Turistlər Azərbaycana
işgüzar məqsədlə gəlir
Ölkə haqqında məlumatların
turistlərə çatdırılmasında KİV-in rolu
olduqca azdır
Əcnəbilərin əksəriyyəti
qiymətlərdən narazıdır
Azərbaycana səfər edən hər 10 turistin 7-si bura işgüzar məqsədlə gəlir. Turistlərin əksəriyyəti Azərbaycana tək gəlir və Bakıda qalmağa üstünlük verir. Bu göstəricilər BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda "Turizmin İnkişaf Layihəsi" çərçivəsində keçirilən "Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi" barədə sorğunun nəticələrində müəyyənləşib(APA). Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərlərinin əsas səbəbi onların işgüzar fəaliyyətləri ilə əlaqədardır. Belə ki, onları təmsil edən hər 10 nəfərdən 7-si ölkəmizə bu məqsədlə gəlir. Azərbaycana turist kimi səfər edənlərin ümumi respondentlər arasında xüsusi çəkisi 15%-ə bərabərdir. Dost-qohumuna baş çəkməyə gələnlər 6,1%, olimpiada-yarışlara gələnlər 3,3%, başqa ölkəyə gedərkən Azərbaycandan tranzit kimi keçənlər 2,7% və s. təşkil edir. Respondentlər arasında ölkəyə müalicə, konsert və s. kimi tədbirlərdə iştirak etmək məqsədilə gələnlər də var. Əcnəbilər Azərbaycana tək səfər etməyə üstünlük verirlər (64%), 16,1%-i dostu ilə, yalnız 13,7%-i ailəsi ilə səfərə gəlir. Xaricilərin əksəriyyəti (53%) ölkədə 1-6 gün müddətində qalmağa üstünlük verir, orta hesabla isə onların səfəri 10 gün davam edir.
Ölkəyə gələn turistlərin yalnız 18%-i rayonlara da getməyə üstünlük verir, 99%-i isə sırf Bakıda qalır. Azərbaycanda əcnəbi qonaqlar əsasən təbiəti zəngin olan və ölkənin şimal və şimal-qərbində yerləşən Quba (17%), Zaqatala (17%) və Şəki (15%) rayonlarına üstünlük verirlər. Araşdırma nəticələri göstərir ki, xarici turistlərin yarısı (48%-i) rayonlara işgüzar fəaliyyətləri ilə bağlı səfər edir. Bununla yanaşı, onlar arasında rayonlara istirahət, maraq və əyləncə məqsədilə səfər edənlər də var (35%).
Əcnəbilər Azərbaycan haqda informasiyanı əsasən internetdən alırlar (46%), ikinci mənbə dost-tanış və iş yoldaşlarıdır (40%). Nəticələr göstərir ki, ölkə haqqında məlumatların turistlərə çatdırılmasında KİV-in (TV, radio, qəzet) rolu olduqca azdır (14%). Bakıda səfərdə olan əcnəbilərin hər 10 nəfərindən 7-si İçəri Şəhəri ziyarət edib. Digər ən çox ziyarət edilən yerlər Qız Qalası (61%), restoranlar (53%) və Milli Parkdır (50%). Onların Azərbaycanda ən çox bəyəndikləri yerlər də İçəri Şəhər, Qız Qalası və restoranlardır.
Əcnəbilərin 84%-i Azərbaycanda onlara göstərilən turizm xidmətlərinin səviyyəsindən məmnundurlar. Məmnun qalmayan 16%-in şikayət etdikləri başlıca səbəb xidmət personalının qeyri-peşəkar olması ilə bağlıdır (57%). Bununla yanaşı, əcnəbilərin əksəriyyəti (56%) turizm xidmətlərinin qiymətlərindən narazıdır və qiymətlərin yüksək olduğunu bildirir. Narazı olan əcnəbilərin fikrincə, xidmət tarifləri 30-50% endirilməlidir. Araşdırma nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərləri zamanı adambaşına xərclədikləri orta vəsait 893 manat (təxminən 1100 ABŞ dolları) təşkil edir. Onların 47%-i 100-600 manat, 27%-i isə 601-1200 manat xərcləyir. Əcnəbilərin Azərbaycanla bağlı bəyənmədikləri başlıca məqam turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi (24%) və müasir turizm mərkəzlərinin olmaması ilə bağlıdır (23%). Əcnəbilərin əksər hissəsi Azərbaycana yenidən səfər etməyi planlaşdırır (57%). Ölkəmizə qətiyyən gələcəkdə səfər etməyəcək əcnəbilər ümumi respondentlərin 2%-ni təşkil edir. Qeyd edək ki, 301 xarici vətəndaş arasında aparılmış sorğu iştirakçılarının orta aylıq gəliri 3622 dollar, ailələrinin orta aylıq gəliri isə 4390 dollar təşkil edir. Onların əksər hissəsi mühəndis (21%), menecer (13%), sahibkar (9%), müəllimdir (8%).
Son illər ərzində Azərbaycana gələn xarici turistlərin sayı daim artır, müxtəlif amillər nəzərə alınmaqla ölkənin turizm potensialı çox böyükdür. 2011-ci il "Turizm ili" elan edilib. "Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb. Azərbaycanda, o cümlədən Bakı şəhərində müasir standartlara cavab verən bir neçə dənizkənarı istirahət zonasının yaradılması nəzərdə tutulur. Xəzərin sahil boyu - Şimaldan Cənub istiqamətində - iri istirahət zonalarının yaradılması məqsədilə layihələr hazırlanır.
Bu il Azərbaycana ötən ilə nisbətən 10% artıq turistin gələcəyi gözlənilir. Ümumdünya Turizm Təşkilatının sənədlərində son 2 il ərzində Azərbaycanda bu sahədə ən yüksək inkişaf tempinin olduğu qeyd edilir. Azərbaycanda görülən işlər, yeni layihələr ölkəyə turist səfərlərini təşkilinə müsbət təsir göstərəcək. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem - turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması və qiymətlərin çox bahalığı həll olunmamış məsələlər kimi qalır. Qonşu Rusiyadan Türkiyəyə və Misirə bir həftəlik səyahətin qiyməti təxminən 400-500 dollardır. Bura hər bir xərc, o cümlədən təyyarə bileti də daxildir. Azərbaycandan həmin ölkələrə (Türkiyə, Misir) səyahət isə bundan iki dəfə bahadır. Ölkədaxili qiymətlər isə fantastikdir. Azərbaycanın səfalı güşələrində - Qəbələ, Quba, Qusar, Şamaxı, Qax və s. bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 dollardır. Elə turistlər də burada qiymətlərin və xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların sözlərinə görə, Azərbaycana gəlmək üçün xərclədikləri təkcə təyyarə biletinin puluna başqa ölkəyə səyahət etmək mümkündür. Elə bu səbəbdən də qonşu ölkələrin turistləri istirahət üçün məhz Türkiyəni, BƏƏ-nin Dübay şəhərini seçirlər. Hətta Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən xarici turlar daha əlverişlidir. Azərbaycan turizmin inkişafı üçün cazibədar mühiti olan ölkələr arasında 83-cü yeri tutur. Bu barədə Dünya İqtisadi Forumunun "Səyahət və turizm: rəqabətqabiliyyətlilik - 2011" adlı məruzəsində bildirilir. Dünyanın 139 ölkəsinin yer aldığı reytinqdə Gürcüstan 73-cü, Azərbaycan 83-cü, Ermənistan 90-cı yeri tutub. Qonşu ölkələr arasında ən yüksək yer Türkiyəyə məxsusdur - 50. İran isə 114-cü yerdə qərarlaşıb. İlk onluqda yenə də İsveçrə, Almaniya, Fransa, Avstriya, İsveç, ABŞ, Böyük Britaniya, İspaniya, Kanada və Sinqapur yer alıb. Məruzədə qeyd olunur ki, qlobal iqtisadi böhrandan sonra turizm sahəsi tədricən bərpa olunur. 2010-cu ildə bu sahədə 5-6%-lik artım qeydə alınıb. Məruzə hazırlanarkən turizm sahəsində qanunvericilik, ətraf mühitin mühafizəsi, aviasiya və yerüstü nəqliyyat infrastrukturu, qiymətlər və s. faktorlar nəzərə alınıb. Keçən il Azərbaycana 1,9 milyon nəfər qonaq gəlib ki, onlardan 1,5 milyonu turistdir. Hökumət bu il turistlərin sayının 2 milyona çatacağını proqnozlaşdırır. BAXCP Ali Məclisinin sessiyası keçirilib
Vaqif Abışov Ali Məclisin sədri, Dünyamalı İmaməliyev humanitar məsələlər üzrə katib, Telman Siyabov ideoloji və təbliğat işləri üzrə katib, Hiyaməddin Orduxanov isə ictimai-siyasi məsələlər üzrə katib vəzifəsinə seçiliblər
Tərlan
Xalq Cəbhəsi.- 2011.- 14 iyun.-
S.12.