Repressiya qurbanı olmuş yazar
Əmin Abid ümumtürk
ədəbiyyatını parçalayıb məhəlli ədəbiyyatlar
yaratmaq istəyənlərə qarşı dururdu
Ötən yüzilin 30-cu
illərində Azərbaycanda repressiyaya məruz qalan
ziyalılarımızdan biri də Əmin Abid olub.
Əli Şamil sözügedən mövzunu araşdırıb: "Əmin Abid indiyədək olduğu kimi tanıdılmayıb. Stalinin ölümündən (1953) sonra Sovetlər Birliyində bir hərəkat başladı. Dövləti xilas etmək üçün bütün günahlar bir nəfərin - Stalinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə, sosializmin qanunlarına düzgün əməl etməməkdə, yüz minlərlə insanın haqsız güllələnməsində, həbsində və sürgün edilməsinə rəhbərlikdə suçlandırıldı. 1922-1953-cü illərdə (əsasən də 1937-38-ci illərdə) "Xalq düşməni" damğası ilə cəzalandırılanların əksəriyyətinə bəraət verildi. Əslində onlardan çoxu ya güllələnmiş, ya da ağır həbsxana şəraitinə dözməyib həlak olmuşdu. Sağ qalanlar isə fiziki və psixoloji cəhətdən elə vəziyyətə salınmışdı bir daha quruluşa, hökumətə qarşı çıxacaq, yazıb-yaradacaq halda deyildilər. Əslində onlara fiziki bəraət verilmişdi. İdeoloji bəraət üçün quruluşun dəyişməsi, Sovetlər Birliyinin dağılması lazım gəlirdi. Bəraət verilmiş yazıçı və şairlərin, araşdırıcılarının əsərlərinin geniş öyrənilib təbliğ edilməsinə müxtəlif əngəllər törədilirdi".
Bu sıradan haqqında danışılan Əmin Abidə gec də olsa, 1962-ci il dekabrın 21-də bəraət verilir: "Ancaq ömür yolunun öyrənilməsi, yaradıcılığının araşdırılıb təbliğ edilməsi əngəlləndi. Çünki Əmin Abid bədii yaradıcılığında kommunizm ideologiyası adı altında sömürgəçilərə, elmi yaradıcılıqda isə ümumtürk ədəbiyyatını parçalayıb məhəlli ədəbiyyatlar yaratmaq istəyənlərə qarşı dururmuş. Elm aləmində Əmin Abid kimi tanınan araşdırıcının adı Zeynalabdin, atasının adı Mütəllib, soyadı Əhmədovdur. Sonuncu Bakı xanı Hüseynqulunun soyundan olan Zeynalabdin 1898-ci ilin noyabrın 2-də Bakıda doğulub. 1912-ci ildə qəzet və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Alp Mütəllib oğlu, Qozqurab bəy və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib. Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəyib. Birinci Dünya Savaşı buna imkan verməyib. Qardaşı, millətçi şair Əli Abbas Müznibin naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-Əmir" jurnallarında çalışıb.
1918-ci ildə Osmanlı ordularının yardımı ilə Bakı sömürgəçilərdən azad olub Azərbaycan Demokratik Cümhuriyyətinin baş kəndinə çevriləndən sonra Əmin Abid İstanbula oxumağa gedə bilib. Öncə Darülmüəllimeyi-aliyeyi, sonra da Darülfünunun Ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya dönüb, pedaqoji texnikumda, universitetdə, ümumtəhsil məktəblərində dərs dəyib. 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilib. Üç ay sonra oktyabrın 21-də saat 21-30 da qətl edilib".
Əmin Abidin folklorla ilgili ilk araşdırmasının "Kommunist" qəzetində yayımlandığını öncə Abdulla Abbasov söyləyib. O, yazır: "Kommunist" qəzetinin 1923-cü il 5 oktyabr tarixli nömrəsində Hüseyn Nicdətin "El şairi Sarı Aşıq", həmin ilin 16 noyabr nömrəsində Əmin Abidin "El şairi Aşıq Qərib" adlı məqaləsində Sarı Aşıq haqqında məlumat verir". "El şairi Aşıq Qərib" məqaləsində yazılıb: "Haqqında bəhs etdiyimiz Aşıq Qərib Qaradağlı kəndində təqribən 200 il bundan qabaq doğulub. Bu yer Zəngəzur qəzasında Həkəri çayı civarında təqribən yüz il bundan əqdəm dağılıb xarabazara dönüb. Qəbir həmin nahiyədə Güləbird adlanan kəndin yaxınlığındadır".
Ə.Şamil bildirir: "Məqalədə Aşıq Qərib deyə tanıdılan şəxsin Sarı Aşıq olduğu deyilmir. Başqa araşdırmalardan Güləbirddəki qəbrin Sarı Aşıq ləqəbli el şairinin olduğunu öyrənirik. Onun əsl adı haqqında mübahisə bu gün də davam edir. "El şairi Aşıq Qərib" məqaləsi "mabədi var" ardı var ifadəsi ilə bitir. Nə öndə, nə də sonda məqalənin müəllifi göstərilməyib. Qəzetin sonrakı saylarında məqalənin ardını tapa bilmədik. Aşağıdakı faktlara əsaslanaraq bu qənaətə gəlirik ki, "El şairi Aşıq Qərib" məqaləsinin müəllifi Əmin Abid deyil. Əmin Abid həmin vaxt İstanbulda təhsil alırdı. Araşdırma mövzusu da tamam başqaydı. Qarabağı gəzib, folklor materialı toplayıb məqalə yazacaq vəziyyətdə deyildi. Əgər İstanbuldan göndərmiş olsaydı, redaksiya mütləq buna işarə verərdi. Ə.Abid İstanbuldan göndərdiyi məqalələri Bakıda çap edən jurnallar bunu ediblər. H.Nicdət Ə.Abidin böyük qardaşı şair Əli Abbas Müznibin oğludur. Məktublardan, xatirələrdən bir-birinin xatirini çox istədiyi aydın olur. Ə.Abid Hüseyn Nicdətin araşdırmasından və yaxud H.Nicdət Ə.Abidin məqaləsindən xəbərsiz olmazdı. Belədə birinin aşağı Sarı Aşıq, o birinin Aşıq Qərib kimi tanıtması inandırıcı deyil.
Ə.Abid 1933-cü ildə SSRİ EA Azərbaycan filialına işə girmək istərkən çap olunan və olunmayan əsərlərinin, hətta şeir və tərcümələrinin də siyahısını tutub. Orada "El şairi Aşıq Qərib" və ya Sarı Aşıq adlı məqalənin adı yoxdur. Ə.Abid 1928-ci ildə tamamladığı, 1930-cu ildə yayımlatdığı bir məqaləsində yazır: "Salman Mümtaz Aşıq Abdulla adlı (Söhbət bu gün Sarı Aşıq kimi tanıdığımız el şairindən gedir) bir şairdən bəhs edərkən bayatı haqqında da qısaca izahat verir. Əmin Abid kimi diqqətcil bir araşdırıcı bunları söyləyərkən özünün də həmin mövzuda yazmış olduğunu qeyd etməməsi mümkün deyil".
1927-ci ilin başlanğıcında Əmin Abid Bakıya döndükdə başqa ovqatla qarşılaşır: "1918-ci ildə İstanbula oxumağa yola düşərkən milli şüurun yüksəlməsini, xalqda özünüdərkin güclənməsini bir oyanış, milli dəyərləri qiymətləndirmə görmüşdü. Geri qayıdanda isə bunun əksilə rastlaşdı. Rəsmi dairələr milli dəyərləri heçə endirməyə, xalqı kökündən uzaqlaşdırmağa, hətta müstəqil düşüncə sahiblərini belə təqib etməyə çalışırdılar. Proletar beynəlmiləlçiliyi, inqilabi mübarizə, sosializm quruculuğu adı altında müstəmləkə altında inləyən xalqların mədəniyyətlərindən uzaqlaşdırılması prosesi gədirdi. Bu işin həyata keçirilməsində xalqların içindən seçilib hazırlanmış onlarla qələm sahibinin fəaliyyəti üçün şərait yaradılmışdı.
Onlara qarşı duranlara isə ağıl, məntiq və diskussiya ilə deyil, işdən çıxarmaq, təqib etmək, sıxışdırmaq, həbsxanaya salmaq və güllələnməklə cavab verilirdi. Bələ bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü görən Əmin Abid elmi mübarizə yolunu seçdi. Min bir əziyyət bahasına da olsa, qədim və orta yüzilliyin qaynaqlarını ortaya qoydu, onları sistemləşdirməyə çalışdı. 20-ci illərdə SSRİ-ni bir yenilik axtarışı bürümüşdü. Bu yeniliyin nədən ibarət olduğunu bilməyənlər milli dəyərlərdən üz döndərib yönlərini Avropaya çevirmişdilər. Ədəbiyyatımızın incisi sayılan əsərlər nəinki məzmununa, hətta formasına görə də yararsız sayılırdı. Yenilik axtarışında olanların səhv yolda olduqlarını açıq və döyüşkən bir ruhla söyləyən bilməyəcəyini görən Ə.Abid elmi üsulla bunu söyləməyə çalışırdı. Poeziyada vəzni, qafiyəni və ritmi ataraq onu söz yığınına çevirmək istəyənlərə cavab olaraq yazırdı: "Şeirdə dil, vəzn, nəzm şəkilli, qafiyə bir vasitədir. Qayb bu vasitələrlə meydana çıxan mövhum bədii gözəllikdir".
Bu fikirləri söyləyən müəllif məqaləsinin sonunda "Fəqət əsrimizdə, bilxassə inqilab prinsipləri üzərində qurulan yəni cəmiyyətin şeiri üçün yeni nəzm üsullarını qullanmaq bu günkü bədii zövq nöqteyi-nəzərindən də mənasızdır. Tək-tək qurulan sərbəst və futurist nəzm şəkilləri yanında əksəriyyətlə gözə çarpan yəni sarayın əmmaməli dilidir. Yəni saraya ədəbiyyat və sənət təlqiləridir... Bizə uyğun olan tipik proletar şeiri haqqında təhlillərimiz ikinci məqaləmizə buraxırıq" yazmaqla özünün də mühitin təsirindən çıxa bilmədiyini göstərmiş olur".
Araşdırmaçı müəllifin ikinci məqaləsinə rast gəlməyib: " Ancaq "Maarif ipçisi" jurnalının üç nömrəsində yayınlanmış geniş məqalə mövzu və məzmunca yuxarıda söylənilən fikrin davamı təsiri bağışlayır: "Vəzn dilin məhsuludur, hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəng dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsidir. Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyildir: gözlərin dilimizə çevrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir". Ə.Abidə görə, qədim türk dastanları az-çox ahəngdar bir şəkildə idi. Bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və s-dir. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırıb. Qədim şeirimizi "vəznli şeir" adlandıran Ə.Abid həmin dövrə aid qaynaqların az olduğuna təəssüflənsə də, fikirlərini şərh etmək üçün Drezden kitabxanasında saxlanan "Kitab-Dədə Qorqud"dan nümunələr gətirir. O, dastanı müstəqil bir əsər kimi deyil, "Oğuznamə"nin hissəsi kimi öyrənir. Ə.Abidə görə, vəznli şeirdən yavaş-yavaş heca vəzni yaranıb. Bunun da ilk nümunələri Kaşğarlı Mahmudun "Divani-luğat-it-türk"də qorunub saxlanmış atalar sözləridir".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 14 iyun.-
S.14.