrif olunaraq yeni bir din meydana gəlir.
Bu cür yanaşmalar haqqında nə deyərdiniz?
- Belə fikirlər
haqqında məlumatım var. Amma nəyə əsaslanır?
İnsanlar bu məlumatları haradan əldə edirlər? Bir
dindar olaraq məni bu suallar maraqlandırır. Bunlar dinlərarası
dialoq haqqında yalnış fikirlərdir. Mən dinlərarası
dialoqla bağlı Hartford seminariyasında oxumuşam. Həmin
qurum dinlərarası dialoqun inkişaf üçün
çalışan təşkilatlardan biridir. Orada müsəlmanlar,
xristianlar və yəhudilər həm oxuyur, həm də
işləyir. Eləcə də hər üç dinin
nümayəndələri müəllim heyətində təmsil
olunurlar. Seminariyada ilkin çalışma mövzusu
İbrahimi dinlərdir. Onlar hər üç dinin bir
kökünü taparaq onun üzərində
çalışır, dinlərarası dialoqun inkişafı
üçün araşdırmalar aparırlar.
- Bu halda dinlərarası
dialoqu necə başa düşməli?
- Dinlərarası dialoq daha
çox bir-birini tanımaqdır. Çünki biz bir-birimiz
haqqında az və ya təhrif olunmuş məlumatlar bilirik. Məlumatsızlıq
isə yalnış nəticələrə səbəb olur.
Məsələn, mənim bir müsəlman alimim bir xristian
haqqında bir şey yazır ki, xristianlıqda artıq bu
yoxdur. Və yaxud "Qurani-Kərim"də yəhudilər
haqqında bir ayə var. Orada qeyd olunur ki, "yəhidilər
Üzeyir Allahın oğludur deyirlər". Bəli, elə
iddia edən bir firqə vaxtı ilə olub, amma hazırda isə
yəhudilikdə buna inanan yoxdur. Amma biz müsəlmanlar həmin
firqə haqqında yazmağa davam edirik. Bütün bunlar dinləri
tanımamaqdan irəli gəlir. Düzgün yanaşma
üçün ən azından islamla yanaşı, digər
dinləri də öyrənmək vacibdir.
- Bəzi siyasi məsələləri,
məsələn, elə Dağlıq Qarabağ problemini də
dinlərin qarşıdurması kimi qəbul edənlər
var. Lakin Qafqaz Müsəlmanları İdarəsi bu cür
fikirlərə qarşı çıxaraq bildirir ki, siyasi
poblemlərin dini müstəviyə
çıxarılması doğru deyil və bu cür
yanaşma dünyada qarşısıalınmaz bir problemə
gətirib çıxara bilər. Sizin bu məsələyə
münasibətiniz necədir?
- Mən də bunu doğru
saymıram və əleyhinəyəm. Dağlıq Qarabağ
probleminə gəlincə isə bu bir savaşdır və
dinlə əlaqəsi yoxdur. Bizim dərdimiz ermənilərin
diniylə bağlı deyil. Onlar xristian olduqları
üçün yox, torpaqlarımızı işğal etdiklərinə
görə düşmənimizdir. Odur ki, siyasətlə dini
qarışdırmamaq, bu kimi məsələlərdə
obyektiv olmaq lazımdır.
- Siyasi məqsədlər
üçün dindən istifadə olunurmu?
- Bəli. Siyasi məsələlərdə
dindən istifadə olunur. Bu, bir reallıqdır. Bilirsiniz niyə?
Çünki kimsə Allahın adından olmayan bir söz
deyir. Və Allahdan soruşmaq olmur ki, sən bunu demisən, ya
yox?
- Belə çıxır
ki, Allahın adından yalan danışırlar?
- Ola bilsin ki, yalan və yaxud
özü başa düşdüyü kimi. Həqiqəti isə
bilmək üçün səhih mənbələri
araşdırmaq lazımdır. Hər bir sahənin öz
kanalı var. Allaha kanal nədir? Allahın səmavi
kitabları. Yəni doğru mənbələrdən öyrənmək
lazımdır. Mən hər zaman maariflənmənin tərəfdarıyam.
Amma bir məsələ də var ki, dinlərarası dialoqa
qarşı çıxanlar yalnız müsəlmanlar deyil.
Xristianların, yəhudilərin sırasında da dinlərarası
dialaoqa etiraz edənlər, onu problem kimi görənlər
var.
- Ötən il Bakıda
qloballaşmayla bağlı "Dünya dini liderlərinin
Bakı sammiti" keçirildi. Həmin tədbirdə 33
ölkədən 250-dən çox din nümayəndəsi
iştirak etdi. Tədbiri necə dəyərləndirdiniz?
- Həmin tədbiri
yaxından izlədim. Bir müsəlman olaraq çox xoş
qarşıladım. Əlbəttə, bu qədər dini
liderin bir araya gəlməsi əhəmiyyətli hadisədir. Ən
sevindirici hal isə odur ki, bu cür mühüm
görüş məhz Azərbaycanda baş tutdu.
- Həmin sammitdə bütün ermənilərin katalikosu II Qaregin də iştirak etdi. Sammitdən sonra şeyxülislam Hacı Allahşükür Paşazadə, II Qaregin, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə birgə üçtərəfli görüş keçirildi və Dağlıq Qarabağ problemi də müzakirə olundu. Siyasi problemlərin din xadimləri tərəfindən müzakirəsinə nəcə baxırsınız?
- Çox yaxşı baxıram. Çünki bütün xalqların dindar təbəqələri var və dindar təbəqələr istər-istəməz öz dini liderlərini dinləyir, onların rəyini çox mötəbər sayırlar. Ona görə də üç xalqın dini liderlərinin görüşməsi və onların müsbət rəyinin xalqa təsir gücü ola bilər.
- Söhbətimizi son sualla yekunlaşdıraq. Hansı strategiyanı izləməliyik ki, milli və dini dəyərlərimizi itirmədən qloballaşmada uğurla iştirak edək?
- İstər cəmiyyət, istərsə də hökumət müstəvisində maariflənmə aparılmalıdır. İlk əvvəl milli dəyərlərin nə olduğunu tam olaraq bilməliyik. Bizdə tarixdə də problemlər var. Tarixçilər hələ də tam qərar verə bilməyiblər ki, biz türkük, ya alban? Torpağın tarixiylə millətin tarixini qarışdırırlar və s. İstər-istəməz bunu televiziyada bir tarixçidən dinləyəndə mən bir vətəndaş olaraq çaşıb qalıram. Bu alimdir, istiqamət göstərməlidir, amma məni daha da çox çaşdırır. Artıq bir qərar versinlər. Özümüzü daha yaxşı tanıyaq ki, bir yerə çıxa bilək. Qloballaşma qaçılmaz prosesdir və biz ona tam hazır olmalıyıq.
Cəfərli Real
Xalq Cəbhəsi.-
2011.- 10 fevral.- S.10.