Türk eposlarında qəhrəmanlıq
ideyası: Epik əsərlərdə xalqın idealları qəhrəman
obrazlarının üzərinə
köçürülüb
Qəhrəmanlıq
ideyası nə vaxt yaranıb? Qəhrəmanlığın
tarixi hardan başlanır? Xalq özünü etnos kimi dərk
etdiyi, yaşamaq üçün təbiət qüvvələrindən
və qarşılaşdığı digər düşmənlərdən
qorunmağın lazım gəldiyini anladığı andan
onda qəhrəmanlıq ideyası yaranıb
Çünki dörd tərəfin düşmənlə doludursa və yaşamaq istəyirsənsə, mütləq güclü olmalısan, qalib gəlməyi bacarmalısan. Deməli, qəhrəmanlıqlar, igidliklər göstərməlisən. Hər bir xalq yaşadığı zaman və məkan daxilində müəyyən çətinliklərlə qarşılaşıb, hətta çox zaman qeyri-adi təbiət varlıqları kimi real təhlükələrlə üz-üzə qalıb. Bu zaman kimsə xalqın xilası yolunda özünü qabağa verib, gücünə, qüvvəsinə və ağlına güvənərək real təhlükələri aradan qaldırıb. Belə hallar sözsüz ki, qədim insanların həyatında tez-tez baş verib. Xalq da kimlərinsə qəhrəmanlığına daha tez-tez ehtiyac duyub. Bu cür qəhrəmanlar adətən seçilmiş adamlar olublar. Həm ağlına, həm də fiziki gücünə görə başqalarından bir qədər yüksəkdə durublar. Xalq da bunu görüb, başa düşüb, öz qəhrəmanını tanıyıb, onu dəyərləndirib, özünə başçı seçib, inanıb və arxasınca gedib. Məsələn, Manas qara-kitayların bahadırları Neskar və Nökərlə toqquşub onlara qalib gəldikdən sonra ağsaqqallar toplaşıb qərara gəlirlər ki, bütün xalqı birləşdirib qara-kitayların təcavüzlərindən qorumağı bacaran bir adamı xan seçsinlər. Manas xan seçilir. Qəhrəmanlıq ideyası zaman-zaman şahidi olduğu həyat sınaqları nəticəsində xalqın yaşam duyğularından birinə çevrilib, onun varlığına hopub, həyat tərzini müəyyənləşdirən əsas amillərdn biri olub.
Qəhrəmanlıq statusu qazanmış insanlar öz üzərlərinə düşən vəzifəni də yaxşı dərk ediblər. Onlar qəhrəman olana qədər heç bir vəzifə borcu daşımayıblar. Yalnız zaman və şərait tələb etdikdə meydana çıxıb qəhrəmanlıq göstəriblər. Məhz bundan sonra onların boynuna qəhrəmanlığın yaratdığı bir vəzifə borcu qoyulub. Böyük bir eli idarə etmək, qorumaq, yaşatmaq vəzifəsinin onların öhdəsinə düşdüyünü anlayandan sonra qəhrəmanlarda qəhrəmanın idealı formalaşmağa başlayıb.
Onda qəhrəmanı iki sual düşündürüb: mən kiməm? Mən neyləməliyəm? Qəhrəmanın idealının mahiyyətini açmaq üçün bu iki sualın cavabını bilmək kifayətdir: Mən qəhrəmanam, seçilmişlərdənəm. Mən xalqa, vətənə xidmət etməliyəm, xalqı, vətəni qorumalıyam. Xalqın və vətənin bütövlüyünü qorumaq, xarici təcavüzlərin qarşısını almaq, onları əsarət altına düşməyə, dağılmağa, parçalanmağa qoymamaq, dinc və xoşbəxt yaşayışını təmin etmək - bunlar qəhrəmanların üzərinə düşən başlıca vəzifələrdir. Yeri gəlmişkən, demək lazımdır ki, türk epik düşüncəsində fiziki güclə ağıl və müdriklik qəhrəmanlığın qoşa qanadıdır. Doğrudur, fiziki güc, zor və silah qəhrəmanlığın ilkin şərtləridir, ancaq müdriklik və ağıl da qəhrəmanlığın mühüm atributlarındandır. Bütün türk epik qəhrəmanları həm fiziki cəhətdən çox güclüdürlər, həm də son dərəcə ağıllı və müdrikdirlər. Biz bunu "Bilqamıs"dan üzü bəri bütün sonrakı türk epik qəhrəmanlarının timsalında aydın görürük. Epik qəhrəmanın idealının və onun qəhrəmanlığının ən xarakterik xüsusiyyəti xəlqilikdir. Bütün epik əsərlərdə qəhrəmanlıq xalq üçün, onun dincliyi, rahatlığı, güzəranının yaxşılığı, həyatının gözəlliyi, xoşbəxtliyi üçün göstərilir. Məhz ona görə də qəhrəmanın idealı müqəddəsdir.
"Dədə Qorqud kitabı"nda Təpəgöz bütün Oğuz elini ölüm təhlükəsi ilə üz-üzə qoyur. Oğuzlar hər gün Təpəgözə iki adam, beş yüz qoyun qurban verməyə məcbur olurlar. Bu zaman Basat ortaya çıxır. Onun idealı Oğuz elini Təpəgözdən qurtarmaqdır. Basat məhz bu funksiyanı yerinə yetirmək üçün doğulub. Ona görə də onu idealından döndərə bilmirlər. Basat Təpəgözü öldürür və Oğuz elini ölümdən qurtarır. Basat adi oğuz deyil, tanrı mənşəli qəhrəmandır. Təpəgözü öldürmək üçün onu tanrı özü yaradıb, xilaskar missiyasında Oğuz elinə göndərib. Basatın uşaq ikən itməsi və aslan südü ilə bəslənməsi onun qəhrəman statusunun təməlqoyma mərhələsi kimi başa düşülməlidir.
Eyni sözləri Bilqamıs və Enkidu obrazları haqqında da deyə bilərik. Enkidunu tanrı özü yaradıb və Humbabanı öldürmək məqsədilə onu Bilqamısla görüşdürüb. Basat və Enkidu obrazları həm geneoloji, həm də tipoloji cəhətdən qohumdur.
Türkmən alimi Qurbangül Quzıçıyeva yazırdı ki, tarixi çox əskilərə dayanan Dədə Qorqud, yaxud Qorqut Ata kitabında irəli sürülən istənilən ana fikir vətəni sevmək, onu qorumaq, xalqın ar-namusudur". Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərməsən qorumağa dəyməz, qorumasan, əkib-becərməyə. Oğuz və ümumiyyətlə, türk düşüncəsində torpaq, vətən anaya bərabər tutulur, ona Ana Vətən deyilir. Ana haqqı isə Tanrı haqqıdır! Deməli, vətən, torpaq özü elə Tanrının simvoludur.
Koroğlunun idealı Çənlibeli alınmaz qala kimi qorumaq, ora düşmən ayağını dəyməyə qoymamaqdır. Aşağıdakı şeirdə Koroğlunun idealı çox gözəl ifadə edilib:
Gözləri aladı, qaşları yağı,
Niyar olub Xan Eyvazın dustağı.
Çənlibeldi
Koroğlunun oylağı,
Şah da gəlsə Çənlibelə qoymaram.
Koroğlunun əsas ideyası xalqın
oyanışı, haqq-ədalət uğrunda mübarizədir. "Koroğlu"da
qəhrəmanlıq yenə də intibah
dünyagörüşü ilə haşiyələnir -
burada fiziki qəhrəmanlıqla mənəvi qəhrəmanlıq
paralel şəkildə çıxış edir. Manas öz həyat idealını yaxşı
başa düşür, qırğız xalqını əsirlikdən
qurtarır, onu bir yerə toplayıb öz yurduna qaytarır və
xarici düşmənlərdən qoruyur. Manas,
Bakay, Sırqak və digər bahadırların timsalında
qırğız xalqının mərdliyi, dəyanəti, vətənə
məhəbbəti və azadlıq sevgisi öz ifadəsini
tapıb.
Altayların "Maday Qara" eposunun da başlıca
ideyası vətəni və xalqı qorumaq, onu əsirlikdən
qurtarmaq, dinc və xoşbəxt yaşayışını təmin
etməkdir. Qara Qula adlı düşmən Maday Qaranın
ölkəsinə hücum edir, yurdunu talayıb, var-dövlətini
yağmalayır, insanlarını əsir aparır, vətənini
dağıdır. Bütün bunlar Maday
Qaranın qocalıq dövrünə düşür. Bu zaman sonsuz Maday Qaranın oğlu doğulur. Uşağı Qara Qula öldürməsin deyə,
atası dağa aparıb onun beşiyini bir ağacdan asır.
Uşağı ağacla dağ bəsləyir.
Eposda ağac Koqyudey Mergenin anası, dağ isə
atası statusunda verilib. Burda ağac da,
dağ da tanrının simvollarıdır. Koqyudey Mergeni
məhz tanrı ruhları olan ağac və dağ bəsləyib
böyütdüklərinə görə, o Qara Qulaya qalib gəlir,
əsir düşmüş xalqını yenidən öz vətəninə
qaytarır, onların dinc və xoşbəxt
yaşayışını təmin edir.
Hər iki eposdan görünür ki, düşmən
Altaya hücum edib, xalqı əsir aparıb, var-dövlətini
yağmalayıb, yurdunu xaraba qoyub. Belə zaman kəsimlərində
xalqın içindən qəhrəman çıxır, onu
bu müsibətlərdən qurtarır. Bizə
elə gəlir ki, bu eposlar Altay xalqının həyatında
baş vermiş tarixi gerçəkliklərlə səsləşir
və onları bir-birindən xəbərsiz ayrı-ayrı sənətkarlar
düzüb-qoşublar. Onlardakı
süjet oxşarlıqları məhz burdan irəli gəlir.
Epik tarix çox zaman real tarixə qarşı qoyulur,
bir növ onun səhvlərini düzəldir. Epik tarixdə
ümidsizlik optimizmlə, əsarət azadlıqla,
ölüm və dağıntı qurtuluş və qələbəylə,
xalqın hüquqsuzluğu onun iradəsi və həlledici
gücüylə əvəz edilir. Xalq
heç zaman öz ideallarına zidd olan əsər yaratmaz və
yaddaşında saxlamaz. Burda bir şeyi də
unutmaq olmaz ki, xalqın yaddaşını zorlamaq
mümkün deyil. Epik əsərlərdə
xalqın idealları qəhrəman obrazlarının üzərinə
köçürülür, onların vasitəsilə təcəssüm
etdirilir. Ona görə qəhrəmanın
idealı dedikdə onu xalqın idealı kimi başa
düşmək lazımdır.
Qaraqalpaqların "Qırx qız" eposunda
kalmıklar qaraqalpaqları əsir aparırlar. Gülayım
və onun 40 qızdan ibarət dəstəsi xalqı azad edib
öz vətəninə qaytarırlar. Maraqlıdır
ki, bu eposda qəhrəmanlardan Gülayımın, Sərvinazın,
Otbasanın və s. şəxsi həyatından bir kəlmə
də danışılmır. Söhbət
yalnız xalqın, vətənin, yurdun qorunmasından gedir.
İstər yadelli xanların
işğalçılıq yürüşlərinə, istər
tayfalararası talançılıq basqınlarına, həmçinin
qeyri-adi təbiət varlıqlarına qarşı mübarizədə
qəhrəmanın idealının kökündə,
mayasında insanların özünü və tayfasını
yaşatmaq istəyi durur. Həm də bu
insanlar əcdadlarının yurd saldıqları, binə
qurduqları, vətən deyib əzizlədikləri
torpağın üstündə yaşamağı hər
şeydən üstün tuturlar.
Türk eposlarında qəhrəmanlıq
ideyasının və qəhrəmanın idealının səciyyəvi
xüsusiyyətlərindən biri, bəlkə də birincisi
odur ki, epik qəhrəmanlar heç vaxt başqasının
yurduna işğalçılıq və
talançılıq məqsədilə hücum etmirlər. Onlar qonşu
dövlətlərə diz çökdürmək,
xalqını əsir götürmək ideyasından uzaq
dururlar. Nə "Koroğlu"da və "Dədə
Qorqud kitabı"nda, nə "Maday Qara"da və
"Altın Arıq"da, nə "Koblandı
Batır"da və "Alpamış"da, nə "Ural
Batır"da və "Gizir"də bu motivlər yoxdur. Hətta onun monqol versiyasında Gizirin vəsiyyəti
epiloq kimi eposun başlanğıcında verilir. Gizir
deyir: "Özgələrin üstünə hücum etmə,
əgər sənin üstünə hücum etsələr,
onda geri çəkilmə". Manas bir dəfə
hücum edib düşmən ölkəsi olan Beycanı tutur.
Bu, onun arvadı Kanıkeyi qəmləndirir.
Kanıkey qabaqcadan hiss eləyir ki, yad ölkəni tutmaq Manasa
xoşbəxtlik gətirməyəcək. Ona
görə də Manasdan xahiş edir ki, tezliklə
qırğız ordusu ilə birlikdə öz vətəninə
qayıtsın.
Türk qəhrəmanlıq
dastanlarının qəhrəmanlıq ideyasının və
qəhrəmanın idealının mayasını təşkil
edən bu motiv bir Şumer atalar
sözü ilə tam üst-üstə düşür:
"Sən birinin evinə girərsən, başqası da gəlib
sənin evinə girər". Şumer qəhrəmanlıq
dastanlarının idealının mayası da bu ideya ilə
yoğrulub. Məsələn, "Bilqamıs
və Ağa" dastanını götürək. Ağa Kiş şəhərinin xaqanıdır,
Bilqamıs Uruk şəhərinin. Ağa
Uruka elçi göndərib onu təslim olmağa
çağırır. Ağa istəyir
ki, Uruk adamları ilə birlikdə ona tabe olsun. Bilqamıs isə nə doğma şəhəri
Urukun, nə də onun adamlarının Kişə tabe
olması, ondan asılı vəziyyətə düşməsi,
özünün azadlığını və müstəqilliyini
itirməsi ilə barışmır. Ağa
Urukun üzərinə işğalçılıq niyyətiylə
hücum etsə də, Bilqamıs kimi ağıllı,
müdrik və güclü bir qəhrəmanla
qarşılaşaraq geri qayıtmalı olur.
Epik qəhrəman kimi, Bilqamısın bir səciyyəvi
keyfiyyətini ayrıca qeyd etmək lazımdır. Bilqamıs
ölümün çarəsini axtarır və çox əzab-əziyyətdən
sonra gedib ölməz insanların yaşadıqları ölkəyə
çıxır. Ölməzlik
çiçəyini dənizin dibindən tapıb
çıxardır. O, bu çiçəkdən təkcə
özü barınmaq istəmir, onu Uruka gətirmək istəyir
ki, bütün uruklular ondan istifadə edib ölməz
olsunlar. Lakin ilan onu oğurlayır. Burda ilanın peyda olmağının və
çiçəyi oğurlamasının sirri hələ
açılmayıb. Məsələ
burasındadır ki, tanrılar insanı ölümlü
yaratdılar. Bilqamısın bütün
insanları ölümsüz etmək fikrinə düşməsi
tanrılara xoş gələ bilməzdi və çox
güman ki, tanrılardan biri ilan cildinə girərək
çiçəyi oğurlayır. Əgər
Bilqamıs bu çiçəkdən yalnız özü
barınsaydı, onun üçün heç bir əngəl
yox idi. Bilqamısın ölməzlik
qazanmaq şansı artıq yüzdəyüz öz əlindəydi.
Ancaq o özünün ölməzliyini
bütün Uruk camaatını ölümsüzlüyə
qovuşdurmaq idealına qurban verir. Epik qəhrəman
kimi, Bilqamısın idealı bu eposda çox dolğun ifadə
edilib.
İslam Sadıq,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2011.- 16 iyul.- S.14