"Övladlarıma görə başı uca gəzdim, bu, həyatımda ən böyük nailiyyətdir"

 

 Flora Kərimova: "70 yaşıma sürünmədən, alçalmadan, bükülmədən, övladlarımın, xalqımın, millətimin yanında nüfuzumu itirmədən gəlib çatdım"

 

Azərbaycanın xalq artisti, möhtəşəm səsi, əvəzsiz ifası ilə ürəkləri fəth edən Flora Kərimovanın bu gün 70 yaşı tamam olur. Əvəzsiz sənətkar yubileyi ərəfəsində APA-ya müsahibə verib. Müsahibəni (ixtisarla) təqdim edirik.

- Flora xanım, yubiley münasibətilə təbriklər almağa başlamısınız artıq?

- Desəm ki, təbriklər yox dərəcəsindədir, inanın. Ona görə yox ki, mən artıq ahıl yaşımın qanuni sahibiyəm. Ona görə ki, bu mənə çox formal görünür. Övladlarım burada yoxdur, gələ bilmirlər. Oğlum özünü çatdıracaq, ancaq qızım avqustda gələcək. Yubileyimi avqustda övladlarımla birgə keçirmək istəyirəm. Yanımda ürəyimə yatan, inandığım, güvəndiyim insanlar olacaq. Bilirsiniz ki, komplimenti sevmirəm. Ona görə sevmirəm ki, səmimi olduğuna inanmıram. İnanmıram ona görə ki, mənim yanımda o qədər yalan komplimentlər yağdırıb, o insan üzünü çevirən kimi arxasınca elə sözlər deyiblər ki... Həyatdan, gördüklərimdən ibrət alan bir insan kimi artıq inanmıram...

- 70 yaş insan ömrünün elə çağıdır ki, etdiklərinə, yaşadıqlarına baxdıqca fərəhlənirsən, qürurlanırsan, ya da həyatının hansısa nüanslarına heyfsilənirsən ...

- Şərəfli həyat yaşamısansa, sürünməmisənsə, özünü müdafiə edə bilmisənsə, cəmiyyətdə bir yer qazanmısansa, sənə olan nifrətdən qaça bilmisənsə, bu nifrəti qazanmamaq naminə özünü çox şeydən məhrum etmisənsə, o zaman fərəhlənirsən. Ancaq 70 yaşa çatmaq hər insan üçün keçdiyi həyat yolundan asılı olmayaraq qazancdır. O qazanc insanı kədərləndirirmi, sevindirirmi, o ayrı söhbətdir. Mən bu hissi yaşamadım... Demirəm, ölümdən qorxmuram, ancaq yoxluğumu, o anın qorxusunu yaşamadım. Ona görə yox ki, həyatdan bezmişəm, sadəcə, bu, qaçılmaz qismətdir. Ölüm yeganə şeydir ki, insanlar arasında fərq qoymur. Hər şeyə qarşı real insanam. Heç zaman da düşünməyin ki, pessimistəm. Nə optimistəm, nə pessimist, realistəm. Yaxşılarımı, sevinclərimi bundan sonra itirmək qorxusu olan bir realistəm. Özümün yoxluğumdan yox, mənə yaxın olanların yoxluğundan qorxuram deyə, düşünürəm ki, Allah məni tez aparsa, yaxşıdır. O qisməti görmək istəmirəm. Hər şey artıq bizim əvəzimizdən yazılıb. İnsanın seçmək imkanı yoxdur, kim deyirsə ki, bu imkan var, yalan sözdür.

- 70 yaşını qeyd edən milyonların sevimlisi Flora Kərimova qismətindən razıdırmı?

- "Razısan" sözündən qəti olaraq qaçıram, ancaq həyatımda bəzi məqamları korrektə etmək olardı. Yaşım az olanda, gələcəkdə keçəcəyim yoldan xəbərsiz olanda, düşünürdüm ki, yox heç nəyi dəyişməzdim. Vaxt gəldikcə, yaşadıqca, zərbələr çoxaldıqca, dözə-dözə düşünürəm ki, o, dözülməz ağrını hiss etməmək üçün bəlkə də hansısa anları korrektə etmək istərdim. Ancaq məndən asılı deyil...

- Flora xanım, illərlə dözdüyünüz zərbələr, qarşılaşdığınız haqsızlıqlar sizi belə mübariz elədi, yoxsa əvvəldən beləydiniz?

- Yox, həyat heç zaman mübarizə öyrətmir. Əgər insanın qanında bu əzm yoxdursa, mümkün deyil. Həyat - həyasızlığı, üzə durmağı öyrədir, özünə hörmət edən bir insanı getmək istəmədiyi yolu abırsızcasına getməyə vadar edir, mübarizəni isə öyrətmir. Saydıqlarım isə mübarizə deyil, çapalamadır.

- İki il əvvəl, elə doğum gününüz ərəfəsində həyatınıza bənzətdiyiniz "Qurtar məni bu əzabdan, İlahi" mahnısını oxumuşdunuz. Söhbət hansı əzabdan gedirdi?

- Artıq bir mahnını da öz həyatımla bağlayardım.

"Min nəfərə bir dərd olsa, hökmən gəlib tapar məni,

Yer üzündə bir it varsa, gəlib tapıb qapar məni"...

Bu iki mahnı mənim həyatımın güzgüsüdür. Əzab seçdiyim yolun əzabı, həyatım boyu məni həyatdan, sənətdən silmək cəhdidir. Bu az əzab deyil... İtkilərimdir, övladlarım atasız böyüdü. Mənə görə övladlarım çox əziyyət çəkdi, ancaq bir şey məni çox sevindirir. Qızımın boya-başa çatdığı vaxt mənim qadağalarla üzləşdiyim dövrə düşdü, ancaq heç kəs mənim qızımın adına ləkə yaxa bilmədi. Bu mənim çox böyük qazancımdır. Qızım o qədər təmiz böyüyüb ki, ona qarşı namərdlik etmədilər. Mənə böhtan yaxdılar, ancaq qızıma yaxa bilmədilər. Övladlarıma görə başı uca gəzdim, bu, həyatımda ən böyük nailiyyətdir. Qızımın doğulmasını, dünyaya gəlməsini istəmirdim. O bətnimdə olanda insanlar məni çox sıxma-boğmaya almışdı, haqsızlıqlar var idi, evimi, varımı-yoxumu əlimdən almaq istəyirdilər. O vaxt qızımı dünyaya gətirmək istəmirdim. Düşünürdüm ki, balam hansı mühitə düşəcək? Ancaq Allah qızımı mənə bağışladı, mənə ən yüksək, ən ülvi rütbəni - analıq rütbəsini bəxş etdi. Bundan yüksək rütbə ola bilməz.

- Deyəsən, yubiley ərəfəsində lap kövrək olmusunuz...

- Qızımı düşündüm, birdən-birə kimsəsizləşdim onsuz. Övladlarımın yanıma gəlməsinə az qalmış ürəyim çırpınır. Göylərə yalvarıram ki, çağırmağa tələsməsin məni.

- Bəzi insanlar yubileylərinə az qalmış bu barədə müsahibələr, açıqlamalar verir, sanki diqqəti özlərinə çəkirlər. Sizdən belə çağırışlar eşitmədik...

- Çünki umacağım yoxdur. Mən bu həyatda sürünə-sürünə yaşamamışam deyə, o həyata da sürünə-sürünə getməyəcəyəm. Mən kiməsə xatırladıb, nəyinsə xatirinə yubiley eləyib - özüm bilə-bilə ki, nəyin bahasına bu yubiley olub - bununla heç vaxt razılaşa bilmərəm. Bununla nə sevinərəm, nə öyünərəm. Qapılar döyüb, yubileyini keçirən sənətkarın heç bir qiyməti yoxdur, əksinə, bu ona xəcalət gətirməlidir. Bunu hamı bilsə, çox yaxşı olar. Ötən il ad günümün qeyd olunmasını istəyirdilər, ancaq qızım dedi ki, ikilikdə qeyd edək. Heç bir yerə çıxmadıq, oturduq, mən ona həyatımda bilmədiyi anlardan danışdım. Çox səbirlə qulaq asdı. Heç zaman yalan danışmıram. İnam həyatda elə bir şeydir ki, o qırıldısa demək artıq insan yoxdur. Sənədləri qoydum qarşısına və hamısını başa saldım. Qızıma hər şeyi danışdım. Övladlarımın ikisi də məndən uzaqdadır. Oğlumdan rahatam, qızımdan isə... Analar hər zaman qızlarına görə daha çox narahat olurlar.

- Həyatınızda hansısa qatarın arxasınca baxa-baxa qalmısınızmı?

- Heç zaman baxmamışam. Baxmağa zamanım belə olmayıb. Hər an mübarizə aparmışam. Həyatımda olan hansısa kədər, itkidən başqa, hansısa bədbəxtçiliyim iki gündən artıq ürəyimi ağrıtmayıb, amma beynimi işlədib. İki gün özüm-özümə sual verirəm, axı niyə bu belə olsun, mən ki, buna layiq deyiləm. Mübarizə yollarını axtarıram və iki gündən sonra ümumiyyətlə ağrı yaddan çıxır, başlayıram mərhələ-mərhələ mübarizəyə. Oğlum deyir ki, "Mama sən o qədər səbirlisən ki, yekun nöqtəyə çatmaq üçün illərlə gözləyə bilərsən". Və gözləyirəm. Hətta məğlubiyyətim mənim üçün uduşdur. Məğlubiyyətimi sənədlərlə ifşa edirəm, ona görə insanların mənə olan inamını itirmirəm.

- Sənətkar kimi çox xoşbəxt sənətkarsınız. Bəs qadın kimi necə?

- Sənətkar kimi, ancaq səsimlə xoşbəxtəm, qismətimlə yox... Qadın kimi... Mən hər zaman xoşbəxtlik sözündən qaçmışam. Səsimin varlığı ilə xoşbəxtəm. Allah tərəfindən mənə səs bəxş edilməsi bəlkə xoşbəxtlikdi, ancaq mənə çox əziyyət verdi. Allah xoşbəxtlik gətirmir, Allah sevinc, məmnunluq, hardasa gələcəyə ümid gətirir. Ancaq xoşbəxtəm, ya yox, bilmirəm... İnsanın xoşbəxt olub-olmadığı onun həyatdan köçəndən sonra haqqında verilən verilişlərdən, yazılan məqalələrdən, insanların onun haqqında fikirlərindən, onunla bağlı xatirələrdən bilinir. Onun haqqında göz yaşı dolu acı bioqrafiyası artıq xoşbəxtliyin mahiyyətini açır. Düşünürəm, axı niyə mən dünyaya yük oldum varlığımla? Məni konsertlər verməyə qoymadılar, beş il bütün efirlərdən məhrum oldum. Bu gün bəlkə də düşünürəm ki, nə bədbəxt insanam... Ancaq biri mənim haqqımda danışanda kimsə "Ay Allah, nə xoşbəxt adam idi ki, bütün bunlardan keçdi və 70 yaşında belə qaldı, həyatında heç vaxt mübarizəni dayandırmadı, bu cür səsə sahib oldu, sona qədər dəyişmədi", - deyə düşünəcəksə, o zaman ruhum deyə bilər ki, xoşbəxtəm.

- İfanızı dinləyərkən "nə böyük səsdir, bu səsdən bir də olmayacaq" kimi düşünənlərin sayı-hesabı yoxdur. Ancaq bu gün bu böyük səsin sahibi yubileyi ərəfəsində yada salınmır.

- Bilirəm ki, bəziləri ünvanıma xoş söz deməyə qorxurlar. Mahnılarıma ağlayırlar, mahnılarımı istəyirlər, ancaq qorxurlar, nə zamansa siyasi fəaliyyətimlə bağlı baş verənlərdən çəkinirlər. Bu halı mən başa düşürəm, onların mənə səssiz sevgisini anlayıb, heç vaxt belə insanlardan mənə kömək etmədiyinə, mənə diqqət yetirmədiyinə görə küsmürəm.

- Bütün dəvətləri müsbət qəbul etməyinizlə, hər bir mərasimə qatılmanızla qınaq obyektinə çevrilirsiniz. Bütün dəvətləri qəbul etmək məcburiyyəti hiss edirsiniz?

- Xasiyyət gendən gəlirsə o, xasiyyəti tərbiyə etmək mümkün deyil. Hamı mənə deyir, "Axı sən onun evinə niyə getdin, onun dəvətini niyə qəbul etdin?" Elə adamların toyuna gedirəm, heç tanımıram. Deyirlər, "Niyə getdin, ay Flora xanım, bu sizin səviyyəniz deyil, siz özünüzü alçaldırsınız, səviyyənizi itirirsiniz". Bu sözdən çox hiddətlənirəm. Niyə? Çünki onlar mənim ünsiyyətdə olduğum insanlara səviyyə, mən isə ən hörmətsiz insana belə millətim, insanım deyə baxıram. Mənim üçün maddi cəhət insanlara münasibətdə heç vaxt ölçü olmayıb. O qədər görmüşəm ki, bu gün yetirib, sabah mələdə-mələdə əlindən alıb, birisi gün elə süründürüb ki... Bunu görəndə, deyirsən ki, "Qurtar məni bu bəladan, İlahi". Mən bir şeyi heç vaxt yadımdan çıxarmıram - behiştik Əbülfəz Elçibəyin sözünü. O rəhmətliyə deyəndə ki, "Əbülfəz bəy, niyə dinmədin, heç nə demədin? Niyə üzünə deyilən ağ yalanın üstündən keçib, o adamı rüsvay eləmədin?" O mənə hər dəfə cavab verirdi: "Kim olur-olsun, bu xalq sənin xalqındır, onu sevməyə məhkumsan". Bu qəddar, yalançı, kinli, iyrəndiyim bir adamı, bir vətəndaş kimi torpağımın naminə, o torpaqda gəzən, vuruşan, canını qurban verən insanların naminə, onların ruhları naminə sevməyə məhkumam, yenə də məhkumam! Ona görə deyirəm ki, mənə tənə edəndə ki, "Sən niyə bu adama əl verdin" bəlkə də o insan sabah mənim üzümə tüpürəcək, ancaq onu sevməyə məhkumam. Torpağı sevdiyim qədər onu sevməliyəm. O ayrı məsələ ki, mən onun mənə münasibətini ürəyimdə bağışlamaram. Haradasa bəlkə acıq çıxaram, ancaq tapdamaram, məhv etmərəm, alçatmaram. Bax, budur mənim fərqim.

- Yubileyinizi keçirmək istəsələr, razılaşarsınız?

- Niyə razılaşmıram, mən heç kiminlə düşmən deyiləm.

- Yubiley ərəfəsində özünüzə arzularınızı eşitmək istərdik...

- Arzum qızımın övladını görməkdir, qız övladı olsa, lap gözəl olar. Arzum çoxdur, lap çox... Amma qisməti verən Tanrıdır. Tanrı tələsməsin məni göylərə çağırmağa.

- Sabah hansı hədiyyəni və təbriki gözləyirsiniz?

- Hər zaman demişəm ki, bu həyatda ən böyük hədiyyəm mənim övladlarım və acılı-ağrılı səsimdir. Heç vaxt kimdənsə hədiyyə gözləməmişəm. Xoşbəxt həyat yoldaşı olanda hədiyyələrim çox olub. Mənə boyum qədər çələnglər bağışlanıb. Xoşbəxt ana olanda xəstəxanadakı otağım bütünlüklə gül bağçasına çevrilib. 70 yaşıma sürünmədən, alçalmadan, belim bükülmədən, övladlarımın, xalqımın, millətimin yanında nüfuzu itirmədən gəlib çatdım! Ən böyük hədiyyəm budur...     

 

 

Xalq Cəbhəsi.- 2011.- 23 iyul.- S.6.