Xətai könüllər
şahı idi...
O,
şəriətin haram bildiyi saza, musiqiyə dərindən
bağlı idi
Şah Abbasın dövründə xalqın əlindən
sazı alıb, yerinə "şaxsey zənciri" verdilər
Klassik divan ədəbiyyatı tam olaraq xalqın, geniş kütlənin tərcümanına çevrilə bilmirdi. Bu ədəbiyyat təriqətçilikdən, təkyə sufiliyindən çox sənətə, sözə ağırlıq verirdi. Təriqətçilik isə ictimai mənasını, yükünü artıraraq, cəmiyyət içərisinə daha artıq nüfuz edirdi. Azərbaycanda bu vəziyyət özünəməxsus bir aspektdə inkişaf edirdi. Üç böyük fəlsəfi təlim, üç nəhəng təsəvvüf təriqəti - Xəlvətilik, Hürufilik və Qızılbaşlıq Azərbaycan insanını çox fərqli biçimdə formalaşdırırdı. Əmir Teymurun və Miranşahın hücumlarına qarşı Naxçıvandakı Əlincə qalasında 14 il mücadilə verən xalq məhz Şah Fəzlullah Nəiminin banisi olduğu Hürufilik ideyaları ilə silahlanmışdı. Əks təqdirdə dünya fatehi olan bir ordunun qarşısını mühasirə vəziyyətində, silahsız, sadə bir xalq necə ala bilərdi?
Səvəfilik barəsində ən fərqli fikirlər müxtəlif elm adamları tərəfindən irəli sürülüb. Səfəviliyin və Şah Xətainin özünün şiə yox, məhz sufi dünyagörüşünə sahib olması danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza, musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi hücrələr ayırır, zikr və başqa rituallar üçün təkyələr saxlayırdı. Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin - təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır.
Səfəvilər imperiyası dini dövlət deyildi. Zahirdə İslam üləması dövlət işlərində müəyyən qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə sahib olan təsəvvüf ideologiyası təşkil edirdi. Tarixçilərin bu məqamdakı yalnış yanaşma tərzi çoxlu faktların və hadisələrin təhrif olunmasına gətirib çıxarıb. Sufiliyin şiəliklə əvəz olunması, yəni təriqətdən şəriətə qayıdış XVII əsrdə Şah Abbas Səfəvi zamanında baş verdi. Elə Şah Abbasa qədər də bu proses Şah Xətainin ölümündən sonra başlamışdı. Belə demək mümkünsə, xalqın əlindən sazı alıb, yerinə "şaxsey zənciri" verdilər. Elə bu dövrdə də dövlət dili yenidən qayıdıb fars dili oldu. Bunun məntiqi davamı olaraq da Səfəvilər dövlətinin paytaxtı Təbrizdən fars mədəniyyətinin göbəyi olan İsfahana köçürüldü. Bu, nəinki Azərbaycan Türklərinin, eləcə də bütün Türk Dünyasının tarixində faciəvi bir proses oldu. Məhz bu baxımdan yanaşdıqda, Şah Xətai dövrünü Türk Dünyasının "qızıl dövrü" adlandırmaq olar. Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə Türk xalq təsəvvüfü, Türk ürfani mənəviyyatı bu günə qədər də görünməmiş bir kulminasiya nöqtəsinə çatdı. Daha ariflərə mücadilə verərək, saray əxlaqına qarşı çıxaraq, xalqın öz dilində, öz ruhunda ilahi həqiqətləri bəyan etməyə gərək yox idi. Bu proses sarayın özündən başladı. Şah özü ana dilində, heca vəznində şeirlər yazmağa başladı. Özü saz çaldı, Haqqın hikmət və ürfan sirlərini öz sadə və şirin dilində bütün xalqa əzbərlətdirdi. O, istəsəydi, klassik üslubda, fars dilində əzəmətli divan bağlaya bilərdi. Öz sələfləri kimi, o da dərin təsəvvüf terminləri, sufi istilahları ilə dolu qəsidə və məsnəvilər yazardı. Ancaq o, bunu etmədi. Sübut etdi ki, ilahi hikmətlərin ən dərinlərini, ən qəlizlərini sadə xalqın dilində çox gözəl bir şəkildə ifadə etmək olar. O, bunu şəxsən özü etdi və beləliklə də, çoxlarına qol-qanad verərək ilham qaynağı oldu.
Bu, çox möhtəşəm vəziyyətdir, analoqu olmayan tarixi dövrdür. Həqiqətən də tarix buna bənzərini bir daha görmədi.
Aşıqlığa, eləcə də, ümumtürk ruhunun çox mühüm atributu olan saza meyl Şah Xətaidə birdən-birə yaranmamışdı. Məlumdur ki, Səfəvilik ideologiyası Şeyx Səfiəddin İshaq Ərdəbilidən gəlir. Bu ideoloji təlim özünəməxsus çalarları, yeni əsasları ilə bərabər xüsusi olaraq milli-mənəvi dəyərlərə meylli deyildi. Açığı, onlar da farsca yazır, divan ədəbiyyatının cazibəsi altında öz sələflərinin yolunu davam etdirirdilər. Əlbəttə, Şeyx Səfi çox böyük bir türk oğlu idi. O, zamanının təsəvvüf ərbabı tərəfindən övliya hesab olunurdu. Ancaq onun təkyəsində oxunan kəlamlar, zikrlər ənənəvi olaraq, sufi musiqi alətləri olan neyin, tənburun, dəfin müşaiyəti ilə gerçəkləşirdi. Çünki qadirilərdə də, nemətullahilərdə də, xəlvətilərdə də belə idi. Hətta uzun müddət təkyələrə tənburdan başqa heç bir musiqi aləti buraxılmadı. Tənbur ənənəsi çox qədimdən, Cavidan və Babək Xürrəminin dövründən gəlir. Cünglərdə və təzkirələrdə Babəkin də tənbur çalaraq zikr nəğmələri oxuduğu qeyd olunur. Şeyx Səfi təkyəsinin xürrəmilərlə əlaqəsi barədə Fəzlullah ibn Ruzbehxan Xunaci "Tarixi-aləmarayi-Əmini" əsərində yazır: "Şeyx Heydər müridlərinə Babək xürrəmilərinin dini qanunlarını, "ibahət" (qeyri-qanuni işləri qanuni saymaq-müəl.) inanclarını təlim edirdi". Əlbəttə, müəllifin bu məsələyə yanaşma tərzi birtərəfli və qərəzlidir. Fəzlullah Xunacinin xürrəmilərə də Səfəvilərə də münasibəti ərəb və Osmanlı tarixçilərinin münasibətlərindən heç nə ilə fərqlənmir.
Təriqət məktəblərində zikrin, semahın, şeirin, musiqinin istifadə olunması şəriət tərəfindən "ibahət" hesab olunurdu. Təbii ki, bu sıraya sufi musiqisinin aparıcı alətlərindən olan tənbur da daxil idi. Şərq xalqlarının estetik dəyərləri içərisində bu gün də özünə mühüm yer tutan bu musiqi aləti iki simli olub, mizrabsız çalınır (Ancaq bu, indiki Türkiyədə ifa olunan və adına tənbur deyilən çoxsimli, uzun qollu musiqi aləti deyil). Tənbur uzun zaman müqəddəs və yeganə halal musiqi aləti sayılıb. Şah Xətai də Lahicanda, Gilanda olarkən tənbur çalarmış. Bu, Şeyx oğlu olaraq, onun üçün bir təkyə ayini idi.
Şah Xətainin qısa, ancaq çox zəngin hadisələrlə dolu həyatında onun qədim Türk yurdu Göyçəyə gəlişi mühüm yerlərdən birini tutur. Göyçənin piri, ariflər arifi, zamanının böyük qütblərindən olan Miskin Abdalla görüşü ömrünün sonuna qədər gənc Şahın məfkurəsinə hakim kəsilmişdi. O zamankı Göyçə mühiti belə bir şəxsiyyətin yetişməsində mühüm rol oynamışdı. Göyçənin adı müxtəlif mənbələrdə çəkilir və hər zaman paklıq, ucalıq simvolu olaraq xatırlanır.
Bizə görə, məhz Miskin Abdalla baş tutan müqəddəs görüş nəticəsində Şah Xətai əlinə saz aldı. Bir şeyi də nəzərə almaq lazımdır ki, Şah İsmayılın doğulub böyüdüyü o zamankı Ərdəbil mühitində sazın mövcudluğu, hətta bu musiqi alətinin təriqətin içərisinə girişi məntiqi cəhətdən mümkün görünmürdü. Yerdə qalan tək ehtimal Şah Xətainin Göyçə səfərindən əldə etdiyi milli Azərbaycan sazıdır. Bu fikir hələlik nə tarixi baxımdan, nə də dastan yaradıcılığından gələn nümunələrlə təsdiq olunmur. Ancaq nə tarixi nə də ədəbi mənbələr bu fikri inkar da etmir.
Şah Xətainin saza bağlılığı barəsində yalnız müəyyən məntiqə söykənərək, yuxarıdakı fikri yürütmək olar. Ancaq bəzi tədqiqatçıların fikirləri də maraq doğurur. Folklor araşdırıcısı Abbas Vəfadağlının kitabında oxuyuruq: "Miskin Abdal məktəbinin qədim kökə malik olmasına şübhə ola bilməz... Bu məktəbin Xətaiyə təsiri izlərini açıq-aydın göstərir. Şah İsmayılın Miskin Abdala olan hüsn-rəğbətinə səbəb də bu cür keyfiyyətlərdən irəli gəlib".
Beləliklə, Şah Xətainin saza, aşıqlığa vurğunluğu ilk növbədə onun öz təfəkkürünə mühüm milli çalarlar gətirdi. Məlumdur ki, bütün Şərq mənbələrində "saz" sözü ümumi musiqi aləti mənasında işlənib. Bu gün də əksər Şərq xalqlarında bütün musiqi alətlərinə "saz" deyilir. Ancaq öz şeirlərində Xətainin ifadə etdiyi "saz" kəlməsi məhz onun özünün də ifa etdiyi aşıq sazıdır. Çünki Şah Xətai əksər şeirlərini məhz aşıq üslubunda yazırdı. O, başqa əsərlərində sazla bərabər digər musiqi alətlərinin də adını çəkir. Bu fakt bir daha subut edir ki, Şah Xətai məhz Azərbaycan sazından bəhs edir. Onun nüfuzlu simasında aşıqlıq ən dərin ürfani qaynaqlarla zənginləşdi. Tənburdan fərqli olaraq, sazdakı çoxcəhətli improvizə imkanları, gur tembr, coşğulu intonasiya məhz Azərbaycan-Türk təsəvvüfünə, bu bölgə insanına məxsus olan hal və zikr keyfiyyətlərinə artıqlaması ilə cavab verirdi. Nemətullahi, Qadiri, Mövləvi təkyələrindəki sakit musiqi, dinamikadan bir qədər uzaq olan zikr və hal keyfiyyətləri Qızılbaş sufilərinin simasında, sazın müdaxiləsi ilə şəklini dəyişərək, coşğulu və dinamik bir hal aldı. Bu məntiqi müstəvi ilə şeirlərin dili də, mahiyyəti də, fəlsəfi-ürfani cəsarəti də dəyişərək ən yüksək mərtəbəyə yetişdi. Azərbaycan sufilərinin zikr və kəlam olaraq yazılmış şeirləri bütün təsəvvüf dünyasında yeni bir mərhələnin, yeni ürfani ənənənin əsasını qoydu. Bu möhtəşəm tarixi olay məhz Azərbaycan sazının, aşıqlığın əli ilə baş verdi. Təbiidir ki, burada türk ruhunun, islamiyyət öncəsi türk mənəviyyatının arxaik ünsürlərini görməmək mümkün deyildi. Məhz təsəvvüfün ilkin qaynaqları olaraq, qamlığın, şamanlığın bu nöqtədəki tarixi əhəmiyyəti danılmazdır.
Belə bir dövrdə geniş xalq kütlələri arasında təsəvvüf aşıqlarının və onların tərənnüm etdikləri ürfani dünyagörüşün nə dərəcədə geniş vüsət aldığını təsəvvür etmək çətin deyil. Şeirin, incəsənətin, musiqinin azad olduğunu və istedadlı bir xalqın bu dəyərlərə yiyələndiyini düşündükdə, tarixin hansı bir dövlət quruluşuna şahid olduğuna və bu möhtəşəmliyi qoruyub saxlaya bilmədiyinə dərin təəssüf hissi keçirməmək olmur. Ancaq bu ənənə sonralar gizli təkyələr halına keçərək yaddaşlarda, məfkurələrdə yaşayaraq, nəsildən-nəslə ötürülürdü. Xüsusilə də məkan amili burada çox mühüm rol oynadı.
Qısa ömür sürən Şah İsmayıl Xətainin taxt-tacı oğlu Şah Təhmasibə qaldı. Ancaq dünya tarixində ən uzun hökmranlıq sürənlərdən biri olan Təhmasib Xətainin mənəvi varisi ola bilmədi. Şah Təhmasib sadəcə siyasi hakimiyyətə gələ bildi. O, atası kimi xalqın "mürşidi-kamili", "dədəsi", "piri" olmadı. İndinin özündə də dərvişlər arasında (Təbriz, Maku və Anadolunun bir hissəsindəki Əhli-Həqlərdə) Şah Xətainin "nihan dərvişlər"ə yazıb bağışladığı "Divan" mövcuddur. Onu demək lazımdır ki, əvvəla, bu divandakı mətləblər ürfanın təriqət və mərifət mərhələləri üçün də yeni və batini idi. Bu divan yalnız Əhli-Həqlərə, yəni ürfanın "həqiqət" mərhələsində olanlara ünvanlanmışdı. Şah Xətainin zahiri şahlığı, yəni hökmdarlığı, taxt-tacı oğlu Təhmasibə, batini, könül şahlığı isə həmin batini, nihan dərvişlərə, Əhli-Həqlərə verildi. Bu, tarixi zərurətdən çox, İlahi təqdir idi. Xətai könüllər şahı idi. Onun şahlığı da Xətailiyi də əslində təsəvvüf sirlərini özündə ehtiva edirdi. Bütün bu deyilənlər onu sübut edir ki, Şah Xətai öz zamanına sığmayan, şəxsiyyətinin ömrü qurduğu dövlətin ömründən qat-qat uzun olan möhtəşəm bir zatdır
Fəxrəddin Salim,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2011.- 15 iyun.-
S.14.