Türk ədəbiyyatının iki zirvəsi

 

Əhməd Yəsəvi və Yunis Əmrə sufi ədəbiyyatının ən parlaq simalarındandır

 

Türkiyə ədəbiyyatının çox qədim tarixi var. Bu ədəbiyyatın tarixi keçmişi şifahi xalq ədəbiyyatı ilə bağlıdır. Həm də Türkiyə ədəbiyyatı dar məhəlli çərçivədə yaranmayıb, böyük bir coğrafi ərazini əhatə edir. Qədim türk xalqlarının yaşadığı ərazilər onun ana vətəni sayılır. Altaydan başlamış Qafqaza, Balkanlara qədər yaşayan türksoylu xalqların yaratdığı böyük ədəbiyyat da ümumtürk mədəniyyətinin sərvəti hesab olunur. Türkiyə ədəbiyyatının tarixi türk xalqlarının ədəbi yaradıcılığı ilə sıx bağlıdır.

Türk ədəbiyyatının böyük sufi şairlərindən biri Əhməd Yəsəvidir. Yəsəvi bütün şeirlərində eşqi ilahi bir nemət kimi sufiyanə təsvir edib. Yəsəvi orta əsrlərdə elə şair, sənətkar, mütəfəkkir olub ki, sufi təlimindən də yan keçməyib və bunun nəticəsidir ki, Yunis Əmrə, Nizami, Füzuli, Nəsimi, Nəvai kimi şairlər onun mədəni irsindən - sufizmin tarixi, mədəni, fəlsəfi və ədəbi, bədii təcrübəsindən bəhrələniblər. Yəsəvi türk dilində yazır və İslamı türklərə məhrəmləşdirirdi. Ədəbiyyat tarixində belə hesab olunur ki, Yəsəvi qədər türkün ruhunu, dünyagörüşünü, məişətini, həyat tərzini duyan olmayıb, bu təbii ahəngi ilk dəfə Yəsəvi tutub, ona milli dil, üslub, milli forma, vəzn biçimi verib. 800 ildən artıqdır ki, Yəsəvi hikmətləri özünün sadə, adi həqiqətlərilə türkün mənəvi məkanının təşəkkülündə, inkişafında və möhkəmlənməsində intensiv iştirak edir. Onun "Divani-hikmət" əsəri öz dövründə Allaha olan sevginin ən müqəddəs duası kimi yazılıb və ona olan eşqi ilə bağlanıb. "Divani-hikmət"də ilahi eşq bir tərəfdən aşiqin daxili yaşantılarının, digər tərəfdən isə təriqət pirinin bu eşq barədə şərhi kimi qəbul olunmalıdır. Ədəbiyyatda hesab olunur ki, "Divani-hikmət" türk-sufi şeirinin genetik proqramıdır. Bu əsər vasitəsilə Yəsəvi türk dünyası miqyasında gələcək ədəbiyyatda türk-sufi şeirinin ümümi eskizini cızıb.

Türklər arasında ilk təriqət yaradıcısı olaraq tanınan Xoca Əhməd Yəsəvi türklər üzərində böyük təsiri olan ilk qüdrətli sufi şairdir. Beşinci əsrdə Batı Türküstanında Sayram qəsəbəsində doğulan Əhməd Yəsəvi atası Şeyx İbrahimin vəfatından sonra bacısı ilə sonralar Türküstan adlanan Yəsiyə gəlib və orada yaşayıb. Həmin dövrdə Yəsidə Arslan baba adlı türk şeyxinin başçılığı ilə təsəvvüf baxışları formalaşmaqda idi. Əhməd ilk təhsilini Yəsidə aldıqdan sonra dövrün önəmli İslam mərkəzlərindən olan Buxaraya gəlir. Orada tanınmış böyük sufi şair Şeyx Yusif Həmədaniyə çox rəğbət bəsləyir, onunla birlikdə çox yerlər gəzir. Sonralar şeyxin etimadını doğruldan Əhməd onun üçüncü xəlifəsi olur və Buxarada şeyxin yerinə təyin olunur. Bir müddət sonra yenidən Yəsiyə dönən Əhməd ölümünə qədər orada qalıb və təsəvvüf ideyalarını təbliğ edib. Onun Yəsidə təsəvvüfü təbliğ etdiyi zamanlarda təsəvvüf ideyaları inkişaf edirdi. Xüsusilə köçəri türk tayfaları arasında böyük nüfuz qazanan, dini, ərəb və fars dilini yaxşı bilən Xoca Əhməd ətrafında topladığı müridlərinə dərvişliyi öyrədə bilmək üçün onlara anladıqları bir dildə mənzumələr yazıb yayır. O, türk xalq ədəbiyyatından bəhrələnərək bu dördlükləri heca ölçüsündə yazıb və bəsit bir dildə yazılan başqa mənzumələrdən ayırmaq üçün "hikmət" adlandırıb. Əhməd Yəsəvinin hikmətlərinin toplandığı məcmuə isə "Divani-Hikmət" adlanır. Türk xalqlarının ədəbiyyatı atalar sözlərini xatırladan və 4+3+7, 4+4+4=12 ölçüsü ilə yazılan bu mənzumələrdə yarım qafiyə və rədiflərdən istifadə olunub. Hikmətlərin ideologiyasında İslam dinindən, ölçüsündə isə milli türk heca vəznindən bəhrələnib.

Əhməd Yəsəvinin hikmətləri sufiyanə və zahidanə düşüncələr baxımından çox təsirli olub, əsrlər boyu bütün türk dillərində oxunub. Onun hikmətləri səlcuq axınları ilə birlikdə Anadoluya gələrək təkkə ədəbiyyatının və dini baxışların yaranmasında mühüm rol oynayıb. Yəsəvinin Orta Asiyada yetişən müridləri təsəvvüf baxışlarının yayılmasında bu şeirlərdən çox istifadə ediblər. "Divani-Hikmət"ə oxşar Əhməd Yəsəviyə aid olduğu düşünülən "Fəqirnamə"nin isə ayrıca bir əsər olmayıb, "Divani-Hikmət"in mənsur müqəddiməsi ola biləcəyi fikri Yəsəvi və "Divani-Hikmət" üzərində tədqiqatlar aparmış prof.dr. Kemal Eraslan tərəfindən irəli sürülüb. Belə ki, əsərin bu hissəsi ilk dəfə onun tərəfindən çap olunub. Sonralar Yəsəvinin ardınca başda Anadolu olmaq şərtilə 4 böyük bölgədə intişar tapan türk xalqları ədəbiyyatında bu və ya digər dərəcədə Yəsəvi şeirlərindən, Yəsəvi ideyalarından təsirlənib və ondan bəhrələnərək sənət əsərləri yazıblar.

Bundan başqa o, lirik şeirlər müəllifidir, qəzəl, məsnəvi, qəsidə, tuyuğ, qitə, rübai formalarında da yazıb. Onun yaradıcılığındakı bütün şeirləri məhəbbət mövzusundadır. Sufi ədəbiyyatının digər bir nümayəndəsi Yunis Əmrədir (1240-1320). Yəsəvidən sonra onun sufi görüşlərini təbliğ edən və varisi kimi şöhrətlənən türklərin ən böyük şairi Yunis Əmrənin adını qeyd etmək olar. Yunis Əmrə yaradıcılığında "Divani-hikmət"in böyük rolu olub. Yunis Əmrə sufi görüşləri ilə Anadoluda məşhur olub. Yunis Əmrənin həyat və yaradıcılığı ilə bağlı məlumatlar məhduddur. Onun əldə olan əsərləri "Divan"ı və "Risalətün-Nüshiyyə"dir. "Risalətün-Nüshiyyə" Əmrənin görüşlərini əks etdirir. Yunis Əmrənin "Divan"ı isə ilahiyə həsr etdiyi şeirlərindən ibarətdir. Heca vəznində yazılmış şeirləri ilə yanaşı 4 müstəfilun qəlibiylə yazılmış qəzəlləri də var. Bu şeirlər mövzu baxımından Əhməd Yəsəvinin şeirlərini xatırladır. Yunisin ilahiləri eşqin əsas yer aldığı təsəvvüf ideyaları ilə zəngin olub, böyük təsirə malikdir. "Risalətün-Nüshiyyə" ("Öyüdlər kitabı") təsəvvüf ideyaları ilə zəngin əsərdir. Əsər 630 beytdən ibarətdir. Türkcə yazılmış ilk didaktik əsərlərdən olan bu əsər bir qədər gec çap olunub. Allah sevgisi ilə bağlı yazdığı əsas şeirlərdə insana qayğı və insanlıq sevgisi hiss olunur. O, insanlara fərq qoymağın əleyhinə idi. Yunis Əmrənin öz şeirlərini xalqın danışıq dilində yazması Yunis tərzi deyilən ədəbi məktəbin yaranmasına səbəb olub. O, sufi ədəbiyyatının, Türkiyə ədəbiyyatının ən parlaq simalarından biridir. Onun yaradıcılığında tanrıya qovuşmağı, vəhdəti-vücud təlimini əks etdirən şeirlər çoxdur. O, təsəvvüf ədəbiyyatının bütün formalarında şeirlər yazıb. Bu şeirlərdə o, insan ölərkən ruhunun Allaha qovuşacağını, həyatdan gedəndən sonra əməllərinin qalacağını söyləyir. İnsana və Allaha olan sevgisini bəyan edir. Onun devriyyələrinin məzmunu da Allahdan yaranıb Allaha dönmə fikrini aşılayır. Bu devriyyələr klassik üslubda yazılıb. Onun heca vəznində yazdığı şeirlər daha çoxdur. Belə şeirlərdə şair dünyəvi eşqi, dostluğu, məhəbbət haqqında lirik düşüncələri tərənnüm edir.

Bəyazid kitabxanasından tapılmış bir tədqiqata əsasən, o, 1322-ci ildə 82 yaşında vəfat edib. Bu fikrə əsaslanaraq şairin doğum ili 1240-ci il kimi götürülür. Yunis Əmrə 1240-cı ildə indiki Əskişəhirə bağlı Sivrihisarın Sarıköy kəndində anadan olub, məşhur sufi şeyxlərinin müridi kimi onlardan dərs alıb, çoxlu səyahətlər edib. Bu barədə özü yazır ki, mən Rum elindən Suriyaya, İrana, Azərbaycana qədər gəzdim. Onun sufi-dini şeirlərinin çoxu bizə gəlib çatmayıb. Onun həyatı, tərcümeyi-halı haqqında heç bir məlumat yoxdur. Şeyx Tapdıq babanın müridi olduğu, Konyada Mövlana ilə görüşdüyü söylənilir. Anadolunun 9 yerində, həmçinin Qaxın Oncalı kəndində qəbrinin olması düşünülür. Yunis Əmrənin ölümündən 118 il sonra Mahmud Mustafa bin Xan tərəfindən divanı tərtib olunub, divanda 412 şeiri toplanıb. Bu divanı prof. F.Köprülü, prof. Abdulbaqi Gölpınarlı nəşr etdiriblər. Belə rəvayət edirlər ki, onun 3 min şeiri varmış. Bu şeirlər Şirvanlı Molla Qasımın əlinə keçir, o, şeirləri oxuyanda şəriətə uyğun gəlməyənləri oxuyub yandırır, yorulduğu üçün 1000 dənəsini də suya atır. Üçüncü mində bir beyt onun diqqətini cəlb edir:

 

Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə,

Səni sığaya çəkən Molla Qasım gəlir.

 

Bu beytdən sonra Molla Qasım onun öngörənliyinə və kəramətinə inanır. Əlində Yunis Əmrənin təkcə min beyti qalmışdı. Belə rəvayət edirlər ki, Yunis Əmrənin yandırılan min beytini göydə mələklər, suya atılan min beytini suda balıqlar, yerdə qalan min beytini isə insanlar oxuyur. Yunis Əmrə ilə Molla Qasımın bir-biri ilə eyni rədifdə, eyni biçimdə şeirləşmələri də məlumdur. Yunis Əmrənin

 

"Hanı ol şirin sözlülər?

Hanı ol Günəş üzlülər?

Şöylə qaib olmuş bunlar

Heç bəlirməz nişanları" şeiri ilə Molla Qasımın

"Yumulmuş şol ala gözlər,

Qiyamət yolunu gözlər,

Hanı şirin, şəkər sözlər,

Dəhanı bizəban gördüm"

 

- şeiri arasında zahiri bənzəyiş və məzmun yaxınlığı da hiss olunur.    

 

 

Ramil Əliyev,

filologiya elmləri doktoru 

 

Xalq Cəbhəsi.- 2011.- 11 iyun.- S.14.