Baş redaktorlar parta arxasında
BDU-da KİV rəhbərləri və gələcək
jurnalistlər bir araya gəldilər
Dünən Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin tələbələri
ölkədə fəaliyyət göstərən kütləvi
informasiya vasitələrinin rəhbərlərilə
görüşüblər. Görüş KİV-ə
Dövlət Dəstəyi Fondunun təşəbbüsüylə
baş tutub. Tədbirin keçirilməsində məqsəd
jurnalist təhsili alan tələbələrin işlə təmin
olunmalarına yardım etmək idi.
20 qəzet redaktorunun
iştirak etdiyi tədbirdə tələbələrin gələcəkdə
işlə təmin olunma məsələləri, jurnalistika
sahəsindəki ümumi problemlər, söz və ifadə
azadlığı, plüralizm məsələləri
müzakirə olunub.
Qonaqlarla tələbələr
arasında ünsiyyəti ev sahibi, BDU jurnalistika fakültəsinin
dekanı Yalçın Əlizadə başlatdı. Yalçın
müəllim ölkənin öndə gələn KİV-lərinin
rəhbərlərinə həm də tələbələrin,
fakültənin problemləri barədə məlumat verdi,
özünün konseptual fikirlərini bölüşdü. O
dedi ki, BDU-nun tarixində tələbələrin bu qədər
KİV rəhbərilə birdən və birbaşa təmas
qurmaq imkanları olmayıb. Dekan tələbələrini fəallığa
və yaranmış vəziyyətdən istifadə etməyə
çağırdı.
KİV-ə Dövlət Dəstəyi
Fondunun sədri, görüşün ideya müəllifi
Vüqar Səfərli çıxışında bildirdi ki,
Bakı Dövlət Universiteti və Slavyan Universitetinin
jurnalistika fakültələrinin tələbələrinin ən
yaxşı oxuyanları universitetləri bitirmədən
işlə təmin olunacaqlar: "İşə
götürülən tələbələrə qəzetlər
müəyyən miqdarda əmək haqqı verəcək. Tələblərin
gələcəkdə peşəkar jurnalist kimi
formalaşması üçün onlar iş təcrübəsi
toplamalıdır. Bizə həmin tələbələrin
siyahısı təqdim olunandan sonra onlar qəzetlərə
göndəriləcəklər".
Vüqar Səfərli
KİV-ə edilən yardımlardan bəhs edərək
bildirdi ki, artıq bu sahədə bir sıra problemlər
aradan qaldırılıb: "Jurnalistlərin səbirsizliklə
gözlədikləri mənzil məsələsi də həll
olunmaq üzrədir. Ötən il prezidentin sərəncamına
əsasən, jurnalistlərin mənzillə təmin
olunması üçün fonda 5 milyon manat
ayrılmışdı. Şad xəbər kimi deyə bilərəm
ki, mənzillər tam təmir olunaraq jurnalistlərə
paylanacaq".
Mətbuat
Şurasının sədri Əflatun Amaşov jurnalistika
fakültələrində hazırlanan kadrlarla bağlı
danışdı. O bildirdi ki, tədbirin məhz jurnalistika
fakültəsində keçirilməsi də təsadüfi
deyil: "Bu sahədə yetərincə qeyri-ixtisaslar
olduğu üçün ixtisaslı jurnalistlər iş
tapmaqda çətinlik çəkirlər. Gələn yeni nəsil
işsiz qalır. Bu çətinliyi qismən aradan
qaldırmaq üçün redaktorlar da bura dəvət
olunub. Onlar hazırdırlar ki, sizinlə əməkdaşlıq
etsinlər". Çıxış edən qəzet baş
redaktorları da gənc jurnalistlərlə əməkdaşlıq
etməyə hazır olduqlarını bildiriblər. Onlar gələcək
həmkarlarını maraqlandıran suallara cavab veriblər.
Tədbirdə
çıxış edən "Yeni Müsavat" qəzetinin
baş redaktoru Rauf Arifoğlu bildirdi ki, bu auditoriyada Azərbaycan
mediasının gələcək parlaq imzaları əyləşiblər
və indi redaktorların onlarla ilk vizual təmasları
başlayıb: "Eyni zamanda bu görüş tələbələr
üçün bir fürsətdir. Sizin gələcək
iş yerlərinizin rəhbərləri auditoriyanıza gəliblər.
Biz də maraqlıyıq ki, mətbuata yeni və gənc nəsil
gəlsin. Siz gəlməsəniz, bizim də gələcəyimiz
olmaz. İndi əslində ənənəvi media ilə
yanaşı, yeni medianın, internet mediasının
dövrüdür. Bu, sizlərə daha geniş imkanlar, daha
böyük meydanlar yaradır. Hər birinizə
qapılarımız açıqdır".
"Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli isə öz
çıxışında jurnalistlərin peşəkarlıq
problemlərindən söz açdı: "Bu gün
heç bir mətbuat orqanının imkanı yoxdur ki, bu və
ya digər jurnalistin formalaşmasına uzun müddət vaxt
ayırsın. Sınaq müddəti maksimum isə 5-6 ay ola
bilər. KİV tədrislə məşğul olmur. Gündəlik
istehsalla məşğul olan medianın isə tədris
prosesinə vaxt ayırması indiki şərtlər daxilində
mümkünsüzdür. Bu baxımdan qəzetlərə
müasir İP texnologiyalarını bilən mütəxəssislər
lazımdır. Bu mütəxəssislər də təhsil
müəssisələrində yetişdirilməlidir".
Elçin Mirzəbəyli jurnalistika sahəsində mütəxəssislərin hazırlanması üçün geniş texniki imkanların yaradılmasının vacibliyinə diqqət çəkdi: "Jurnalistika fakültələri ən müasir texniki avadanlıqla təmin olunmalı və tələbələr təhsil aldıqları müddətdə bütün istiqamətlərdə təcrübə əldə etməlidirlər".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru gənc həmkarlarına çağdaş Azərbaycan mediasının qarşısında dayanan ən önəmli problemdən söz açdı və onlara öz tövsiyyələrini verdi: "Bu gün media daim bir seçim qarşısında qalır: İnformasiya və biznes maraqları, yaxud vətəndaş mövqeyi... Hansını seçməli? Yalnız informasiya və biznes maraqları üstün tutulanda mətbuat orqanı cəmiyyət üçün kabusa çevrilir. İctimai rəyi yalnış istiqamətə yönləndirir. Təkcə vətəndaş mövqeyinin ortaya qoyulması isə çox vaxt populizmə və ritorikaya yol açır və nəticədə mətbuat divar qəzetinə çevrilir. Əsil peşəkarlıq vətəndaşlıq mövqeyi ilə informasiya marağının uzlaşdırılmasıdır. Bu səbəbdən sizə peşəkar olmağı arzulayıram".
Görüşdə
tələbələrdən Gənc Reportyorlar Klubunun rəhbəri
Məmməd Ağayev, tələbə-jurnalist Dürrə Həsən
və Əfzələddin Ağalarov çıxış
ediblər. Azxeber.com saytının redaktoru Hacıbəy Heydərli
də fəallığıyla seçilib.
Xalq Cəbhəsi.- 2011.- 24 fevral.-
S.3.