"Azərbaycanda az da olsa, dəfinələr tapılır"

 

 Əli Rəcəbli: "Dəfinələrin içərisində əsasən mis pullar olur"

 

"Hazırda Azərbaycanda az da olsa, dəfinələr tapılır. Dəfinələr alqı-satqı yoluyla əhalidən alınır. Dəfinələrin içərisində əsasən mis pullar olur. Tək-tük qızıl pullara da rast gəlinir". Bu barədə qəzetimizə müsahibəsində numizmatika üzrə tanınmış mütəxəssis Əli Rəcəbli bildirib.

Bu yaxınlarda tapılan, əldə olunan dəfinələrdən biri Şirvanşahlar dövrünə aid olub: "Xırda pulların hər biri 0,5 - 1 qram, cəmisi 1200 ədəd olardı. Digəri isə Səfəvilər dövrünə aid gümüş pullar idi, 200 ədəd olardı".

Adətən sikkələr dəfinələrdə yaxşı saxlanılır. Çünki o, müəyyən bir dövrədək işlədilir, dəfinədə isə demək olar, dövründə olduğu kimi qalır. Minillər boyu xeyli dövlətlər olub, onlardan çox az soraqlar qalıb. Bu mənada sikkənin tarixini öyrənən numizmatika elminin əhəmiyyəti böyükdür. Xalqlar, dövlətlər yaranır, bəzi xalqlar tarix səhnəsindən silinir, daha güclüləri isə yaşayır. Xalqlarla müqayisədə dövlətlərin yaranıb yox olması prosesi daha sürətlidir. Əli müəllim deyir ki, numizmatika yaşına görə nisbətən cavan elmdir. Azərbaycanda bu elmin yaranması ötən yüzilin əvvəllərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə inkişaf tempini artırmaq məqsədilə xaricdən mütəxəssisləri, alimləri dəvət edirdilər. Bunlardan biri də o dövrdə tanınmış arxeoloq-numizmatik Paxomov olub.

Tarixən sikkələr hər bir dövlətin atributunu özündə əks etdirməyə çalışıb. Azərbaycan Tarixi muzeyində toplanmış sikkələrin əksəriyyəti Azərbaycanın müxtəlif dövrlərinə məxsusdur: "O sikkələr bu ərazilərdə kəsilib, burada tapılıb, burada da saxlanılır. Sikkə dediyimizin latınca adı "moneta"dır, ruslardan bizə "manat" şəklində dilimizə daxil olub. "Sikkə" - "döymək" sözündəndir, onu təbii ki, döyərək hazırlayırdılar. "Sikkə" yalnız iqtisadi amil deyil. Hamı daha çox fikirləşir ki, sikkə dövriyyədə iştirak etmək, ticarət üçün buraxılır. Pulun 5 funksiyası var, bu amil də əsasdır. Hər şeydən əvvəl sikkə çox vacib dövlətçilik rəmzidir. Bizə məlum olan eradan əvvəlki tarixin VIII-VII yüzillərində Yunanıstanda, kiçik Asiyada, Midiya çarlığında sikkələr buraxılıb. Tarixən sikkə zərbi ali hakimiyyətə mənsub olub, indiyə kimi də belədir. Əgər hansı dövlətin sikkəsi yoxdursa, onun dövlətçiliyindən danışmağa dəyməz".

Tarixin yaşı çox qədimdir, keçmişdən bu günə, sabaha qalan soraqlar isə azdır: dövlətlə bağlı taxt-tac, möhür, bayraq... Ancaq bunların hamısından daha çox sikkələr qalıb. Bunun səbəbini açan Əli müəllim deyir ki, əvvəla, sikkələr çoxlu sayda, yəni minlərlə kəsilib. Hə qədər it-bata düşsə də, bizə gəlib çatıb. Digər tərəfdən də qızıl, gümüş sikkələr həmişəlik qalır, həmin dövlətin tarixi haqqında aydın təsəvvür yaradır. Mis pulların ömrü çox olmur.

Maraqlıdır, bu gün dövlət kimi döşünə döyən Rusiyada sikkə zərbi nə vaxtdan başlayır? Müsahibim deyir ki, Rusiyada sikkə zərbi X yüzildə Kiyev knyazlığında başlayıb. Bundan sonra rusların 300-400 il sikkəsizlik dövrü olub: "Bu müddət ərzində onlar Şərq pulları, o cümlədən Azərbaycan pulları ilə tədavül edirdilər. Həhayət, XV yüzildən sonra bunların öz sikkələri yaranır".

Bizim sikkə tariximiz qədimdir. Makedoniyalı İsgəndərin yürüşündən sonra burada o sikkələrdən istifadə olunub. Bu dövrə aid qiymətli dəfinələr tapılıb. Humizmatika tarixi baxımdan nə qazanırsa, dəfinələrin hesabına əldə edir. Bəzən o sikkələr dövrün tamamilə güzgüsü olur. Qabaqlar Azərbaycanda orta hesablamalara görə ildə 10-15 dəfinə tapılırdı, onların əksəriyyəti bizə gəlib çatırdı. Ancaq indi çox az gəlib çatır. Makedoniyalı İsgəndərin yürüşündən sonra Azərbaycanın ərazisində antik pul dövriyyəsi başladı. Azərbaycanda eradan əvvəl III yüzildən başlayaraq yerli sikkələr ləğv edildi: "Eramızın III yüzilindən başlayaraq Atropatena, Albaniya ərazisində sikkələr kəsilib. Dövlətçiliyimizin tarixi XIX yüzilə qədər davam edir. Sonra Azərbaycanın Rusiyaya ilhaqı baş verir. Xanlıqlar dövründə Azərbaycanın xanlıqlarında sikkələr kəsilir. İlhaqdan sonra Azərbaycanın sikkə zərbi hüququ ləğv edilir. Azərbaycan Rusiya pul dövriyyəsi sferasına daxil olur. Hazırda pul vahidimizin adı "manat"dır. "Lirə" türklərin deyil, Fransadan gəlib. Türk lirəsindən əvvəl məcidiyyə, onluq, beşlik, otuzluq, altmışlıq kimi sikkələr, ondan da əvvəl axça adlı sikkə vardı. "Axça"-türk sözüdür. Osmanlılar dövründə xırda gümüş sikkələr kəsilib, orta yüzillərdə bu sikkələr "axça" adı ilə məşhur olub. "Rubl" anlamını ruslar tapıblar: "Dövlətsizlik dövründə rusların sikkələri yox idi, onlar gümüş "qrivna"dan istifadə edirdilər. Biz ona "girvənkə" deyirik. I Pyotrun atası öz dövründə istədi ki, "qrivna"nı iki yerə bölüb "rubl" yaratsın. Ancaq bu, keçmədi, "Mis üsyanı" qalxdı: rubl gümüşdən, yüz qəpiklər misdən kəsilmişdi. Əhalinin Moskvadakı üsyanından sonra bu, ləğv olundu. I Pyotr isə bunu ustalıqla həyata keçirdi: əvvəl başqa nominallar, sonda mis pullar buraxdı". Pul vahidi uzun müddət ağıllardan çıxmır, çəki, pul vahidləri uzun müddət yaddaşlarda qalır: "Dirhəm" ərəbin deyil, "dinar" "dinarius"dandır, Romadan gəlib. "Pul" sözü "follis" sözündəndir. Ərəblər buna "pels", türklər "pul" deyiblər. Bizansda qara, köhnə mis pula "follis" deyərdilər. "Follis" həm "mis" deməkdir. Ruslar Qızıl Orda xanının qapazı altında olanda orada təngə pullar kəsilirdi. Rus knyazları altun, denqa, altun kimi pular kəsirdilər. "Altun" türk sözüdür. "Bakır" adlı pul vahidi türkündür. "Bakır" - "paxır" sözündəndir, "mis" deməkdir. Mis pullara "bakır" deyirdilər".

Humizmatika itən şəhərlərin, adı qalmayan şahların bu günümüzdə tanınması deməkdir. Əli Rəcəbli deyir 3 Şirvanşahın adını o tapıb. Pulun kağız dövrü sonradan başlandı. Dünya pulu çoxdan var: qızıl gümüş qədimdən sərhəd bilməyib. Təki keyfiyyəti yaxşı olsun. Mis qiymətsiz metaldır, o, yalnız öz sərhəddində işlənib: "XIX yüzilin sonlarında böyük dövlətlər qərara gəldilər ki, kimin qədər qızıl ehtiyatı varsa, o dəyərdə kağız pullar buraxsın. Bununla da qızılın kökünə balta vuruldu. Sonra dünya müharibələri, inflyasiya başlandı. Vaxtilə SSRİ-dən güclü dövlət yox idi, ancaq pulu xaricdə o qədər işləmirdi. İndi dünya pulu avrodur, ABŞ dollarıdır, funt-sterlinqdir. Çünki bunların arxasında qüdrətli dövlətlər durur".

Vaxtaşırı numizmatların beynəlxalq tədbirlərində iştirak edən Əli Rəcəbli yaşının çoxluğu ilə əlaqədar gedə bilməyəndə həmin ünvanlara məqalələrini göndərir.

 

 

Uğur  

    

Xalq Cəbhəsi.- 2011.- 9 iyul.- S.14.