Şah İsmayıl Xətayi Təbrizdə məşhur kitabxana yaratmışdı

 

Bütün dünyada məşhur olan Azərbaycan miniatür rəssamlıq məktəbi burada formalaşmışdı

 

Sərkərdə, dövlət xadimi, şair, Azərbaycanın, Azərbaycançılığın fəxri Şah İsmayıl Xətayi hələ XIV əsrin əvvəllərindən tanınan şeyx Səfi əd-Din (1252-1334) nəslinin davamçısıdır. Təriqət Şah İsmayılın babası Şeyx Cüneydin vaxtından etibarən hərbi əməliyyatlara qoşulur. Bundan sonra hərbi uğurlarla birlikdə təriqətin nüfuzu da artır. Səfəvi döyüşçülərinin əqidəsinə görə, öz müqəddəs mürşidlərinin yolunda candan keçmək özünü bu yola həsr etməyin ən ibtidai dərəcəsi idi. Şah İsmayılın atası Şeyx Heydər müridlərinə on iki qırmızı sarıqdan çalmalanmağı məsləhət görür və səfəviyyə təriqətinin ardıcılları qızılbaşlar adlanmağa başlayır. Dar mənada qızılbaşlar deyəndə təriqətin əsasını təşkil edən türk-Azərbaycan tayfaları nəzərdə tutulurdu. Qızılbaşlar başlarını qırxdırır, bığ uzadır və qırxıq başlarında kəkil saxlayırdılar. Döyüşdən qabaq onlar Azərbaycan dilində dua edir və deyirdilər: "Ey pirim, ey mürşidim, sənə mənim canım qurban!" Səfəvilərin Ərdəbildəki malikanələri möhkəmlənib inkişaf edir. Böyük şeyxin varisləri bütün Azərbaycanı birləşdirmək niyyətinə düşürlər.

Dağıstan və Şirvan üzərinə yürüşlərdə şirvanşahlarla döyüşlər zamanı İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər həlak olurlar. Şeyx Heydərin ölümündən sonra İsmayılın dayısı Ağqoyunlu Sultan Yaqub Ərdəbili tutaraq bacısı Aləmşahbəyimi, habelə onun azyaşlı oğlanlarını - Sultan Əlini, İbrahimi, İsmayılı əsir alır. Bu zaman İsmayılın hələ iki yaşı da (İsmayıl 1487-ci il 17 iyulda Ərdəbildə doğulmuşdu. Anası Aləmşahbəyim Ağqoyunlular sülaləsinin hökmdarı Uzun Həsənin qızı idi) tamam olmamışdı. Sultan Yaqubun 1490-cı ildə hakimiyyətə gələn oğlu Baysunqur bir il keçməmiş əmisi oğlu Ağqoyunlu Rüstəm padşah tərəfindən devrilir, o, Heydərin oğlanlarını azad edir, Ərdəbili yenidən Sultan Əliyə qaytarır. Ölümündən az əvvəl Sultan Əli qardaşı İsmayılı təriqətin şeyxi vəzifəsində özünün varisi elan edir.

Etibarlı qızılbaşların köməyi sayəsində 7 yaşlı İsmayıl gizlənə bilir. Onu əvvəlcə elə Ərdəbildə gizlədirlər. Bir qədər sonra şəhərdə Şeyx Heydərin oğlanlarını tapmaq üçün ciddi axtarışlar başlandıqda onu Rəştə, oradan da Gilan hakimi Kərkiyə - Mirzə Əlinin sarayına aparırlar. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir. 13 yaşı olanda o, artıq müstəqil şəkildə siyasidini fəaliyyətə başlayır. 1499-cu ilin avqustunda Gilanı tərk edir, qışı dəstələrilə birlikdə Astarada keçirir. Yaz qabağı Çuxursəddən keçərək Ərzincana yollanır. Bütün yol boyu yerli sufilər dəstəsinə qoşuluronun bayrağı altına 7 min süvari yığışır. 1500-cü ilin sonlarında İsmayıl Kürü keçərək, bütün Şirvanda heç bir müqavimət görmədən Şamaxıya girir. Şirvanşah Fərrux Yasar 20 minlik süvari və 6 minlik piyada qoşunu ilə Gülüstan qalası yaxınlığında Cabani adlanan yerdə İsmayıla qarşı döyüşə girir. İsmayıl kiçik bir dəstəsini Gülüstan qalasının mühasirəsi üçün saxlayaraq Bakıya yollanır və buranı aldıqdan sonra yenə geri, həmin dəstənin yanına qayıdır. Burada xəbər tutur ki, Azərbaycan hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə hücuma hazırlaşır. İsmayıl adamlarını məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə "Azərbaycan" deyirlər. İsmayıl qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə döyüşə girən İsmayıl 7 minlik qoşunu ilə onu darmadağın edir. Beləliklə, Təbrizə yol açılır. 1501-ci ilin payızında İsmayıl Təbrizə girərək özünü şah elan edir və adından pul buraxmağa başlayır. Səfəvilər zamanında Heratdan Bağdada qədər nəhəng bir ərazidə Azərbaycan dilində danışılırdı. 1503-cü ildə şah İsmayıl həm də Fars və İraqi-Əcəm hökmdarı olan Ağqoyunlu padşahı Muradla mübarizəyə girişir. Onlar arasında döyüş 1503-cü ilin 21 iyununda Həmədan yaxınlığında baş verir. Şəxsən özünün döyüşdüyü bu vuruşda İsmayıl qalib gəlir. Murad padşahı təqib edə-edə elə həmin ildə Şiraz, İsfahan, KaşanQum şəhərlərini tutur. 1508-ci ildə şah İsmayıl artıq Bağdad da daxil olmaqla İraqi-Ərəbi, Diyarbəkiri, Ermənistanı, habelə Ön Asiyanın bir sıra şəhərlərini tutmuşdu. Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bildi. Səfəvi dövlətinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Türk sultanı I Səlim 1512-ci ildə taxt-taca çıxan kimi şah İsmayılla müharibəyə hazırlıq görməyə başlayır, Azərbaycan sərhədlərinə 200 minlik nəhəng bir ordu çıxarır. Döyüş 1514-cü il avqustun 26-da Çaldıran adlanan yerdə baş verir. Üç gün davam edən kərgin döyüş Sultan Səlimin qələbəsi ilə nəticələnir. O, yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutur, Şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək şəhəri tərk edir.

Çaldıran döyüşündən sonra ŞirvanGürcüstan üzərinə yürüşlər istisna edilməklə Şah İsmayıl iri hərbi əməliyyatlar keçirmir. Onun bütün səyləri yaratdığı möhtəşəm dövləti qoruyub möhkəmlətməyə yönəlir. 1524-cü ildə Şah İsmayıl vəfat edir. Onu Ərdəbildə Səfəvilərə məxsus Darül-İrşad qəbristanlığında dəfn edirlər. Şah İsmayılın Rüstəm Mirzə, Şah Təhmasib, Sam Mirzə, Alxas Mirzə və Bəhmən Mirzə adında beş oğlu və Xanım, Pərixan xanım, Məhinbanu, Firəngiz xanım və Şahzeynəb xanım adında beş qızı olub.

Şah İsmayıl habelə sufi təriqəti olan Səfəviyyənin şeyxi, "Xətayi" təxəllüsü ilə ana dilində gözəl şeirlər yazmış böyük şair olmaqla yanaşı həm də idman oyunları, cıdır yarışları, ovla məşğul olub, rəssamlıq və xəttatlığın sirlərinə bələdliyi ilə seçilib, yaxşı bərbəd çalıb və gözəl səslə oxuyub. Dövrün görkəmli alimləri, astronom və astroloqları, tarixçiləri, şairləri, rəssamları, xəttatları, musiqiçi və musiqişünasları onun sarayına toplaşmışdılar.

Ağqoyunlu Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli bir kitabxana yaradır. Buradan təkcə Azərbaycanın deyil, həm də bütün yaxın ölkələrin alimləri istifadə edirdilər. Nəhəng ölkənin hər tərəfindən ən istedadlı xəttat, rəssam və ustalar buraya toplanır. Onlar üçün burada xüsusi emalatxanalar yaradılır. Bu emalatxanalarda kağız, karton, mürəkkəb, rəng və digər ləvazimatlar da istehsal olunur. Elə buradaca xəttatlar tərəfindən kitabların üzü köçürülür, miniatürçü rəssamlar tərəfindən onlara tərtibat verilir, şəkillər çəkilir, nəqqaşlar və müzəhhiblər tərəfindən naxışlar vurulur, kartondan və dəridən cild çəkənlər isə onları indiki anlamda kitab halına salırdılar. İstedadlı gənclər, habelə hökmdarın ailə üzvləri və saray əyanları bu kitabxanada xəttatlıq və rəssamlıq sənətinə yiyələnirdilər.

Kitabxananın rəhbərlərindən biri Şərqin böyük miniatürçü rəssamı Kəmaləddin Behzad idi. Şah İsmayıl və onun oğlu şah Təhmasibin vaxtında həmin kitabxanada Mahmud Nişapuri, Ağa Mirək, Sultan Məhəmməd, Mir Əli Xəttat, Sadıq bəy Əfşar, Mir Seyid Əli Müsəvvir və bunlar kimi onlarla başqa görkəmli sənətkarlar çalışmışdılar. Bütün dünyada məşhur olan Azərbaycan miniatür rəssamlıq məktəbi də burada formalaşmışdıBütün dünyada məşhur olan Azərbaycan miniatür rəssamlıq məktəbi də burada formalaşmışdı. Buna bənzər ikinci bir kitabxana da şah İsmayıl tərəfindən Ərdəbildə, şeyx Səfi əd-Dinin xatirə kompleksində yaradılmışdı. Həmin kitabxana buraya gələn zəvvarların nəzir qismində bəxşiş etdikləri hədiyyələrlə zənginləşir, habelə buradakı emalatxanalarda hazırlanan kitabların satılması hesabına inkişaf edirdi. Həmin kitabxana 1828-ci ildə rus-İran müharibəsi nəticəsində talan olunub aparılana qədər olduqca nadir kitab və əlyazmalarla məşhurlaşmışdı.

Həqiqi, Şahi, Süruri, Tüfeyli kimi məşhur şairlər şah İsmayılın sarayında qulluq edirdilər. Onlar İsmayılın yaratdığı ədəbi məclisin üzvləri idilər. Şah İsmayıl bəlkə də ən birinci təbliğatçı şairlərdəndir. Şah İsmayılın dinisiyasi görüşlərini ifadə eləyən şeirləri gəzərgi aşıq və dərvişlər tərəfindən eldən-elə yayılırdı. Bu mənada onun şəxsiyyətinə üç tərəfdən yanaşmaq olar: Şeyx İsmayılın görüşlərinin təsiri altında şair Xətayi dərin ideyaritmik musiqiyə malik gözəl şeirlər yazır və şah İsmayıl bu əsərlərdən öz siyasi məqsədləri üçün istifadə edirdi. Xətayi eyni zamanda həm də gözəl bir lirik şair idi. Onun ana dilimizin bütün incəliklərini ustalıqla əks etdirən "Dəhnamə" poeması Azərbaycan poeziyası tarixində mühüm yer tutur. Həmin poemanın təbiətin bahar oyanışına həsr olunmuş ölməz misraları Azərbaycan şeirinin bütün müntəxəbatlarında öz əvəzolunmaz yerini tutub. Venesiyadan olan bir tacir yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da, bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."

Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.

Şah İsmayıl ömrünün sonuna qədər balıq tutmaqlaovla əylənib. Güclü vəhşilərlə əlbəyaxa döyüşmək ona xüsusi ləzzət verirmiş. Deyilənə görə, o, hələ 12 yaşında ikən ətraf yerlərdə yaşayan adamları təşvişə salan nəhəng bir ayını boğmuş, 19 yaşında Bağdad yaxınlığında pələngi öldürmüşdü. O, həmçinin böyük ovları da çox xoşlayıb və yəqin elə buna görə tez-tez öz kitabxanasının emalatxanalarında yaradılan miniatürlərdə ov səhnəsi təsvir edilir. Onun sonuncu belə böyük ovu Şəkiyə səfəri zamanı Balakən ərazisində çıxdığı ov idi. Şah İsmayıl orada xəstələnmiş və Təbrizə artıq ölüm ayağında gətirilmişdi.

Şah İsmayılın şəxsiyyəti əsrlər uzunu xalq arasında həmişə populyar olub. Onun haqqında dastanlar və rəvayət qoşulub, bir çox muğam və təsniflər onun adı ilə adlandırılıb, göstərdiyi igidliklər nağıllarda, romanlarda, dram əsərlərində və operalarda vəsf olunub.

 

 

Şahismayıl İsmayılov       

 

Xalq Cəbhəsi.- 2011.- 12 iyul.- S.14.