İslam dini terroru, fitnə-fəsad törətməyi lənətləyir

 

 "Xalq Cəbhəsi" qəzeti Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsini yekunlaşdırdı

 

III yazı

 

"Xalq Cəbhəsi" qəzetinin 6 ay ərzində KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində reallaşdırdığı iş geniş spektri əhatə etdi. Layihə çərçivəsində müsəlman, xristian, yəhudi din xadimlərinin fikirlərini öyrəndik, məscidlərdə, kilsələrdə, sinaqoqlarda olduq, müxtəlif təriqət nümayəndələri ilə söhbətləşdik, ənənəvi və qeyri-ənənəvi dini icmalarda görüş keçirdik.

Layihə çərçivəsində ölkəmizə gələn miqrantlarla da görüşdük. Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Məhəmməd Moqim Popal bildirib ki, Azərbaycanda əfqanlara qardaş deyirlər. Elə bilirəm ki, dünyada yeganə təhlükəsiz ölkə yalnız Azərbaycandır. Əfqanıstanın iri şəhərlərində dönər satılırsa, bilin ki, oradakı azərbaycanlıdır. Ümumiyyətlə, Əfqanıstanda yaranmış siyasi-iqtisadi böhrandan və ən əsası isə təhlükəsizliklərini təmin etmək məqsədilə Azərbaycana pənah gətirən əfqan qaçqınlarının sayı 700-ü ötüb. Layihə çərçivəsində əfqan qaçqınlarının vəziyyəti və problemlərilə tanış olmaq məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığının Bakıdakı nümayəndəliyində olduq. Əfqan Qaçqınları İcmasının rəhbəri Həmzə İmani qarşılayıb. Onunla birlikdə 20-yə yaxın əfqan da var idi. Həmzə İmani deyib ki, əfqan qaçqınları Azərbaycanda özlərini təhlükəsiz hiss edirlər: "Azərbaycan xalqı çox qonaqpərvərdir, hər yerdə bizi hörmətlə qarşılayırlar. 10 il yaxındır ki, buradayam. Təkcə əfqanlar deyil, burada digər millətlərdən olan qaçqınlar var. Onların da şikayətlərini eşitməmişəm. Bizim adət-ənənələrimiz, dil və dinimiz qorunub saxlanılır. Sərbəst şəkildə istədiyimiz məscidə gedib ibadət edirik, milli bayramlarımızı keçiririk".

Azərbaycan cəmiyyəti hər bir insanı yüksək qiymətləndirir. "Qafqaz"SAM - ın başqanı, doktor Həsən Oktayın fikrincə, insan tolerantlığın mərkəzindədir. Milli və mənəvi dəyərlərə söykənməsəniz, bu dəyərlər olmasa, qloballaşan dünyada həm yer tuta bilməzsiniz. Onun sözlərinə görə, qloballaşmanın mərkəzində milli və mənəvi dəyərlər dayanır. Bu dəyərlərə söykənməsəniz, bu dəyərlər olmasa, qloballaşan dünyada həm yer tuta bilməzsiniz, yer alsanız belə dünyanı formalaşdıran sistem içərisində itib gedərsiniz.

"Mənəvi Saflıq" jurnalının baş redaktoru, ilahiyyatçı Könül Quliyeva deyir ki, dinimizin göstərişlərinə əsasən, uşaq tərbiyəsində həm ata, həm də ana iştirak etməlidir. Maraqlıdır ki, islam dini tərbiyəyə uşaq hələ ana bətnindəykən başlamağı tövsiyə edir. Dini mənbələrdə hamilə qadının "Quran", dualar oxuması, yaxşı insanlarla ünsiyyətdə olması, pis əməllərdən çəkinməsi tövsiyə olunur. Maraqlıdır ki, hətta bu dövrdə də atanın rolu nəzərə alınır və bir çox ibadətlər, dualar birgə yerinə yetirilir.

Ancaq "Sağlam Toplum" İctimai Birliyinin sədri Lalə Mehralı vurğulayıb ki, qadınlarımızın oxumağa meylinin olmaması narahatçılıq yaradır. Hələ də dini nikaha güvənib rəsmi nikah bağlamayan insanlar var, onların boşanması üçün də dini qaydalara görə kişinin qadına üç dəfə "səni boşadım" deməsi yetərlidir. Erkən nikah uşaq hüquqlarının pozulmasıyla bərabər həm də cinsi istismar deməkdir.

Layihə çərçivəsində qonşu ölkə nümayəndələrinin özləri və bizim haqqımızda fikirlərini öyrəndik. Tanınmış siyasi xadim, Dağıstanın Rusiya prezidentinin yanındakı daimi nümayəndəsi Mahaçev Hacı Nuxiyeviç deyib ki, Dağıstanda dini-siyasi ekstremizm ifadəsini radikal vəhabilər gətiriblər: "İndi Rusiyada hər bir əsgər və milisioner insanlara dini qiymət verir - kim vəhabidir, kim təriqətçidir və s. Belə etmək olmaz. Əlbəttə, idarə olunan cinayətlər bizdə də var. Amma onlar Rusiyanın Moskva və Peterburq kimi iri şəhərlərindəkindən azdır. Amma nədənsə bizdəki cinayətkarlara dini damğa vurulur".

Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Arkadi Yegelev isə Azərbaycanın öz regionunda siyasi və iqtisadi sabitliyin möhkəmlənməsində təcrübəsinin Rusiya üçün səmərəli olduğunu vurğulayıb: "Biz sizin cəmiyyətdə tolerantlığın şərtlərini bilirik. Onlar bizim üçün, xüsusilə də sərhədyanı vilayət subyektlərimiz üçün müəyyən nümunədir. Sizdən öyrənilməli hələ çox şey var. Əzəldən burada yaşayan və əsasən müsəlmanlardan ibarət olan əhali arasında ahəngdar kübar cəmiyyətin qurulmasında Azərbaycan nümunədir və biz ilk növbədə bu sahəni təbliğ etməli və ondan istifadə etməliyik".

Musa Taipov bildirib ki, Azərbaycan Qafqazın böyük və inkişaf etmiş dövlətidir. İslam dünyasında Azərbaycanın xüsusi yeri var. Rəsmi Bakı çeçen qaçqınlarına öz ərazisində yer verdi. Bu bizə göstərilən qardaşlıq qayğısı idi. Təkcə biz çeçenlərə yox, Azərbaycan qapılarını ona pənah gətirən bütün millətlərin üzünə açıb. Bu böyük humanizm nümunəsidir. Rusiyadan fərqli olaraq Azərbaycanda bütün millətlər təhlükəsiz yaşayırlar.

"Hacı Davud" Milli Ləzgi Hərəkatının rəhbəri Nadir Məhəmmədoviç Əhmədov isə bildirib ki, Şimali Qafqazda dini zəmində baş verən hadisələr az da olsa Azərbaycana təsir göstərib. Amma rəsmi Bakı bunun qarşısını vaxtında alıb. O Azərbaycanda dini tolerantlığın qorunduğunu dedi: "Mənim Bakı ilə əlaqələrim var. Dini vəziyyətlə bağlı sizdə sabitliyin olduğundan xəbərim var".

Ölkəmizdəki Avar Mədəniyyət Mərkəzinin rəhbəri Mahama Hizriyeviç Bazarov isə söyləyib ki, Azərbaycanda dini dözümlülük, vicdan azadlığının qorunması istiqamətində qəbul edilən qanunlar, "Dini etiqad və vicdan azadlığı" haqqında qanuna əlavə və dəyişikliklər burada yaşayan hər bir millətin nümayəndəsinin hüquqlarının qorunmasına xidmət göstərir: "Mənə elə gəlir ki, artıq qonşu dövlətlərimiz həm iqtisadi, həm siyasi, həm də tolerantlıq baxımından Azərbaycandan nümunə götürməlidirlər".

Ləzgi Mədəniyyət Mərkəzinin sədri Şair Həsənov isə Azərbaycanda tolerantlığın və dini dözümlülüyün qorunmasından razılığını bildirməklə yanaşı, bunun qonşu dövlətlərə, xüsusən Rusiya üçün nümunə göstərilməsinin vacibliyini söyləyib. Onun sözlərinə görə Azərbaycanda da müxtəlif dini əqidəli, hətta ekstremist ruhlu insanlar var, amma onlar qanunlardan kənara çıxa bilmirlər.

AMEA-nın elmi işçisi, "Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin sədri Elşən Mustafaoğlunun fikrincə, tolerantlıq dedikdə digərlərinin inanc və əqidələrinə dözümlü yanaşma başa düşülür. Bu, ilk növbədə insanın daxili aləminin özü kimi düşünməyənlərə, inancı fərqli olanlara dözümlü münasibətidir. Fikir və əqidə plüralizmini, fərqlilikləri qəbul etmək mədəniyyətidir. Əslində bu, demokratik mühitin təməl prinsiplərindən biridir. Münaqişələrin həllində dinin olduqca böyük rolu var. Bu, inkaredilməzdir. Tarix də buna şahiddir, gerçəkliyimiz də. Amma əfsus ki, günümüzdə din adıyla bəzi xoşagəlməz, dinin ruhuna zidd əməllərin şahidi oluruq. Biriləri "keşiş" cildinə girib, Müqəddəs kitabımız Qurani-Kərimi yandırır, birisi də "imam" cildinə girib guya cihad etdiyini bəyanlayır, terrora əl atıb günahsız insanları qətlə yetirir və s. Bu gün, əfsus ki, bir çox ekstremist cərəyanlar din adından danışırlar. Şahidi oluruq ki, Eçmiədzin kilsəsi bu gün rəsmi İrəvanın apardığı işğalçılıq siyasətinin ruhani himayədarına çevrilir, zorakılığı, qətliamları, yüz minlərlə insanın öz yurdundan didərgin düşməsini dəstəkləyir.

Politoloq Aydın Ağayevin fikrincə isə, Qafqazın coğrafi və tarixi məkanın ən azı son yüz illik tarixi göstərir ki, burada stabillik üçün yeganə problem ermənilər və ermənilik olub.

Yeni informasiya texnologiyaları insanlar arasında əlaqələri xeyli asanlaşdırıb, özünüifadə üçün yeni imkanlar yaradıb. Dindarların başqa ölkələrdə yaşayan dindaşlarıyla ünsiyyət saxlaması xeyli asanlaşıb (sosial şəbəkələrdəki yazışmalar, facebook, tvitter və s). Əvvəllər, aylarla səyahət tələb edən əlaqələri indi bir neçə saniyələr ərzində qurmaq mümkün olur. Praktiki olaraq, hər bir dini icma qlobal şəbəkədə özü haqda məlumat verə bilər.

Digər tərəfdən, ümumi informasiya məkanında ekstremistlər, yalançı missionerlər, müharibə və terror carçılarının, düşmənçilik və zora çağırış edənlərin, fərqli inanc sahiblərinin və ya bütün inanclıların hisslərini təhqir edənlərin səsləri eşidilir. Qloballaşma dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyi ücün təhdidləri aradan qaldırmayıb.

İlahiyyatçı Ülkər Məmmədzadənin sözlərinə görə, müasirlik islamın təməlindədir. Dinimizə görə müasirləşmək yüksək biliyə yiyələnib kamilliyə çatmaqdır.

www.islam.az internet saytının koordinatoru Nahid Quliyev deyib ki, gənclər əsas informasiya vasitəsi kimi dini saytlardan yararlanırlar. Bəzi saytlar dini qarşıdurmalara, məzhəblərarası gərginliyə səbəb olan mövzulara daha çox üstünlük verir.

Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Namiq Abuzərovun sözlərinə görə, inteqrasiyaya qarşı çıxanlar islam dəyərlərindən, islam elminin tarixi inkişafından xəbəri olmayandır.

"Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin sədri Vəfa Əliyevanın sözlərinə görə, müsəlman Azərbaycan qadını elmli, təhsilli, inkişafa can atan, millətini, dövlətini sevən, eyni zamanda islam dəyərlərini təmsil edən xanım olmalıdır.

İlahiyyatçı Anar Yusufzadənin fikrincə, islam özü vaxtı ilə qloballaşmanı gətirib, çox ölkələri birləşdirib. Bu gün də dünyada bir çox insanları islam dəyərləri birləşdirir. Bu da əslində qloballaşmanın bir nümunəsidir. Əgər qloballaşma bu cür siyasi və iqtisadi məsələlər üzrədirsə, islam buna pis baxmır. Amma bir məsələ də var ki, dinlərarası dialoqa qarşı çıxanlar yalnız müsəlmanlar deyil. Xristianların, yəhudilərin sırasında da dinlərarası dialoqa etiraz edənlər, onu problem kimi görənlər var. Azərbaycanda insanlar başqalarına müsəlman, yəhudi, xristian, buddist nəzərilə deyil, insan kimi baxır.

İlahiyyatçı Yaşar Qurbanov deyib ki, dinimiz terroru, fitnə-fəsad törətməyi lənətləyir. Radikal qruplaşmalar terroru cihad kimi qələmə verməyə çalışırlar. Xüsusən də internetdə daha çox radikal fikirlərə rast gəlmək olur. Bəzi ərəb saytları var ki, orada yazılan terror lehinə fikirləri, cihad adına radikal çağırışları oxuyanda insan dəhşətə gəlir.

Azərbaycanda tolerantlıq, dini dözümlülük və azsaylı xalqların mədəni irsinin qorunub saxlanılması istiqamətində təkcə dövlət iş aparmır, QHT-lər də fəaliyyət göstərir, monitorinqlər aparır, layihələr həyata keçirir. Nəticədə ortaya çıxan problemlərin həlli ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılır.

Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzin rəhbəri Rəcəb Səttarov düşünür ki, tolerantlığın formalaşması kiçik yaşlardan ailədə başlamalıdır və proses məktəbdə davam etməlidir. Əgər tolerantlığın əsası kiçik yaşlarda qoyulmasa, məktəblərdəki təbliğatın xeyri az olacaq. Digər tərəfdən ədəbiyyatın, televiziya proqramlarının bu işdə rolu çox böyükdür

Hüquqşünas-ekspert Vamiq Şükürovun sözlərinə görə, cəmiyyətdə mənfi meyllərin aradan qaldırılmasında din mühüm rol oynayır. Hüquq normalarıyla hər bir məsələni tənzimləmək olmur və hüquq insanların mənəvi həyatlarını, əqidələrini nizama salmır. Bir sıra hüquq pozuntuları insanların mənəvi cəhətdən düzgün tərbiyə olunmaması səbəbindən baş verir.

...Bu yazdıqlarımız, apardığımız ümumiləşmələr son 6 ay ərzində həyata keçirdiyimiz layihədən-dənizdən üç damla- yəni cəmi 3 səhifə idi...

 

 

Bayram Alı

 

Xalq Cəbhəsi.- 2011.- 1 iyul.- S.10.