"İranın anti-Azərbaycan siyasəti dəyişməyəcək"

 

 Cümşüd Nuriyev: "Ermənistanla kifayət qədər normal münasibətlərin qurulmasının özü fars şovinist rejiminin Azərbaycan əleyhinə fəaliyyəti anlamına gəlir"

 

"Molla rejimi 300 min erməniyə 18 məktəb açıb, amma 35 milyon türkün bir məktəbi belə yoxdur"

 

Azərbaycan İran münasibətlərinin gərgin olduğu bir dövrdə iki maraqlı informasiya diqqəti cəlb edir. İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami məlumat verib ki, İslam Şura Məclisinin (parlament) sədri Əli Laricani yazda Azərbaycana gələcək. Diplomat deyib ki, səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvətilə baş tutacaq: "Səfər bir neçə dəfə təxirə düşsə də, inşallah baharda gerçəkləşəcək".

İkinci maraqlı informasiya ondan ibarətdir ki, İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi hər il keçirilən "Novruz sammiti"nə dəvət edib. Məmmədbağır Bəhraminin sözlərinə görə, bu foruma Novruz bayramı qeyd edilən digər ölkələrin də prezidentləri dəvət olunub. Diplomat vurğulayıb ki, Azərbaycan və İran arasında ikitərəfli münaisbətlər bütün sahələrdə inkişaf etdirilir: "Ümidvarıq ki, bu münasibətlər öz inkişafında daha da irəli gedəcək".

Münasibətlərdəki gərginlik fonunda qarşılıqlı səfərlərin planlaşdırılması xeyli maraqlı görünür və müəyyən suallar yaradır.

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, ola bilsin ki, tərəflər münasibətləri müəyyən dərəcədə yumşaltmaq niyyətindədirlər: "O da mümkündür ki, Tehran rejimi müəyyən məqamlardan təlaşa düşüb mədəni layihələr hesabına münasibətlərdə irəliləyişə nail olmaq istəyir. Ancaq bilmək lazımdır ki, İran hər zaman Azərbaycan əleyhinə siyasət aparıb bundan sonra da belə olacaq. Çünki fars rejiminin səmimiliyinə inanmıram. Ermənistanla kifayət qədər normal münasibətlərin qurulmasının özü fars şovinist rejiminin Azərbaycan əleyhinə fəaliyyətı anlamına gəlir. Bundan başqa Azərbaycanın işğal olunmuş ərazisində Araz çayı üzərində tikilən su anbarı Cəbrayıl Zəngilanın kəndlərini su altında qoyub. İran yenidən bizim torpaqları "işğal edir". Bu dövlət dinc işğalla məşğuldur. Bundan başqa İran Dağlıq Qarabağda narkotikanın yetişdirilməsi satılması prosesinə ciddi dəstək verir. Yeri gəlmişkən, bir maraqlı faktı da deyim. Biz Qərbi Azərbaycan ideyasını gündəmə gətirən kimi, İran öz ərazisinə dəyişiklik etdi Qərbi Azərbaycan vilayəti yaratdı. Əslində bu da Ermənistanı bizdən qorumağa yönəlmiş addım idi. Çünki Qərbi Azərbaycan deyəndə həmin ərazi nəzərdə tutulur. İran bu işi elə qurub ki, bizi ərazi iddiasında ittiham edə bilsin. Molla rejimi 300 min erməniyə 18 məktəb açıb, amma 35 milyon türkün bir məktəbi belə yoxdur. İranın bu cür davranışları insanlığa sığmır. Əslində fars rejimi ermənidən daha pis davranış sərgiləyir. Ümumiyyətlə, bu dövlətin qəti mövqeyi bundan ibarətdir ki, "kim bizimlə oturub-durmursa, bizim düşmənimizdir". Məhz belə fəaliyyətinə görə Azərbaycanda anti-İran əhval-ruhiyyəsi kifayət qədər güclənib. Sevindirici haldır ki, biz bu dövlətə cavab verməyi bacarırıq. Sonda bir daha vurğulamaq istəyirəm ki, qədər qarşılıqlı səfərlər olursa-olsun İranın siyasətinin dəyişəcəyinə inanmıram".

Politoloq Ərəstun Oruclu deyir ki, Azərbaycanla İran arasında etimadsızlıq hər zaman olacaq:"Ola bilər ki, tərəflər taym-aut götürüb, ancaq düşünürəm ki, tərəflər arasında etimadsızlıq qalacaq. Çünki Azərbaycan dövlətinin mövcudluğu İran tərəfindən özünü təhdid kimi qəbul olunur. Bu dövlət ölkəmiz müstəqillik əldə etdiyi ilk gündən bizə qarşı təzyiq, təhdid, təxribat siyasəti yolunu seçib. Biz İranla heç bir zaman balanslaşdırılmış, qarşılıqlı, səmərəli qonşuluq münasibətləri qura bilməyəcəyik. Ona görə yox ki, bunu biz istəmirik, çünki bunu İran rejimi istəmir. İstəsəydi ki, heç olmasa, ölkə əhalisinin böyük bir hissəsini təşkil edən Azərbaycan türklərinin mədəni hüquqlarını tanıyardı. İndiki halda münasibətlərin normallaşmasından söhbət gedə bilməz, İranın təhdid siyasəti hələ davam edir. Ola bilər ki, Türkiyə rəsmilərinin Bakıya davamlı səfərləri məhz bununla bağlıdır. Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında "Strateji Tərəfdaşlıq Haqqında" müqavilə imzalanıb. Müqavilə hələlik Türkiyə Böyük Millət Məclisində müzakirə edilməyib. Görünür, indi bu prosesi sürətləndirmək zərurəti meydana çıxıb. Azərbaycan İran tərəfindən çox ciddi təhlükəyə məruz qala bilər".     

 

 

Ağa Cəfərli 

 

Xalq Cəbhəsi.- 2011.- 10 fevral.- S.8.