"Balaca qara balıq"-siyasi manifest
Səməd
Behrənginin ölümündən 42 il ötür
Səməd Behrəngi 1939-cu il iyunun
24-də Güney Azərbaycanın Təbriz şəhərində,
fəhlə ailəsində anadan olub. İbtidai təhsilini
burada "Tərbiyyət" məktəbində alıb.
Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirib. Tələbəlik
illərində "Xənde" ("Gülüş")
adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi
tənqidi və satirik qələm təcrübələrini
bu dövrdə yazıb. Əmək fəaliyyətinə
Tufarqan mahalının Mamağan, Gögan ibtidai məktəbində
müəllim kimi başlayıb. Təbriz Universiteti filologiya
fakültəsinin ingilis dili şöbəsində təhsil
alıb (1956-1961). Azərbaycan nağıllarını
toplayaraq, fars dilinə tərcümə edib və həmkarı
Behruz Dehqanı ilə birlikdə nəşr etdirib. Eyni zamanda
fars dilindən doğma dilə çevirdiyi tərcümələri
dövri mətbuatda çıxıb. İlk hekayələri
"Adət", "Binam" 1959-cu ildə dərc olunub.
Bundan sonra "Ulduz və qarğalar",
"Çuğundursatan oğlan", "Balaca qara
balıq" və s. hekayə və nağıllarını
yazıb (1967-1969). İtaliyanın Bolonya şəhərində
keçirilən Uşaq Kitabları Müsabiqəsində
qızıl medala layiq görülüb. Birinci yeri
tutduğuna görə kitabları italyan, fransız, ingilis,
türk dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını
toplayaraq, tədqiq və təbliğ edib. Həmkarları onu
"Azərbaycan kəndlilərinin canlı dili",
"Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa
üz tutan", "Səyyar müəllim"
adlandırıblar. Ədəbi irsi zəngindir. Bakıda
"Məhəbbət nağılı" (1987) adı ilə
seçilmiş əsərləri kütləvi tirajla
buraxılıb. Cəmi 29 il yaşayan Səməd Behrəngi
1969-ci il avqustun 30-da Xumarlı yaşayış məntəqəsi
yaxınlığında Araz çayında müəmmalı
şəraitdə boğulub. İran şahının
sifarişilə öldürüldüyü güman edilir.
Ancaq indiyə qədər bu iddiaları dəstəkləyə
biləcək dəlil tapılmayıb. Təbrizin İmamiyyə
qəbiristanlığında dəfn edilib. Ömrünün
son 8 ilini müəllimlik və şairliklə məşğul
olan Səməd Behrəngi qısa zamanda 20 əsər
yaradıb. "Balaca qara balıq" onun şah əsəridir
və bir siyasi manifestdir. Səməd Behrənginin məktəb
yoldaşı Sirus Mədədi onun son kitabını
çapa hazırlayıb. Hazırda Almaniyada yaşayan Sirus Mədədi
bildirib ki, Səmədin qətlindən 42 il keçir. O, Azərbaycan
və İran ədəbiyyatında bir qala, bir dağ kimi
çox ucada durur: "Bu gün də həm onun həyatından,
həm də əsərlərindən ilham alınır. Səməd
Behrənginin həyatı, əsərləri və Azərbaycan
mövzusuna olan baxışı hələlik var. O, İran və
Azərbaycanın klassik ədəbiyyatının
önündə duranlardandır".
Səməd
Behrəngi və onun fikir dostları, xüsusilə Behruz
Dehqani Azərbaycan kəndlərində folklor nümunələri
toplayıb. Amma Sirus Mədədinin verdiyi məlumata əsasən,
onların topladıqları folklor nümunələri Azərbaycan
dilində idi və İran şahının
apardığı siyasətə zidd olduğu
üçün çap olunmadı. Səməd Behrənginin
türk dilində yazdığı nağıllar sonradan Sirus
Mədədi vasitəsilə "Azərbaycan
nağılları" adı ilə Tehranda çap olunub. Səmədin
əsərləri Azərbaycan və fars dillərindədir.
Onun topladığı ilk folklor nümunələri "Parə
- parə" adı ilə Təbrizdə çap edilib. Sirus
Mədədi deyib: "Səməd dəfələrlə
yazıb və deyib ki, ana dilində yazmaq imkanı yoxdur".
Səməd bir müddət qəzetlərdə məqalələrlə
çıxış edib, o zaman Təbrizdə nəşr
olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində
çıxış edib. Sonra məqalələrini
toplayıb "Məcmueyi məqaleha" ("Məqalələr
məcmuəsi") adı ilə kitab şəklində
çap edib. Sirus Mədədinin dediyinə görə, Səmədin
indiyədək 20 cildlik kitabları çap olunub. Onlar
"Ulduz və qarğalar", "Ulduz və danışan
kukla", "Korotlu və Keçəl Həmzə",
"Balaca qara balıq" adlı kitablar və məcmuədir.
O bildirib ki, Səməd Behrəngi İran uşaq ədəbiyyatının
banisidir: "Əlbəttə, Səməddən əvvəl
uşaqlar üçün ara-sıra kitablar yazılıb.
Amma İranın bütün ədəbiyyatçıları
qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq
ədəbiyyatının qurucusudur". Sirus Mədədi
vurğulayıb ki, Səməd Behrəngi heç bir siyasi təşkilata
bağlı olmayıb və şah dövründə siyasi təşkilat
da yox idi. Amma onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil,
Mənaf Fələki, Kazım Səadəti, Əşrəf
Dehqani və başqaları Səmədin ölümündən
iki il sonra İranın "Xalq Fədailəri" təşkilatını
yaradıb və silahlı mübarizəyə qalxıb. Sirus
Mədədi bildirib ki, "Balaca qara balıq" əsəri
1979-cu il inqilabının manifesti sayılır. Əksər
yazıçı "Balaca qara balığ"ı Səmədin
şah əsəri hesab edir. Amma təbrizli tədqiqatçı
Qulamhüseyn Saidi deyib ki, Səməd Behrənginin əsl
şah əsəri elə onun öz həyatıdır.
Turqut
Xalq Cəbhəsi.-
2011.- 6 iyul.- S.6.