"Qəzet camaat üçündür, camaat qəzet üçün deyil"

 

 Maarif Teymur: "Arxivdə Həsən bəy Zərdabinin fondu zənginləşdirilir"

 

Azərbaycan milli mətbuatının tanınmış nümayəndələrinin arxiv fondlarının yaradılması mədəniyyət tariximizin öyrənilməsində əvəzsiz mənbədir.

Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru, tanınmış tədqiqatçı, əməkdar mədəniyyət işçisi Maarif Teymurla söhbətimizdə arxivdə saxlanan ədəbiyyat və incəsənət nümunələri sırasında Azərbaycan jurnalistikasının ilkin dövründən - "Əkinçi"dən başlayaraq çağımıza qədər hansı soraqların olmasıyla maraqlandıq. Arxivdə milli jurnalistikamıza, bu sahədə çalışanların fəaliyyətinə dair xeyli əhəmiyyətli sənədlər qorunaraq saxlanılır. M.Teymur deyir: "Vaxtilə "Qəzet camaat üçündür, camaat qəzet üçün deyil" prinsipini əsas götürən Həsən bəy Zərdabi bütün şüurlu həyatını xalqın ziyalanmasına, maariflənməsinə həsr etdi".

7 il əvvəl Zərdabinin arxivdə 653 saylı fondu yaradılıb: "H.Zərdabinin həyatı və yaradıcılığı hələ tam dəqiqliyilə öyrənilməyib, yenə müəyyən anlaşılmazlıqlar var. Bu sahədə Heydər Hüseynov, Hazim Axundov, Ziyəddin Göyüşov, Mirzə İbrahimov, İzzət Rüstəmov, Vəli Məmmədov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov və başqaları tədqiqatlar aparıblar. Yeri gəlmişkən, bir məqamı qeyd etmək istəyirəm: Zərdabinin həyat yoldaşı Hənifə Məlikova xatirələrində onun 1837-ci il noyabrın 12-də anadan olduğunu yazır. Ancaq yenə də onun doğum tarixində bəzən yanlışlıqlar edilməsi yolverilməz sayılmalıdır. Təsadüfi deyil ki, H.Zərdabinin 1947 və 1957-ci illərdə doğum tarixinin qeyd edilməsi onun məhz bu tarixdə anadan olduğunu bir daha təsdiq edir".

M.Teymur daha sonra qeyd edir ki, Zərdabinin başladığı bu gərəkli milli əməl az sonra davamlı şəkildə bəhrəsini verməyə başladı: "Cəlil Məmmədquluzadə yazırdı ki, biz H.Zərdabinin tələbələriyik. Məlumdur ki, Mirzə Cəlil məşhur yazıçılığıyla yanaşı 20-ci yüzilin əvvəllərində Azərbaycanın mətbuat tarixində hünərli, qorxmaz jurnalistlərdən biri olub, mətbuatımızın inkişafına güclü təkan verib".

Ədəbiyyat və İncəsənət, həmçinin Dövlət Tarix arxivlərində "Əkinçi" və onun yaradıcısı H.Zərdabinin həyatı, fəaliyyəti ilə bağlı zəngin soraqlar var. Heçə ildir ki, H.Zərdabinin Ədəbiyyat və İncəsənət Arxivində fondu açılıb: "Zərdabinin qohumu Fatimə xanımla neçə illər əvvəl görüşmüşdük, o, bizə müəyyən sənədlərin tapılması ilə bağlı köməklik etmişdi".

Maarif müəllimin rəhbərlik etdiyi arxivdə Zərdabiyə aid olan fond sənədləri daim zənginləşdirilir: "Bu sırada H.Zərdabinin Hənifə xanıma yazdığı məktublar diqqəti xüsusi cəlb edir. Zərdabinin irsi indiyə kimi az tədqiq olunmasa da, onun elmi fəaliyyətinin müxtəlif aspektlərdən daha geniş səviyyədə araşdırılması vacibdir. Həmçinin arxivimizdə Zərdabiyə məxsus fondda 19-cu əsrin axırlarında imzalanmış torpaq haqqında müqavilələr, oğlanlarının fotoşəkilləri saxlanılır".

H.Zərdabi ilə bağlı müxtəlif soraqlara Azərbaycanın tanınmış şəxsiyyətlərinin şəxsi fondlarında da rast gəlmək olur: ""Əkinçi" ilə bağlı soraqları hələ dünyaya istənilən səviyyədə çatdıra bilməmişik. Zərdabi yüksək erudisiyalı bir ziyalı idi. Məhz bu səbəbdən onu Moskvada saxlamaq istəyirdilər. Ancaq o, millətinə xidməti hər şeydən üstün tutdu". Arxivdə "Əkinçi"dən sonrakı milli mətbuat nümunələri də saxlanılır. Bu sırada "Kaspi" qəzetinin adını çəkmək olar: "Birləşmiş elmi məlumat kitabxanamızda "Kaspi" qəzetinin sayları qorunur. Zərdabi uzun müddət bu qəzetlə əməkdaşlıq edib. Zərdabi ilə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin dostluq münasibətləri hələ araşdırılmayıb. C.Hacıbəyli onun hərtərəfli istedada malik şəxsiyyət olmasından bəhs edib. 1911-ci ildə o, Zərdabi haqqında əsər yazıb". Zərdabinin şəxsi fondunda həmçinin Əlimərdan bəy Topçubaşovun bir neçə məktubu saxlanılır.

Qeyd edək ki, Ə.Topçubaşov Zərdabinin böyük qızı Pəri xanımın həyat yoldaşı olub. O, 1919-cu Avropaya gedir və qayıtmır, Fransada vəfat edir. 20-ci yüzilin əvvəllərində çıxan milli mətbuat nümunələrinin sayı xeyli artdı. "Molla Həsrəddin", Füyuzat", "Kaspi", "Həyat" və başqa qəzet-jurnallar bu qəbildəndir. Arxivdə Əlibəy Hüseynzadənin adına açılmış fond da daim zənginləşdirilir.

Arxivdə "Molla Həsrəddin"lə bağlı Əziz Şərifin zəngin fondunda jurnalın 1906-1914-cü illərdə işıq üzü görmüş nəşrləri diqqəti xüsusi cəlb edir: "Mirzə Cəlil yazırdı, mən nəşrləri Qurbanəli Şərifzadəyə təqdim edirəm ki, bizlər həyatda olmayanda varaqlayıb xatırlasınlar. Əziz Şərif böyük bir qayğıyla və sayğıyla Mirzə Cəlilin bu hədiyyəsini qoruyub saxlayıb, ömrünün sonunda çoxlu sayda zəngin sənədlərlə birgə bu əmanəti də arxivimizə təqdim etdi. Belə bir gündə Əziz müəllimi xatırlamaq gərəkdir".

Müxtəlif şəxsi fondlarda Firidun bəy Köçərli ilə bağlı da məlumatlar var. Üzeyir Hacıbəylinin jurnalistika fəaliyyəti onun yaradıcılığında xüsusi bir səhifədir. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə çıxan mətbuat nümunələrindən soraqlarda o dövrün vəziyyətini çox gözəl təsəvvür etmək olur. "Azərbaycan" qəzeti rəsmi qəzet olmaqla dövrün güzgüsü rolunu oynayırdı. Arxivdə bu qəzetin də nümunələri saxlanılır. Milli mətbuat tariximizə dair arxivdə qorunaraq saxlanılan çoxsaylı xatirələr, yazılar Azərbaycan mətbuatının keçib gəldiyi çətin, əzablı yol barədə hərtərəfli təəssürat yaradır. Ziyalılarımız sovet imperiyasının təqibləri səbəbindən Azərbaycanı tərk etdikdən sonra dünyanın müxtəlif ölkələrinə səpələndilər. Bu vətənpərvər ziyalıların əksəriyyəti harada yaşasalar da, Azərbaycan haqda soraqları o ölkələrdə yaydılar, özləri də qəzetçiliklə məşğul oldular. Vaxtaşırı o dövrdə çıxmış belə nümunələr arxivə təqdim edilir: "

Arxivdə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığını özündə müəyyən mənada əks etdirən zəngin soraqlar da qorunub saxlanılır. Maarif Teymur Ceyhun Hacıbəylinin yaradıcılığının köklü bir təmələ əsaslandığını bildirir: "Azərbaycan tarixinin özünəməxsusluğunun qorunub saxlanmasında heç şübhəsiz ki, fədakar, təmənnasız insanların müstəsna rolu olub. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında Hacıbəyovlar nəslinin böyük xidmətləri var. Azərbaycan tarixində nəsil, şəcərə məsələsi yaradıcılıq baxımından hələ bundan sonra da araşdırılmaya ehtiyac duyur". İllər keçəcək, Hacıbəyovlar nəslinin mədəniyyətimizin inkişafındakı müstəsna xidmətləriylə bağlı daha yeni-yeni soraqlar üzə çıxacaq: "Ceyhun Hacıbəyli ədəbiyyatşünas, folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər göstərib. Təəssüf ki, zamanın gərdişindən, 70 illik Sovet imperiyasının ideoloji mübarizəsi nəticəsində Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki, sovet dövründə hakim ideologiyaya qarşı çıxanların ictimaiyyətə müsbət mənada təqdimindən söhbət belə gedə bilməzdi. Bunlar daim öz vətənlərində xain kimi təqdim edilirdilər. Çünki bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar".

Maarif Teymur Ceyhun Hacıbəylinin jurnalistika fəaliyyətinin Abid Tahir tərəfindən araşdırıldığını diqqətə çəkir. O dövrdə Azərbaycanın başına gələn fəlakətlərə dünyanın münasibəti bütün çalarlarıyla Ceyhun Hacıbəylinin yaradıcılığında görünür. Ceyhun Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyli ilə məktublaşmasına yenidən diqqət çəkən Maarif Teymur bildirir ki, o məktublarda Ceyhun bəyin ömrünün müxtəlif məqamları ilə bağlı soraqlar var: "Məlum olur ki, Ceyhun Hacıbəyli Üzeyir bəyə məktublarında sətiraltı eyhamlarla müxtəlif məsələlərə işarə edir, münasibətini bildirir. O, Bakını tərk edərkən 28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda olarkən ailə qurduğu həyat yoldaşı ilə ömrünün axırına qədər yaşayıb. Onun Timurçin adlı oğlu da olub". Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı dövrdə Azərbaycanda, həmçinin SSRİ-də çıxan mətbuat nümunələrindən nə əldə edibsə, onları saxlayıb. Hazırda o soraqlar arxivimizdə saxlanılır. Mühacirət mətbuat tariximizin öyrənilməsində Ceyhun Hacıbəylinin zəngin arxivi mühüm rol oynaya bilər. Dəfələrlə bu barədə demişəm, yazmışam. Hər halda mətbuat tariximizdə olan bütün araşdırmaları bir yerə toplamalı, ümumiləşdirməliyik. Bütün bu soraqlar sistemli şəkildə internetdə yerləşdirilməlidir. Bu, sabahımız üçün çox zəruridir. Ermənilər olmayan işlərini yalandan "yaradır", var olan kimi dünyaya təqdim edirlər. Bu məsələdə gecikməməliyik ki, özümüz deyib özümüz də eşitməyək".

Ötən illər ərzində arxivdə Cəmil Əlibəyovun, Tofiq Həsənovun, Kazım Ələkbərlinin, Hurəddin Babayevin və başqalarının jurnalistika fəaliyyətini əks etdirən sənədlər toplanılıb, fondlar yaradılıb. Bu sahədə işlər ardıcıl davam etdiriləcək.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 22 iyul.- S.14.