"İstedadlı rejissor olmaq başqa şeydir,
baş rejissor olmaq başqa..."
Azərpaşa
Nemətov: "Teatrın başında dayanan adam sukanı cəkməli,
o birilər də onunla razılaşmalıdılar"
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
xalq artisti, Akademik Milli Dram Teatrının Bədii Şura
üzvü Azərpaşa Nemətovun APA-ya müsahibəsi.
- Azərbaycan teatrının mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan teatrı intibah dövrünü
yaşamır, keçid dövrünü
yaşayır. Ancaq bunu
güclü böhran
saymıram, ancaq intibah
da deyil. Yəqin ki, burada nəsillərin dəyişməsi
məsələsi var. Həm dramaturgiya, həm rejissura,
həm aktyor sənətində,
ümumiyyətlə teatrın hər sahəsində nəsillərin
dəyişməsi prosesi gedir.
Amma bu proses islahatlarla olmalıdır. Artıq islahatlara start verilib və bu islahatlar
Akademik Milli Dram Teatrından başlayıb.
Fikrimcə, bu islahatlar
daha köklü və dəqiq olmalıdır. Yalnız
belə olduqda biz 3-4 il sonra
görülən işlərin
nəticəsinin şahidi
ola bilərik.
- Uzun illərdir, teatr xadimlərindən Azərbaycan teatrının
mövcud vəziyyəti
ilə bağlı suala birmənalı olaraq "keçid dövründədir" cavabını
alırıq. Bir peşəkar
kimi, deyə bilərsinizmi dünya teatrlarında bu qədər uzunmüddətli
keçid dövrü
olubmu?
- Bu məsələ Azərbaycan
teatrında bir az başqa
cürdür. Dünya
teatrları isə iş prinsipini başqa formada qururlar. Dünya teatrlarında bazar
iqtisadiyyatıdır. Rejissorları dəvət edəndə
onların qonorarları
çox yüksək
olur. Dünya teatrlarında işləyən
rejissorlar hazırladığı
bir tamaşa müqabilində bir il dolanmaq
üçün pul alırlar. Gəncliyimdə dünyanı çox
gəzmişəm və
görmüşəm. Amerikada, Brodveydə və digər yerlərdə görmüşəm ki rejissor dəvət olunur, onlara çox böyük qiymət verilir.
- Bəlkə teatrımızın
hələ də keçid dövründə
olmasının səbəbi
yerli teatrlarımızda
hökm sürən teatr daxili mübahisələr,
intriqalardır?
- Teatr daxili münaqişələr
hər zaman olub. Bu hal dünya teatrlarında da baş verir.
Azərbaycan teatrlarında müşahidələrim
nəticəsində görmüşəm
ki, çox nadir hallarda direktorla baş rejissor bir yerdə işləyəndə vəziyyət
normal olur. Müəyyən vaxt keçib, sonra baş rejissorun xoşuna gələn şey direktorun xoşuna gəlməyib, direktorun xoşuna gələn rejissorun xoşuna gəlməyib, nəticədə
müəyyən konfliktlər
baş verib. Çox nadir
hallarda direktor və baş rejissor bir-birinə dözür. Çox vaxt
onlar yuxarı təşkilatlardan qorxub, çəkinib, dözüm
nümayiş etdirirlər.
Düşünürəm ki, hazırda
Azərbaycan teatrında
bu cür vəziyyət yoxdur və çox şükür ki, yoxdur. Bəzən deyirlər, kiminsə
öz düşüncəsi,
teatr haqqında öz anlayışı var, lakin bu,
düzgün fikir deyil. Teatrın başında dayanan adam sükanı
çəkməli, o birilər
də onunla razılaşmalıdırlar. Mədəni formada bu durumla
razılaşmalı, işləməlidirlər.
Yoxsa kimsə etiraz edib deyir
ki, "mən çox direktorlar görmüşəm, mən
qalacağam filan..."
Bu cür yanaşma
düzgün deyil.
- Siz hazırda Azərbaycanda ən yaxşı teatr rəhbərindən kimin adını çəkə
bilərsiniz?
- Çətin sualdır, ancaq mən deyərdim ki, bu gün İsrafil
İsrafilov, Əliqismət
Lalayev, Akif Məlikov, Ədalət Hacıyev kimi yaxşı teatr rəhbərləri var. Onlar
işi bacaran adamlardı, işi apara bilirlər. Burda bir məsələ də baş rejissorla bağlıdır.
Baş rejissor vəzifədir və mən hesab edirəm ki, baş rejissorun
Azərbaycanın ən
yaxşı rejissoru olmasını tələb
etmək düzgün
deyil. İstedadlı rejissor başqa
şeydir, baş rejissor başqa şey. Ola bilər,
mən çox istedadlı rejissoram, amma bacarıqlı baş rejissor olmayım.
- Siz də vaxtilə
baş rejissor kimi fəaliyyət göstərmisiniz. Hazırda belə
bir istəyiniz yoxdur?
- Nə direktor, nə də baş rejissor olmaq istəyirəm. Onların işləri ilə dərindən tanışam,
özümü də
çox yaxşı tanıyıram. Bir az sərt
insan olduğuma görə bilirəm. Bəlkə də zahirən mülayim görünə
bilərəm, amma işimdə çox sərtəm. Görürsünüz
ki, icazəsiz heç kim
içəri girə
bilmir. Mən hansı rejimlə
işləyirəm, o rejimlə
də işçilərdən
işləməyi tələb
edirəm. Amma bu ağır rejimdir və hər adam
buna tab gətirmir.
- Teatr Xadimləri
İttifaqının dövlət
teatrlarına göstəriş
vermək hüququ varmı?
- Yoxdur, heç bir teatr bizə
tabe deyil. Biz ictimai təşkilatıq,
bizim elə imkanlarımız olsaydı,
çox güclü olardıq.
- Siz eyni zamanda
Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvüsünüz.
Bədii
Şura yaradılandan
sonra hazırlanan yeni tamaşalardan Sizi daha çox
qane edən hansı tamaşa olub?
- Bu müddət ərzində
teatrda üç tamaşa hazırlanıb.
Mən onlardan ikisində iştirak etmişəm.
Rəhmətlik Vaqif İbrahimoğlunun
"Vəziri xanı
Lənkəran" tamaşasına
baxdım, müsbət
fikrimi də söylədim. O tamaşada
Nurəddin Mehdixanlının
komediya janrında çıxışını xüsusi vurğuladım.
"Teleskop" tamaşasının baxışında
isə səhhətimdəki
problemlər səbəbindən
iştirak edə bilmədim. Üçüncü tamaşaya Afaq
Məsudun "Qatarın
altına atılan qadın" tamaşasına
da müsbət rəy verdim.
- Azərbaycanda gənc rejissorlara ustad dərsləri vermək fikriniz varmı?
- Gənc yaşlarımdan ustad dərsləri verirəm. 27 yaşında
olarkən ABŞ-da, sonralar Böyük Britaniya, Almaniya, Rusiyada ustad dərsləri vermişəm,
Azərbaycanda isə verməmişəm. Mən
bu ittifaqın sədriyəm, özüm-özümü
ustad dərslərinə
sala bilmərəm axı... Moskvada Valeri Fonkinin
rəhbərlik etdiyi teatr mərkəzində ustad dərsləri vermək üçün
təklif almışam.
Rusiyadakı rejissorların proqramı
üç illik dolu olur və
onlara müraciət edəndə ancaq üç ildən sonraya nəyisə planlaşdırmaq mümkündür.
Elə məndə də iki ilə yaxın
proqram doludur. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin professoruyam
və gənclərlə
işləməyi çox
sevirəm. Mənim kursum
var, o kursda çox yaxşı tələbələrim var. Builki
tələbələrimdən çox razıyam.
- Ustad olaraq tələbələrinizdən
naxələflik görmüsünüz?
- Olub, bəli olub. Gözəl bir fransız misalı var
- mən onu hədəfə atmağı
öyrətdim və sonra hədəfə çevrildim. Bu, ən
böyük ustadların
başına gələn
şeydir. Amma sonra
həmin insan gec də olsa,
səhvini başa düşür, başa düşəndən sonra
ustadına qayıdır.
Qayıdış hər zaman
çox güclü olur. Hesab edirəm ki,
qayıdacaqlar, qayıdanlar
qayıtmayanlardan çox
olub.
- Uzun illərdir, Akademik Milli Dram Teatrında Sizin tamaşalarınızı görmürdük.
Bildiyimisə görə, yeni
tamaşanın məşqlərinə
başlayacaqsınız. Bunu Akademik Milli Dram Teatrına böyük qayıdış hesab etmək olarmı?
- Elə deməzdim. O teatr mənim üçün doğmadır
və bunu hər zaman demişəm, insanlarını
da çox sevirəm. Ümumiyyətlə, mən Azərbaycan
teatrını sevirəm
və bu, pafos deyil, doğrudan
da belədir. Gürcü və ya rus
teatrını görəndə
"Axı niyə də bizdə belə olmasın" deyə düşünmüşəm.
Bizdə
imkan var, bəs ortada niyə heç nə yoxdur? Hər şey özümüzdən
asılıdır. Biz
çox şeyi bir-birimizə başqa cür çatdırırıq.
Amma yığışıb,
bir iş görsək, düşünürəm
ki, ortaya çox maraqlı və səviyyəli işlər çıxarmaq
olar. Azərbaycanda bu gün teatr rəssamları böyük problemdir, hərçənd ki, universitet və akademiya buraxır, amma teatrlarda bu işlə məşğul olan rəssamlar demək olar ki, yoxdur.
- Azərbaycanda teatr sahəsində ən güclü rejissor olaraq kimin adını
çəkə bilərsiniz?
- Kimi istəyirdiniz?
- Dilinizə heç kimin adı gəlmədi?
- Bu təxribat xarakterli sualdır, mən də təxribata gedən adam
deyiləm. Siz məni intriqaya
salmaq istəyirsiniz?!
- Rejissor Bəhram Osmanov bizə müsahibəsində Sizin
"Teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı olmalıdır"
fikrinizə kəskin münasibət bildirmişdi...
- Bəhram Osmanov
mənim adımdan nahaq çıxış
edib, yaxşı olardı ki, öz adından danışsın. Sizin qarşınızda Bəhram deyil, Azər Paşa oturub. Teatr haqqında fikrilərimi isə bayaq dedim.
- Teatr Xadimləri
İttifaqının növbəti
qurultayı nə vaxt keçiriləcək? Yenidən öz
namizədliyinizi irəli
sürəcəksinizmi?
- Bunu zaman göstərəcək.
Sizcə
yorulmuşam? İttifaq sədri
olmaq yaradıcılığımda
durğunluq yaratmır.
- Yeni hazırlayacağınız
tamaşa haqqında bir qədər məlumat verməyinizi istərdik...
- Bu barədə danışmaq
istəmirəm. Tamaşa bir
möcüzədir, gəlib,
baxıb, o möcüzənin
şahidi olmalısan.
- Akademik Milli Dram Teatrına bir çox xarici rejissorlar dəvət olunur. Sizi bir rejissor olaraq tamaşa hazırlamaq üçün
xarici teatrlara dəvət edirlərmi?
- Xeyr!
- Səbəbini nədə
görürsünüz?
- Özüm istəmirəm.
Xalq Cəbhəsi.- 2011.- 13 iyul.- S.15.