"Babacanyan Üzeyir Hacıbəylidən oğurluq edib"

 

 Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri: "Onun "Vaqarşabat rəqsi" plagiatdır"

 

Rusiyanın "Mir" Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmiş eyni adlı filmin qonaqlıq səhnəsində səsləndirilən musiqidən istifadə edilib.

Ermənilərin növbəti mədəni oğurluq faktını APA-ya şərh edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, bu fakt bir daha göstərir ki, ermənilərin mədəni oğurluğu artıq peşəkar vərdişə çevrilib və onların uzun illərdən bəri peşəyə çevirdikləri bu cür vərdişi tərgitmək heç də asan deyil: "Həmişə qeyd etdiyim kimi, bunlar Azərbaycan mədəni ənənələrinin erməni mənimsəməsi ənənəsidir. Erməni informasiya agentliklərinin yaydıqları məlumata görə "Mir" televiziyasında Ermənistanla bağlı nümayiş etdirilən sənədli filmdə istifadə olunan "Eranqi" adlı musiqi erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən işlənib. Qeyd edim ki, erməni rəqsi kimi təqdim edilən bu rəqsin başqa bir variantı da erməni bəstəkarı Arno Babacanyan tərəfindən işlənib. Babacanyanın variantı "Vaqarşabat rəqsi" adlanır. Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" musiqili komediyasını hələ keçən əsrin əvvəllərində, yəni 1911-ci ildə yazıb və bu musiqinin yazıldığı tarixdən 100 ildən çox vaxt keçir".

K. İmanovun bildirdiyinə görə, erməni bəstəkarları Komitas və Babacanyanın Üzeyir Hacıbəylinin musiqisi əsasında yenidən işlədikləri rəqsləri hətta plagiat kimi yox, törəmə əsər kimi götürülsə belə, onlar Üzeyir bəyin əsərindən qat-qat "cavandır": ""Vaqarşabat rəqsi"nin 1944-cü ildə "yaradıldığı" müəyyən edilib. Əslində, Babacanyanın "Vaqarşabat rəqsi" kimi təqdim edilən "əsər" Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" adlı operettasından mənimsənilib və plagiatdır. Amma çox sonralar, keçən əsrin 80-ci illərində Babacanyan mərkəzi televiziya verilişlərinin birində çıxış edərkən Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının "kökləri"ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda "tapmış" və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd göstərmişdi. Bununla yanaşı, o özünə də haqq qazandırmağa çalışıb, "Vaqarşabat rəqsi"nin melodiyasının Üzeyir bəydən yox, erməni xalq musiqisindən götürüldüyünə işarə verirdi".

Azərbaycanlıların əvvəllər erməni mədəni oğurluqları barədə susduqlarını etiraf edən K. İmanovun fikrincə, bu gün erməni plagiatlığının belə geniş yayılmasının bir səbəbini də məhz bunda axtarmaq lazımdır: "Amma gecolsa, indi susmamalıyıq və hər şeyi olduğu kimi danışmalıyıq. Onu da qeyd etməliyik ki, ermənilər qədim Azərbaycan ərazisində-Qərbi Azərbaycanda özlərinə dövlət yaratdıqdan sonra Azərbaycan xalq mahnı və rəqslərini nota köçürərək mənimsəməyə başlayıblar. Bu məqsədlə 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisifolklorunun toplanması və öyrənilməsi ilə məşğul olan xüsusi bölmə yaradıldı. Bu bölmənin əsas məqsədi Qərbi Azərbaycanın qədim torpaqlarında xalq musiqimizi və rəqslərimizi nota almaqdan ibarət idi. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın şagirdi S. Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S. Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqili lüğət"ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, sozügedən rəqsin də daxil olduğu üç mindən artıq musiqini (mahnını) yazıya köçürüb ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Odur ki, Komitası uzun müddət bəstəkar kimi yox, etnoqraf kimi təqdim edirdilər. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri də "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi verilmiş qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir ("Etnoqrafik toplu", c. 1, H 56). Başqa mahnılar sırasında "Sarı gəlin" də S. Məlikyan tərəfindən Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunub. Bu kompilyasiya "SSRİ xalqları musiqisi tarixi"ndə (1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K. Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilib. Bu musiqi oğurluğunun təkrarı ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, "erməni xalq mahnısı"dır. Amma plagiat plagiatdır".

Müəllif Hüquqları Agentliyinin rəhbəri məsələyə yanaşmada erməni etiraflarına diqqət yetirməyi də məsləhət görüb, bununla hər şeyin aydın olacağını vurğulayıb: "Məsələn, XIX əsrin məşhur erməni xadimlərindən biri olan M. Nalbandyan yazırdı ki, "erməni melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı çox yerdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı türkcədir" ("Qədim şeirlər və mahnılar haqqında", Əsərlərinin tam külliyyatı, c. 1). Bu isə Q. Ağayanın məşhur fikridir: "Bu dil (Azərbaycan) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq". Məşhur mütəxəssis A.Koroşşenko "Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr" əsərində yazırdı ki, "...ermənilərin özlərinin xalq musiqisi yoxdur" ("Moskva xəbərləri", 1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp. Məlikyan da onun nöqteyi-nəzəri ilə həmfikir idi. M. Muradyan və Q. Tiqranovun da redaksiya heyətinə daxil olduğu "SSRİ xalqları musiqisinin tarixi"ndə (M., 1970) bu barədə belə yazılıb: "O, xalq musiqisini toplamaqyazmaq məqsədi ilə ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi". Məhz, bu səbəbdən M.Muradyan "XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən" əsərində Sp. Melikyanın fikrini əsaslandıran "təsir nəzəriyyəsi"ni kəskin tənqid etmişdi, çünki bu nəzəriyyəyə əsasən, "erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarətdir". Mən erməni etiraflarının və nəticə etibarı ilə onların plagiatçılıq əməllərini təsdiq edən misalların sayını artıra da bilərəm. Amma söylədiklərim də sübut edir ki, ermənilərin Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsərinin motivləri əsasında çəkilmiş eyni adlı filmin qonaqlıq səhnəsində səsləndirilən musiqini oğurlayaraq erməni nümunəsi kimi təqdim etmələrininheç bir əsası və kökü yoxdur. Bu, sadəcə, növbəti erməni plagiatlığından başqa bir şey deyil".

 

 

Xalq Cəbhəsi.- 2011.- 21 iyul.- S.14.