Korrupsiyaya qarşı mübarizə
Vüqar Bayramov: "İlk növbədə struktur
islahatları aparılmalıdır"
Sahib Məmmədov: "Normalar elə
hazırlanmalıdır ki, korrupsiyaya şərait
yaradılmasın"
İki aya
yaxındır ki, Azərbaycanda antikorrupsiyaya qarşı
mübarizə tədbirləri həyata keçirilir. Prezident
Administrasiyasının rəhbəri, Korrupsiya ilə
Mübarizə üzrə Dövlət Komissiyasının sədri
Ramiz Mehdiyevin yanında keçirilən müşavirədən
sonra bəzi idarə və nazirliklər bu prosessi diqqətdə
saxladılar.
Nazirliklərin
ayrı-ayrı strukturlarında aparılan yoxlamalar zamanı
aşkar edilən bir çox nöqsanların yerində həllinə
nail olundu, nazirliyə, xüsusilə "qaynar xət"lərə
daxil olan korrupsiya ilə bağlı şikayətlər dərhal
araşdırıldı və zəruri işlərin operativ
görülməsi təmin olundu. Prezidentin korrupsiyaya
qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin
dövlət strukturlarında çalışan hər bir
qulluqçuya çatdırılması məqsədilə
regional müşavirələr keçirildi. Yerlərdə də
korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların
aradan qaldırılması üçün tədbirlər
müəyyənləşdirilir.
Onu da qeyd edək ki,
yaxın günlərdə Azərbaycan qanunvericiliyinə
korrupsiyaya qarşı mübarizə ilə bağlı ciddi əlavə
və dəyişikliklər gözlənilir. Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının üzvü Əli
Hüseynovun sözlərinə görə, müvafiq qanun
layihəsi artıq parlamentə təqdim olunub. Komitə sədri
bildirib ki, qanunvericiliyə dəyişikliklər dövlət
və inzibati orqanların fəaliyyətində şəffaflığa
xidmət edəcək, pozuntu hallarının
qarşısının alınmasına yönələcək.
Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə
məqsədilə inzibati tədbirlərlə yanaşı,
maddi həvəsləndirmədən də istifadə olunacaq.
İqtisadi Sosial
İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
dedi ki, korrupsiyaya qarşı mübarizəylə
bağlı mərkəz yeni tədbirlər paketi
hazırlayıb. Konsepsiya yaxın vaxtlarda ictimaiyyətə və
dövlət qurumlarına təqdim olunacaq: "Biz bu sənəddə
korrupsiyaya qarşı mübarizənin müxtəlif istiqamətlərini
təklif etmişik. O cümlədən islahatlar sistemini
struktur, inzibati, maliyyə, ictimai, elektron və sosial islahatlar
kimi qruplaşdırmışıq.
Düşünürük ki, korrupsiyaya qarşı
mübarizənin hərtərəfli və kompleks şəkildə
aparılması üçün əvvəlcə struktur dəyişikliyinin
aparılmasına ehtiyac var. Söhbət dövlət
qurumlarının sayının azalmasından gedir".
Vüqar Bayramov daha sonra dedi: "Eyni zamanda, inzibati islahatlar
kimi nəzarətin gücləndirilməsi və
diskriminasiyasız antikorrupsiyaya qarşı mübarizənin
bütün məmurlar və dövlət strukturlarına aid
edilməsi, maliyyə islahatları kimi nağdsız ödənişlərdən
istifadə, lisenziyaların məbləğinin və
sayının azaldılması, bankların kredit verilməsi
mexanizmini sadələşdirilməsi təklifini irəli
sürmüşük. İctimai islahatlar kimi isə vətəndaş
cəmiyyətlərinin imkanlarından istifadə, dövlət
qurumlarında nəzarət şuralarının
yaradılması və vətəndaş cəmiyyətlərinin
həmin şuralara cəlbini nəzərdə
tutmuşuq". Sosial islahatlara gəldikdə isə,
iqtisadçı-ekspert dedi ki, burada dövlət
qulluqçularının sosial vəziyyətinin
yaxşılaşdırılması məqamları yer
alıb. Onun fikrincə, mərkəz antikorrupsiyaya
qarşı mübarizənin sistemli aparılmasının tərəfdarıdır.
Əmək
Hüquqları Liqasının rəhbəri Sahib Məmmədovun
fikrincə, ilk növbədə qanunvericilik aktlarına,
normalara əlavə və dəyişikliklər
olunmalıdır: "Normalar elə hazırlanmalıdır
ki, süründürməçilik və korrupsiyaya şərait
yaradılmasın. Xüsusən normativ aktlara diqqət yönəlməlidir.
Məsələn, bu gün işıq, qaz, su təchizatıyla
bağlı texniki şərtin verilməsi və s. burada elə
normativ sənədlərlə tariflər müəyyənləşib
ki, bu da süründürməçiliyə gətirib
çıxarır. Təbii ki, bu da korrupsiyaya şərait
yaradır. Birinci növbədə qanunvericilik, ikinci növbədə
isə onun keyfiyyətinin tətbiqi həyata keçirilməlidir.
Bunun üçün siyasi iradə olmalıdır ki, son
vaxtlar bu dövlətdə görünür, sadəcə
normalar və onların düzgün tətbiqiylə
yanaşı, əhali arasında maarifləndirmə işlərini
aparmaq lazımdır".
Cavid
Xalq Cəbhəsi.- 2011.-19 fevral.- S.9.