Asif Ataya həsr olunmuş tədbir

 

Mütləqə İnam Ocağının İnam Evində 23 Qar ayı 32-ci ildə (23.01.2011) Ocaq Yükümlüsü İşıqlı Atalının ruhani doğum gününə həsr olunmuş törən keçirilib.

Tədbir Mütləqə İnam Bayrağının qarşılanması ilə başlayıb. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı Yolruh Atalı, “Ataya Günorta Ricası”nı Doğma Atalı söyləyiblər.

Mütləqə İnam Ocağının Ruhani  Başçısı Safruh İşıqlı Atalının Ocağa gəlməsinin 19 ili münasibətilə keçirilən törənə açılış sözü deyib. O, İnam Atanın hələ 19 il öncə İşıqlı Atalı haqqında yazdığı ruhani sənədi oxuyub və açımını verib: “İşıqlı Atalı- Ocaq Yükümlüsüdür. Düzünə qalsa, aramızda bundan böyük təyin-tərif yoxdur. Əgər şəxs Ocaqda önə çıxmırsa, bu, onun ikinci dərəcəli bir çatışmazlığından ola bilər: önə çıxmaz, özünü təsdiqləməz, «olanımı verdim, olanım budur» - deyər. Kimsə də onu qınaya bilməz, suçlaya bilməz. Şəxs Ocaqda irəli çıxırsa, çox ciddi məsuliyyət altına girdiyinin fərqinə varmalıdır. Yalnız Ocaq qarşısında deyil, Azərbaycan xalqı – Türk xalqı qarşısında, bütövlükdə insan anlamı qarşısında. Çünki biz özümüzü bu miqyaslarda aləmə car çəkmişik və çəkməkdəyik. Ocaq Yükümlüsü olmaq – bu, Uca Anlam karvanının sarvanı olmaqdır. İşıqlı Atalı dərin şəxsi mədəniyyət yiyəsidir; intizamlıdır; yazarlığı, natiqliyi, quruculuğu var; hərtərəfliyi var, yorulmazdır-fədakardır-umacaqsızdır, təmiz əxlaqlıdır; ruhani inadkarlığı, dönməzliyi var, müşahidəçidir; idraki analitikliyə meyillidir; Ulusçu-Yurdçu-Türkçüdür. Cismani kökünə, ailəsinə bağlılığı möhkəmdir. Lap indiki durumumuzdan çıxış etsək, Ocağın dayağı İşıqlı Atalıdır. Onsuz Ocaq öz əməli cəbhəsində şax dayana, yeriyə bilməzdi; çox itirərdi. Yolruhun işgüzarlığı, uçuşu – İşıqlıdandır; İşıqlısız – Safruhun göynərtiləri zilə-zirvəyə çıxardı. İşıqlı ilə Safruh nikbindir, inamlıdır, ümidlidir. Özünü müəyyən güvəndə hiss eləyir”.

Yolruh Atalı “İşıqlı Atalı – Ruhani Döyüşçü” mövzusunda içsəsini oxudu: “19 ildən çoxdur ki, ömrünü Ocağa bağlayan uca qardaşımız Kutsal Atamızın ona verdiyi “İşıqlı” ruhani, ulusal adının məsuliyyətini ləyaqətlə çəkir, bu adın daşıdığı, kapsadığı ruhani aqibətin, ömrün yiyəsidir. Onun haqqında özüm kimi danışıram. İnsanınsa özündən yaxşı tanıdığı kimsə yoxdur. İnam Ata Ocaqçılığı ruhani aqibət sayırdı. Onun İşıqlı Atalı haqqında dediyi “anadangəlmə ruhaniyyatçı” ifadəsi Ata duyumunda, görümündə nələri qapsayırdısa, biz onu daha geniş və aydın biçimdə, doğruçu anlamda yaşadığımız günlərdə görməkdəyik. İndi Ocağımızın Yükümlüsü kimi ağır bir yükü çəkən İşıqlı uca Atamızın Evlad haqqında dediyi tələbləri yerinə yetirməkdədir. Ata deyir ki, Ocaqçı bənzərsiz, gözlənilməz və əlçatmaz olmalıdır. Bunlar ayrı-ayrı nəsnələr olsalar da, həm də birdirlər. Ataya görə, Evlad üç şeyi özündə birləşdirməlidir: yazarlıq, natiqlik, təşkilatçılıq. Məncə, İşıqlıda bu deyilənlərin hamısı var”.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy “Azərbaycan ictimai mühitində İşıqlı Atalı obrazı” mövzusunda danışdı: “İşıqlı Atalı haqqında danışmaq Ocaq haqqında danışmaqdır, Ocaq haqqında danışmaq isə Asif Ata haqqında danışmaqdır. Bu isə ilk olaraq  Ocağın Odqoruyanının mənəvi–əxlaqi, fəlsəfi-estetik, etik, ümumiyyətlə, insanlıq keyfiyyətləri, fəlsəfi baxışları  haqqında danışmaq deməkdir. İnsani keyfiyyətlər İşıqlı Atalıda o qədər yetkin, elə parlaq, doğru təzahür olunur ki, bəlkə də İşıqlının qeyd etdiyim keyfiyyətlərinin mahiyyətini açmağa bir günlük söhbət, fikir mübadiləsi bəs  etməzdi. İşıqlı kimi oğulların həyatda omasına görə özümü təbrik edirəm, ona görə ki, belə bir şəxslə tanışam. Mənəviyyatı, iç dünyası, əxlaqi dəyərləri, davranışı, tərbiyəsi, həyata baxışı, fəlsəfi duyumu, məntiqlə bütün məsələlərə münasibət bildirməsi məsələləri  yetərincə obyektiv, gerçəkliyə və gələcəyə istiqamətlənmiş şəkildə, dərəcə ayrı-ayrı qatlarıyla aça bilmək imkanına malikdir. Və bir də Ocaqçıları, Asif Atanın Ruhunu  İşıqlının var olması münasibətilə təbrik edirəm. Biz bu gün İşıqlı Atalını adi görürük, onun bizlərdən biri olduğunu təsəvvür edirik. İşıqlı şəxsən mənim özümün içimdə bir işıq   yaradıb, düşüncələrimə yetərincə güclü təsir edib. Adətən əzəmətli olan yaxında  yaxşı görünmür, dərk olunmur. İşıqlı Atalının bütün fəaliyyətini özünə xidmətdən qıraqda görmək lazımdır. Onun sözü ilə gerçək addımları bir-birini tamamlayan, çox maraqlı, katarsis keçmiş, şəxsiyyətlərdəndir. İşıqlı Atalının Azərbaycan ictimai mühitində öz obrazı,  halı var. O, Asif Ata Ocağından gələn bütün gözəl keyfiyyətlərin daşıyıcıcısıdır, bunları başqalarına ruhani bir ustalıqla çatdıra bilir. O, bütün  pisliklərdən qıraqdır. Şəhidlik insanın həm də özünü fikir, əqidə yolunda qurban verməsidir. Əvəzində isə  İşıqlı Atalının heç bir iddiası yoxdur. İddia yalnız bir şeydir: həqiqətin, ədalətin, haqqın zəfər çalması”.

Ocaq Yükümlüsü İşıqlı Atalı bundan sonra insanilik imkanlarının daha da ardıcıl, mütləqiliyin tələbinə uyğun şəkildə gerçəkləşəcəyinə əminliyini ifadə etdi: «Ötən müddətdə çox mərhələləri aşmışam, daim insani mahiyyətimə doğru yol getmişəm, ruhani imkanlarımı aşkarlamağa çalışmışam. Məni həyatın bütün dolanbaclarından, qarışıqlıqlarından çıxaran Ata Ruhu, İnam Ata Ocağı oldu. Atanı tapana, onunla görüşənəcən heç bir təşkilata, partiyaya, cəmiyyətə, dinə qoşulmadım. Ocağımızın yayılmasında əldə etdiyim uğurlar daxilən fitri fərəhçiliyimin, Ocaqçılığımın ifadəsi idi. Atanın Ruhu canıma hopmuşdu. Bir an da olsun, ömrümün yönünü, əqidəni dəyişmək barədə fikirləşmədim. Atanı anladıqca anlamaq eşqimi, Ocağın əvəzsizliyi insanlara çatdırdım. Minlərlə ürəklərin qapısını döydüm, Ata Ruhuna yönəltdim. Ata Ruhunda özümlüyümün təsdiqinin yeni çalarlarını tapdım. Bugün də dayanmadan irəliləyirəm. Əqidə üçün doğulmuşam. Fitrətən bağlandığım, sanki uşaqlıqdan gözlədiyim əqidə ünvanıma hərtərəfli bələdliyim daha da artdıqca ona yiyəlik duyğusuna çatdım. İçimdəki yenilməz imkan məni gerçəkliyi aşmağa, Ocağa təzə səviyyədə, mütləqiliyin təsdiqi səviyyəsində qovuşmağa, xalq yaratmağa, bəşərin üzünü ağartmağa çağırdı. Bu, Ata Ruhu idi. Yeni səviyyədə anladıqca mütləq çağırışlara daha təpərli cavab verdim. Ocaqçı sayılmağın məsuliyyətini iliyimə kimi hiss edirəm. İllərdir ki, Ocaqda yeni, özüməxsus işlər yaratmışam. Millətim, bəşərim üçün Ocaqçılığımın, fitrətimin, hədsiz gərəkliyini anlayıram. Xalqı böyük, ruhani anlamda yalnız Asif Atanın Mütləqə İnam Ocağı təmsil edir. Əslində bugün Türk xalqını Mütləqə İnam Ocağı yaradır. Mütləqə İnam Dünyabaxışı – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradənin vəhdətini təmsil edən, bu əsasda möhtəşəm, bənzərsiz ruhaniyyat yaradıcılığıdır. Asif Atanın Ruhaniyyatı bir nəzəriyyə olmayıb, bənzərsiz Ruhani həyat sistemi, insanın özünütəsdiq imkanıdır. Mütləqə İnam Ocağı Atanın Müqəddəs Kitabları əsasında xalqın ruhani təsdiqini, varlığını yaradır, Türk xalqının özünəməxsus həyat tərzinin insani məzmununu təqdim edir.».

Tanınmış yazıçı-publisist Əlisahib Əroğul dedi: «İşıqlı özü demişkən, odun içinə atılıb. O, Ocağın tələbi səviyyəsində özünü mütləq təsdiq edəndə tanımadıqları belə ondan bəhrələnəcək. İşıqlı qardaşımızın ruhani doğum gününü təbrik edirəm”. 

Tanınmış aydın, naşir-jurnalist, dostu  Müşfiq Borçalı: «İşıqlı qardaşımı 20 ildir ki,  yaxından tanıyıram. Tələbəçilikdə həmişə onu axtaranda kitabxanada və oxu zalında tapırdıq. Bu illər ərzində İşıqlı Atalını əqidəyə bağlı şəxs olaraq tanımışam. Uğurlarına sevinirəm, qardaş. Həmişə belə İşıqlı olasan!”- dedi.

Maarif Teymur İşıqlı Atalı barədə düşüncələrini belə bölüşdü: «İşıqlı qardaşımı çoxdan tanıyıram. Onun qəribə xarakteri var. Onun Ocağın  yaşamasında özünməxsus xidmətləri var. Təbrik edirəm”.

Qəşəm Ruhdaş Ocaq Yükümlüsü haqqında duyğularını dilə gətirdi: «Müstəqil dünyabaxışı, sözü, düşüncəsi olmayandan Ocaqçı  olmaz. Ocağı müstəqil şəxs – Asif Ata yaradıb. Bu gün İşıqlı Atalı Ocaq Yükümlüsü olaraq bu yükü öz çiyinlərində daşıyır. O, cəmiyyətdə ciddi hörmət qazanıb. İşıqlı çətinliklərə üstün gələn, insanı dəyərləndirən, böyüdən şəxsiyyətdir”. Sonra Qəşəm Ruhdaş İşıqlı Atalıya həsr etdiyi şeiri oxudu.

Baba Əhmədli: «Elə bilin ki, İşıqlı Atalı haqqında deyilən bütün sözləri mən demişəm. Biz də çalışırıq İşıqlı Atalı kimi olaq”- edi.

Ayaz İmranoğlu: “Mən İşıqlı qardaşımı çox sevirəm. İşıqlı ləyaqət yolçusudur.  İnamı düz, əqidəsi safdır. İşıqlı Atalının fədakarlığından danışmaq adamdan hünər tələb edir”. Ayaz İmranoğlu da İşıqlı Atalıya həsr etdiyi şeiri oxudu.

İnamyurd Atalı: “İşıqlı haqqında deyilənlərin hamısı həqiqətdir. Burda yalnız İşıqlı haqqında gerçəklər deyildi”.

Tədbir boyunca tanınmış xanəndə, əməkdar artist Şahin Babayevin və Aşıq Fikrətin ifasında muğam və saz havaları səsləndi. Tədbirin sonunda Mütləqə İnam bayrağı qarşısında xatirə şəkil çəkildi. Çay süfrəsi ətrafında doğmalaşma söhbətləri oldu.

 

 

Xalq Cəbhəsi.- 2011.- 16 fevral.- S.14.