Dağlar arxasında üç xalq: Nic kəndinin
dinc sakinləri...
Yolumuz Qəbələ rayonundan 40 km
aralıda yerləşən qədim tarixə malik Nic kəndinəydi.
O kəndə ki, əsrlər boyu müxtəlif dinlərə
mənsub insanlar bir yerdə, sülh şəraitində
yaşamaqla dünyaya nümunə sayılırlar.
Təkcə
Azərbaycanda deyil, dünya miqyasında yaxşı
tanınan bu kənd haqqında danışılanda ilk
növbədə onun sakinləri olan udinlər yada
düşür. Amma burada qədim alban əhalisinin törəmələri
olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər
də yaşayır.
Qəbələ
rayon İcra Hakimiyyətindən öyrəndik ki, Nicin əhalisinin
50%-ni udinlər, 40%-ni azərbaycanlılar, 10%-i isə ləzgilər
təşkil edir.
Nic həm
də Azərbaycana gələn turistlərin baş çəkdiyi
yaşayış məntəqələrindən biridir.
İcra Hakimiyyətində bizə dedilər ki, turistləri təkcə
Nicdə mövcud olan tarixi abidələr, təbiət
maraqlandırmır, onlar həm də dinlərin
qovuşduğu bu tolerant məkanda bir neçə xalqın
necə qaynayıb-qarışmasına maraq göstərirlər.
Nicə il ərzində təxminən 2500 - 3000 turist gəlir.
2500 illik tarix
Nicin
tarixi çox-çox qədimdir. Kəndin əsas sakinləri
olan udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvələ
aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə.
V əsr yunan müəllifi - "Tarixin atası" Herodotun
"Tarix" əsərində məlumat var. E.ə. I əsrdə
yaşamış Strabonun "Coğrafiya" əsərində
də Qafqaz Albaniyasına dair məlumatda udinlərdən
danışılır. Udinlər qədim Alban
çarlığının yaranmasında mühüm rolu
olan 26 alban tayfasından biridir. VIII əsrdə
yaşamış alban tarixçisi Moisey Kalankaytuklunun "Alban
tarixi" əsərində də bu tayfa haqqında məlumat
verilib.
Nic bazarı - millətlər
bazarı...
Nəhayət,
gəlib çatdıq dağətəyi ərazidə yerləşən
Nicə. Geniş bağlı-bağçalı
yaraşıqlı evlərdən, şəxsi həyətlərdən,
ucsuz-bucaqsız fındıq bağlarından ibarət olan bu
kənd təbii gözəlliyilə göz oxşayır.
Yolumuzu
əvvəlcə kəndin ərazi icra nümayəndəliyindən
saldıq. Burada öyrəndik ki, Hicdə təxminən 6 min
nəfərdən bir qədər çox əhali
yaşayır. Bunun da 4 min nəfəri udinlər, qalanları
isə azərbaycanlılar və ləzgilərdi.
Nicin
mərkəzində böyük Daş bazar yerləşir. Bazar
günü olmasa da, ora da baş çəkdik. Amma həm satan
az idi, həm də alan. Bazarda tanış
olduğumuz ağsaqqal İmran Babayev dedi ki, çay
daşlarından tikilən bu ticarət mərkəzi çox
qədim zamanlaradan fəaliyyət göstərir. İndi bazarda kənd sakinləri istehsal etdikləri
məhsulları satışa çıxarırlar. Bura təkcə niclilər deyil, qonşu rayonlardan da
gəlib alver edirlər. Bazar günləri bu ticarət mərkəzində
azərbaycanlılar udinlərə, udinlər ləzgilərə
qarışır, alan kim, satan kim...
İmran Babayev bildirdi ki, vaxtilə Nicə gələn
tacirlərin qalması üçün kənddə
kiçik karvansara da fəaliyyət göstərib. Hazırda isə
həmin karvansara təmir olunub və müəyyən qədər
də müasir görünüş verilərək otel kimi fəaliyyət
göstərir. Kəndə gələn
turistələrin də çox hissəsi elə orada
qalır.
"Biz mehriban ailəyik..."
Bazarı tərk edib Nicin mərkəzindəki meydana gəldik. Günorta olduğundan yolda
gözə dəyən az idi.
Yaxınlıqdakı çayxananın həyətində
qoyulmuş stolun arxasında bir neçə yaşlı kişi əyləşib çay içir,
söhbətləşirdi. Salamlaşandan sonra gəlişimizin
məqsədini anlatdıq, söylədik ki, kənddə
yaşayan millətlərin münasibətləri bir jurnalist
olaraq bizim üçün çox maraqlıdı.
"Onda uzağa getmə, sən elə
axtardığın adamları bir yerdə yaxalamısan, gəl,
özün də çaya qonaq ol" - deyə ağsaqllardan
biri zarafatla dilləndi. Məlum oldu ki, bir stolun ətrafında əyləşib
çay içən bu dörd nəfərdən ikisi udin,
biri azərbaycanlı, digəri isə ləzgidir. Doğrudan da çox maraqlı məqamın
üstünə çıxmışdıq. Fürsətdən istifadə edib söhbətə
başladıq.
Həmsöhbətimiz
Slavik adlı yaşlı udin dedi ki, dinləri və dilləri
ayrı olsa da, Nicdə yaşayan xalqlar bir-birləriylə
çox mehriban yola gedir, qaynayıb-qarışıblar.
"Bax
görürsənmi, Azərbaycan dilində necə
yaxşı danışıram, uşaqlarım da mənim
kimi təmiz danışırlar, biz burda mehriban ailəyik, bax
beləcə də yaz" - deyən Slavik dayının
mehribanlığa dair söylədiyini azərbaycanlı Fərhad
kişi, ləzgi ağsaqqal Şamil də
başları ilə təsdiqləyirdilər:
"Bura çoxmillətli kənddir, udinlər, azərbaycanlılar,
ləzgilər bir yerdə yaşayırıq. Allaha şükür,
yaxşı da yaşayırıq, ünsyyətimiz də var,
pis deyil, bir-birimizin toyuna, yasına da gedirik, lap yaxşı da
qonşularıq".
"Bir-birimizə qız verib,
qız almışıq..."
Ağsaqallar dedilər ki, bu üç millət
arasında mehribançılıq o dərəcəyə
çatıb ki, bir-birlərinə hətta qız verib,
qız da alıblar.
- Azərbaycanlıların
yaxşı bir sözü var: könül sevən
göyçək olar. Qohum da olmuşuq - Slavik dayı
söhbətə davam edərək dedi, - udinlərlə azərbaycanlılar,
azərbaycanlılarla ləzgilər arasında xeyli qohum ailələr
var..
Buna ən məşhur nümunə kimi Nic kəndinin
icra nümayəndəsi Vidadi Mahmudovun valideynlərini misal
göstərdilər. Vidadi müəllimin atası azərbaycanlı,
anası isə udindir.
Nicdəki Udin İcmasının rəhbəri Alek
Yegeşeviç Danaqariylə də həmsöhbət olduq. "Əgər
gənclər bir-birini bəyənsə, biz buna etiraz etmirik.
Azərbaycanlılar, ləzgilər və udinlər
arasında münasibətlər normal şəkildədir,
insanlar bir-birlərinin xeyir-şər işlərində
yaxından iştirak edirlər"-deyən Alek
Yegeşeviç bildirdi ki, onun dostlarının yarıdan
çoxunu azərbaycanlılar təşkil edir.
Qohumluq münasibətləri ilə yanaşı, Nicdə
yaşayan hər üç xalqın ortaq cəhətləri
də çoxdur. Uzun illər davam edən
qarşılıqlı münasibətlər nəticəsində
xalqların bir çox adət- ənənələri qarışıb.
Məsələn, udinlərlərlə sıx
münasibətdə olan azərbaycanlılar yəqin elə
sözügedən xalqın təsirinin nəticəsidir ki, ləğv
olunmasına baxmayaraq 1 mayı hələ də xüsusi təntənə
ilə qeyd edirlər.
"Bayramlarda bir-birimizin evinə qonaq gedirik, pay
aparırıq, Novruz bayramında udin
tanışlarımız mütləq bizdə qonaq olur". Bunu da bayaq azərbaycanlı
həmsöhbətimiz Fərhad dayı söyləmişdi.
Sonra da əlavə etmişdi ki, yeri düşəndə
işdə-gücdə də bir-birlərinə yardım
edirlər, fındıq yığımı zamanı udin, azərbaycanlı,
ləzgi ailələrindən bir-birlərinə kömək
edənlər az olmur...
Nicin işlək camaatı
Fındıqdan söz düşmüşkən, Qəbələdə
ən böyük fındıq bağları elə Nicdədi. Fındıq
bağları əhaliyə torpaq islahatından sonra
paylanıb. İndi bu sahədən yaxşı gəlir
götürənlər var. Məsələn, il
yaxşı olsa, bir ağacdan 30-35 kq məhsul götürmək
mümkündür.
Nic sakinləri çox işləkdirlər. Fərdi təsərrüfatlarda
bostan becərir, tərəvəz əkirlər, satırlar.
Toyuq-cücə, mal-qara, qoyun-quzu, donuz saxlayanlar
da çoxdur. Bəlkə də birgə
yaşayışın nəticəsidir ki, azərbaycanlılar
arasında da donuzçuluqla məşğul olanlar var. Yerli əhali
arasında şərabçılıq da xüsusi yer tutur.
Şərabı yerli üzüm sortlarından,
arağı isə kənddə yetişən cır meyvələrdən
çəkirlər. Azərbaycanlılar
bu içkiləri yalnız toyda-bayramda, udinlər isə
xeyirdə-şərdə istifadə edirlər.
Niclilər deyirlər ki, digər kəndlərlə
müqayisədə onların dolanışığı daha
yaxşıdır, başqalarına nisbətən
varlı-hallı yaşayırlar.
Nic kəndinin bələdiyyəsi barədə də məlumat
maraqlıdır. Kəndin bələdiyyəsində hər üç
xalqın nümayəndəsi təmsil olunur: 11 bələdiyyə
üzvündən 5-i azərbaycanlı, 4-ü udin, 1-i ləzgi,
1-i də yəhudidir. Bələdiyyə sədri
Roman Dallari isə udindir. Nic sakinləri "beynəlmiləl
bələdiyyə"nin işindən
narazılıq etmirlər...
Bu kəndin həm kilsəsi, həm
də məscidi var
Kənddə yerləşən tarixi baxımdan əhəmiyyətli
Alban-udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı
olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr
olunub. 2003-cü ildə dövlət tərəfindən
qeydiyatına alınan kilsə təmir olunaraq yenidən
qurulub.
İcma rəhbəri
Alek Yegeşeviş kilsənin fəaliyyət göstərməsinin
Azərbaycanın tarixi üçün olduqca əhəmiyyətli
olduğunu deyir: "Ermənilərin sözlərini kəsmək
üçün... Qoy görsünlər ki, bu
kilsələr ermənilərə deyil, albanlara məxsus
olub".
Kənddə 2 məscid fəaliyyət göstərir. Məscidlərin
hansı tarixdə tikildiyi məlum deyil, məlum olan odur ki,
onların qapıları sovetlər dövründə
qapalı olub. Ancaq müstəqillikdən
sonra yenidən təmir olunaraq inanclı insanların itifadəsinə
verilib. İndi bu məscidlərdə ərəb
dili, əlifbası və ən əsası Quran oxumaq öyrədilir.
Dinlərin qovuşduğu bu kənddə kilsə
və məscid yanaşı fəaliyyətdədir.
Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək
geniş yayılıb. Lap bizdə olduğu kimi. Bu qurbanlar insanlar üçün müqəddəs
sayılan pirlərdə, ocaqlarda kəsilir. Xiristianlar arasında qurban kəsmək ənənəsinin
olmadığını bildirən icma rəhbəri Alek
Yegeşeviçin sözlərinə görə, bu hadisə
kəndə gələn xristian turistlərin də təəccübünə
səbəb olur. Kənddə 3-ü
rüs dilində və 2-si Azərbaycan dilində olmaqla 5 məktəb
fəaliyyət göstərir.
Hərbi xidmət keçənlər,
Qarabağda vuruşanlar və ermənilərin "tarixi
bicliyi"...
Nic sakinləri dedilər ki, ləzgi və udin gənclər
azərbaycanlı həmyaşıdları kimi necə
lazımdırsa, Azərbaycan ordusunda hərbi xidmət
keçirlər. Vaxtilə Qarabağ müharibəsində
azərbaycanlılarla birgə ermənilərə
qarşı vuruşmuş nicli udinlər və ləzgilər
də olub. Ermənilərdən söz
düşmüşkən, bir zəruru məsəlini qeyd etmək
vacibdir.
Sovet dövründə, ondan öncə udinlər ermənilər
kimi "yan" sonluğu ilə qurtaran soyadlar
daşıyırdılar. Udin İcmasının rəhbəri
Alek Danaqari bildirdi ki, onların emənilərlə heç
vaxt bağlılığı olmayıb: "Bizi ermənilərlə
yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa
mənsub olmağımızdır. Amma ermənilər
xristianlığın qriqorian, biz isə katolik qoluna məxsusuq".
Alek
Danaqarinin sözlərinə görə, Alban kilsəsinin hələ
1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə
təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş
bir addım olub: "Ermənilər tarixən bizə təziqlər
göstəriblər. Onlar Alban kilsəsini erməni
Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı
da ermənilər məhv ediblər".
Ermənilər Azərbaycanda yaranmış vəziyyətlərdən
hər zaman öz xeyirlərinə istifadə etməyə
çalışıblar. Təbii ki, udin xalqı
da bundan ziyan çəkib. İcma rəhbəri deyir ki,
vaxtilə erməni bicliyi sayəsində udin xalqının
soyad sonluqları dəyişdirilib "-yan" edilib. Elə bu səbəbdən də Azərbaycanın
müstəqilliyinin ilk illərində udin xalqının
oğlanları hərbi xidmətdən azad edilmişdi.
Alek Yegeşeviç deyir ki, o vaxtlar bəziləri udinləri
də ermənilərin sırasına aid edirmiş. "Ancaq sonra
yavaş-yavaş aparılan təbliğat işə
yaradı". İndi onların soyad sonluqlarının
dəyişdirilməsi ilə bağlı problemləri yoxdur:
"Artıq soyadları istədiyimiz kimi dəyişə
bilmişik. Hazırda udinlərin əksəriyyətinin soyad
sonluqları "-ri" ilə
qurtarır. "-ov, -yev"lə bitən
soyadlar da azlıq təşkil etmir. Udinlər
də hazırda azərbaycanlılar kimi hərbi xidmətə
gedir".
Sözlər də
qarışıb, adlar da, mətbəx...
Yerli azərbaycanlılar dedilər ki, udinlərin
maraqlı dili var. Bu dildə Azərbaycan sözləri də
çoxdur.
Yenə birgə yaşayışın nəticəsi...
Azərbaycanlılarla udinlərin
qaynayıb-qarışması, uzun illərdən bəri bir
ailə kimi yaşamalarının nəticəsidir ki, bəzi
udinlər artıq öz övladlarına azərbaycanlı
adları qoyurlar. Udinlər arasında Elxan, Orxan, Mirvari,
Fidan kimi azərbaycanlı adı daşıyan xeyli uşaq,
yeniyetmə var.
Azərbaycan xalqı ilə udin xalqının adət-ənənəsi
arasında müəyyən oxşarlıq toylarda da
özünü göstərir, elə mətbəxdə də. Məsələn, azərbaycanlılar
da əziz günlərdə, toylarda düyüdən aş
da bişirirlər, udinlər və ləzgilər də... Azərbaycanlılar da təndirə çörək
yapırlar, udinlər də.
Hind toyuğundan hazırlanan "fırlama" bu kəndin
əsas yeməklərindən hesab olunur. Bu yemək
növü kənddə yaşayan azərbaycanlılarla
yanaşı, udinlərin də mətbəxində də əsas
yer tutur. Ancaq tarix baxımından bu yemək
növünün hansı xalqa mənsub olmasını demək
çətindir. Çünki tarixən
bu kənddə müxtəlif azsaylı xalqlar sıx
qarşılıqlı ünsiyyətdə yaşayıb.
Bu baxımdan burada yaşayan xalqların yeməkləri
və adətlərinin bir qismi bir-birinə qarışıb.
Nicdə yaşayan ləzgilərin bəzi milli yeməkləri
azərbaycanlılarda olduğu kimidir, çörəyin Azərbaycanın
bəzi yerlərində olduğu kimi lavaş növunə
üstünlük verirlər.
Burada yaşayan hər üç xalqın qız və
oğlan toyları ayrı-ayrı olur. Udinlərin
toy mərasimlərində milli rəqsləri ilə
yanaşı, "Yallı", "Uzundərə" kimi
Azərbaycan xalq rəqsləri də oynanılır.
Niclilər çox qonaqpərvərdirlər. Bu maraqlı, əsrlər
boyu bir neçə millətin mehriban yaşadığı kənddən
xoş təəssüratla ayrıldıq...
Sonda bir məsələni də qeyd edək. Azərbaycan hökuməti ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin "Mədəniyyət məkanı" adı ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə işlər aparır. Alqışa layiq təşəbbüsdür...
Əfqan Qafarlı
Xalq Cəbhəsi.- 2011.- 9 iyul.-
S.11.