"Bütövləşməyə
hazır olmalıyıq"
"Azərbaycan-Türk
Ocağı"nda "Türkmənçay müqaviləsi"lə
bağlı konfrans keçirildi
Fazil Qəzənfəroğlu: "Güneyli
soydaşlarımıza örnək olacaq dərəcədə
demokratikləşməliyik"
Dünən "Azərbaycan-Türk Ocağı" Mətbuat Mərkəzində Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşəbbüsüylə "İtirilmiş torpaqların haray səsi" tədbirlər silsiləsindən "Türkmənçay müqaviləsi-183" adlı konfrans keçirildi.
Tədbir VHP Gənclər Təşkilatının hazırladığı videoslaydın nümayişilə başlandı. Sonra Türkmənçay müqaviləsinin şərtləri barədə məlumat verən Murad Əhməd bildirdi ki, çar Rusiyasıyla Qacar imperiyası arasında Azərbaycan torpaqlarını ələ keçirmək uğrunda müharibə sülh müqavilələriylə nəticələndi: "1813-cü il noyabrın 12-də çar Rusiyası ilə Qacar imperiyası arasında "Gülüstan sülh müqaviləsi" imzalandı. Bu müqavilə Azərbaycanı bölüşdürmək üçün başlanğıc oldu. Bundan sonra Azərbaycan torpaqlarının bölüşdürülməsi prosesi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanmasıyla başa çatdı. 16 maddədən ibarət müqaviləni çar Rusiyası tərəfindən İvan Poskoviç və Obrezkov, Qacar imperiyası tərəfindən isə Mirzə Əbdül bəy imzalayıblar. Eyni zamanda müqavilənin imzalanmasında rus yazıçısı Qriboyedov və azərbaycanlı mütəfəkkir Abbasqulu ağa Bakıxanov iştirak edib. Müqavilənin imzalanması nəticəsində Azərbaycan iki hissəyə bölündü. Araz çayından şimaldakı torpaqlar (İrəvan və Naxçıvan xanlığı daxil olmaqla) çar Rusiyasının, cənubdakı torpaqlar isə Qacar imperiyasının oldu".
"Türkmənçay müqaviləsi və onun Azərbaycana vurduğu zərbə" mövzusunda məruzə edən millət vəkili Fəzail İbrahimli dedi ki, hələ 1918-ci ildə Azərbaycan öz müstəqilliyini əldə edəndə cənubdakı təhlükəni nəzərə alaraq dövlət yazışmalarında "Qafqaz Azərbaycanı" ifadəsi işlətməyə məcbur olmuşdu: "1919-cu il Paris Sülh Konfransına İran nümayəndə heyətinin təqdim etdiyi sənəddə şimaldakı əraziləri aparılan müharibələrin nəticəsi olaraq bağlanmış Türkmənçay müqaviləsinə görə çar Rusiyasına güzəştə getdiklərini söyləmişdi. Eyni zamanda çar Rusiyası ləğv olunduğundan Gülüstan və Türkmənçay müqavilələrini pozduqlarını və Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisinin onlara məxsusluğunu iddia etmişlərdi. Bu gün Azərbaycan yenidən müstəqilliyini qazanıb, ancaq cənubdan təhlükə hələ də davam edir. Hətta İranın Ermənistanla əlaqələrini daha da gücləndirməsi Azərbaycanın problemlərinin həll olunmamasına istiqamətlənib. Ona görə də bu məsələləri daima diqqətdə saxlamalıyıq. İrandakı fars rejimi 30 milyondan çox soydaşımızın müstəqil Azərbaycan Respublikasının uğurlarını görüb imperiyını laxlatmasından qorxduğu üçün dövlətimizə qarşı hər vəchlə anti-təbliğat aparır". Onun sözlərinə məhz Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesi başlandı: "Hətta müqaviləyə bununla bağlı maddə də salınıb. Nəticədə İrandan 40 min, Türkiyədən 84 minə yaxın erməni indi Ermənistan adlanan tarixi torpaqlarımıza köçürülüb. Aparılan məkrli siyasətin nəticəsi olaraq 1918-ci il mayın 29-da paytaxtı İrəvan şəhəri olan Ermənistan yaradıldı".
DAK İdarə Heyətinin üzvü, hüquqşünas Adil Minbaşı "Türkmənçay müqaviləsi və onun hüquqi əhəmiyyəti" mövzusunda məruzəsində vurğuladı ki, müqavilənin ayrı-ayrı müddəalarının şərtlərinin yerinə yetirilməsi barədə əlavə razılaşmalar var. Həmin razılaşmalarda da üç yerdə Azərbaycanın adı çəkilir. Qalan maddələrdə isə Azərbaycan vilayət kimi təqdim olunur: "Əslində bu göstərir ki, müqavilədə Azərbaycan bütöv götürülüb. Çar Rusiyasının da Arazın şimalındakı torpaqları öz nəzarəti altına aldığı qeyd olunur. Hər halda biz bu müqaviləylə dünyaya bölünmüş xalq olduğumuzu izah etməkdə çətinlik çəkəcəyik. Ona görə də bütövləşmək üçün yalnız Güneydəki Azərbaycan türklərinin ayağa qalxıb öz müqəddəratlarını həll etməsi lazımdır. Bu baxımdan orada gedən milli azadlıq hərəkatına hərtərəfli dəstək verməliyik".
"Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycan" mövzusunda məruzəylə çıxış edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, həmin vaxt İran adlanan yerdə dövlət türk dövləti idi və Qacar imperiyasının başında Fətəli şah Babaxan dururdu: "Qacar imperiyasının başında duran bütün şahlar ağıllı və güclü siyasətçi olublar. Onlar türk olduğu üçün Osmanlı imperiyasıyla müharibə etməyiblər. Ancaq sonradan ingilislərin və farsların hiylələrinə uyan Abbas Mirzə kimi böyük sərkərdə Əfqanıstana yönələrək türkmənlərlə savaşır və onlara qarşı çox qəddar davranır. Bu onun həyatının faciəsidir. Bunun nəticəsində rus qoşunları Təbrizədək gəlir. Türkmənçay müqaviləsində də ingilisin və farsın əli var. Bilirsiniz ki, Fətəli şah Avropada gedən müharibədən bəhrələnməyə çox çalışırdı. Hətta ingilislərdən və başqalarından yardım almağa səy göstərirdi, amma ona xəyanət edildi. Çünki Azərbaycanın parçalanmasına və İran adlanan yerdəki türk hakimiyyətinə zərbə vurulmasına çalışılırdı. Türkmənçay müqaviləsindən sonra Qacar imperiyası zəiflədi, ruslara və ingilislərə də xidmət edən siyasətçilərin də hamısı farslardı. Hətta məşrutə dövründə onlar bütün vəzifələri tutduqlarından Qacar imperiyasının daxilində sanki fars dövləti yaranmışdı. Bununla da farsların - Pəhləvilərin hakimiyyətə gəlməsinə zəmin yarandı. Bunda da ingilislərin və rusların böyük köməyi oldu. Pəhləvilərin hakimiyyətə gəlməsiylə Güney Azərbaycandakı soydaşlarımızın faciəsi başlandı".
Azərbaycan Turizm Universitetinin müəllimi, tarixçi alim Məhərrəm Zülfüqarlı "Türkmənçay müqaviləsindən sonra Quzey Azərbaycan" mövzusunda məruzəsində dedi ki, sözügedən müqavilədən sonra həm şimalda, həm də cənubda vəziyyət çox çətin idi: "Ruslar komendant üsul-idarəsi yaratmışdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, Rusiya çarı Azərbaycandakı durumu öyrənmək üçün iki nümayəndə göndərmişdi. Onlar öz izahatlarında yazırdılar ki, komendantlar camaata çox zülm edir, hətta qadınlara belə cəza üsullarını tətbiq edirlər. Ona görə də Azərbaycanda Türkmənçay müqaviləsindən sonra üç üsyan baş verib. Bunlar 1830-cu il Car-Balakən, 1831-ci il Lənkəran və 1837-ci ildə Quba üsyanıydı". Onun sözlərinə görə, yeni nəşr olunan tarix kitablarında sovet dövründə yazılmış fikirlər hələ də qalır: "Məsələn, Şah İsmayıl Xətai, Nadir şah Əfşar və s. barəsində yazılmış mənfi fikirlər təmizlənməyib. Biz hələ Çar Rusiyası - Qacar imperiyası arasında gedən müharibələrdə ruslara qarşı qəhrəmanlıqla vuruşmuş öz qəhrəmanlarımızı tanımırıq. Hətta onlarla bağlı mənfi imic formalaşdırılıb. Buna Abbas Mirzəni örnək olaraq göstərmək olar. 16 yaşlı bu gənc böyük bir qoşuna rəhbərlik edərək ruslarla vuruşub. Onu Şah İsmayıl Xətai ilə müqayisə etmək olar. İranda fransız dilindən Jan Jak Russonun əsərini türkcəyə kitabları məhz Abbas Mirzə tərcümə edib, ilk mətbəəni gətirib. Biz Gülüstan və Türkmənçay müqavilələrinədək bütöv bir dövlətin vətəndaşları olmuşuq. Bu müqavilələrin bağlanmasında İngiltərə fəal iştirak edib. Məhz Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarının boğulmasında da SSRİ (Rusiya), İngiltərə və Fransa böyük rol oynayıb. Mən bu gün İranın demokratikləşməsinin tərəfdarıyam".
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu çıxışında vurğuladı ki, istər Gülüstan, istərsə də Türkmənçay müqaviləsi Azərbaycan tarixinin ağrılı faciəsidir: "Bu gün hüquqi cəhətdən "bölünmüş xalq" statusu almağımız mümkün deyil. Çünki Azərbaycan konkret hansısa dövlətlər arasında bölüşdürülməyib. Ona görə də azərbaycanlıların əsas hədəfi Güney Azərbaycanda müstəqil dövlətin yaranmasına aparıb çıxa biləcək bir mübarizənin dəstəklənməsidir. Əks təqdirdə, biz "Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində bölündüyümüzü sübut edə bilməyəcəyik. Ona görə də Azərbaycan Respublikası olaraq təhsil, səhiyyə sistemimizi daha güclü inkişaf etdirməliyik, güneyli soydaşlarımıza örnək olacaq dərəcədə demokratikləşməliyik. Bu gün Tunis, Misir və Yəməndə baş verən hadisələr İranı da öz ağuşuna alacaq. Ona görə də hər şeyə hazır olmalıyıq".
Bundan əlavə, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, AMEA-nın Tarix İnstitutunun elmi işçisi, fəlsəfə elmələri doktoru Dilavər Əzimli, VHP Siyasi Şurasının üzvü Arif İsmayılbəyli və başqaları çıxış etdilər. Sonda VHP Gənclər Təşkilatının adından Azərbaycana "Bölünmüş xalq" statusunun verilməsi məqsədilə BMT-yə müraciət ünvanlaması üçün Milli Məclisə müraciət qəbul olundu.
Real Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 16 fevral.-
S.4.