Danimarkalı "Əsmərim"
mahnısını oxuyurdu
Kəmalə Hüseynova:
"Hətta bir qrup təqaüdçü danimarkalı xor təşkil
edərək onlara Azərbaycan mahnılarını öyrətməyi
məndən xahiş ediblər"
"Hillerod və Fredensborq şəhər bələdiyyələrinin
əsas dövlət və mədəniyyət tədbirlərində
hər zaman Azərbaycan musiqisi səslənir"
Azərbaycan musiqisini
Danimarkada yaşadan və onu sevərək təbliğ edən
Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Mədəniyyət
Mərkəzinin rəhbəri Kəmalə Hüseynova 1965-ci
ildə Bakıda anadan olub. Dzerjinski adına 11 illik orta ixtisas
musiqi məktəbi, eyni zamanda Bakı şəhəri 12
saylı orta məktəbi fərqlənməylə bitirib. 1986-cı
ildə Azərbaycan Pedaqoji Universitetini qırmızı
diplomla bitirib. Adil Bəbirov, Eldar Mansurov, Kamilə
Qarabağlı, Gülarə Axundova, Dilarə Əliyeva kimi
istedadlı bəstəkar və musiqiçilərin tələbəsi
olub. Bundan əlavə, Bədii Gimnastika Federasiyasında musiqi
tərtibatçısı və pianoçu kimi fəaliyyət
göstərib. 2003-cü ildən Danimarkanın Fredensborq
şəhərində yaşayır. O deyir ki, Danimarkanın
özəl məktəbində, ixtisas musiqi məktəbində
və özəl türk liseyində musiqi, xor və fortepiano
dərsləri verir. Bundan əlavə, danimarkalı vətəndaşlardan
ibarət "Hafla" instrumental ansamblında və
Danimarkanın qədim Renessans xorunda fəaliyyət göstərir.
Soydaşımızın sözlərinə görə, bir
çox avropalılar kimi, danimarkalılar da əsasən
müasir estrada musiqisinə, yaşlı nəsil isə dini
musiqiyə üstünlük verir: "Ümumiyyətlə,
danimarkalılar təvazökar, işgüzar və xoşməramlı
xalqdır. Hər yeniliyə böyük maraq göstərirlər.
Azərbaycan musiqisinə maraqları gündən-günə
artır. Çıxışlar və konsertlerdən sonra mənə
tez-tez yaxınlaşıb ifa etdiyim musiqi və
mahnıların qaynaqları ilə maraqlanırlar. Azərbaycan
bəstəkarlarının CD satışı və ya
internet ünvanını istəyirlər. Hesab edirəm ki, Azərbaycanımızı
geniş tanıtmaq üçün musiqimizin və ümumiyyətlə,
zəngin mədəniyyətimizin təbliği birinci yerdə
olmalıdır. Çünki bu protokol tədbirlərdən
daha təsirlidir". Kəmalə Hüseynova bildirir ki, Qərb
musiqisi ilə Şərq musiqisi arasında olduqca böyük
fərq var: "Mən fəxrlə qeyd etmək istərdim
ki, bizim musiqimiz Qərb musiqisindən qat-qat zəngin və
maraqlıdır, bununla danimarkalıların özləri də
razılaşır. Nəinki Qərb musiqisi, Şərqdə
Azərbaycan musiqisindən zəngin ve gözəl musiqi yoxdur.
Bunu dəfələrlə mənimlə söhbətlərində
Turkiyənin, Misirin, İraqın, Özbəkistanın,
İranın peşəkar musiqişünasları təsdiq
ediblər. Təkrarolunmazlığı və rəngarəngliyi
ilə seçilən Azərbaycan musiqisinə bir dəfə
qulaq asan ömürlük onun heyranı olur". O
vurğulayır ki, daha çox özəl türk liseyində
və Danimarka "Kompas" gənclər mərkəzində
geniş fəaliyyət göstərir: "Hər il
keçirilən Beynəlxalq Türkcə
Olimpiadalarının Danimarka üzrə musiqi tərtibatçısı
və münsiflər heyətinin üzvüyəm. Ümumiyyətlə,
musiqi özü-özlüyündə ictimai işdir, insanların
ortaq nöqtəsidir". Kəmalə Hüseynova deyir ki,
Danimarkaya yeni gələndə ətrafındakı çox
insanlar Azərbaycanın harada yerləşdiyini belə
bilmirdilər: "Hətta bu mənim xətrimə dəyirdi.
Amma gündən-günə vəziyyət dəyişir. Azərbaycanın
güclü dövlətə çevrilməsi, dünyada
artan nüfuzu bizləri çox sevindirir. Artıq bu gün Azərbaycanı
geniş Danimarka kütləsinə tanıtmağa nail
olmuşuq. Yaxınlarda küçədə bir
danimarkalının "Əsmərim" mahnısını
özü-özünə zümzümə etdiyini eşitdim
və bunu gördüyüm işlərin ən böyük
bəhrəsi kimi qəbul edirəm. Musiqimiz o qədər
gözəldir ki, hətta bir qrup təqaüdçü
danimarkalı xor təşkil edərək onlara Azərbaycan
mahnılarını öyrətməyi məndən xahiş
ediblər. Çox gözəldə oxuyurlar, bizim mülayim
xalq mahnılarını çox bəyənirlər. Bu
gün demək olar Hillerod və Fredensborq şəhər bələdiyyələrinin
əsas dövlət və mədəniyyət tədbirlərində
hər zaman Azərbaycan musiqisi və mahnıları səslənir
və hər dəfə böyük coşquyla
qarşılanır". Soydaşımız bildirir ki,
Danimarkada azərbaycanlı çox azdır: "Yəqin ki
böyüklü-kiçikli 60-70 insan var və onlar
bütün Danimarkaya yayılıblar. Demək istərdim ki,
azərbaycanlılar oxuyur, çalışır və nailiyyətlər
əldə edirlər. Aramızda gözəl mütəxəssislər,
həkimlər, iş adamlari var və əldə etdikləri
nailiyyətlər Azərbaycanımızı bir çox sahələrdə
tanıdır. Amma hesab edirəm ki, Azərbaycanımızı
tanıtmaq üçün geniş danimarkalı
auditoriyası vacibdir. Həyat yoldaşım Fredensborq şəhər
Bələdiyyəsinin mədəniyyət ve ictimaiyyət
bölməsində fəaliyyət göstərir və
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Cəmiyyətimiz
Danimarka dövləti tərəfindən dəstəklənir,
fəaliyyətimiz gərəkli və əhəmiyyətli qəbul
olunur. Azərbaycanla bağlı bir çox layihələr həyata
keçirmişik və bu gün də bu işlər davam
edir. Mənə gəldikdə ən böyük arzum
yaratdığımız danimarkalılardan ibarət
"Hafla" ansamblı ilə Azərbaycanda konsert
proqramıyla çıxış etmək, ansambl üzvlərinə
qədim və gözəl Azərbaycanımızı
göstərməkdir".
Turqut
Xalq Cəbhəsi.- 2011.- 9 iyun.- S.4.