Turistlər Azərbaycana işgüzar məqsədlə
gəlir
Ölkə haqqında məlumatların
turistlərə çatdırılmasında KİV-in rolu
olduqca azdır
Əcnəbilərin əksəriyyəti
qiymətlərdən narazıdır
Azərbaycana
səfər edən hər 10 turistin 7-si bura işgüzar məqsədlə
gəlir. Turistlərin əksəriyyəti Azərbaycana tək
gəlir və Bakıda qalmağa üstünlük verir. Bu
göstəricilər BMT-nin İnkişaf Proqramının
(UNDP) Azərbaycanda "Turizmin İnkişaf Layihəsi"
çərçivəsində keçirilən "Xarici vətəndaşların
Azərbaycana dair təəssüratlarının öyrənilməsi"
barədə sorğunun nəticələrində müəyyənləşib(APA).
Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin
Azərbaycana səfərlərinin əsas səbəbi
onların işgüzar fəaliyyətləri ilə əlaqədardır.
Belə ki, onları təmsil edən hər 10 nəfərdən
7-si ölkəmizə bu məqsədlə gəlir. Azərbaycana
turist kimi səfər edənlərin ümumi respondentlər
arasında xüsusi çəkisi 15%-ə bərabərdir.
Dost-qohumuna baş çəkməyə gələnlər
6,1%, olimpiada-yarışlara gələnlər 3,3%, başqa
ölkəyə gedərkən Azərbaycandan tranzit kimi
keçənlər 2,7% və s. təşkil edir. Respondentlər
arasında ölkəyə müalicə, konsert və s. kimi
tədbirlərdə iştirak etmək məqsədilə gələnlər
də var. Əcnəbilər Azərbaycana tək səfər
etməyə üstünlük verirlər (64%), 16,1%-i dostu ilə,
yalnız 13,7%-i ailəsi ilə səfərə gəlir.
Xaricilərin əksəriyyəti (53%) ölkədə 1-6
gün müddətində qalmağa üstünlük verir,
orta hesabla isə onların səfəri 10 gün davam edir.
Ölkəyə
gələn turistlərin yalnız 18%-i rayonlara da getməyə
üstünlük verir, 99%-i isə sırf Bakıda qalır.
Azərbaycanda əcnəbi qonaqlar əsasən təbiəti
zəngin olan və ölkənin şimal və şimal-qərbində
yerləşən Quba (17%), Zaqatala (17%) və Şəki (15%)
rayonlarına üstünlük verirlər. Araşdırma nəticələri
göstərir ki, xarici turistlərin yarısı (48%-i)
rayonlara işgüzar fəaliyyətləri ilə
bağlı səfər edir. Bununla yanaşı, onlar
arasında rayonlara istirahət, maraq və əyləncə məqsədilə
səfər edənlər də var (35%).
Əcnəbilər
Azərbaycan haqda informasiyanı əsasən internetdən
alırlar (46%), ikinci mənbə dost-tanış və iş
yoldaşlarıdır (40%). Nəticələr göstərir
ki, ölkə haqqında məlumatların turistlərə
çatdırılmasında KİV-in (TV, radio, qəzet) rolu
olduqca azdır (14%). Bakıda səfərdə olan əcnəbilərin
hər 10 nəfərindən 7-si İçəri Şəhəri
ziyarət edib. Digər ən çox ziyarət edilən yerlər
Qız Qalası (61%), restoranlar (53%) və Milli Parkdır (50%).
Onların Azərbaycanda ən çox bəyəndikləri
yerlər də İçəri Şəhər, Qız
Qalası və restoranlardır.
Əcnəbilərin
84%-i Azərbaycanda onlara göstərilən turizm xidmətlərinin
səviyyəsindən məmnundurlar. Məmnun qalmayan 16%-in
şikayət etdikləri başlıca səbəb xidmət
personalının qeyri-peşəkar olması ilə
bağlıdır (57%). Bununla yanaşı, əcnəbilərin
əksəriyyəti (56%) turizm xidmətlərinin qiymətlərindən
narazıdır və qiymətlərin yüksək
olduğunu bildirir. Narazı olan əcnəbilərin fikrincə,
xidmət tarifləri 30-50% endirilməlidir. Araşdırma nəticələri
göstərir ki, əcnəbilərin Azərbaycana səfərləri
zamanı adambaşına xərclədikləri orta vəsait
893 manat (təxminən 1100 ABŞ dolları) təşkil
edir. Onların 47%-i 100-600 manat, 27%-i isə 601-1200 manat xərcləyir.
Əcnəbilərin Azərbaycanla bağlı bəyənmədikləri
başlıca məqam turizm infrastrukturunun lazımi səviyyədə
inkişaf etməməsi (24%) və müasir turizm mərkəzlərinin
olmaması ilə bağlıdır (23%). Əcnəbilərin
əksər hissəsi Azərbaycana yenidən səfər etməyi
planlaşdırır (57%). Ölkəmizə qətiyyən gələcəkdə
səfər etməyəcək əcnəbilər ümumi
respondentlərin 2%-ni təşkil edir. Qeyd edək ki, 301 xarici
vətəndaş arasında aparılmış sorğu
iştirakçılarının orta aylıq gəliri 3622
dollar, ailələrinin orta aylıq gəliri isə 4390 dollar
təşkil edir. Onların əksər hissəsi mühəndis
(21%), menecer (13%), sahibkar (9%), müəllimdir (8%).
Son
illər ərzində Azərbaycana gələn xarici turistlərin
sayı daim artır, müxtəlif amillər nəzərə
alınmaqla ölkənin turizm potensialı çox
böyükdür. 2011-ci il "Turizm ili" elan edilib.
"Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb.
Azərbaycanda, o cümlədən Bakı şəhərində
müasir standartlara cavab verən bir neçə dənizkənarı
istirahət zonasının yaradılması nəzərdə
tutulur. Xəzərin sahil boyu - Şimaldan Cənub istiqamətində
- iri istirahət zonalarının yaradılması məqsədilə
layihələr hazırlanır.
Bu il Azərbaycana ötən ilə nisbətən 10% artıq turistin gələcəyi gözlənilir. Ümumdünya Turizm Təşkilatının sənədlərində son 2 il ərzində Azərbaycanda bu sahədə ən yüksək inkişaf tempinin olduğu qeyd edilir. Azərbaycanda görülən işlər, yeni layihələr ölkəyə turist səfərlərini təşkilinə müsbət təsir göstərəcək. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem - turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması və qiymətlərin çox bahalığı həll olunmamış məsələlər kimi qalır. Qonşu Rusiyadan Türkiyəyə və Misirə bir həftəlik səyahətin qiyməti təxminən 400-500 dollardır. Bura hər bir xərc, o cümlədən təyyarə bileti də daxildir. Azərbaycandan həmin ölkələrə (Türkiyə, Misir) səyahət isə bundan iki dəfə bahadır. Ölkədaxili qiymətlər isə fantastikdir. Azərbaycanın səfalı güşələrində - Qəbələ, Quba, Qusar, Şamaxı, Qax və s. bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 dollardır. Elə turistlər də burada qiymətlərin və xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların sözlərinə görə, Azərbaycana gəlmək üçün xərclədikləri təkcə təyyarə biletinin puluna başqa ölkəyə səyahət etmək mümkündür. Elə bu səbəbdən də qonşu ölkələrin turistləri istirahət üçün məhz Türkiyəni, BƏƏ-nin Dübay şəhərini seçirlər. Hətta Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən xarici turlar daha əlverişlidir. Azərbaycan turizmin inkişafı üçün cazibədar mühiti olan ölkələr arasında 83-cü yeri tutur. Bu barədə Dünya İqtisadi Forumunun "Səyahət və turizm: rəqabətqabiliyyətlilik - 2011" adlı məruzəsində bildirilir. Dünyanın 139 ölkəsinin yer aldığı reytinqdə Gürcüstan 73-cü, Azərbaycan 83-cü, Ermənistan 90-cı yeri tutub. Qonşu ölkələr arasında ən yüksək yer Türkiyəyə məxsusdur - 50. İran isə 114-cü yerdə qərarlaşıb. İlk onluqda yenə də İsveçrə, Almaniya, Fransa, Avstriya, İsveç, ABŞ, Böyük Britaniya, İspaniya, Kanada və Sinqapur yer alıb. Məruzədə qeyd olunur ki, qlobal iqtisadi böhrandan sonra turizm sahəsi tədricən bərpa olunur. 2010-cu ildə bu sahədə 5-6%-lik artım qeydə alınıb. Məruzə hazırlanarkən turizm sahəsində qanunvericilik, ətraf mühitin mühafizəsi, aviasiya və yerüstü nəqliyyat infrastrukturu, qiymətlər və s. faktorlar nəzərə alınıb. Keçən il Azərbaycana 1,9 milyon nəfər qonaq gəlib ki, onlardan 1,5 milyonu turistdir. Hökumət bu il turistlərin sayının 2 milyona çatacağını proqnozlaşdırır.
Tərlan
Xalq cəbhəsi.- 2011.- 14 iyun.- S.
12.