Türk ruhlu Borçalıda Elat Mədəniyyəti günü

 

 İyulun 26-da artıq ənənələşən, 3-cü dəfə keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti günündə iştirak etdim. Uzun yol boyunca ciddi insani söhbətlər, insanların əsasən Yurd mövzusunda qayğılanmaları diqqətimi çəkdi. İlk dəfəydi ki, Borçalıya gedirdim - Vətənimin ruhumda ayrılmaz, bütöv ünvanına.

Borçalının zəngin, türk ruhlu təbiətini gördüm, doğulduğum bölgənin təbiəti ilə ciddi oxşarlıq, doğmalıq müşahidə etdim. Borçalıda yaşayan soydaşlarımızın insana, Yurda nisgilli sevgisini duydum. Soydaşlarımız doğmalığın daim artmasını, zahiri qəribliyin yox olmasını istəyirdilər.

Tədbirdə Borçalıda doğulmuş elm-mədəniyyət adamlarının öz yurdlarına doğma, təəssübkeş gedişləri gözlərindən oxunurdu. Azərbaycan aydınının doğulduğu yurda, bölgəsinə hamı kimi sıradan getməsini qətiyyən düzgün saymıram. Özünü aydın sayan, ictimai mühitdə obrazını yaradan şəxs hamı kimi hər yana, özəlliklə də yurduna gedirsə, onda bu gedişdən heç nə alınmaz.

Borçalıya - öz doğma Yurduma getdim. Anadangəlmə bölgəçi deyiləm. Asif Ata məni Azərbaycanımıza mütləq, bütöv sevgi üstə kökləyib, tərbiyə edib. Səfər boyunca yol yoldaşlarım olan ziyalıların da belə duyğularının şahidi oldum. Deməli, xalq ola bilmək, xalq kimi yaranmaq, yəni insani, milli halımızı artırmaq, yüksəltmək imkanımız həmişə var. Elat günündə insanların topa-topa, ailəlikcə el ruhuna uyğun yaylağa qalxmasını müşahidə etdikcə düşündüm: soydaşlarımın el, ellik, xalq duyğusunun mahiyyətinə yetməsi, bu əvəzsiz insani duyğunun ardıcıl olması üçün neyləməli? Neyləməli ki, belə gözəl duyğular ötəriləşməsin, adiləşməsin? Əgər hər hansı bir sahədə, yöndə irəliləyiş olmursa, mütləq orada geriləmə baş verir. İnsanları Yurda sevgi üstə çağıranları, onları doğulduqları yerlərə bağlamaq istəyənləri bu sual daha çox düşündürməlidir.

Milli düşüncəni ciddi, köklü səviyyədə yaratmaq və irəlilətmək üçün bizə öz ruhumuzdan yaranan dünyabaxış gərəkdir. Belə bir dünyabaxış isə artıq yurdumuzda 33 ildir var. Borçalıda keçirilən Elat Mədəniyyəti gününə Mütləqə İnam sorağını apardım. Dünyabaxışım insanların, xalqların xoşbəxtiyini amacı sayır, bəşərin mütləq xoşbəxtliyini yaratmaq iddiasında, imkanında və gücündədir.

Törəndə görüşdüyüm insanlara sonsuz sevgilərimi çatdırdım, Yurd müqəddəsliyinin mənasını açdım. Dedim ki, Yurdun əbədi var olması üçün orada yaşayanların ruhən var olması gərəkdir. Türkün elat ruhu bizi sevməyənlərin daim car çəkdikləri köçərilik deyil. Türk öz ucsuz-bucaqsız yurdunda köç edib həmişə. Zaman anlamında köçəri xalq belə bir oturuşmuş mədəniyyət, xəlqi möhtəşəmlik yarada bilməzdi.

Xalqı yetkin fərdlər yaradır. Xalqın bugünkü halı ürəyimzcə olmasa da, qətiyyən sarsılmaq, ruhdan düşmək olmaz. Yalnız xalq kimi mütləq nikbinlik imkanımızdan və bu yöndə köklənmək qaçılmazlığından danışıram. Mütləqə İnam Dünyabaxışı bizə belə bir imkan yaradır.

Borçalıda doğmalıq, milli ruhumuzun ölməzliyini gördüm.

İyulun 25-i axşamı Dmanisi rayonunun Qəmərli kəndində Hüseyn kişinin oğlu Babəkin toy məclisində iştirak hamının ağlında, yadaşında həmişəlik qalacaq. İnsanların yurda köklü qayıdışının ifadəsi saymaq olar bu sayaq addımları. Hüseyn kişi oğlu Babəkə Bakıda toy etsə də, əhdinə görə yenidən Qəmərlidə - Elat Günü münasibətilə qapısında toy edib. Qara zurnaçöp nağarasının səsi o qədər doğmaydı ki... Buradan gedən aşıqların sazı köynəkdən ki çıxdı, doğma səslər bir-birinə qarışdı. Saz öz doğma mühitində, bölgəsində idi, sanki onun səsi qədimlərdən gəlirdi. Türk bu musiqiləri öz yurdunda səsləndirir, o səslərlə göylərə dartınırdı. Doğma rəqslər oldu, insanlar əl-ələ verib yallı getdilər. Ev yiyəsi Hüseyn kişini təbrik etdim.

26 iyulda isə Dmanisi rayonunun Armudlu yaylasında keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti günü uğurla baş tutdu.

"Borçalı" İctimai Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycanın tanınmış aydınları, elm, mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Gürcüstanda yaşayan Azərbaycan kökənli aydınlar, gürcü ictimaiyyətinin nümayəndələri, Türkiyədən və Güney Azərbaycandan gəlmiş qonaqlar iştirak edirdilər. "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin belə bir istəyi gerçəkləşdirməsini hünər sayıram. Söz ki işdə gerçəkləşmir, o, yaşamır. Zəlimxan bəyin çabalarını, Yurd sevgisini yüksək dəyərləndirirəm. Tədbirdə Yurd müqəddəsliyi mövzusunda söz dedim. Dedim ki, Borçalıda Elat Mədəniyyəti gününün keçirilməsi qədim xəlqi mədəniyyətimizin, bənzərsiz yaşam tərzimizin, düşüncəmizin təsdiqidir. Yurd niyə müqəddəsdir? Ona görə ki, yurd sevgisində torpaq müqəddəslik səviyyəsində dərk olunur. İnsan dünyaya sığmadığı dərəcədə Vətənə sığır.

Tədbir boyunca tanınmış aşıqlar, söz adamları çıxış etdilər. Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında - Borçalının axar-baxarlı yerində düzənlənən tədbirdə minlərlə soydaşımız yayladakı meşəlikdə ailəvi, elliklə doğmalaşma söhbətləri etdilər, "Borçalı Türklərinin Elat Mədəniyyəti Günü" tədbirinin açılışında, Elat məişəti və mədəniyyətinin nümayişində, elat çempionatı - cıdır və güləş yarışlarına, saz-söz məclisinə tamaşa etdilər, yallı rəqsi getdilər.

Azərbaycandan - Bakıdan gedən qonaqlar sırasında elm adamları akademiklər Cəlal Allahverdiyev, Telman Əliyev, şair Abbas Abdulla, tanınmış folklorşünas Elxan Məmmədli, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, şairlər Dərviş Osman Əhmədoğlu, Rəhman Babaxanlı, Fəxrəddin Meydanlı, Qiymət Məhərrəmli, Güləmail, aşıqlar Tərmeyxan Sədioğlu, Əşrəf Qəriboğlu, Qızqayıt Kəlbəcərli, tanınmış tarzən Gülağa Zeynalov, xanəndə Etibar Rəhimov, şair-publisist Əziz Musa və başqaları var idi. Tədbir iştirakçılarda böyük ruh yüksəkliyi yaratdı. Vətəni yaradanyaşadan fərdlərdir. Bu səbəbdən də Vətəni yaratmaqyaşatmaq ilk olaraq özümüzü ruhən qurmağımızla sıx bağlıdır. Biz Borçalıya yenə gedəcəyik... 

 

 

İşıqlı Atalı

 

Xalq cəbhəsi.- 2011.- 30 iyul-1 avqust.- S. 14.