"Ədəbi mühit özü özünü
bazar kimi tənzimləməlidir"
"M.Qorki adına Ədəbiyyat
İnstitutunda Bakı ilə Moskva arasındakı fərqi bir
daha gördüm, duydum və hiss etdim"
Səfər Alışarlı:
"Bu fərqi həyatımda görməsəydim yəqin
ki, yazıçı olmazdım"
"Xalq
Cəbhəsi" qəzetində yeni bir layihə:
"Qorkinin məzunları"... Bu layihədə Sovetlər
Birliyi dönəmində Azərbaycandan M.Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil almağa göndərilmiş yazarlarla
görüşəcək, onların həmin institutda
yaşadıqlarına diqqət kəsiləcək və bu
günkü ədəbi durumla bağlı mülahizələrinin
şahidi olacaqsınız. Beləliklə, ilk qonağım
yazıçı Səfər Alışarlıdır.
- Səfər
bəy, bizim layihənin adı "Qorkinin məzunları"dır.
Bu layihənin də ilk qonağı sizsiniz. Necə
başladı Qorki macəranız? O günlərə qayıdaq...
- Bu
təxminən otuz il bundan öncə baş verib. Moskvada onda
dünya olimpiya çempionatı keçirilirdi. Mənim o macəramım
başlaması da məhz həmin illərə təsadüf
edir. Həmin 1980-ci ilin Bakısı da, Moskvası da mənim
çox gözəl yadımdadır. Mən həmin il təkcə
Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil
olmadım, həm də həyat tərzləri
arasındakı fərqləri və uçurumları
gördüm. Bakı ilə Moskva arasındakı fərqi bir
daha gördüm, duydum və hiss etdim. Azərbaycan xalqı
yaşayış tərzi ilə rus xalqının deməzdim,
amma Moskva əhalisinin yaşayış tərzinin fərqini
hiss elədim. Onların mənəvi dünyasının
müxtəlifliyini gördüm. Onların mənəvi tələbatlarının,
həyata və insana baxışlarının fərqli
olduğunu gördüm. Sizi inandırıram ki, bu fərqi həyatımda
görməsəydim, yəqin ki, yazıçı ola bilməzdim.
Moskva bizim o zamanlar getməyimizin və hər şeyə kənardan
baxmağımızın qibləsi idi. Hətta xaricə
çıxanda belə ilk öncə Moskvaya getməli idin. Bu
xarici səfərlər o qədər qısamüddətli və
o qədər təzyiq və nəzarət altında olurdu ki,
bizim insanlarımız bu kənardanbaxma prosesini həyata
keçirə bilmirdilər. Amma Moskva bizim o zamankı vətənimizin
- Sovetlər Birliyinin paytaxtı idi və indikinə nisbətən
yaşamaq, sərbəstliyi hiss eləmək mümkün idi.
Hərçənd o zaman da bizim rəngimizin fərqinə
görə küçədə polis tez-tez saxlayırdı.
Eyni zamanda qeyd etməliyəm ki, Ədəbiyyat İnstitutunun
tələbələri olduğumuzu biləndə bizə
qarşı münasibət dərhal dəyişirdi, hər
bir moskvalı bizə çox böyük heyrət və
heyranlıq hissi ilə baxırdı. Bu hisslərə görə
mən böyük rus xalqının mənimlə nə
vaxtsa təmasda olmuş o insanlarına öz təşəkkürümü
bildirirəm. Amma bu bizim həyatımız üçün
verilən bir avans idi, bu heyranlığın arxasında gərgin,
çətin və məsuliyyətli yazıçı əməyi
dururdu. Bunu dərk etmək üçün Qorki adına Ədəbiyyat
İnstitutu yaxşı bir mətbəx idi və ora adətən
məktəbi qurtaran uşaqları götürmürdülər.
O zaman yaş həddi var idi, 22 yaşdan aşağı
cavanları ora qəbul eləmirdilər.
Mən
burda M.F.Axundov adına Rus dili və Ədəbiyyatı
İnstitutunda oxuyurdum. Dördüncü kursdan hər şeyi
bir kənara qoyub bir də gedib təzədən orda beş il
ali təhsil almağa qərar verdim. Əvvəlcə bu mənə
çox çətin görünürdü, bu beş ili necə
başa vurmaq olar, təkrar yenidən başlamaq olarmı hər
şeyi, bütün bu sualların cavabını
düşünməyin özü belə ağır gəlirdi
mənə.
- Nə
vadar etdi sizi Qorki adına Ədəbiyyat İnstitutuna getməyə?
-
Bizi vadar edən cəhətlər o zamanlar çox idi. Bu məktəbin
yetirmələri artıq Azərbaycanda da vardı və bu məktəbi
keçib gəlmiş yazarların mətbuata
çıxardıqları sözün əsl mənasında
ədəbi nümunələr idi. Mənim o dövrlər mətbuatda
oxuduğum əksər dəyərli yazıların
altında müəllifin adı ilə yanaşı
yazılırdı: M.Qorki adına Ədəbiyyat
İnstitutunun məzunu. Yusif Səmədoğlu, Nəriman Həsənzadə,
Əkrəm Əylisli, Xəlil Rza kimi dəyərli adların
hamısı orda təhsil almışdı. O zamankı ədəbi
mühit üçün Ədəbiyyat İnstitutu çox
böyük bir zirvə idi. Orda deyirdilər ki, biz burda
heç kimə yazıçı olmağı öyrətmirik.
Yalnız onların dünyagörüşünü
genişləndiririk, yazı texnikasını və dilini zənginləşdiririk.
Eyni zamanda həmin institutda çox ciddi filoloji təhsil də
verilirdi. Dünyada gedən proseslər, çıxan ən
yeni ədəbi nümunələr haqqında müzakirələr
aparılırdı, mühazirələr oxunurdu.
- Həmin
dövrdə sizinlə bərabər kimlər getmişdi
Qorkidə təhsil almağa?
-
Bizimlə Nəsib Nəbioğlu, Saday Budaqlı, Maarif Soltan,
Murad Köhnəqala, Şaiq Vəli, Xıdır Qazaxbəyli,
Tahir Tais, Nazim Əlioğlu kimi imzalar oxuyub.
-
Neçə nəfər təhsil alırdı gündüz
şəbəsində?
- On
beş nəfər olardı.
-
Bunların arasında yadda qalan imzalar kimlərdir?
- Mənim
yadınmda qalan Saday Budaqlı, Maarif Soltan, Tahir Taisoğlu,
Tahir Aslanlı, Nadir Ağasıyev, Çingiz. Gəncəli
Çingiz deyirdik biz ona, bilmirəm indi yazır yoxsa yox,
çox gözəl nasir idi. Bu adların əksəriyyəti
ədəbiyyatdan geri çəkildilər.
-
Kimlər dərs deyirdi həmin institutda?
-
Rektorluq çalışırdı ki, həmişə burda
populyar imzalar dərs desin. O dövrün ədəbiyyatında
nə qədər populyar imza var idisə, düzdü
onların hamısının bizə dərs dediyini iddia edə
bilmərəm, amma onların hər birinin
yaradıcılığı bizim dərslərdə işlənirdi.
Həmin imzalarln yazdıqları müzakirə olunurdu.
İndi Rusiyada çox ciddi bir siyasi fiqur olan Aleksandr Proxanov
bizim vaxtımızda dərs deyirdi.
-
İnstitutu bitirər-bitirməz qayıtdınız
Bakıya...
- Bəli,
qayıtdıq Bakıya. Özü də necə
qayıtdıq?! Şəxsən mən fikirləşirdim ki,
mən qatardan düşəndən sonra kitablarımı və
çemodanlarımı hara yığacağam. Bir qohumum var
idi, o da ailə yataqxanasında yaşayırdı. Bir də
balkonları vardı. Mən həmin balkona yığdım
bütün əşyalarımı və getdim.
Çünki orda qalmaq belə mümkün deyildi. Vəssalam,
kirayələrdə keçən bir həyat başladı.
İş baxımından da çox böyük çətinliklər
vardı. O vaxt qeydiyyatın olmalı idi ki, səni işə
götürsünlər. Partiya qəzetlərində işə
düzəlmək faktiki mümkün deyildi. Nəşriyyatlarda
tapşırıqsız, adamsız, rüşvətsiz işə
düzəlmək mümkün deyildi. Bu
qarşılaşdığım çətinliklər
içimdəki etirazları bir az daha artırdı. Prinsipcə,
təkcə yazıçı və şairlərin bu vəziyyətdə
olduğunu, bu cür çətinliklə
yaşadığını düşünmürdüm,
hamı bütün xalq eyni vəziyyətdə idi.
Düşünün, bizim Moskvadan gəldiyimizi eşidəndə
hamı bizdən Moskva konfeti istəyirdi. Bu ölkədə
baxmayaraq ki, Şərqin qədim şirniyyat ənənələri
vardı, amma o qədər "xaltura" olurdu ki, keyfiyyət
deyilən şey qalmırdı.
- Bəlkə
elə ədəbiyyatda da "xaltura" edirdilər?!
- Əslində
elə bütün "xalturalar" məhz ədəbiyyatdan
gəlir. Mən belə düşünürəm ki, ədəbiyyat
"xaltura" eləməsəydi, konfetdə
"xaltura" cəmiyyətin ayrı-ayrı fərdləri
tərəfindən düzgün qəbul edilməzdi. Sovet ədəbiyyatını
Lenin partiya işinin bir vintciyi sayırdı. 17 ildən etibarən
ədəbiyyatın siyasətə tabe etdirilməsi, ədəbiyyatın
dişlərinin sındırılması prosesi
başladı. Və Sovet ədəbiyyatı da çox
böyük məmnuniyyətlə bu işlə məşğul
idi.
-
Axı siz deyirsiniz ki, Rusiyada Moskva mühiti tamam başqa ənənələr
üzərində köklənmişdi.
- Bəli,
tamam başqa idi. Tutaq ki, Moskva mühitində Voznisenki,
Şukşin, Yeftuşenko ilə yanaşı Fyodor Qlatkov
deyilən bir yazıçı da var idi. Və o da yazıb
yaradırdı. Serofimoviç var idi ki, ancaq sement romanı
yazırdı. Təxminən bunların yazdığı
bizim kolxoz ədəbiyyatı kimi bir şey idi. Yəni orda da
böyük bir tərənnümçülük,
partiyalılığa söykənən bir pafos vardı. Bəlkə
də kimlərsə buna zamanında səmimi qəlbdən
inanırdılar. Amma belə bir söz var: "Roma papasından
böyük katolik olmaq olmaz". Proletar ədəbiyyatının
dühası, fikir babası Maksim Qorki idi. Amma siz baxın
Qorkinin yazdıqlarına, onun yazdıqlarında
pafosçuluq, tərənnümçülük varmı?
Yoxdur, tapa bilməzsiniz. Çünki Qorki həqiqətən
də böyük yazıçı idi. Qorki onyeddinci illərdə
nə yazmışdısa, otuzuncu illərdə də eyni
şeyi yazdı. Amma Azərbaycan ədəbiyyatında
çox böyük bir biabırçılıq baş
verirdi. 37-ci ildə müəyyən adlar ədəbiyyatımızdan
yoxa çıxarıldıqdan sonra çox böyük, dəhşətli
biabırçılıqlar baş verməyə
başladı. Siz oxuyun Mirzə İbrahimovun əsərlərini.
Bir əsərində bir azərbaycanlı qadın, xanım
silah ixtira eləyir və həmin avtomatın istehsalına
başlanılır. Və bu silahla Sovet ordusu faşizmə
qarşı mübarizədə qalib gəlir (gülür). Yəni
belə geydirmə mövzular vardı ədəbiyyatımızda.
Kalaşnikov silahını ixtira edən şəxs də məlumdur,
amma Mirzə İbrahimov hesab edirdi ki, elə bunu bir azərbaycanlı
qadın da ixtira edə bilər. Bu cür şeylər
yazırdı sovet dövrü Azərbaycan ədəbiyyatı.
Biz bədbəxtlikdən 50-60 illərdə həmin əsərləri
oxuyaraq böyümüşdük, bu ədəbi
mundarlığın üstündə tərbiyə
olunmuşduq. Bəlkə biz də həmin ədəbi
mundarlıqla, ədəbi əxlaqsızlıqla məşğul
olacaqdıq. Amma bizim içimizdən o hissləri Moskva ədəbi
mühiti çıxardı. Baxın, bu gün də Azərbaycan
teleməkanına. Hələ də kolxoz ədəbiyyatı
ssenarisi üzərində yaranan filmləri nümayiş
etdirirlər. Adamın əti tökülür.
Ayıbdır. Bu əslində kütlənin öhdəsinə
buraxılası bir iş deyil. Bu məsələnin həlli
Azərbaycan ziyalısı, ədiblərinin üzərinə
düşür. Bunlar həmin filmlərin nümayişinə
öz etirazlarını bildirməlidirlər ki, bu filmlər
artıq tarixin arxivinə göndərilməlidir. Əgər
əlli ildən sonra zərurət yaranarsa, kimsə bu əsərlərin
çəkildiyi dövrü araşdırmaq istəyərsə,
buyursun araşdırsın. Amma bu filmləri hər bayramda göstərməyin
nə mənası var? Qoy müasir dövrdən çəkilən
pis, zəif filmlər olsun, amma həmin filmlər ekranlara yol
tapsın.
- Gələk
Qorki adına Ədəbiyyat İnstitutunun məzunlarının
qayıtdıqdan Azərbaycan ədəbiyyatına verdiklərinə
və vermədiklərinə... Tərəzinin bir ucuna verdiklərini,
bir ucuna vermədiklərini qoysaq hansı ağır gələr?
-
İlk təhsil alanları götürsək orada İsa
Hüseynov, Nəbi Xəzri, Cabir Novruz təhsil alıblar. Məsələyə
ordan baxmağa başlasaq Azərbaycan ədəbiyyatına
yön verənlər məhz Qorki adına ədəbiyyat
institutunun məzunları idi. Amma 80-ci illərdə orda təhsil
alanları götürsək, onlara bunu şamil etmək
mümkün deyil.
-
Sizdən əvvəl orada kimlər oxumuşdu?
- Biz
gedəndə artıq Natiq Rəsulzadə gəlmişdi. Bir
tək o, yadımda qalıb. Bizdən əvvəl o qədər
də gedən yox idi. 80-ci illərdə bizim uşaqlar ora qəbul
olmağın yolunu tapdılar.
- Hətta
tapdılar...
-
Bilirsiniz ki, xalqımızın ədəbiyyata, şeirə
marağı həmişə güclü olub. Bizim o
dövrün gənclərində poeziyaya çox
böyük həvəs var idi. Amma həmin gənclərin potensialından
istifadə eləyə bilmədi Azərbaycan ədəbiyyatı.
Bəlkə də zaman, şərait buna imkan vermədi.
Yalnız 1988-ci ildə AYB-də müəyyən dəyişikliklər
olduqdan - Mirzə İbrahimov və onun dəstəsinin getməsindən
sonra ora nisbətən cavan adamlar gəldi. O zaman bizim o cavan
adamlarla bağlı çox böyük ümidlərimiz
vardı.
- Cavan adamlar indi
qocalıblar...
- Sözsüz ki, indi qocalıblar. O zaman iki il ərzində AYB-nin xətti ilə yüzə yaxın yazıçı
ev aldı. Bu çox gözəl bir iş idi.
Bu gün müstəqil
Azərbaycan dövlətinin
öz yazıçısına
dəstəyi daha güclü olmalıdır.
Ümid edirəm ki, bu, belə də
olacaq. Amma yazıçı təkcə evlə yaşamır axı.
Yazıçı ədəbi mühitlə
yaşayır. Ədəbi mühit
özü özünü
bazar kimi tənzimləməlidir.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2011.-13 iyul.- S.13.