Böhran Qrupu pozitiv mövqe sərgiləyir
Qabil Hüseynli: "Sənəddə işğal
faktının qabardılması xeyrimizədir"
Elxan Şahinoğlu: "Münaqişə Böhran
Qrupunun ehtimallarıyla həll olunmayacaq"
Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı növbəti hesabatda cəbhə xəttində toqquşmaların artması, silahlanma yarışı, kəskin ritorika və sülh danışıqlarında irəliləyişin virtual olması, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalının artdığı fikirlər əksini tapıb. Hesabatda müharibənin bölgədə dağıdıcı nəticələrə gətirib çıxara biləcəyilə yanaşı Dağlıq Qarabağ ətrafında durumun pisləşdiyi də qeyd olunub. O da vurğulanıb ki, tərəflərdən heç birinin asan və sürətli qələbə çalmaq şansı yoxdur.
Sənəddə Azərbaycan torpaqlarının işğal altında qalması fikrinin səsləndirilməsi və böyük miqdarda məcburi köçkünü olan Azərbaycana böyük zərər verən mövcud status-kvonun dəyişməsi üçün daha çox işin görülməli olduğunun vurğulanması qrupun artıq pozitiv mövqe nümayiş etdirməsindən xəbər verir. Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib ki, sülh danışıqlarında tərəqqinin olmaması yaxın bir neçə ildə müharibə ehtimalını artırır: "Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi bu ssenarinin qarşısının alınmasını öz prioritetinə çevirməlidir".
Politoloq Qabil Hüseynlinin fikrincə, Beynəlxalq Böhran Qrupunun Azərbaycan torpaqlarının işğalını və bunun müqabilində rəsmi Bakıya maddi və mənəvi ziyanın vurulması faktını etiraf etməsi təqdirəlayiqdir: "Bütün bunların hamısı real və Azərbaycanın xeyrinə işləyən faktdır. Bu vaxtadək xarici təşkilatlar işğal faktına siyasi qiymət verməyib. İşğalın adının çəkilməsi, danışıqlar masası ətrafında bunun siyasi fakt kimi önə sürülməsini asanlaşdırır. Digər tərəfdən müharibə məsələsinin real olmasının vurğulanması ermənilərə təsir göstərə bilər. Çünki Ermənistan həmişə qeyri-konstruktiv mövqe tutur, Rusiyanın himayəsindən istifadə edərək müharibə olacaqsa hər şey yenə də onların xeyrinə olacağı xülyasıyla yaşayır. Ona görə də müharibənin çəkindirici tərəfi danışıqlar masası ətrafında görünmür. Bu məsələnin vurğulanması müsbət haldır". Politoloq onu da dedi ki, Beynəlxalq Böhran Qrupu digər xarici təşkilatlarda xas olan nöqsanlardan da xali deyil: "Məsələn, işğal faktı daha geniş mənada işıqlandırılmalı və ona siyasi qiymət verilməliydi. Söylənilməliydi ki, bu təcavüz faktorudur, beynəlxalq hüquq normalarına ziddir, işğalçı Ermənistanı BMT cəzalandırmalı və yaxud da Ermənistan Azərbaycan torpaqların azad edilməsinə məcbur olunmalıdır. Sənəddə müharibənin əleyhinə olduqları vurğulanır, Azərbaycan ordu quruculuğuna vəsaiti artırdığına görə qınanılır ki, bu yaxşı fikir deyil. Rəsmi Bakı BMT-nin nizamnaməsinə uyğun olaraq Azərbaycan işğal edilmiş ərazilərini qaytarmaq və ərazi bütövlüyünün bərpasını istəyirsə, burada heç bir qəbahət yoxdur. Böhran Qrupu kimi digər beynəlxalq təşkilatların bu məsələni şişirtməsi məqbul sayıla bilməz". Qabil Hüseynlinin fikrincə, ildən-ilə həm Beynəlxalq Böhran Qrupu, həm də digər təşkilatların problemə yanaşmasında pozitiv çalarlar artır, amma bu zəifdir.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Beynəlxalq Böhran Qrupunun ehtimalları heç vaxt özünü doğrultmasa da, yenidən ehtimallar irəli sürür: "Əslində vəziyyət hamıya aydındır. Danışıqlar dalana dirənib və müharibə ehtimalı istisna olunmur. Müharibə baş verərsə gücün kim tərəfində ola biləcəyi də bilinir". Sənəddə Rusiyanın tərəflərə silah satışını dayandırmalı olması fikrinə gəlincə politoloq dedi ki, bu tələbi səsləndirməklə Rusiya Ermənistana silah satışını dayandırmayacaq: "Çünki Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur. İkincisi də, Rusiyanın Ermənistanı silahlandırması bu günün mövzusu olmadığından təşvişə düşmək lazım deyil. Moskva Cənubi Qafqazda maraqlarını qorumaq məqsədilə Ermənistanı silahlandırır. Burada gizlədiləsi heç nə yoxdur". Politoloq Beynəlxalq Böhran Qrupu kimi təşkilatların belə bəyanatlar verməklə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir təsirə malik olmadığını dedi. Onun sözlərinə görə, problemin həllinə yalnız ATƏT-in Minsk qrupu təsir göstərə bilər: "Amma qrupun faktaraşdırıcı missiyası BMT-nin ekspertləri ilə birgə işğal altında olan Dağlıq Qarabağ ətrafı rayonlarda 2010-cu il oktyabrın 4-14-ü tarixlərində apardığı araşdırma barədə hesabatını hələ də açıqlamayıb". Politoloq hesab edir ki, bu gecikmə ATƏT-in ermənipərəst siyasətilə bağlıdır.
Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin ürəyi ermənilərdədir. Millət vəkili qeyd edib ki, araşdırma nəticəsində ortaya çıxarılan faktlar ermənilərin əleyhinədir: "Yaxşı anlayırlar ki, faktlar masaya gələndən sonra Azərbaycan bunları ictimailəşdirəcək, BMT-nin Baş Assambleyasında qaldıracaq və daim himayə olunan ermənilər çətin vəziyyətə düşəcəklər. Nəzərə alsaq ki, danışıqlar da bir nəticə verməyib. Anlayırlar ki, faktların ortaya çıxması, ədalətli və obyektiv hesabatın hazırlanması Azərbaycanın mövqeyi üçün dəstək olacaq". Rasim Musabəyovun fikrincə, ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası hesabatı nə qədər gecikdirməyə, faktları gizlətməyə çalışsalar da bu mümkün olmayacaq: "Gec-tez faktları açmağa məcbur olacaqlar. Həqiqəti gizlətmək mümkün olmayacaq. Hesab edirəm ki, bundan sonra Azərbaycan məsələni BMT-nin Baş Assambleyasında qaldıracaq".
"Panarmenian" saytının
verdiyi məluata görə isə, Aleksandr İskəndəryan
deyib ki, Dağlıq Qarabağ ətrafındakı vəziyyət
olduğu kimi qalacaq. Belə ki, böyük dövlətlərin münaqişənin
həllində heç
bir yeni fikirləri yoxdur: "Bu diqqət ən azı 1992-ci ildən hiss olunur". Erməni politoloqa görə, son illər ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinə
diqqəti artmayıb,
əksinə azalıb.
Səbəb isə siyasətçilərin münaqişənin
həllinin mümkünsüzlüyünü
anlamasıdır: "Məqsəd
birdir, münaqişəni
hazırki halında saxlamaqdır".
Cavid
Xalq Cəbhəsi.-
2011.- 10 fevral.- S.9.