"Kişi
etirafı"
Elnaz Eyvazlı: "Bu kitab bir
növ hesabat xarakteri daşıyır"
Bu günlərdə şairə Elnaz
Eyvazlının "Kişi etirafı" şeirlər
kitabı işıq üzü görüb. Şairə Elnaz
Eyvazlı ilə kitabının nəşr olunması ərəfəsində
görüşüb söhbətləşdik.
- Şeir nədir, antonimlərin vəhdəti?
- Şeir, baxır kimin üçün
nədir. Adam var ki, ümumiyyətlə, şeir onun
üçün olduqca mənasız bir şeydir. Bəlkə,
heç ömründə bir dəfə də eşitdiyi
şeir ruhunu oynatmayıb, gözlərinə yol çəkdirməyib.
Mənim üçün şeir hisslərim,
düşüncələrim, yaşadıqlarımdır. Hər
bir şair həm də özünü yazır. Hər
şeirimdə bir hərflik də olsa, mən varam. Antonimlərin
vəhdəti deməzdim, daha çox omonimlik var şeirdə.
Deyilişi də, yazılışı da hamının
bildiyi, lakin hər kəsin bir cür, bir mənada
anladığı sözlər, ifadələr. Hərə
özü kimi anlayır, başa düşür.
- Bəlkə, şeir yazmaq
"Ölümdən daha betərdir"? Və ya şeir
yazdığın üçün Tanrıya üsyan eləmək...
- Anadan kor doğulan adamlar sonradan
gözünün işığını itirənlər qədər
əziyyət çəkməz, çünki onlar
işığın nə olduğunu bilmir axı, elə
bilirlər elə hamı onlar kimi görür. Mənim
üçün yazıb dadını görəndən sonra
yazmamaq ölümdən betərdir. Çünki heç kimə
deyə bilmədiklərimi, içimdən keçirdiklərimi
yazmasam, çətin olar. İçimdən keçirdiklərim
deyirəm, ürəyimdən, qəlbimdən yox ha. Xoşum
gəlir bu sözdən, məsələn, deyirlər ki,
filankəs içi olan adamdır. Sözü bilən adam
bilir burada hansı içdən söhbət gedir.
İçi olmayan adamlar sözü necə anlasınlar?! Bax,
budur şeirdəki məcazilik, omonimlik. Şeir yaza bildiyim
üçüm Tanrıya etiraz yox, həmişə
şükür etmişəm. Hər şeirimi bitirəndən
sonra, nöqtəsini qoyub, "min şükür sənə,
Allahım!"- demişəm. O, mənə dünyanın ən
qiymətli neməti olan SÖZ verib, necə
naşükürlük edə bilərəm ki?! Candan əzizi
yoxdu, ağrısını sözlə anladırsan. Allaha
üsyan etməyə mənim heç haqqım yoxdur. Nəyisə
bacardığından çox bacarmadığı
üçün narazı qalar adam. Niyə
bacardığım, əlimdə olan ən gözəl bir
şey üçün Allaha üsyan edim ki?! O zaman ilk
kitabımın adını "Yaxşı ki yaza bilirəm..."
- qoymazdım.
- Arzularımızı dilə gətirməməklə
çoxmu yara vururuq bir-birimizə? Sizcə, şeir belə
anlarda köməyə gəlirmi?
- Arzuları dilə gətirmək həmişə
vacib deyil ki. Arzu etmək, arzularla yaşamaq özü də
gözəldir. Biz insanlar bir-birimizə onları dilə gətirməməklə
yox, onları boğmaqla, öldürməklə,
anlayış göstərməməklə yara vururuq. Ancaq
arzuları şeirlə anlatmağın dadı bir
başqadır...
- Həmişə istəmişəm
sizdən soruşum: qan ağrısı necə olur?
- O ağrını başqa cür izah
etmək mümkün deyil, sadəcə. Bütün
vücudumuzu dolanan qandır. Ruhun, qanın
ağrısıdır sözə gəlməyən
ağrı.
- Sizcə, kişilər daha çox
etiraf edirlər, yoxsa qadınlar?!
- Kişi kimdir, qadın kimdir? Hə
ikisi insandır.
Mənim üçün həyatda,
Nə qadın var, nə kişi.
İki kəs
tanıyıram,
Bir kişi,
bir nakişi.
İnsan anlayışı
var, İNSAN! Bu insan ya kişidir, ya da nakişi.
Kim nəyi bacararsa, onu da edir
zatən. Etiraf da belə, bacaran
edir, bacarmayan etmir.
İtirəcək heç nəyin yox,
ağlamağa səbəbin.
Əlin arzularının
bir addımlığında,
zibil qutuları
əlinin altında.
Mənim kimi
demirsən: "Əl
uzatsam çatan deyil".
Nə deyək
bunun dalınca? Şükür, bu gününə şükür?!
Bomj şeirimdəndir
bu misralar. Əlbəttə ki, şükür. Xoşuma
gələn bir aforizm var: "Ayaqsız adam görəndən sonra heç vaxt ayaqqabı dərdi çəkmədim". Əlində
olanı itirib yanmaqdansa, heç olmaması yaxşıdır.
Mən ona "əzizim Bomj " deyirəm, bütün yaşadıqlarına rəğmən.
Bəs nə deyəydim, deyəydim ki, yıxıl öl? Adamalar var ki, hər
şeyi var, ancaq boş adamdır. Nə vaxtsa bir söz
adamı bu gün bomjdursa, məsələn, gör nə qədər zəngindir o birindən. İnsanların varlı-kasıb
olması onların əlində olanla yox, içində olanla ölçülür
mənim üçün.
- Yeni kitabınız
çap olunub. Bu kitabdan sonra yaradıcılığınızda bir dəyişiklik olacağına inanırsınızmı?
- İlk kitabım 2007-ci ildə çıxdı. İndi
kitabımın çıxmasına
daha çox ehtiyacım var idi, nəinki onda. İndi azdan-çoxdan beş-üç
oxucum var, imzama bələd olan var. Bu kitab mənim üçün bir növ hesabat
xarakteri daşıyır.
Birinci kitabımdan sonra bir müddət
heç nə yaza bilməmişdim və çox qorxmuşdum. Elə bilmişdim ki, daha yaza bilməyəcəm.
İndi bu kitabım təzə çıxıb. İyulun
15-də çıxdı. Ad günümüə iki gün qalmış. Kitabdakı şeirləri
mən yazmışam,
ancaq kitab söhbətini əvvəlindən
axırına qədər
dostum, həmkarım Cəlil Cavanşir həll etdi. Kitabın ad günümə
qədər işıq
üzü görməsi
də onun planı idi və bunun üçün
çox çalışdı.
Əsl sürpriz oldu. Sağ olsun, çox zəhmət çəkdi.
Nəhayət, "Kişi
etirafı" gəldi.
Şahbaz Xuduoğluna
da təşəkkürümü
bildirirəm ki, bu işi boynuna
götürdü. Kitab
çıxarmaq çox
məsuliyyətli işdir.
Həm necə qarşılanacağını düşünürəm, həm
də bundan sonra nə edəcəyimi.
Dəyişiklik olub-olmayacağı
zamanın işidir. Deyilənə görə,
üslubumda çox ciddi dəyişiklik var, özüməməxsus
intonasiya formalaşıb
son dövrlərdə. Görək
bundan sonra nə olur...
- Kitabınızı ədəbi camiyyətə
nə zaman təqdim edəcəksiniz?
- Sözün düzü, təqdimat söhbətinə tələsmirəm
hələ. Həm oxucular tanış olsun kitabla, təqdimata gələnlər
nədən ötrü
gəldiklərini bilsinlər,
həm də istilərdə dostlara əziyyət vermək istəmirəm. Havalar çox istidir deyə, təqdimat məsləsini saxlamışıq.
- Nəsr kitabınızı nə
zaman çap etdirməyi düşünürsünüz?
- Bu çox məsuliyyətli işdir.
Baxmayaraq ki, neçə illərdir şeir yazıram, şeir kitabımı çox tərəddüdlə
çıxardım. Nəsr
daha çox zəhmət tələb edir. Ancaq boynumda
belə bir borcun olduğunu hiss edirəm. Çünki Nəsimi Milli Ədəbiyyat müsabiqəsində
hekayələrimin birinciliyə
düşməsi mənə
"nəsrə davam!"
şüarını xatırladır
tez-tez. Dostlarım, yaxınlarım məni bir az tənbəllikdə
suçlayırlar. Ancaq
bilirsiniz, yazı işinə bir xeyli komplekslə yanaşıram. Özümə
inamsızlıq da deyil bu, sadəcə
olaraq, elə bilirəm ki, yazmağa başlayanda kimsə əlimə baxır, "görək
bu nə yazacaq?" - deyə. Yazıya başlayıncayadır
çətini. Sonra hər şey yoluna düşür. Özümü qismən hazır hiss edəndə,
yəqin ki, nəsr kitabı da çap etdirmək
istəyərəm inşallah.
Heç vaxt axına qoşulmağın
həvəskarı olmamışam.
Hamı nəsr kitabı çıxarır,
mən də çıxarım, hamı
filan şey edir, mən də edim və
sair mənlik deyil. Şeirdən də nəsrə keçməmişəm, şeir
şeirdir, nəsr nəsr. Nəsrə başlamışam demək
daha düzgündür.
Çünki hekayələrimi
2005-ci ildən yazıram,
sadəcə, üzə
çıxarmaq haqqında
düşünmürdüm, hər şeyin vaxtı var deyirdim. Hər şey zamanında gözəl olur. Nəsr şeirlə deyə bilmədiklərimi
ifadə etməkdə
sağ əlimdir. Ayrı-ayrı zövqləri
verirlər. Hansı asandır, hansı çətindir söhbəti
də yoxdur. Düzdür, nəsr daha çox zaman alır və zəhmət tələb edir. Ancaq hərəsinin öz yeri var. İkisi də tam olduqdan sonra xoşbəxt oluram.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.-
20 iyul.- S.14.