"Zərif imzalar"ın təqdimatı
Azərbaycan Qadın
Jurnalistlər Assosiasiyası (AQJA) və "Azercell
Telekom" MMC-nin birgə layihəsi olan "Zərif
imzalar" kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş
sözü ilə AQJA-nın rəhbəri Sevil Yusifova
açaraq, kitab haqqında məlumat verib. O, qeyd edib ki, kitabda
150-yə yaxın qadın jurnalistin həyatından bəhs edən
məlumatlar toplanıb və toplu iki dildə oxucuların
ixtiyarına verilib. Onun sözlərinə görə, Azərbaycan
milli mətbuatı tarixində ilk dəfədir ki, jurnalist
qadınlar haqqında iki dildə - Azərbaycan və ingilis
dilində belə ensiklopedik kitab işıq üzü
görüb.
"Kitab Azərbaycan
milli mətbuatının 135 illiyinə həsr olunub və
kitabın tərtibinə 2009-cu ildən başlanılıb. Lakin
texniki problemlərlə əlaqədar təqdimatı mətbuatımızın
135 illiyi ərəfəsində keçirə bilmədik",
- Yusifova əlavə edib.
O, deyib ki, kitabın
hazırlanması zamanı Azərbaycan mətbuatının
tanınmış simalarının həyatı ilə
yaxından tanış olmaq imkanı qazanıb.
"Onların həyatı
haqqında oxuyarkən heyrətlənməmək olmur. Bu
xanımların hər birinin həyatında müxtəlif
çətinliklər olub", – Yusifova qeyd edib.
Onun sözlərinə
görə, kitabın orjinallığı ondadır ki, məlumatlar
kiçik həcmli oçerklər kimi verilib. Toplunun
hazırlanmasında əsas məqsəd Azərbaycanın
tanınmış ziyalı qadınlarını ölkədən
kənarda da tanıtmaqdır.
ATƏT-in Bakı
ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel
çıxışı zamanı qeyd edib ki,
qadınların cəmiyyətdəki rolu olduqca
mühümdür. Onun sözlərinə görə,
ziyalı qadınlar bütün cəmiyyətlərin
aparıcı qüvvələridirlər.
"Azərbaycanda
qadınların bu şəkildə önə çəkilməsi
bizi məmnun edir", – Cankorel vurğulayıb.
Millət vəkili Məlahət
İbrahimqızı öz növbəsində qeyd edib ki,
siyasətçilər hər zaman özlərini jurnalistlər
qarşısında borclu hesab edirlər. Çünki məhz
jurnalistlər siyasətçilərin fəaliyyətlərini
cəmiyyətə çatdırır.
Tarix elmləri doktoru,
millət vəkili Musa Qasımlı da kitabın əhəmiyyətindən
söz açıb. O, bildirib ki, bu kitabın əhəmiyyəti
50-100 ildən sonra daha çox bilinəcək. Onun sözlərinə
görə, Azərbaycan Milli Mətbuatının tarixi
yazılarkən bu kitab mühüm istinad mənbəyi olacaq.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərinin
müavini Sədaqət Qəhrəmanova, Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin müəllimi,
professor Cahangir Məmmədli, KİV-ə dövlət
Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli və digər
şəxslər öz çıxışlarında
kitabın Azərbaycan mətbuatı və tarixi
üçün mühüm əhəmiyyət kəsb
etdiyini söyləyiblər.
Kitab rəngli, nəfis
tərtibatda nəşr edilib. Kitabın tərtibçisi
AQJA-nın rəhbəri Sevil Yusifova, baş redaktoru Şəhla
Bayat, redaktoru Musa Nəbioğlu, məsləhətçisi
professor Nadir Məmmədlidir
Aysel
Xalq Cəbhəsi.-2011.- 16 fevral.- S.7.