“Hər sözü bir ulduz, bir şəffaf
almaz...”
"...Mən hələ
Dövlət Təhlükəsizliyi Komitəsində işləyən
zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi
meydana çıxmışdı. O vaxt mən onu xilas etdim,
qoymadım həbs olunsun. Onunla dəfələrlə söhbətlər
apardım, məsləhətlərimi verdim... O, həmin
vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə
görə?.. Ona görə ki, millətini sevirdi, millətin
qayğıları haqqında şeirlər yazırdı. "Gülüstan"
poemasını yazmışdı. Ondan ötrü o zaman onu həbs
etmək məsələsini qoymuşdular".
Heydər ƏLİYEV
Dahi şəxsiyyət, söz, sənət korifeyi Bəxtiyar Vahabzadə təbiətin nazlı-qəmzəli, barlı-bərəkətli, hirsli-hikkəli pay verdiyi Şəkidə dünyaya göz açmışdı. Tələbə, aspirant, elmlər namizədi, elmlər doktoru, professor, akademik... kimi əzablı-əziyyətli, enişli-yoxuşlu yol keçmişdi. Bu misraları isə ömrü boyu qan yaddaşında onunla yoldaşlıq etmişdi:
Allaha ucalan ulu bir yolun,
İlkin pilləsidir Allahu-Əkbər.
Haqqı dananların
üzünə dəymiş
Haqqın şilləsidir
Allahu-Əkbər...
Onun ilk şeiri 15-20
yaşlarında işıq üzü görmüşdü:
"Ana və şəkil". Fikrimcə, burada "ana"
sözü ümumiləşmiş deyimdir. Məsələn,
anam mənim, ana Vətən, anam Azərbaycan, anam
azadlıq... Dəfələrlə şahidi olmuşam ki, Bəxtiyar
müəllim lirik, poetik sözlərdən daha çox
"ana" kəlməsini necə dadlı-duzlu tələffüz
edir. Elə bu səbəbdən də anaya istək, hörmət,
ana ucalığının təsvir, tərənnümü
onun yaradıcılığından bahar mehi kimi yumşaq,
mülayim keçir:
...Bir ananın
alqışı
Min övlada bəs edər.
Bir ananın
qarğışı
Bu dünyanı tərpədər.
Tələbəsi, oxucusu, pərəstişkarı
kimi mənim aləmimdə dahi, işıqlı təfəkkür
sahibi Bəxtiyar Vahabzadənin iki and yeri, məbədi olub.
Biri anasının südü, onun məzarı, ikincisi isə
anasından ayrılıb müəlliminə
tapındığı, sığındığı,
güvəndiyi, onun müqəddəsliyini anladığı
məktəb! Onun misralarında ana kövrəlir, incəlir,
qürrələnir, bəzən isə üzündən
sevinc, bəxtəvərlik, fərəh yaşı gilə-gilə
axır, balasına xeyir-dua verir:
Get, ey yavrum, qəlbini gələcəyə
bağla sən,
Cocuqluq həyatının ən
qayğısız çağıdır.
Açılmış
cığırlarla bu gün dərsə
gedirsən -
İllər ötüb
keçdi. Bir az naşı, nabələd, bir az da
küskün, kövrək uşaq - artıq şöhrət
zirvəsinə ucalan Bəxtiyar Vahabzadə o
çağları beləcə sevgiylə, intizarla, həm də
nisgil-həsrətlə xatırladı:
A məktəb yolları, məktəb
yolları,
Sizdə qar da gördüm,
duman da, çən də.
Könlüm yarpaq kimi titrəyib
əsir,
Yenə bu yollardan
ötüb keçəndə...
Etiraf vicdanın səsidir.
Bu fikri milli poeziyamıza məhz Bəxtiyar Vahabzadə gətirib.
O, yazıb: "Mən və yaşıdlarım Nəbi Xəzri,
Hüseyn Arif, Qabil, Qasım Qasımzadə və
başqaları ədəbiyyata gəldiyimiz zaman ən
çox öyrəndiyimiz və təqlid etdiyimiz şair
S.Vurğun və O.Sarıvəlli idi. Lakin bu o demək deyil
ki, biz bu gün S.Vurğundan lazım olanı öyrənib
qurtarmışıq. Xeyr, bu gün də şeirimiz
S.Vurğun "havası" ilə yaşayır. S.Vurğun
şeiri elə bir tilsimdir ki, onun məzmunundanmı,
formasındanmı, tərzindənmi öyrənmişik - demək
çətindir. Ustad şairi hər dəfə oxuyanda sanki
bir tilsimə düşürəm. Bu tilsimin nə adı, nə
ünvanı, nə ilkini, nə də sonunu tapa bilmirəm..."
Bəxtiyar Vahabzadə kimi
bütün rütbələri və şöhrət
titullarını qazanmış alimin, şairin, mütəfəkkirin,
ictimai-siyasi xadimin arxaya baxarkən ustadını belə
xatırlaması bu gün də, həmişə örnək
olmalıdır. çünki bu keyfiyyətlərilə o, bir
daha gələcək nəsillərə nümunə
olacağını təsdiqləyib.
Onu sevməmək olmur.
ötən əsrin ikinci yarısında B.Vahabzadə
şair, alim, vətənpərvər, xalqsevər, zaman-zaman
hüquqları tapdanmış soydaşlarımızın
müdafiəçisi kimi tanınmışdı. Bu barədə
şair-publisist, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının
dediklərini xatırlayıram: "Bəxtiyar Vahabzadə
yaradıcılığına heyran olanlar da var, nisbətən
soyuq yanaşanlar da. Bu cür müxtəliflik təbiidir və
küll halında ədəbiyyatımızın xeyrinədir.
Lakin oxucu fikrini kənara qoyub B.Vahabzadənin
yaradıcılığına bir ədəbi hadisə kimi
yanaşsaq, istər-istəməz onun xalqımızın
ictimai-ədəbi fikrində oynadığı rola nəzər
salsaq görərik ki, şairin səsinə həmişə
səs veriblər. O, bir yox, bir neçə nəsil oxucunun vətəndaş
kimi yoğrulub-doğrulmasında heç bir tərəzi ilə
ölçülə bilməyən iş görüb... Məncə,
sənətkar üçün bundan böyük xoşbəxtlik
ola bilməz!.."
Bəxtiyar müəllim
"Gülüstan" poemasını yazanda bu
günümüzdə adı, zəhmi ağır
olanların, böyük arzularla yaşayanların çoxu hələ
dünyaya gəlməmişdi. "Gülüstan" dərdlinin
dərd əlindən inləməsi, yanğısı,
ağrı-acısı, haray-həşiriydi. çünki
ana balasından, bacı qardaşından ayrı
düşmüşdü. Acılar, həsrətlər,
intizarlar kimisini kor, lal, kar, kimisini də mayıf, şikəst
etmişdi. Kimin nə haqqı, ixtiyarı vardı ki, səsini
çıxardaydı? "Qırmızı imperiya" onun bəbəyinə
köz basardı... Heç demə, belə hünərli, cəngavər,
iki qardaşın ayrılıq dərdini çəlimsiz
çiynində çəkən də varmış... Bu, Bəxtiyar
Vahabzadə idi. O, yaxşı bilirdi ki, "ipək dəsmalla
eynəyini silib bir süfrəni yarı bölənlər"
kimlərdir. İndi - müstəqillik qazanandan sonra həmin o
ayrılığın səbəblərini
pıçıltıyla yox, hətta bar-bar bağırıb
demək də mümkündür. Bəs onda? Onda xalqın
comərd oğlu Bəxtiyar çarəsizlikdən
ünvanı dəyişirdi. Məzmun, məntiq isə həyəcan
təbilinə çevrilirdi:
Yad dildə məktub
yazıb
Qardaş öz
qardaşına.
Bu məktubu oxuyan
Nə kül töksün
başına?..
Bəxtiyar müəllim
sözlə, poetik fikirlə millətimizin acı taleyinə
monumental heykəl ucaldıb!
Ana dilim, səndədir
xalqın əqli, hikməti... Təxminən 6-7 il əvvəl
Milli Məclisin gündəliyinə salınan əsas məsələlərdən
biri "Azərbaycan dilinin işlənməsi və
qorunması haqqında" qanun layihəsi idi. Deputatlardan Anar,
Nizami Cəfərov və başqaları çalışırdılar
ki, doğma dilimiz heç olmasa bundan sonra urvatlı tutulsun. Əlbəttə,
belə qayğı tərifə və təqdirəlayiqdir.
Ancaq gəlin unutmayaq. Bir anlığa ötən günlərə,
təxminən 56 il əvvəl yazılmış bu şeirə,
haraya, həm də nifrətə diqqət yetirək:
...Ey öz doğma dilində
danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbimzi oxşamır
qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən
çörəyi sizlərə qənim olsun!
Bax, belə amallarla
yaşamış, ucalmış, böyüklük, müqəddəslik
qazanmışdı Bəxtiyar müəllim. Həmin tədbirdə
o da iştirak edirdi. Duyurdum ki, o, təbiətinə uyğun
yenə narahat, müzakirələrdən gileylidir.
çünki ana dilimizi tam, dürüst bilməyən bəzi
deputatlar yenə fikir ayrılığı yaradır, "hətərən-pətərən"
danışırdılar.
Fasilə zamanı ustada
yaxınlaşdım. Qanun layihəsinin müzakirəsinin necə
keçməsi barədə sualıma belə cavab verdi:
"Ay oğul, bir qüvvə ki ana südü, ana laylası
ilə varlığa, qana, cana hopub, onu müzakirə etməzlər.
İndi nədən, kimdən qorxub, ehtiyatlanıb, çəkinməliyik?
Yenəmi "qırmızı imperiya" Damokl
qılıncı kimi başımızın üstündə
asıla qalıb? Axı daha müstəqilik. Bilməliyik ki,
ana dilimiz bizlərə "Qurani-Kərim" qədər
qiymətli, əvəzolunmazdır, vəssalam!"
Belə bir əqidənin, məsləkin
sahibi idi sevimli sənətkarımız, söz
ustadımız.
Qarabağ, ay Qarabağ...
Düçar olduğumuz qondarma Qarabağ problemi Bəxtiyar
müəllimin bəlkə də ən göynərtili,
işgəncəli dərd-bəlası idi. ötən əsrin
80-ci illərinin sonlarında hadisələr məhvərindən
çıxmışdı. Adamlar, xüsusən Qarabağ mahalında
yaşayan soydaşlarımız respublikanın o dövrkü
rəhbərlərinə güvənir, inanır, min bir əzablara
qatlaşıb yurd-yuvalarını tərk etmirdilər. Belə
çətin günlərdə zamanın, yoxsa insanların
dönüklüyünə tab gətirə bilməyən Bəxtiyar
Vahabzadə gecə-gündüz hayqırır,
yaradıcılığı ilə həyəcan təbili
çalır, oxucuları düşündürən
publisistik, bədii yazıları ilə mətbuatda
çıxış edərdi. Hörmətli şairimiz
milliyyətcə erməni, lakin Azərbaycan
torpağının yetirməsi olan yazıçı Aleksandr
Şirvanzadənin bu fikrini də yazılarının birinə
əlavə etmişdi: "Zaqafqaziya sacayaq kimidir,
ayağının birini qırsan, bütünlüklə
yıxılıb böyrü üstə düşəcək".
Lakin şairin haray-həşiri
səlahiyyəti olan ixtiyar sahiblərinə
çatmırdı. Daha doğrusu, onların başı
şəxsi hərisliklərinə
qarışmışdı. İnildəyən,
sızıldayan, zarıyan, hər gün qorxu-hürkü
içində yaşayan adamlar, torpaqlarımız
büsbütün unudulmuşdu. Bəxtiyar müəllim
artıq dözə bilmədi, üsyan səsinin
formasını dəyişib belə bir həmişəyaşar
bədii, yaradıcı inqilab etdi:
Millət Qarabağda
qırılan zaman,
Oğlunun toyunda
çalıb-oynayan
Adamdan millətə baş
ola bilməz...
Bu Vətən mənimdir, bu
Vətən sənin,
Səngərdə əsgərə
dəyən güllənin
Ağrısı qəlbində
göynəməyən kəs,
Bu boyda millətə baş
ola bilməz!..
Hələlik Qarabağ
qarşıdurması ermənilərin xeyrinə səngiyib. Məcburi
köçkünlərimiz doğma yurd yerlərindən didərgin
düşərək Milin, Muğanın, Haramının ilan
mələşən düzlərində məskunlaşıblar.
Gün-güzəranları xoş keçsə də, yurd həsrətindən
can çürüdürlər. Bu da unudulmaz şairin fikridi:
"Ay oğul, özümüzü elə aparırıq ki,
guya məğlub biz yox, düşmənlərimizdir. Toylarda,
televiziya ekranlarında elə qol götürüb
oynayırlar, qalıram məəttəl. Ay qardaş, oynamaq
bizim haramıza yaraşır?.."
Telman MEHDİXANLI
Xalq Cəbhəsi.- 2011.- 17 fevral.- S.14.