"Təhsil alanlara repetitor lazım deyil"
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadənin APA-ya
müsahibəsi
- Artıq 18 ildir ki,
alternativ variantlarla sualları cavablandırmağa öyrəşən
abituriyentlərə bu il ilk dəfə olaraq, açıq
testlər də veriləcək. Sınaq imtahanlarında ilk dəfə
sınaqdan keçirilən bu açıq suallara maraq necə
olub?
- Açıq test sualına uşaqlar səhv cavab verdikdə biz onu cərimə kimi hesablamayacağıq. Çünki açıq suallarda abituriyent kiminsə səhv və ya düzgün cavabını köçürə bilməyəcək. Səhv cavablar hesablanmayacağı üçün uşaqlar bu suallara cavab verməyə daha çox meylli olmalıdırlar. Amma mənə maraqlı bir detal söyləyiblər. Yanvarın 23-də bizdə sınaq imtahanı keçirilib. Bu imtahanlarda 11 bölgədə 30 mindən çox abituriyent iştirak edib. İmtahanlarda nəzarətçi müəllimlər fikir veriblər ki, abituriyentlər açıq sualları cavablandırsalar da, onu “Cavab kart”larına köçürməyiblər. Abituriyentlər deyiblər ki, onları hazırlaşdıran müəllimləri açıq sualın cavabını “Cavab kartı”na köçürməməyi tapşırıblar. Uşaqlar bildiriblər ki, müəllimləri deyib ki, qoy, TQDK sınaq imtahanlarında görsün ki, abituriyentlər açıq suallara cavab verməkdə çətinlik çəkirlər, bəlkə bu sualları ləğv etsinlər. Təbii ki, biz buna fikir verməyəcəyik və bu yenilik tətbiq olunacaq. Hələlik yalnız Azərbaycan və rus bölməsində riyaziyyat fənni üzrə açıq testlər olacaq. Çünki riyaziyyat fənni bütün qruplarda var. Açıq testlər digər fənlər üzrə də olacaq. Amma təbii ki, bu, bir mərhələdə reallaşmayacaq.
- Dərsliklərdəki bəzi mübahisəli və ziddiyyətli məqamlar test tapşırıqlarının tərtibində çətinlik yaradırmı?
- Biz artıq 2011-ci il üçün “Abituriyent” jurnalının 1-ci sayını hazırlamışıq. Bu jurnalda qəbul proqramları ilə yanaşı, ənənəvi olaraq dərsliklərdə rast gəlinən səhvləri də qeyd etmişik. Orada dərsliklərdə səthi yazılan mövzuları göstəririk və abituriyentlərə həmin mövzuya aid materialları hansı vəsaitlərdən əldə etməli olduqlarını bildiririk. Artıq Təhsil Nazirliyi ilə belə razılıq əldə etmişik ki, dərsliklərdəki səhvlərə görə həmin mövzunu proqramdan bütünlüklə çıxarmayacağıq. Yalnız o mövzuya aid düzgün materialı dərc edəcəyik. Elə fənlər var ki, onların dərslikləri ilə bağlı problem yoxdur. Amma elə dərsliklər var ki, məsələn, “Biologiya” dərsliyi yaxşı vəziyyətdə deyil. Biz bunu nəzərə alaraq, abituriyentlərə kömək məqsədilə vəsaitlər çap etmişik.
- Bəzi özəl ali məktəblər bu tədris ilindən tətbiq olunan müstəqil maliyyələşdirmə mexanizmində iştirak etməkdən çəkiniblər. Məktəblərin bu prosesə cəlbini aktivləşdirmək üçün hansı tədbirlər görülməlidir?
- Məktəbləri aktivləşdirmək lazım deyil. Bu mexanizmə qoşulmayan özəl ali məktəblər faktiki olaraq, əvvəlcədən bəyan edirlər ki, onlar yüksək biliyi olan insanları öz məktəblərinə qəbul etmək istəmirlər. Yalnız pulu olan insanları qəbul etmək istəyirlər. Məsələ ondadır ki, özəl ali məktəblər yüksək ali təhsil vermək üçün yaranıbsa və buna qadirdirsə, onda o, özü bu prosesə qoşulacaq. Çünki yüksək təhsil vermək üçün tələbələr də müvafiq səviyyədə olmalıdırlar ki, lazımı bilikləri mənimsəyə bilsinlər, oxuduqları müddətdə akademik borcları olmasın. Amma ali məktəb “diplom vermək” biznesi qurmaq üçün yaranıbsa, təbii ki, onda həmin məktəbə bu prosesdə iştirak etmək heç lazım da deyil. Aşağı bal toplayan abituriyentlər ixtisas seçimi zamanı ərizələrində birinci yerdə özəl ali məktəblərin ixtisaslarını göstərirlər. Özəl məktəblərə o zaman gedirlər ki, dövlət ali məktəbinə qəbul oluna bilməyiblər. Düzdür, bu qayda Qafqaz Universitetinə aid deyil. Ərizələrində əvvəlcədən 1-ci yerdə Qafqaz Universitetini yazmağı nəzərdə tutan yüksək bal toplamış abituriyentlər var. Bunlar əsasən, türk liseylərinin məzunlarıdır. Bu məzunlar da kifayət qədər yüksək səviyyəli gənclərdir. Dünyada özəl ali məktəblər ona görə yaranıb ki, təhsilin daha yüksək səviyyədə saxlanılmasına dövlətin pulu kifayət etməyib. Varlı valideynlər uşaqlarının daha yaxşı təhsil almasını istədikləri üçün xaricdə özəl məktəblər yaradırdılar. Bizdə isə müəyyən özəl ali məktəblər ona görə yaranıb ki, aşağı bal toplayanlara haradasa formal ali təhsil almaq üçün hüquqi zəmin yaratsınlar. Misal üçün, Azərbaycan Beynəlxalq Universitetinin əsas məqsədi bu idi. Bu məktəb tələbə nə qədər çox gəlir-gəlsin, kim gəlir gəlsin, balından asılı olmayaraq, hamını qəbul etməyə çalışırdı, diplom da verirdi. Əsas o idi ki, pulunu versin, diplomunu alsın. Amma bunun üçün ali məktəb yaratmaq lazım deyil. Bunun əvəzində bir nəşriyyat təşkil etmək, orada diplom çap etmək və onu pulla satmaq olar.
- Hazırkı şəraitdə repetitorsuz ali məktəbə daxil olmaq olar?
- Elə
uşaqlar, elə məktəblər var ki, orada təhsil
alanlara repetitor lazım deyil. Çünki həmin məktəblərdə
kifayət qədər yüksək səviyyəli müəllimlər
dərs deyir. Valideyn 16 yaşlı uşağa ona görə
repetitor tutur ki, o, proqramları yenidən mənimsəsin. Elə bir material yoxdur ki,
abituriyent repetitorsuz onu əldə edə bilməsin. Bizim
keçirdiyimiz sınaq imtahanları, video mühazirələr
də tam imkan verir ki, oxumaq istəyən uşaq heç bir əlavə
müəllim yanına getmədən məktəbə
hazırlaşsın. Bu mühazirələri disk və
flash-kartlara yükləyərək sonra internet olmayan
kompüterdə dinləmək olar. Hesab edirəm ki,
video-mühazirələr, eyni zamanda TQDK-nın bu il müxtəlif
regionların müəllimlərinin iştirakı ilə
keçirdiyi elmi-metodiki seminarlar 2011-ci ilin imtahan nəticələrinə
müsbət təsir göstərəcək.
- Onda Azərbaycan valideynlərinin
repetitora bu qədər üstünlük vermələrinin səbəbi
nədir?
- Bunun kompleks səbəbləri
var. Çox zaman bizdə valideynlər uşaqlarının
ali məktəbə qəbul ola bilməyəcəyi
qorxusundan özlərini sığortalamaq üçün
onları repetitor yanına göndərirlər. Bizdə
valideynlər özləri də uşaqlarının dərslə
məşğul olub-olmadığını müxtəlif səbəblərdən
yoxlaya bilmirlər. Uşağın yüksək səviyyəli
təhsilə cəlb olunması ananın təhsilli
olmağından çox asılıdır, çünki
çox zaman ata bu prosesdən kənarda qalır. Ana
özü də başa düşməlidir ki, uşaq nəyi
oxuyur. V sinfədək valideynlər əsasən suallara cavab
verə bilirlər, amma V sinifdən sonra onlar suallara cavab verməkdə
çətinlik çəkilər. Biz müşahidə
edirik ki, yüksək bal toplayanlar arasında ana və ya
atası orta məktəb müəllimi olan uşaqların
sayı daha çoxdur. Bu, artıq standartdır – belə
abituriyentlərin ya anası orta məktəb müəllimi,
atası mühəndis, ya da atası orta məktəb müəllimi,
anası həkim olur. Bu, onu göstərir ki, valideynlər də
övladlarının biliklənməsi prosesində iştirak
edirlər.
- Bu ilin əlaçı məzunlarının
37 faizi yenə də attestat qiymətlərini qəbul
imtahanlarında təsdiqləyə bilmədi.
Şişirdilmiş qiymət probleminin aradan qalxması niyə
belə ləng gedir?
- Artıq bir neçə
ildir ki, əlaçıların sayı azalıb. Məktəblər
artıq real əlaçıların da nəticələrini
əlaçı kimi təqdim etmirlər. Bizdə yüksək
bal toplayanlar arasında daha çox əlaçılar yox,
orta balı 5 və 4,5 olanların sayı çoxdur. Bu, o deməkdir
ki, artıq müəyyən məktəblərdə real əlaçılara
da yüksək qiymət yazmaqdan qorxurlar. Bizdə əvvəlcə
ümumi məzunların 3-4 mini əlaçı idi. İndi əlaçıların
sayı kəskin azalıb, onların sayı 500-600 nəfər
olub. Attestat qiymətlərində nəinki şişirtmək,
azaltma problemi də var. Həm qiymətlərin
şişirdilməsi, həm də azaldılması
baxımından bu proses düzgün getmir. Ümumiyyətlə,
əlaçı abituriyentlər iki qrup olmalıdır. Məsələn,
əlaçıların 70-80 faizi 500-700, qalan hissəsi
500-300 bal toplamalıdır. Belə ola bilər, amma 0-100 bal
toplayan əlaçı olmamalıdır. Attestat balı 4,5-5
olanlar isə daha çox 300-500 bal toplamalıdır. Amma biz
görürük ki, 500-700 bal toplayanlar arasında attestat
balı 4,5 -5 olan kifayət qədər abituriyent var. Ancaq əlaçılardan
0-100 bal toplayanlar da var. Bu halda məlum deyil ki, onlara “dörd”,
“beş” qiyməti necə yazılıb.
- Sizcə, qiymətlərin
şişirdilməsi və azaldılması probleminin əsas
səbəbi nədir?
- Baxmayaraq ki, indi Azərbaycanda
kütləvi şəkildə mərkəzləşdirilmiş
test imtahanları keçirilir, orta məktəblərdə
biliyin qiymətləndirmə kriteriləri tam işləmir.
Bu attestat imtahanlarının nəticələrinə görə
yalançı əlaçılar təmizlənməli idi.
Bizdə birinci dəfə rus bölməsinin nəticələri
2007-ci ildə onlar üçün Azərbaycan dili üzrə
imtahan keçirilməyə başlayanda təmizləndi. Nəticədə
həmin il 0-100 bal nəticə göstərənlərin
sayı kəskin azaldı, onlar əsas qəbul
imtahanlarında iştirak edə bilmədilər.
Çünki Azərbaycan dili imtahanı tamamilə təmiz
keçirilir və qiymətləndirmə kriteriləri
düzgündür. Bizim imtahanın məqsədləri ilə
Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş
test imtahanının məqsədləri fərqlidir və
onların nəticələri arasında da böyük fərq
var. Amma bizim sınaq imtahanlarının nəticələri
ilə əsas imtahanın nəticələri arasında
korrelyasiya (uyğunluq) əmsalı 0,8-dir. Yəni bu imtahanların
nəticələri uyğunluq təşkil edir.
Çünki imtahanlar eyni kriteri ilə yoxlanılır.
- Onda belə
çıxır ki, mərkəzləşdirilmiş test
imtahanlarının nəticələri real olmur?
- Bu sahə üzrə zəngin
təcrübəsi olan bir təşkilat kimi, fikrimizcə, hələlik
mövcud səviyyə qənaətbəxş deyil. Amma
anlamaq lazımdır ki, bu proses çox mürəkkəbdir.
Təkcə düzgün tərtib olunmuş testlər deyil,
imtahanın keçirilmə prosesi, zalda olan mühit prosesin
özünə çox mühüm təsir göstərir.
Buraxılış imtahanlarında kifayət qədər
köçürmə halları olur, imtahana mobil telefonlar
keçirilir və s. İmtahanda təqdim olunan sualların
düzgün qoyulması və variantın adekvat olaraq müəyyənləşdirilməsi
çox vacibdir. Nazirliyin birinci ildə imtahanda istifadə
etdiyi testlərin keyfiyyəti bizi qane etmədi. Ötən
ilki testlərin keyfiyyəti isə əvvəlkilərlə
müqayisədə çox fərqlidir. Təhsil Nazirliyi də
artıq bu prosesi yaxşılaşdırmağa doğru
gedir. Amma imtahanın özünün keçirilməsi, təşkilatı
tədbirlər, auditoriyada olan mühit,
köçürülmə hallarının
qarşısının alınması üçün müəyyən
tədbirlər – bu sahədə vəziyyət yaxşı
deyil. Biz həm təşkilati, metodiki nöqteyi-nəzərdən,
həm də imtahan nəticələrinin
araşdırılmasında onlara kömək etməyə
hazırıq. Onu da deyim ki, artıq 2 ildir ki, həmin
imtahanların statistikasını aparırıq.
- Ali məktəbə
aşağı balla daxil olmaqdansa, plan yerlərinin boş
qalması daha yaxşı olmazmı? Zəif kadrların
hazırlanmasına belə yüksək ehtiyac var?
- Elə ixtisaslar var ki, o sahəyə
müraciət edənlərin sayı həmişə az olub.
Məsələn, kənd təsərrüfatı
ixtisasları. O sahə üzrə bizdə işçilərə
tələbat var. Ona görə də biz məcbur oluruq ki, həmin
ixtisaslara uşaqları daha az balla qəbul edək. Ali məktəblər
özləri o uşaqları müəyyən səviyyəyə
qaldıra bilərlər. Biz görürük ki,
hazırkı Aqrar Universitet buna qadirdir. Fikir verin ki, Aqrar
Universitetə keçid balları çox artıb, 300-400 bala
yüksəlib. Texniki Universitet, Mingəçevir Politexnik
Universiteti və digər universitetlərdə də keçid
balları artıb. Amma elə universitetlər var ki, keçid
balları azalıb. O universitetlərdə ki, keçid
balları artıb, demək, orada normal proses gedir. O universitetlərdə
ki, aşağı düşüb, proses normal getmir. Bizim hər
il qəbulun nəticələrinə əsasən,
açıqladığımız təhlili məlumat bir
növ həmin məktəblər üçün siqnal
olmalıdır. Onlar fikirləşməlidirlər ki, nə
üçün aşağı bal toplayan uşaqları
seçirlər. Belə məktəblər özləri
başa düşməlidirlər ki, inkişaf etmək
lazımdır. Əks halda, onlara yaxşı oxuyan uşaq gəlməyəcək.
Təbii biz istəyərdik ki, ali məktəbə daxil olan
bütün uşaqlar 300 baldan yuxarı nəticə göstərən
olsun. Amma hələlik bunu əldə edə bilməmişik.
Biz bunu yalnız arzu edirik, xüsusilə qabiliyyət tələb
edən ixtisaslar üzrə. Mən nə edim ki, bizim
idmançılar, estrada müğənniləri 100 baldan
yuxarı nəticə göstərməyə qadir deyillər.
Məşhurlaşıb, “Yeni ulduz”da nə isə
qazandıqdan sonra “estrada müğənni”liyinə, yaxud
hansısa başqa ixtisasa qəbul olmaq istəyirlər, amma
balları aşağıdır. Bu, reallıqdır. Arzu
edirik ki, bu ixtisaslara da balı yüksək olan insanlar getsin.
Xalq Cəbhəsi.- 2011.- 16 fevral.-
S.13.