"Güney Azərbaycan Milli Hərəkatı çox həssas dövrünü yaşayır"

 

 "Ərəb ölkərində baş verən hadisələr demokratiyaya rəqib ideoloji və teokratik hökumətlərin çöküşü deməkdir"

 

"Fars şovinist rejimi Azərbaycan Respublikasının istiqlaliyyəti və inkişafının Güney Azərbaycana təsirindən qorxur"

 

"Mahmudəli Çöhrəqanlı yalan ittihamlarla və qarayaxmalarla özünü daha da gözdən salır"

 

Duman Savalan Güney Azərbaycanın Xiyov (Meşkin) şəhərində anadan olub, orta təhsilini bu şəhərdə alıb. Təbriz Universitetinin mexanika mühəndisliyi fakültəsini qurtarıb. Gənc yaşlarından Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəallarından olub. Tələbəçilik illərində Təbriz Universitetində aktiv fəaliyyət göstərib. Xatırladaq ki, Güney Azərbaycan Milli Hərəkatının tarixində mühüm bir dönəm olan 2006-cı ilin may hadisələri də məhz Təbriz Universitetindən başlayıb. "Ettelat" 2008-ci ildə Duman Savalanı və yoldaşlarını milli fəaliyyətlərinə görə, həbs edərək aylarla işgəncələrə məruz qoyub. Duman Savalana qarşı qrup yaratmaq, casusluq ittihamı irəli sürülüb. Birinci ittihama görə, 3 il həbs cəzası alıb. İkinci ittihamıyla bağlı məhkəməsi qurulmadan GAMOH MK-nın məsləhətilə İranı tərk etmək məcburiyyətində qalıb. Onu da qeyd edək ki, Duman Savalan 6 ildir ki, GAMOH MK-nin üzvüdür, hazırda Mərkəzi Komitənin xaricdəki təmsilçisidir.

-Siz Güney Azərbaycan Hərəkatının içindən gələn şəxslərdən birisiniz. Güney Azərbaycan Milli Hərəkatının indiki durumunu necə görürsünüz?

- Milli Hərəkatın indiki durumunu bir çox cəhətdən qiymətləndirmək olar. Əhəmiyyətli cəhət budur ki, milli hərəkatın xaricində və daxilindəki proseslər hərəkatı yeni bir dönəmə daşımaqdadır. Xarici amil deyəndə, İran-Qərb münasibətləri, bölgədə baş verən hadisələr, o cümlədən ərəb ölkələrinin demokratikləşməsi cəhdləri, İranda farsların "yaşıl hərəkatı", İranın nüvə proqramının yaratdığı beynəlxalq gərginlik, habelə Azərbaycan Cümhuriyyətilə İran arasında münasibətlərin gərginləşməsini nəzərə alırıq. Bu dəyişikliklər milli hərəkatımızı düşündürür. İndiyə qədər tutduğu yola və düz bildiyi yanaşmalara yenidən baxmağa məcbur edir. Baş verənlərin təhlili milli siyasi şüurun formalaşmasına yardım göstərir. Məncə, milli hərəkat içində təşkilatlanma, birlik, liderlik anlayışı, etik prinsiplərə yenidən baxılır, dəyərləndirmələr aparılır. Yeni millətçi nəsil hərəkatımıza sahib çıxaraq, özüylə bu dəyişimi hayata keçirir. Milli hərəkatımızda bir sıra şüarların yerinə, artıq real siyasətə doğru addım atmaq zamanı gəlib. Bu cəhətdən milli hərəkatımız çox həssas mərhələ yaşayır.

- GAMOH Mərkəzi Komitəsinin xaricdəki nümayəndəsi kimi hansı işləri görürsünüz?

- Güney Azərbaycanda fəaliyyət təhlükəsizlik baxımından nə qədər çətin olsa da, xaricdə çalışmağın da özünməxsus çətinlikləri var. Xaricdə çalışan soydaşlarımızın müxtəlif yerlərə səpələnməsi, millətçi gənclərin azlığı, bəzi şəxsi ixtilaflar, xaricdə yaşayanlarla içəridəkilərin bəzi fikir anlaşmazlımı, öncədən yaranmış mexanizmlərin olmaması və ya az olması, "Ettellaat"ın müdaxiləsi bəzən xaricdə də işlərin istənilən kimi reallaşmasına mane olur. GAMOH olaraq, müvəqqəti reklamdansa, daimi və köklü sistemin qurulmasına, güclənməsinə çalışırıq. Altı il öncə milli hərəkatda birləşmə üçün yol xəritəmizi güclü təşkilatların yaranması və birləşməsi müstəvisində planlaşdırmışıq. Təşkilatımızın xarici qollarında da bu fəaliyyət prinsipini əsas götürürük.

- Güney Azərbaycanda 2010-cu ilin mayından GAMOH üzvlərinin həbsinə başlanıldı. Mətbuatda yazılan bəzi iddialara görə tutulanların əksəriyyəti Mərkəzi Komitənin üzvləridir. Bu kütləvi həbsləri necə dəyərləndirirsiniz?

- Həmin ilin may ayından İran təhlükəsizlik qüvvələrinin başladığı həbslər milli hərəkatın təşkilatlanması, demokratikləşməsi yolunda addımlar atan GAMOH-a zərbə idi. "Ettellat" 20-yə yaxın GAMOH üzvünü tutaraq onları GAMOH Mərkəzi Komitəsinin üzvləri kimi qələmə verməyə başladı.

"Ettelaat"ın məqsədi millətimizi GAMOH-un məhvinə inandırmaq olub. Guya millətimiz bu həbslərlə GAMOH-un birdəfəlik yox olmasına inanacaq və ümidunu kəsəcək! Təəssüf ki, bir sıra şəxslər də öz mənfəətləri naminə bu sözləri yaymağa başladılar. Amma həbslərdən sonra GAMOH Mərkəzi Komitəsi bütün iddiaların yalan olduğunu, özünün geniş fəaliyyətilə təsdiqlədi. Son 7-8 ayda GAMOH-un Güney Azərbaycanda, İrandakı fəaliyyəti keçən 2 ildən daha yüksək səviyyədə həyata keçirilib. Onu da deyim ki, 7-8 aylıq həbs, istintaq, işgəncədən sonra həmin 20 nəfərdən yalnız iki nəfərə qarşı "GAMOH Mərkəzi Komitəsinin üzvü olmaq" ittihamı irəli sürülüb.

- Yürüş Mehrəlibəyli və Lətif Həsəni həbsdən çox gec buraxıldılar. Onlara həbsxanada çox ağır işgəncələr verildiyi barədə mətbuatda xəbərlər yayıldı. Bizim qəzet də bu barədə yazmışdı. Həmin 2 nəfərin bu qədər həbsdə saxlanılma səbəbləri nə ola bilər?

- Doktor Lətif Həsəni və Yürüş Mehrəlibəyli Güney Azərbaycan Milli Hərəkatının liderlərindən sayılırlar. Digər həbs olunan soydaşlarımız kimi, bu iki qəhrəmanımızın hərəkatda böyük təsiri var, millətimiz arasında çox sevilirlər. Fars şovinist rejimi həbsdə daha çox saxlamaqla, onları mənən sındırmaq istədi, amma bacara bilmədi.

- Son zamanlar GAMOH daxilində gedən proseslərdə, o cümlədən Mahmudəli Çöhrəqanlının müsahibəsində də sizin adınız hallandırılıb. Bu haqda nə deyə bilərsiniz?

-Hər şeydən əvvəl deməliyəm ki Çöhrəqanlı bəy həm milli hərəkata, həm də GAMOH-a dəyərli və danılmaz xidmətlər göstərib. Buna görə ona hər zaman sayğımız olub və olacaq da! Amma bir söz var: "Kiçik insanlar şəxslərdən, orta səviyyəli insanlar hadisələrdən, böyük insanlar düşüncələrdən danışarlar".

- Mahmudəli Çöhrəqanlı iddia edir ki, GAMOH sədrliyindən istefa verməyib. O, İranın kəşfiyyat orqanlarının GAMOH Mərkəzi Komitə üzvlərinin aşkarladığını və milli hərəkatçıların fəaliyyətsiz duruma düşdüyünü iddia edib. GAMOH Mərkəzi Komitəsi isə onun istefa verdiyini bəyanlayıb. Mərkəzi Komitə üzvü kimi deyə bilərsinizmi ki, Mahmudəli bəyin istefası nə qədər həqiqətdir?

- GAMOH Mərkəzi Komitəsinin bəyanatlarında açıqlandığı kimi, bir daha vurğulayıram ki, hörmətli Mahmudəli Çöhrəqanlı GAMOH başqanlığı və üzvlüyündən 12.05.2010 tarixində istefa vermiş və istefasını da Mərkəzi Komitə 2.06.2010 tarixində qəbul olunub. Ondan sonra həmin qərarda heç bir dəyişiklik olmayıb. Bu qərara əks hər bir iddia, hər bir bəhanə, nə olursa, olsun, milli hərəkatımıza, özəlliklə GAMOH-çulara hörmətsizlikdir, heç bir rəsmiyyət daşımır.

- Mahmudəli Çöhrəqanlı müsahibəsində həbs olunduğunuz zamanı əlinizdə olan bütün məlumatları işgəncələr altında "Ettelaat"a verdiyinizi bildirir. Bu çox ağır iddiadır...

-Çöhrəqanlı bəyə hörmətimizə baxmayaraq, təəssüf ki, belə yalan ittihamlarla və qarayaxmalarla özünü daha da gözdən salır. Ancaq onun əvvəllər də belə sözlərinə şahid olmuşuq. İnanırıq ki, belə ittihamlar Çöhrəqanlı bəyin siyasi intiharıdır. Bir daha tövsiyə edirik və arzu edirik ki Çöhrəqanlı bəy onu müdafiə edənləri utandırmasın. Digər tərəfdən, hər belə ittiham milli hərəkatda siyasi əxlaqın aşağı düşməsinə, etik sərhədlərin pozulmasına, ictimai sərmayəmizin zədələnməsinə səbəb olur və bu tendensiya da çox təhlükəlidir.

- Mərkəzi Komitə GAMOH-a aid saytları Mahmudəli Çöhrəqanlının ələ keçirdiyini bildirib. Hazırda vəziyyət nə yerdədir?

- Hazırda WWW.GAMOH.ME saytı təşkilatın rəsmi ünvanıdır.

- Ərəb ölkələrində baş verən hadisələr İrana da oxşar təsir göstərə bilər?

- Əlbəttə! Ərəb ölkərində baş verən hadisələr demokratiyaya rəqib sayılan ideoloji və teokratik hökumətlərin çöküşü deməkdir. Bu hadisələr fars şovinist hökumətinin anti-humanist mahiyyəti, İranla ərəb ölkələrinin qonşuluqları, fars-ərəb tarixi rəqabəti, "yaşıl hərəkat"ın fəaliyyəti və s. məsələlər baxımından öz ciddi təsirlərini göstərir.

- Son aylarda fars şovinist rejimi Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməyə çalışır. Fars rejiminin mətbuat orqanları, telekanalları, o cümlədən, "Səhər-2" telekanalı Azırbaycan Respublikasına qarşı təxribat xarakterli verilişlər yayır. Siz də İsveçdə İran konsulluğu qarşısındakı etiraz mitinqinə qatıldınız. Baş verənləri necə dəyərləndirirsiniz?

- Fars şovinist rejiminin Quzey Azərbaycan Cümhuriyyətinin daxili işlərinə müdaxilə etməsi, yalan iddiaları təzə deyil. Əslində fars şovinist rejimi Azərbaycan Respublikasının istiqlaliyyəti və inkişafının Güney Azərbaycana təsirindən qorxur. Quzey Azərbaycan dövləti indiyə qədər baş verənlərə təpkilər göstərməkdə yubansa da, sevinirik ki, artıq aktiv mövqe tutur.

- Qarşıdan 22 fevral Beynəlxalq Ana Dili günü və 26 fevral Xocalı soyqırımı günü gəlir. Təşkilat olaraq hansısa tədbirlər planlaşdırırsınızmı?

- Hər zaman olduğu kimi tədbirlər planlaşdırmışıq. Ana Dili günüylə bağlı ortaq bəyanat verəcəyik, Norveçdə keçiriləcək tədbirə qatılacağıq. Xocalı soyqırımı günüylə bağlı da "Bakı" dərnəyi, GAMOH, GADP, "Oğuzlar qrupu" digər təşkilatlarla birgə İsveçdə etiraz yürüşü keçirəcəyik. Xocalı soyqırımının tanınması tələbini irəli sürəcəyik, ermənilərin millətimizə qarşı törətdiyi bu tarixi cinayətin İsveç cəmiyyətinə bildirməyə çalışacağıq. Mitinq-yürüş Goteborg-Gotaplatsendən başlayacaq və Brunsparken meydanında qətnamənin oxunmasıyla bitəcək.

 

 

Təbriz Quzeyli    

  

Xalq Cəbhəsi.- 2011.- 17 fevral.- S.6.