"Var olan gəlsin"
Miskin Əsədin kitabı
işıq üzü görüb
Bu
yaxınlarda Miskin Əsədin "Var olan gəlsin"
adlı kitabı işıq üzü görüb.
Kitabın redaktoru Malik Əhmədoğludur.
Kitaba
prof.dr. Hüseyn Düzgün ön söz yazıb: "Azərbaycan
aşıq şeiri dünya millətləri arasında
yaşayan sözlü ədəbiyyat numunələri və məcmuələri
ilə müqayisədə şanlı bir toplu kimi göz
önündədir. İndi bu mənəvi sərvətin
yaşaması, önəmli və mühüm mədəni
olay kimi dünyada tanıdılması, təbliğ
olunması gərəkdir. Aşıq şeiri və ədəbiyyatı
yüz illərdən bəri xalq içində
yayılıb, sevilib, dəyəri biçilməz, eni-boyu
ölçüyə gəlməz, başı-sonu bitməz,
insanların daxili aləmlərini, həyəcan və
iztirablarını ehtiva edən bir mənəvi məcmuədir.
Şah Xətayi zamanından bu günə kimi savaşlarda,
yaslarda və toylarda fəal iştirak edən aşıqlar,
ellərimizin mənəvi dədələri-dərdliləri
kimi nisgilli yaşayıblar və zülm tapdağı olan elləri
ilə birgə mübarizələrə qoşulub, faciəli
yaşam sürüblər. Keçən yüzildə
acınacaqlı həyat sürən, adları itgin
düşən ustad aşıqlarımızdan biri də
xiyavlı Miskin Əsəddir. İndi onun nəvəsi Xiyav
şəhərində yaşayır. Həmin şəhərin
elmi araşdırmalarla məşğul olan qeyrətli gənclərindən
Həsən Kərimzadə, Miskin Əsədin nəvəsi və
özünün başqa dostlarının yardımı ilə
onun sinələrdə saxlanılan şeirlərini toplayıb
bir araya gətirib. Onların bu kitabi hazırlamaqda nə qədər
zəhmətə qatlandıqları bizə aydındır.
Söz yox ki, bu kitabın işıq üzü görməsi
Miskin Əsədin yaşayışı və
yaradıcılığı ilə əlaqədar gələcək
araşdırmalara bir başlanğıc sayılır. Mən
aşıq şeirinin xəzinəsində bir cəvahir
sayılan bu kitabın nəşri üçün material
toplayan, zəhmət çəkən bütün
dostları, xiyavlıları, bütün elimizi təbrik edirəm".
Həsən
Kərimzadə isə yazır: "Özümə bir borc
sayaraq, borcumu elimə ödəmək üçün itməkdə
olan bir ədəbi şəxsiyyətin yazıların və
şeirlərin toplayıb millətimə
bağışlayıram. Ümid edirəm ki, hər bir azərbaycanlı
dost-düşmən gözünün qabağında özlərinə
mənəvi borc bilib öz millətinin və elinin uğurlu
olmağına addım atarlar".
Kitabda
Miskin Əsədin şeirləri, sonda isə qısa tərcümeyi-halı
təqdim olunur: "Unudulmuş aşıq Miskin Əsəd
1262-ci günəş ili və 1883-ci miladi ilində Xiyov
şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində
dünyaya göz açıb.
İlk
təhsilini atasının məktəbində bitirib. Türk,
ərəb və fars dillərini öyrənib. Miskin Əsəd
uşaq ikən bütün çətinlikləri
yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə
sel kimi köçən adamlara qoşulub Bakıya gəlirlər.
Əsəd burada mühacir həyatı yaşayır, əvvələr
neft quyularında işləyir. Ancaq burada
çalışmağı çox çəkmir.
Şəmkir
bölgəsinə gedir, orda aşıq Hümmətlə
tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına
doğru çəkir. Aşıq Əsəd sonralar
aşıq Ələsgərlə (1821-1926) və aşıq
Hüseyn Bozalqanlı ilə də tanış olur. Hüseyn
Bozalqanlı aşıq Əsədə söz verir,
oğlunun sünnət toyunda özü saz çalacaq.
Sonralar aşıq Əsədin oğlu Hidayət
xatırlayırdı: "Kiçik toyumda Atam və
aşıq Ələsgər səbirsizliklə aşıq
Hüseyn Bozalqanlının yolunu gözləyirdilər,
axır ki, o da gəldi çıxdı. Ələsgər
dedi: Aşıq nə çox yubandın? Aşıq
Hüseyn Bozalqanlı aşıq Ələsgərə dedi:
Yolda qar-borana düşdüm yubandım. Aşıq Ələsgər
sazı kökləyib və bədahətən bu sözləri
dedi və aşıq Hüseyn də elə bədahətən
ona cavab söylədi. Bu deyişmə indi də
aşıqlar arasında çox maraqla qarşılanır.
Artıq aşıq Əsəd aşıq ədəbiyyatında
özünü təsdiq etdi, şagirdlər yetirdi. Məhəmməd
Əmin Rəsulzadənin belə bir sözü var:
"Özgə ayağının altında əzilmək istəməyən
bir xalq, gərək elmiləşə və savadlı
ola". Aşıq Əsəd bu sözlə bağlı belə
yazır:
İşlət
qələmini, qoyma yuxlasın,
Göyün
dalğaların yaran elimdi.
İstəsən
qələmin yaralar dağlar,
Qabaqda şir kimi duran
elimdi...
Əsəd Miskin təxəlüsündən
qabaq "Şair Əsəd" və
"Tifil Əsəd"
təxəllüsünü daşıyırmış: "1937-ci ildə Mikayıl Müşfiq, Əhməd
Cavad, Hüseyn Cavid, Almas İldırım
və başqaları
repressiyaya məruz qaldılar. 1938-ci ildə Miskin Əsəd ordan canın qurtarıb, İrana keçməyə
məcbur qalır.
Aşıq Əsədin bu
taya qayıtması böyük və aydın düşüncəlı
bir musiqiçi ilə eyni ildə
olur. Ustad Əli Səlimi
də ailəsi ilə 1938-ci ildə Güney Azərbaycana qayıdır. Əsəd öz
doğma kəndində
hörmətlə qarşılanır.
Əsəd bu tayda beş
il yaşayır və 1943-ci ildə vəfat edir. Miskin Əsədin ölümü ilə bağlı Meşginşəhrin
Ur kəndində bir qoca qarı nənə belə danışırdı: "Mənim
toyum idi. Əsəd saz çalırdı, toyda dava düşdü.
Əsəd çox narahat
oldu və toydan getdi. Üç gündən sonra xəbər gəldi ki, aşıq vəfat edir. Şair Əsəd 60 illik ömrünü qurbətdə
və didərginliklə
keçirdiyinə görə
heç vaxt şeirlərini bir yerə toplamayıb.
Ancaq Miskin Əsəd sanki inanırmış ki, şeirləri gələcəkdə bir
yerə toplanıb çap olunacaq".
Uğur
Xalq Cəbhəsi.-
2011.-13 iyul.- S.14.