Novruz bayramı haqqında
xalqın sözü...
Əzəl çərşənbə,
Cıdırçı çərşənbə, Qara
çərşənbə, Axır çərşənbə
XX əsrdə, xüsusilə sovet dövründə Azərbaycan
etnoqrafiya elmində, folklorşünaslığında bir
sıra tədqiqat məsələlərinə dövrün
siyasi konyukturasına, ideoloji tələblərinə uyğun
yanaşmalar olub. Bununla XX əsr boyu, xüsusilə həmin əsrin
ikinci yarısında aparılmış elmi tədqiqatların,
elmi araşdırmaların önəmini azaltmaq niyyətim
yoxdur.
Əksinə, həmin əsərlər
gələcəkdə (konkret olaraq indi) daha obyektiv təhlillərin,
izahların üzə çıxmasına yardım göstərəcək,
onu istiqamətləndirəcək. Bir sözlə, həmin tədqiqatlar
ilkdir, əvvəlincidi. Müasir dövrdə yeni
materialların, faktların ortaya çıxması isə həmin
tədqiqatlara yeni gözlə baxmağı tələb edir.
XX əsrdə Azərbaycanda
sovet dövlət ideologiyasının təsir göstərdiyi,
istiqamətləndirdiyi tədqiqat obyektlərindən biri
Novruz bayramıdır. Nəzərdən qaçırmaq olmaz
ki, məhz bu bayramla bağlı tədqiqatların sovet
ideologiyasının, avromərkəzçiliyin xüsusi təsir
dairəsində olması reallıq idi. Həmin illərdə
Novruz bayramının islam dini ilə əlaqəli olmaması
sübuta yetirildiyi halda, digər bir məsələ
özünü göstərirdi. Ümumiyyətlə, diqqətin
bir tərəfə yönləndirilməsi başqa bir ziddiyyəti,
əngəli ortaya çıxardı.
Bu da Novruzun açıq və gizli şəkildə (bilərəkdən və ya bilmərəkdən) zərdüştülüklə əlaqələndirmək idi. İlk baxışdan burada ziddiyyətli məqam yoxdur. Amma məsələ orasındadır ki, belə yanaşmalar, Novruzun birbaşa və ya dolayısıyla zərdüştülüklə bağlanmasına gətirib çıxarırdı. Əgər nəzərə alsaq ki, farsizmin və "ari mədəniyyətinin" elmi nümayəndələri məhz bu əlamətlərə söykənərək Novruz bayramını fars-pars mənşəli elan edirlər. Bu bayramı eramızdan əvvəlki VII əsrdə və yaxud digər iddialara görə eramızdan əvvəl ikinci minilliyin başlanğıcına (maraqlıdır ki, bu ideyanı Azərbaycan alimləri irəli sürürlər) aid edirlər. Hələlik sübuta yetirə bilməmişik ki, Novruz bölgənin yerli-əkinçi-maldar xalqlarının, o cümlədən türklərin bayramıdır. Bu bayramı hansısa xalqın birmənalı şəkildə öz adına çıxması yanlışdır və əsassızdır. Son illərdə türk xalqları arasında aparılmış tədqiqatlar Novruzun nəhəng coğrafiyada yaşayan, müxtəlif dinlərə sitayiş edən türklərin bayramı olduğunu təsdiqləsə də fars şovinizminin və rusizmin yaratdığı saxta iddiaların öhdəsindən gələ bilmirik.
Konkret olaraq, 4 ünsür (od, su, torpaq, hava) ünsürlərinin axır çərşənbələrlə bağlanması, od, ocağa zərdüşt dini don geyindirmək məqamları bunun sübutudur. Düzdür, tədqiqatlarda Novruzun zərdüştülüklə bağlı olmadığı bildirilsə də bir sıra tədqiqatçılar məhz XX əsrin ortalarından (sovet konyukturasından irəli gələrək) ciddi şəkildə formalaşdırılan yanaşmalardan kənara çıxa bilməmişlər. Yeri gəlmişkən, qeyd edək ki, bir sıra Azərbaycan alimləri zərdüştülüyün Azərbaycanla bağlı olması, Zərdüştün türk olması barədə konsepsiyaları irəli sürürlər. Bu baxımdan bir sıra əcnəbi tədqiqatçıların Zərdüştün Cənubi Azərbaycan ərazisində anadan olması barədə fikirlərinə və s. yazılı mənbələrə əsaslanırlar. Eləcə də quyuya atılan Zərdüştə qurdun-canavarın dəyməməsi, "Avesta"dakı Qatların mənası (qırğız dilində qat məktub deməkdir) və s. məsələlər həmin konsepsiyanın heç də əsassız olmadığını göstərir.
Ancaq təxminən iki yüz il ərzində avromərkəzçi, parsizm, rusizm ideologiyalarının yaratdığı ilğımı, qondarma iddiaları birdən-birə aradan silib atmaq çox çətindir. Ancaq həqiqətlərin üzə çıxarılması üçün çox vacibdir. Onu da nəzərə almaq lazımdır ki, həm e.ə. 331-ci ildə, həm də eramızın 642-ci ilində baş verənlər "Avesta"nın mətnlərinin məhvi və s. proseslər həqiqətlərin əldə olunmasına xeyli maneçilik törədir. Orta əsrlərdə Azərbaycan tarixinin ən yaxşı əsərləri erməni dilinə tərcümə olunub mənimsənildiyi, sonra da məhv edildiyi kimi, türkün ən yaxşı əsərləri də pars, pəhləvi dillərinə tərcümə olunub, mənimsənilib və məhv edilib. O da qəribədir ki, XV əsrdə nəhəng türk dövlətinin yaradılması üçün istifadə olunan məzhəbçiliyi sonradan başqa xalqlar mənimsəyib, bu islam dininin içində belə parsizmin dayaq nöqtəsinə çevrilib. Həmin mənimsəməninin yaratdığı fəlakətləri isə iki yüz ildir ki, vətənimizin parçalanmasında, torpaqlarımızın işğalında, millətimizin qətliamlara, soyqırımlara məruz qalmasında, tarixi ərazilərimizin kiçik bir hissəsində yaratdığımız dövlətimizin təhlükələrlə üz-üzə qalmasında görürük. Belə məsələləri nəzərdən qaçırmaq mümkün deyil. Çünki, etnoqrafiya, folklor və bir çox elmlərimizin öyrəndiyi məsələlərin mahiyyətini izah və dərk etmək üçün tarixi həqiqətləri, tarixi reallıqları həmişə diqqətə almaq lazımdır.
Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (fars şahları Kəyumərs, Cəmşid və başqaları) adı ilə bağlamağa çalışıblar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib edib. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışıb, ona dini, mövhumi libas geyindirməyə cəhd göstəriblər. Hətta bəzi din xadimləri Novruz bayramını dördüncü xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlib, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər dini ehkamlarla bağlı deyil.
Konkret məsələlərə diqqətinizi çəkmək istəyirəm. Novruz bayramının əkinçilik, təsərrüfat bayramı olduğunu qeyd edirik. Bu həqiqətən də belədir. Əgər quzeyli-güneyli Azərbaycan ərazisinin qədim əkinçilik məkanına aid olunduğunu nəzərə alsaq, vətənimizdə əkin əkildiyi ilk gündən, yəni minillərlə əvvəldən indi Novruz adlandırdığımız bayramın əsasının qoyulduğunu iddia etmək mümkündür. Bu tarix isə hansısa dinin tarixi- e.ə. VII əsr və ya e.ə. XX əsrlə müqayisədə çox-çox qədimdir.
Bütün dinlər, fəlsəfi fikirlər isə sadə əkinçinin-maldarın əkin, təsərrüfat bayramından sonra gəlir. Novruz bayramındakı mərasimlərin dərin dini-fəlsəfi məsələlərlə əlaqələndirilməsi isə çox-çox sonralar baş verib və bu etnoqrafik izah deyil. Bu folklor izahıdır və çox təəssüf ki, parsizmə çevrilmiş zərdüştülüyün təsirindən kənarlaşa bilməyib. Yeri gəlmişkən, bir sıra nağıl və dastanlarımızda da parsizm əlavələriylə rastlaşa bilərik və onu da xüsusi qeyd etmək istəyirəm ki, bu "əlavələr" daha çox XX əsrin ortalarında nağıl və dastan mətnlərinə salınıb, indi də həmin "əlavələr" problemlər yaradır. Onu da unutmaq olmaz ki, XX əsrin ortaları Azərbaycan xalqının etnoqrafiyasını, folklorunu izah etmək üçün başqa türk xalqlarının maddi və mənəvi mədəniyyətini öyrənməyə əlmizin çatmadığı, ünümüzün yetmədiyi illər idi. Həmin illərdə aparılmış tədqiqatlarda da məhz bu məqamın özünü göstərdiyini xüsusi qeyd etmək lazımdır.
Novruz bayramı təzə ili, baharı qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Fikrimcə, bu əsl etnoqrafik izahdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Son illərdə aparılmış etnoqrafik-folklor tədqiqatları, xüsusilə başqa türk xalqlarıyla müqayisələr həqiqətlərimizi yenidən ortaya gətirib. Amma həmin tədqiqatların nəticələrinin ictimaiyyətin gündəminə çatdırılması vacibdir. Konkret olaraq, su çərşənbəsi, od çərşənbəsi , yel çərşənbəsi, torpaq çərşənbəsi- insanın 4 ünsürdən yaranması kimi qeyri-etnoqrafik izah əvəzinə 1) Yalançı çərşənbə (Əzəl çərşənbə, Kül çərşənbəsi), 2) Xəbərçi çərşənbə (Cıdırçı, müjdəçi, muştuluqçu), 3) Qara çərşənbə-Qara bayram, 4) Axır Çərşənbə (İlin-ayın axır gecəsi) kimi elmi-etnoqrafik tədqiqatların, uzun illər aparılmış etnoqrafik ekspedisiyaların nəticələri ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Onu da deyim ki, XX əsrin ikinci yarısında aparılmış tədqiqatlarda su, od, hava, torpaq cəmlələləri çərşənbələrlə qarışdırılıb, səhvən çərşənbələrə od,su, torpaq, yel çərşənbələri adı verilib. Xüsusi vurğulamaq istəyirəm ki, çərşənbələrdə od, su, yel, torpaq anlayışlarının özü də birmənalı rədd olunmamalıdır. Əslində bütün çərşənbələrdə bu elementlər, məqamlar özünü göstərir. Amma xalqın öz çərşənbələrini necə adlandırdığını dinləmək lazımdır. Xalq öz çərşənbələrini Əzəl çərşənbəsi, Cıdırçı çərşənbə, Qara çərşənbə, Axır çərşənbə adlandırır.
Novruz üzünə gülsün!
Bəhmən Faziloğlu
Xalq Cəbhəsi.- 2011.- 25 fevral.-
S.6.