"Azərbaycan" qəzetinin 1918-1920-ci illərdəki nəşri

 

 Qəzetin ilk sayı Bakının azad olunduğu möhtəşəm günə təsadüf edib

                         

Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü ərəfəsində haqqında ayrıca danışılmasına gərək olan mövzulardan biri də 1918-20-ci illərdə rəsmi "Azərbaycan" qəzetinin işıq üzü görməsidir.

Tanınmış araşdırmaçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirir ki, Azərbaycan Demokratik Respublikası hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından biri idi. 1918-ci il iyulun 3-də hökumət "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar qəbul etdi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan "Hökumət xəbərləri"ndə əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, təlimatlar, hökumət xəbərləri, elanlar və s. dərc edilirdi: "Ancaq hökumətin siyasi kursunun xalqa izah edilməsinə imkan verən mətbuat orqanının yaradılması zəruri idi. Bütün çətinliklərə baxmayaraq belə bir mətbu orqanının yaradılması üçün hökumət ciddi səylər edirdi. 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Başlıca məqsəd yeni yaranmış cümhuriyyətin adının Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" qəzetinin adı ilə dünyaya yaymaq idi".

Qəzetin ilk sayı 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap edilib. 4 səhifəlik ilk sayın iki səhifəsi Azərbaycan, iki sayı isə rusca buraxılmışdı: "Qəzetin Gəncədə cəmi dörd sayı işıq üzü görmüşdü. Görünür, ya mətbəə işçiləri, ya da şrift çatışmazlığı səbəbindən, yaxud da redaksiya işçilərinin olamamasına görə Gəncədə nəşr edilən "Azərbaycan" qəzeti əsasən rusca buraxılmışdı".

Qəzetin ilk sayı Bakının azad olunduğu möhtəşəm günə təsadüf edirdi: "Bu sayda verilən xəbərdə deyilirdi ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edilərkən 30 minə yaxın silahlı düşmən əsir alınıb, çoxlu qənimət ələ keçirilib. Hazırda şəhərdə sakitlik hökm sürür. Qəzetin bu sayında Məhəmməd Hadinin türk əsgərinin qəhrəmanlığını vəsf edən "Türk nəğməsi" şeiri də dərc olunmuşdu".

Artıq 4-cü sayda qəzetdə elan verilir ki, qəzet Bakıya köçür. Bakıda "Azərbaycan" qəzetinin ana dilimizdə ilk 5-ci sayı 1918-ci il oktyabrın 3-də, rusca isə 7-də çap edilir. Bu saydan başlayaraq qəzetin adının altında "Gündəlik siyasi-ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir" sözləri yazılır. "Hoyabrın 28-dən Azərbaycan dilində olan qəzet Ceyhun Hacıbəylinin, rusca olan qəzet isə Şəfi bəy Rüstəmbəylini redaktoruluğu ilə nəşr edilir. Bu qəzetlər tərcümə, bir-birinin təkrarı olmayan tam müxtəlif mövzularda məqalə və materiallar verirdilər.

1918-ci il dekabrın 31-ə qədər "Azərbaycan" qəzetinin ana dilmizdə 75, rusca isə 70-ci sayı işıq üzü görür: "1919-cu il dekabrın 28-də Azərbaycan hökuməti parlamentin ağsaqqalar şurası üzvlərini iştirakı ilə Paris sülh Konfransında iştirak etmək üçün Ə.Topçubaşovun sədrliyiylə gedəcək hökumətin nümayəndə heyətinin tərkibini müəyyən edir. Hümayəndə heyətinə müşavir sifətilə "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli də daxil edilir. 89-cu saydan başlayaraq qəzeti Üzeyir Hacıbəyli imzalayır. Bu, 1919-cu il 30 iyun tarixli 215-ci saya qədər davam edir. 216-cı sayda qəzet Xəlil İbrahimin redaktorluğu ilə nəşr olunmağa başlayır. Səbəb Üzeyir bəyin istirahətə getməsi idi. 1919-cu il sentyabrın 3-də Üzeyir bəy istirahətdən qayıdır və 1920-ci il aprelin 28-nə - Cümhuriyytin süqutuna qədər qəzetə redaktorluq edir".

A.Paşayev daha sonra bildirir ki, 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-ə kimi qəzetin 358 sayı, 1920-ci il yanvarın 1-dən aprelin 28-ə qədər isə 85 sayı çap olunub. Ümumilikdə isə 2 il ərzində qəzetin 443 sayı işıq üzü görüb. "Azərbaycan" qəzetinin səhifələrində fəaliyyətini 1918-ci il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti geniş işıqlandırılıb. Qəzetin səhifələrində Milli Şuranın sədri M.Ə.Rəsulzadənin parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-də "Bütün Azərbaycan əhalisinə müraciət"i, parlamentin təsisi haqqında şurada gedən müzakirələrin materialları, şuranın bu haqda qəbul etdiyi qanun da dərc olunub.

1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin işi qəzetda geniş işıqlandırılıb. Qəzetdə "Hökumət qərarları", "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Xarici xəbərlər", "Azərbaycanda", "Bakı xəbərləri", "Rusiyada", "Ermənistanda", "Gürcüstanda", "Türkiyədə", "Türkiyə mətbuatı", "Qəzetlərdən", "Sülh ətrafında", "İrəvan müsəlmanlarının halı", "Teatrmusiqi" və başqa daimi rubriklaar var idi. Qəzetin səhifələrində Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin, Xəlil İbarhimin, Fərhad Ağazadənin, Əliabbas Müznibin və başqalarının tariximizə, ədəbiyyata, iqtisadiyyata, sənayeyə, siyasi vəziyyətə və s. aid məqalələrin çap olunurdu: "Həmçinin qəzetdə erməni daşnaklarının Azərbaycanın Zəngəzur, Haxçıvan, Qarabağ bölgələrində soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistanda yaşayan soydaşlarımızın acı taleyi, soyqırımı, doğma yurdlarından qovulması ilə bağlı məqalələr dərc edilirdi. Həmçinin qəzetdə soydaşlarımıza qarşı yeridilən vəhşi siyasətlə əlaqədar Milli Hökumətin Ermənistan hökumətinə notaları, məktubları və başqa rəsmi sənədlər qəzetin müxtəlif saylarında özünə yer alıb".

A.Paşayev hesab edir ki, "Azərbaycan" qəzetinin 1918-20-ci illərdəki nəşri zamanı Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mənədi həyatı onun səhifələrində geniş surətdə ifadəsini tapıb. Bu gün bu qəzetin sayları Cümhuriyyət dövrü tariximizi öyrənmək baxımından bizim üçün əvəzsiz tarixi mənbələrdən biridir.

XX əsrin əvvəllərində Azərbaycanda millətin dərdlərinə yanan, onun çoxəsrlik problemlərini çözməyə çalışan cəsarətli idrak adamları meydana çıxdı. Ötən əsrin əvvəllərində də indiki kimi Türk Dünyasının problemləri çox idi. Türklərin dünyada qəriblikdə qalması, Avropanın Şərqi yenməsi, türk fikrindən, təcrübəsindən, özünəməxsusuluğundan bəhrələnərək əslində ondan imtina etməsi Əlibəy Hüseynzadələri, Əhməd Ağaoğulları, Cəlil Məmmədquluzadələri dərindən düşündürürdü. XIX əsrin 70-ci illərində artıq yeni səviyyədə təşəkkül tapmağa başlayan Azərbaycan ictimai fikrinin inkişafında Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti əhəmiyyətli rol oynamışdı. Rusiyada təhkimçiliyin ləğvindən sonra çarizm əyalətlərdə istibdadı başqa cür inkişaf etdirmək istəklərini həyata keçirirdi. Bu dövrdən başlayaraq əyalətlərdə rus məktəblərinin sayı artırdı. XX əsrin əvvəllərində "Şərqi-Rus" qəzetinin nəşrə başlaması Azərbaycanda düşünən kişilərin bir araya gəlməsinə təkan vermiş oldu. Mirzə Cəlilin, Sabirin ictimaiyyət arasında imzalarının tanınması bu dövrə təsadüf edir. Bu dövrdən sonra artıq Azərbaycan ziyalıları millətin tərəqqisi yönündə daha ciddi düşünməyə başladılar. Rusiyada inqilabın məğlubiyyətinə baxmayaraq çarizm çoxlu güzəşətlər verməyə məcbur oldu. Mirzə Cəlilin "Hovruz" adlı qəzet çıxarmaq istəyi reallaşmadıqda o, ruhdan düşmədi, "Molla Həsrəddin" jurnalının nəşr edilməsi üçün çoxlu səylər göstərdi, sonda 1906-cı ilin aprelində jurnalın nəşrinə nail oldu. "Molla Həsrəddin" məcmuəsi zamanında çıxan çoxlu nəşrlərdən vahid ideya istiqamətinə görə fərqlənirdi. Hər halda etiraf edilməlidir ki, müasir Azərbaycan mətbuatı bu gün Mirzə Cəlilin milli mənəvi dirçəlişimiz üçün mənəvi mücadiləsini bütün gücü ilə nəinki inkişaf etdirə bilmir, hətta həmin xəttdə ardıcıl deyil. "Molla Hsərəddin" hər şeydən əvvəl ana dilimizin təmizliyi uğrunda mübarizə aparır, ardıcıl olaraq cəhalətə, avamlığa qarşı döyüşürdü. Ancaq o dövrün maarifpərvər ziyalıları mətbutın kütlə arasında intişar tapması imkanından istənilən səviyyədə istifadə edə bilmədilər. Belə ki, millətin türkçülük ruhunu, oyanmasını qarşısına məqsəd qoyanlar həm də Avropaçılıq dəyərlərindən beşəlli yapışırdılar. Bu xətti Məhəmməd Hadinin yaradıcılığında da görmək olurdu. Sabir "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz"- deyirdi. İndi Şərqdə də avtomobildə gəzirlər, ancaq ruhundan təəssüf ki, uzaq düşüb. O dövr mətbuatı da ümumən Şərqin tükənməz yaradıcılıq potensiyasını tam şəkildə aşkara çıxara bilmədi. Bu yöndə olan cəhdlər və müəyyən reallıqlar isə bugünümüz üçün çox ibrətamizdir.

Bu dövrdə ictimai və ədəbi fikirdə digər bir fərqli istiqamət yaratmış mətbuat orqanı Əli bəy Hüseynzadənin araya-ərsəyə gətirdiyi "Füyuzat" jurnalı idi. "Füyuzat" o dövrdə bir çox cəhətləri, xüsusən milli problemlərimizi özünəməxsus şəkildə gündəmə gətirə bildi. Ümumiyyətlə, Ə.Hüseynzadənin ideoloji türkçülüyün "fikir babalarından", banilərindən biri ola bildi. XX əsrin əvvəllərində Əlibəy Hüseynzadə ilə yanaşı Ziya Göyalpın, sonradan isə Məhəmməd Əmin Rəsulzadənin bu yöndə köklü cəhdləri ilə ideoloji türkçülüyün əsası qoyuldu. Əli bəy Hüseynzadə türkçülüyü bir düşüncə xəttinə çevirməyə müvəffəq oldu. Onun dili qəliz olsa da, hər halda ideyaları milli ruhdan xəbər verdiyi üçün anlaşılandır.

Ə.Hüseynzadə türk dilinin özünəməxsusluğunu daim qabardır, onun dövrünün tərəqqi və mədəniyyət dili rolunu məsuliyyətlə və hünərlə ifadə edəcəyindən əminliyini gizlətmirdi. Yazırdı ki, bizi tərəqqiyə, mədəniyyətə çıxaracaq dil nə ərəb, nə fars, nə rus, nə də fransız dilidir. Bu, ancaqancaq türk dilidir. Bizə avropalıların beynəlxalq dil adı ilə təqdim etdiyi "esperanto" lazım deyil. Biz müxtəlif şivə və ləhcələrimizi islah yolu ilə özümüzəməxsus mədəni və ədəbi bir ümumtürk dili vücuda gətirə bilərik: "Mədəniyyətə xidmət üçün türk qövmünün fitrətində fövqəladə bir istedad və zəka var". O, həmişə türkün özünə öz gözü ilə baxmasını istəyirdi. Ə.Hüseynzadə 1864-cü ildə Salyanda doğulub. Dünyagörüşünün formalaşmasında ana babası Şeyx Əhməd Səlyaninin mühüm rolu olub. 1905-ci ildə nəşrə başlayan "Həyat" qəzetinin redaktorlarından biri olub. 1 noyabr 1906-cı ildən başlayaraq həftəlik "Füyuzat" jurnalını nəşr edib. Jurnal H.Z.Tağıyevin maliyyə yardımı ilə nəşr olunurdu. Bu məcmuə bir il fəaliyyət göstərib, cəmi 32 sayı işıq üzü görüb. Ə.Hüseynzadə Sultan Əbdülhəmidin taxtdan salınmasından sonra 1910-cu ildə yenidən Türkiyəyə qayıdıb, müxtəlif yönlərdə fəaliyyət göstərib. O, 1940-cı il martın 17-də İstanbulda vəfat edib, Qaraca Əhməd qəbristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Ə.Hüseynzadə həm də şair və rəssam kimi də imzasını tanıtmışdı.

 

 

Uğur  

   

Xalq Cəbhəsi.-2011.-19 iyul.- S.14.