"
Qüdrət
Həsənquliyev: "İranda
rejimin devrilməsi böyük aşınmalarla
müşayiət olunacaq"
"Azərbaycan xalqı
artıq "xişnik"lərin
siyasi aktivliyini, özlərindən qəhrəman
düzəltmələrini qəbul etmir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) sədri, millət
vəkili Qüdrət
Həsənquliyevin APA-ya
müsahibəsini oxucularımıza
təqdim edirik.
- Azərbaycanda
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə" üzrə
Milli Strategiyanın
(2007-2011-ci illər) həyata
keçirilməsi çərçivəsində
işlər aparılır.
Bu proses çərçivəsində
bir sıra qurumlarda nöqsanlara yol verən şəxslərin işdən
azad olunması, hüquq-mühafizə orqanlarına
müraciətlər edilməsi
kimi məlumatlar yayılır. Sizin bu prosesə münasibətiniz necədir?
- Korrupsiya
ölkənin ciddi problemlərindən biri idi və ciddi
problem olaraq qarşıda
dayanırdı. Ona görə
də bu istiqamətdə atılan
addımları təqdir
edirik. Əlbəttə, hər şeyin
bir ayın içərisində düzələcəyini,
bu kampaniyanın da bütün istiqamətlərdə keçəcəyini
düşünmürük. Təbii ki, bu prosesdə
müəyyən nöqsanlar,
sui-istifadə halları
da olacaq. Bütövlükdə korrupsiyaya qarşı
mübarizə tədbirlərinin
keçirilməsini alqışlayırıq
və dəstəkləyirik.
Partiya olaraq bu sahədə
öz köməyimizi
də əsirgəməyəcəyik.
Onu da deyim ki,
bu problemlərin üzərinə getməyin
zamanı çatdığını
da kampaniya başlamamışdan əvvəl
dəfələrlə qaldırmışıq.
Hesab edirəm ki, hakimiyyətin hansı motivlərlə bu addımı atmasından asılı olmayaraq, bu addım təqdir
olunmalıdır. Bir qrup qüvvələr bu addımlara başqa siyasi rənglər verməklə, sanki dolayısıyla hökuməti
islahatlardan çəkindirməyə
çalışırlar. Fikrimcə, hakimiyyət hansı siyasi qüvvənin bunu nə cür
adlandırmasından asılı
olmayaraq ardıcıl
fəaliyyətini davam
etdirməlidir, bu birmənalıdır ki, belə addımların atılması xalq arasında hökumətin
nüfuzunu artırır.
Ən əsası isə bu addımlar xalqın maraqlarına uyğundur.
- Son günlər
İranda baş verən aksiyalarla bağlı fikrləriniz nədən ibarətdir? Bunu ərəb dünyasında
baş verənlərin
davamı saymaq olarmı?
- Əslində, ərəb
dünyasında baş
verənlər İranda
olanların davamıdır. Çünki
bir il
əvvəl İranda
keçirilən prezident
seçkilərindən sonra
seçki saxtakarlığına
etiraz olaraq islahatçılar küçələrə
axışmışdılar. Onlar indiki fars-molla rejimini nisbətən yumşaltmağa çalışırdılar.
O zaman molla rejimi bu prosesi
zor gücünə dağıtdı. Qadınları, kişiləri qətlə
yetirdilər, həbsxanalara
atdılar və aksiyaları zor gücünə yatırdılar.
Amma xalqın narazılığı
qalır. Misirdəki proseslərdən
sonra insanlar ikinci dəfə küçələrə çıxdılar.
Bu onu göstərir
ki, müsəlman dünyasında oyanış
baş verir. Xalqlar oyandıqca daha çox azadlıqlar və hüquqlar istəyirlər. Yeri gəlmişkən
deyim ki, dünyadakı proseslər
bütün ölkələrə,
o cümlədən Azərbaycana
da təsir göstərir. Azərbaycan müasir
dünyanın bir hissəsidir və dünyada baş verənlər yaxından izlənilir.
- Sizə
elə gəlmirmi ki, ərəb dünyasında baş verən proseslər son nəticə olaraq İrandakı rejimin dəyişdirilməsinə hesablanıb?
- Mən
bu fikirdən uzağam ki, ərəb dünyasında
baş verənlər
qərb ölkələri
və ya ABŞ tərəfindən təşkil
olunub. Məsələn, Misirdə Mübarəkin
hakimiyyətdə qalmasını
ABŞ çox istəyərdi.
Bunu Amerika rəsmilərinin yumşaq bəyanatları
da göstərirdi, sadəcə olaraq, xalqın böyük iradəsini ortalıqda görəndən sonra ikibaşlı bəyanatlar
verməyə başladılar.
- Azərbaycanda
partlayışlar törətmək,
terror aksiyaları hazırlamaq
istəyən bir neçə nəfərin
həbsinə İran
sərt reaksiya verdi. Amma bu gün aksiyalarda onlarla dinc insana
divan tutulur, təzyiqlərə
məruz qalır və öldürülür.
Bunu necə qiymətləndirmək
olar?
- İranda hakimiyyətdə
olan fars-molla rejimi dünyanın ən qəddar rejimidir və həmin rejimin zülmündən 35 milyon
soydaşımız da
əziyyət çəkir. Bu rejim qədər ikiüzlü, qəddar rejimi dünyada tanımıram. Nə
Misirdəki, nə Liviyadakı, nə Yəməndəki rejimləri
bununla müqayisə etmək olar. Molla rejimi qəddar
və amansızdır,
ona görə ki, din pərdəsilə silahlanıb. Təhlükəliliyi də məhz
bundadır. Bütün əməllərini
də məhz bu din pərdəsi altında edir. Bu rejimin törətdiyi
cinayətləri artıq
İranın nüfuzlu
ayətullahları da sadalayırlar. Bir sıra ayətullahlar siyasi məhbusların ailələrilə görüşlərdə
belə fikrlər səsləndiriblər ki,
mövcud rejimdə islam adına
heç nə qalmayıb. Bu rejimin
başında duranların
əlləri çox
qanlara, cinayətlərə
batıb. Ona görə
də öz hakimiyyətlərini qorumaq
üçün hər
şeyə getməyə
hazırdılar. Deyə
bilərəm ki, artıq xalq içində nüfuzunu itirmiş belə bir rejimin hakimiyyətdən
devrilməsinə də
az vaxt
qalıb. Bu rejimin
devrilməsi böyük
aşınmalarla müşayiət
olunacaq. Buna uzun zaman qalmayıb.
- Son illər
siyasi proseslərdən
kənarda qalmış,
vaxtilə xalq hərəkatının sıralarında
təmsil olunmuş şəxslərin yenidən
fəallaşması hiss olunur.
Sizcə,
bunun səbəbi nədir?
- Xalq Cəbhəsi hakimiyyətdən
gedəndən sonra baş verənləri təhlil edib, cəbhə hakimiyyətində
təmsil olunan şəxsləri üç
kateqoriya ayırmışdım:
vətənpərvərlər, vəzifə və pul haqqında düşünən "yırtıcılar"
və xüsusi xidmət orqanları tərəfindən göndərilənlər.
Bölgədə bir canlanma olanda çox müxtəlif qüvvələr
bu proseslərdən öz maraqları naminə faydalanmaq eşqinə düşürlər.
O vaxt "yırtıcılar"
adlandırdığım insanlar
pul qazanmaq naminə xalq hərəkatına soxulmuşdular.
AXCP- Müsavat birliyinin hakimiyyəti iflasa uğrayandan sonra bu "yırtıcılar" və
xüsusi xidmət orqanlarının adamları
dağılışıb getdilər. İndi dünyada baş
verən proseslərin
fonunda onlar ümidləniblər. "Yırtıcılar" bu
ümidlə yuvalarından
çıxıb yavaş-yavaş
irəliləyir, ictimai-siyasi
həyata qatılmaq fikrinə düşüblər.
Azərbaycanda bu proseslər
artıq keçib, insanlar hər şeyin fərqindədirlər.
Yeni siyasətçilər formalaşıb,
peşəkar siyasətçilər
Azərbaycanın yaxın
keçmişinə soyuq
məntiqlə nəzər
sala bilirlər. Azərbaycan xalqı artıq "xişnik"lərin siyasi
aktivliyini, özlərindən
qəhrəman düzəltmələrini
qəbul etmir. Bu baxımdan da
onların aktivlik arzularının reallaşacağını
düşünmürəm. Həyata keçirilən islahatlar daha geniş xarakter almalı və bütün sferaları əhatə etməli, kompleks şəklində olmalıdır.
Paralel olaraq biz siyasi islahatlar da gözləyirik.
Xalq Cəbhəsi.- 2011.- 18 fevral.- S.3.